Bu insanlar bir qəpik də xərcləmədən xoşbəxt yaşayırlar... - YENİ TREND

Bu insanlar bir qəpik də xərcləmədən xoşbəxt yaşayırlar... - YENİ TREND
9 iyun 2016
# 09:00

Tamamilə pulsuz yaşamaq mümkündürmü? Bu sualın cavabını tapmaq üçün dünyada bir neçə insan öz həyat tərzini tamamilə dəyişdirib pulsuz yaşamağı seçib. Kimisi vəhşi təbiətdə həyatda qalmağa çalışır, kimisi bir koma tapıb orda öz yeməklərini bişirir, kimisi də Himalay dağına ağır səfərə çıxır...

İngilis iş adamı Mark Boyl karyerasını və hər şeyi bir kənara qoyub bir il boyunca pul xərcləmədən yaşayıb. Boyl həyatının ən xoşbəxt vaxtlarını keçirdiyini, bunu davam etdirməyə niyyətli olduğunu açıqlayıb. O, 12 ay müddətində pul xərcləmədən təkərli evdə, balaca bağçasında öz yetişdirdiyi məhsullarla yaşayıb.

Mark Boyl telefonla yalnız ona zəng edəndə danışır, özü heç kimə zəng etmir. Günəş enerjisi ilə suyu isidib onda yuyunur. Paltarlarını ya Freecycle saytından alır, ya da zibillikdən tapır. Diş fırçasının yerinə sahildə tapdığı mürəkkəb balığının sümüyünü, tualet kağızının əvəzinə isə qəzet köşkündən əldə etdiyi köhnə qəzetləri istifadə edir.

Paltarlarını soyuq suda yuyan Mark tualet məsələsində çətinliklər çəkib. Ancaq bununla belə, həyatından məmnundur, yalnız nadir hallarda özünü tənha hiss edir. Tez-tez gəzintiyə çıxır, yeni dostlar tapır, yemək, təbiət və özü haqqında yeni şeylər öyrənir. Yalnız bir şey onu narahat edir: yeni həyat tərzi ucbatından 6 ay əvvəl sevgilisindən ayrılıb. Lakin yenə də onu anlayan sevgili tapacağına ümidlidir. Əlində olan bütün varlığından vaz keçib Mark. Son 350 sterlinqinə isə noutbukunu işlətmək üçün günəş batareyası paneli alıb.

2007-ci ildə Mark bu təcrübələrindən kitab yazıb: “Pulsuz yaşayan adam: Bir ilin hekayəsi”.

Mark öz kitabı haqqında bunları deyir: “Kinayə ilə deyirlər ki, bu kitabdan xeyli qazanc əldə eləyə bilərsən. Amma o pullarla nə eləyəcəm ki? Tək həqiqətim puldan vaz keçib təbiətlə yenidən təmasa keçməkdir.”

Mark Boyl pul xərcləmədən 12 ay boyunca belə yaşadı və hələ də belə yaşamağa davam edir:

Çox adamın dəlilik kimi qələmə verdiyi bu həyat tərzinə Mark belə başlayıb: “Bir axşam dostlarımla oturub dünyanın problemlərindən söhbət edərkən belə bir fikir gəldi ağlıma. Dünyadakı bütün müharibələrin, qlobal böhranlarından, sosial problemlərin hamısının çıxış nöqtəsinin pul olduğunu anladım. Beləcə, pulu həyatımdan çıxartdım. Orqanik yeməklər istehsal edən firmadakı işimi tərk etdim, qayığımı satdım. Pulla aldığım hər şeyin siyahısını hazırladım və onlarsız yaşamağı hesabladım. Texnoloji alətlərin hamısını həyatımdan çıxartdım. İndi həyatımdakı tək musiqi ağaclardakı quşların civiltisidir. Pulsuz dünyada hər şey daha çox zaman istəyir, gərək işinə çox səy göstərəsən. Fındıq qaynadıb əldə etdiyim yuyucu ilə paltarlarımı yumaq iki saat vaxtımı alır. Əllə yox, paltaryuyan maşınla isə bu yarım saata başa gələrdi. Əslində ətrafımdakıların şüurunu oyandırmaq üçün bu həyat tərzini bir illik seçmişdim. Ancaq yeni həyat tərzimi o qədər çox sevdim ki, artıq onu tərk etməyim mümkün deyil. Həyatımda heç bu qədər xoşbəxt və sağlam olmamışdım. Təzə-təzə bu həyat tərzinə başlayanda ailəm etirazla qarşılamışdı. İndi isə onlar da məni dəstəkləyir. Onlar da mənim kimi olmağa çalışırlar. Pul olmadan sosiallaşmaq çətindir. Ən çox da mənim kimi birisi üçün. İrlandiyada böyümüşəm və mənim yetişdiyim yerdə dostlarına barda pivə almaq kişilik sayılır. İndi bunları edə bilməsəm də, dostlarımı təkərli evimə dəvət edir, öz bişirdiyim yeməkləri qabaqlarına qoyur, tonqalın ətrafında oturub dərdləşirik. Bu mənim çox xoşuma gəlir. Bu gün həyatımda heç kim yoxdu. Ancaq çap etdirdiyim kitabıma, eləcə də bloquma görə bir çox qadın mənimlə maraqlanır. Ancaq pulsuz olmaq bir yana, ət yeməməyim qadınların marağını azaldır. Mənim ən böyük arzum həyatından pulu tamamilə çıxaran qadını tapmaqdır”.

12 ayı əsl “free kommunist” kimi keçirən Mark Boyl İngiltərədə, Bathda təkərli bir evdə yaşayır: “Çətinliklər olur, ancaq bank hesabı, tıxac kimi problemlərim yoxdur. Pula bağlı bir dünyaya da qayıtmaq istəmirəm”.

Bundan başqa eyni həyat tərzi keçirən, pulsuz yaşayan bir neçə adam da var. Onlardan biri Xristofor Conson adlı səyyahdır. Conson Alyaskada, vəhşi təbiətin qoynunda əlində xəritə, kompas və çox az vəsaitlə yaşayıb. 1996-cı ildə Con Krakauer Consonun həyatından kitab yazıb: “Azadlıq yolu”. 2007-də Şon Pen eyni adla kitabın filmini çəkib.

ABŞ-nın paytaxtı Vaşinqtonda imkanlı bir ailənin oğlu olan Conson 1990-cı ildə universitetdən məzun olandan sonra bankdakı 24 min dolları xeyriyyə fondlarına bağışlayıb. Ailəsinə və dostlarına xəbər vermədən Amerikanı gəzməyə başlayıb.

Meksikaya gedib gələn Conson nəhayət arzusundakı Alyaskaya səfər edib. Xristofor Conson kapitalist dünyada pulla asanlıqla əldə edilən şeylərin həyatın mənasını və həqiqi zövqlərini korlaşdırdığını düşünür. Buna görə də dünyanı kəşf etmək səbəbi ilə macəraya atılır.

Onsuz da ailəsi ilə yaxşı anlaşmayan Conson universiteti bitirdikdən sonra tamam it-bata çevrilir. Səyahət zamanı qarşılaşdığı adamlara özünü başqa adla tanıdır.

Macəraçı gənc Xristofor Conson uzun müddətdir xəyalını qurduğu Alyaskaya gəlib çıxır, ancaq yediyi bir bitkidən zəhərlənib ölür. Xrisotofor oxuduğu kitabı yanlış anladığı üçün yediyi bitki ucbatından 24 yaşında canını tapşırır. Bu vəhşi təbiətdə Xristofor Consonun təxminən 5 kilo düyü, kartof toxumları və ovlanmaq üçün daşıdığı balaca kalibr tüfəngi vardı...

Apreldə Alyaskanın vəhşi təbiətinə qədəm qoyanda hələ də ortalıq qarlı-tarlı imiş. İlk həftədə Conson tərk edilmiş bələdiyyə avtobusunu ev kimi istifadə etməyə başlayıb. Burda təxminən 4 ay qalmağı bacarır və bu vaxt ərzində düyü, tutduğu sincablar və ətrafdan topladığı bitkilərlə qidalanıb. Dörd ay boyunca cəmi bircə dəfə ceyran ovlayır, ancaq ətini yaxşı qoruya bilmədiyindən ondan faydalana bilmir. Bu vaxt ərzində xeyli kilo itirən Conson macərasını sona çatdırmağı düşünür. Ancaq qayıtdığı yolda onu acı bir sürpriz gözləyir: daha əvvəl keçdiyi çay buzlar əridikdən sonra əməlli-başlı dərinləşmiş və sürətlə axmaqda imiş. Bu çayı üzüb keçmək şansı da yoxmuş.

Yanına xəritə almayan Xristofor çarəsizcə bir ay gözləməyi qərara alır və təzədən ev kimi istifadə etdiyi bələdiyyə avtobusuna qayıdır.

Gənc macəraçı burda böyük bir xətaya yol verir: avtobusda aclıqdan topladığı bitkilərin toxumlarını yeyir. Toxumların toksid təsiri ortaya çıxanda yediklərini çıxarmağa başlayır. Onsuz da xeyli kilo verən və zəifləyib çöpə dönən Conson yediyi qidalardan faydalana bilmədiyindən aclıq səbəbi ilə ölür. Cəsədi ölümündən 18 gün sonra qaldığı avtobusun yanından keçən iki ovçu tərəfindən tapılır.

Pulsuz yaşamağı seçənlərdən birisi də Julian Mantledir. Əlli yaşında və ölkənin ən məşhur vəkillərindən biri. İşində bacarıqlı olan Julian həyatda sahib oluna biləcək hər şeyə sahibdir: kariyer, şöhrət, pul, özəl təyyarə, ada və qırmızı bir Ferrari.

Julian hey çalışır-vuruşur, işində zirvələrə çıxır, ancaq sağlığına heç diqqət yetirmir. Gərgin iş rejimi səbəbi ilə keçirilən məhkəmələrin birində Julianın ürəyi tutur. Bu xəstəlik Julianın bütün həyatını dəyişdirəcəkdir...

Julian Mantle Hindistanda Himalayda yaşayan Sivana müdrikləri ilə tanış olmaq üçün çətin bir yolçuluğa başlayır. Bu səyahətinin sonunda əlində çiçək dolusu səbət olan biri ilə qarşılaşır. Həmin adam Sivana müdriklərindən biri imiş. Julian başından keçənləri ona danışır. Deyir ki, xəstəxanada aldığı müalicədən sonra yoxa çıxıb. Sahib olduğu hər şeyi, hətta çox sevdiyi Ferrarisini belə satıb Hindistana səyahətə çıxıb.

Julian Mantle üç ildən sonra dostu Conun ofisinin qapısını döyür. Con gözlərinə inana bilmir. Julianın görkəmi və ağlı tamamilə dəyişib artıq. Xoşbəxt, sağlam və enerji dolu bir insan olmuşdu Julian. Sanki otuz yaşındadır. Julian üç il boyunca yaşadıqlarını dostuna danışır.

“Hindistana getmişdim. Orda Yoqi Raman adında bir müdriklə tanış oldum. Yoqi məni öz kəndlərinə apardı və digər müdriklərlə tanış elədi. Üç il onların həyat tərzinə uydum və elə yaşadım”.

Yoqi Juliana bir hekayə danışır, bu hekayədə aydınlanmış bir həyata çatmağın yeddi mərhələsi olduğu deyilir:

“Bol məhsullu, yam-yaşıl bağda oturursan. Bağın ortasında altı qat yüksəkliyində bir mayak var. Bir az sonra mayakın qapısı açılır və içəri yapon sumo güləşçisi girir. Belində çəhrayı bir ip var. Sumo güləşçisi yerdəki qızılı saniyəölçənin üstünə basır və sürüşüb yıxılır. Özündən gedən sumo güləşçisi ordakı sarı güllərin qoxusu ilə ayılır. Enerjisini toplayıb ayağa qalxır. Bağın ən uzaq köşəsində milyonlarca parlaq almazla örtülü çığır varmış. Sumo güləşçisi cığırla yeriməyə başlayır. Bu yol onu tükənməyən sevinc və sonsuz xoşbəxtliyə doğru aparır”. Hekayədə keçən bağ, mayak, sumo güləşçisi, çəhrayı ip, saniyəölçən, sarı güllər və cığır aydınlanmış bir həyat üçün mühüm olan yeddi mərhələni ifadə edir.

Bağ: İnsan zehni.

Mayak: Həyatımızın amalı.

Sumo güləşçisi: Güc, intizam və qərarlılıq.

Çəhrayı ip: İntizamlı həyatın simvolu.

Saniyəölçən: Zaman. Zamanı idarə etmək həyatı idarə etməkdir.

Sarı güllər: Başqalarına da kömək etməliyik. Başqalarının həyatını yüksəltmək öz həyatımızı da yüksəldir.

Almaz örtülü cığır: Hər günü son günümüz kimi yaşamağı ifadə edir.

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #