Repressiya qurbanlarının əksərinin bioqrafiyasında Süleyman Rüstəmin də adı hallanır. Amma o, təkcə sonralar repressiyaya uğrayanları yox, bir çox adamı hədəfə almışdı...
Kulis.az Süleyman Rüstəmin 1932-ci ildə Azərnəşrdə çap olunmuş “Atəş” kitabından “İstəklərim” şeirini təqdim edir.
Deyirlər mənə ki, nə deyirsən sən?
Neçün ayrılmırsan bir dəm cəncəldən?
Mənimsə onlara cavabım budur:
Məni çırpındıran başqa duyğudur.
Mən istərəm bizə oxusun daklad,
Firqə işçiləri ədəbiyyatdan.
Mən istərəm açsın nəslimiz qanad,
Dərs alsın bu aşıb-daşan həyatdan.
Mən istərəm yeni şair görünsün
Kolxozda, traktor başında, işdə!
Mən istərəm bu gün hər tərpənişdə
Ürəklər firqəylə birgə döyünsün.
Mən istərəm şair çıxışlar yapsın:
Firqə syezdində öz gur səsiylə.
Mən istərəm şair arasın, tapsın
Düşmənə vurmağa kəlmədən güllə!
Mən istərəm Müşfiq (1) “millət” sözünü
Unutsun, büsbütün torpağa gömsün.
İstərəm boğmasın Hafiz (2) özünü
Gözündə “mənəmlik” fənəri sönsün.
İstərəm Nəzərli (3) alicənablıq
Etməsin. Şüurla iş görsün artıq.
Düşünsün yapdığı işləri bir az
Mədəni üsulda qılmasın namaz.
Mən istərəm qızıl vaxtını Fevzi (4)
Blandinkalara həsr eləməsin.
Silsin gözlüyünü bürüyən tozu,
Bir daha qızlara “can” söyləməsin.
Qoy sarı saçını qaraltsın qızlar,
Qaş-daş darağında gülsün ulduzlar.
Mən istərəm bizim Mustafa (5) yoldaş
Bolşevik gözilə baxsın əsərə.
Mən istərəm Faruq (6) boş, nahaq yerə
Döyməsin döşünə, etməsin təlaş.
Görürəm Nazimə (7) yağdırılır daş.
Gecə uyğusuna girir cığırdaş.
Biz bəzən düşməni tanımayırız,
Onu özümüzlə birgə sayırız.
Səngərdə silahlı duranlarıq biz
Sağa da, sola da vuranlarıq biz.
Sağ da mane bizə və sol da mane
Tək buna vurmaqla olmarız qane.
Barışdırıcılar bunlardan fəna
Baş əyir, can deyir hər iki yana.
Bunlarla döyüşən nəfərimiz çox,
Bizim ədəbiyyat səngərlərində
Bunlara qarşı hər kəlməmiz bir ox.
Atırız onlara biz lap yerində.
Bu qaynar həyatda yaşayan şair,
Yazmalı zərbəli işlərə dair!
Mən istərəm Vurğun (8) əl çəksin tamam
Ürəklə çaldığı üç telli sazdan.
Əl üzsün dərədən, xəzandan, yazdan.
Baxmasın yollara yarçün hər axşam.
Mən istərəm Rahim (9) lovğalanmasın
Ayrılsın xəzbuşdan, qaçaq Nəbidən.
Nə istəyir, bilməm, qoçaq Nəbidən (10).
İstərəm bunları bir də anmasın.
Mən istərəm Hafiz eləsin diqqət.
Kaverkotindən (?) çox poemasına.
İstərəm Cabbarlı etməsin hörmət
Vışkalardan artıq Qız qalasına (11).
İstərəm Rəfili (12) xırda burjua,
Şeirini basmasın bu qədər kuya.
Etiraf edəlim, öz aramızdır
Biz çox az yazmışıq yüksəlişlərdən.
Həyat tələb edir: yaz bu işlərdən!
Və bir də şeirinə qüvvət də muzdur (?).
Hanı şeirimizdə, hanı Zurnabad (13)?
Hanı şeirimizdə İliç buxtası ?
Hanı şeirimizdə Zages qol-qanad (?)?
Hanı Gəncə? Hanı Muğan səhrası?
Demirəm ki, bizim heç şeyimiz yox.
Bizim “Satqın”ımız (14) və buna bənzər
Yeni inqilabi əsərimiz çox!
Çox azdır kolxozdan bizlərdə əsər.
Yoldaşlar! Qələmə sarılmalıyız!
Yoldaşlar! Tələsin silah başına!
Çünki bu cəbhədə bir az dalıyız,
Həyatsa yürüşdə dönmüş maşına!
Bu günün o qara, o qanlı dünlə
Biganə qalma, ey gənc şair, dinlə.
Əks etdir şeirində bu günkü səsi!
Qırmıram Mehdinin (15) mən qeybətini.
O deyir ki: “Təsvir ediniz yenə,
Oğulun ataya və ya tərsinə,
Atanın oğula məhəbbətini!
O, bu sayaq görür yeni həyatı
Bumu proletar ədəbiyyatı?
Doğrusu, yamandır halımız, yaman
Qorxuram ki, Mehdi desin: “Süleyman,
Gəl içmə qulaqdan (16) zorla alınmış
Canlı inəklərin yağlı südünü!
İçsən işləyəcək damağın yanlış!”
Kim dinlər Mehdinin bu öyüdünü?
Bütün bu işləri etməsək remont,
Daha axsayacaq bizim bu front!
Açıqlamalar:
(1) Mikayıl Müşfiq (1908-1938) – şair, repressiya qurbanı.
(2) Çox güman, İsmayıl Hafiz nəzərdə tutulur. 1931-ci ildə “Gülüş” adlı kitabı çap olunub. Haqqında məlumat tapa bilmədim.
(3) Hacıbaba Nəzərli (1895-1938) – Yazıçı, dövlət xadimi, repressiya qurbanı.
(4) Əbdülbaqi Fevzi (Yusifzadə; 1901-1956) – şair, tərcüməçi.
(5) Mustafa dedikdə kimi nəzərdə tutduğunu müəyyənləşdirə bilmədim. Yəqin, dövrün redaktorlarından olub.
(6) Abdulla Faruq (1907-1944) – şair, müharibə iştirakçısı; Böyük Vətən Müharibəsində ölüb.
(7) Əli Nazim (1906-1941) – ədəbiyyatşünas, tənqidçi, repressiya qurbanı; islah-əmək kaloniyasında vəfat edib.
(8) Səməd Vurğun (1906-1956) – Xalq şairi.
(9) Məmməd Rahim (1907-1977) – Xalq şairi.
(10) Qəribədir ki, Süleyman Rüstəm sonralar özü “Qaçaq Nəbi” pyesini yazıb.
(11) Cəfər Cabbarlının “Qız qalası” poeması nəzərdə tutulur.
(12) Mikayıl Rəfili (1905-1958) – şair, ədəbiyyatşünas.
(13) Zurnabad Göygöl rayonunda kənddir.
(14) Hacıbaba Nəzərlinin eyniadlı hekayələr kitabı nəzərdə tutulur.
(15) Mehdi Hüseyn (1909-1965) – Xalq yazıçısı
(16) Qulaq – xalq düşməni
_________
Şəkilləri rənglədi: Tural Hüseyn