Bağırovun qabağında diz çökən, Androniklə görüşən, “Sarabskini güllələyin” deyən məşhur yazıçımız – Maraqlı faktlar  

Bağırovun qabağında diz çökən, Androniklə görüşən, “Sarabskini güllələyin” deyən məşhur yazıçımız – Maraqlı faktlar  
1 may 2020
# 15:33

Bu gün yazıçı Məmməd Səid Ordubadinin anım günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Məmməd Səid Ordubadi 1872-ci il martın 24-də Naxçıvanda anadan olub. Onun atası Hacıağa Fəqir bütün ömrü boyu kasıb yaşayıb. O, Təbriz və Şirazın tanınmış alimlərinin yanında dərs almış, Ordubada qayıtdıqdan sonra müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə başlamışdır. Görkəmli tənqidçi M. Arif yazırdı ki, "Ordubadinin atası Hacıağa "Fəqir" təxəllüsü ilə məşhur idi. Bu şair "Fəqir" ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da fəqir idi.

***

49 yaşında vəfat edən Hacağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubad ipək fabrikində fəhləlik edir. Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Atasının şair olmasının ona da təsiri keçmişdi və Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa bir adamın da böyük rolu oldu. Bu, o dövrün tanınmış ziyalılarından biri-"Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski idi.

***

Təkcə şeirlərində deyil, əməllərində də o, mübariz idi, tədqiqatçıların yazdığına görə yaşadığı Ordubadda gizli bir cəmiyyət təşkil etmişdi. Siyasi intibahnamələr yaydığına görə Ordubadi qısa müddət ərzində həbs edilir. Ordubadda yaşamağın namümkünlüyünü görən Məmməd Səid Culfaya köçür. Culfa İrana qonşu idi və bu da Ordubadinin ürəyincə olur, o, tez-tez Təbrizə gedir, demək olar ki, Cənubda baş verən inqilabi hərəkatın iştirakçılarından birinə çevrilir.

***

1920-ci ilə qədər Ordubadi həm ədəbi yaradıcılıqla məşğul olur, həm də inqilabi fəaliyyətini davam etdirir. O, tez-tez təqib olunurdu. 1913-cü ildə gizli təşkilatda fəaliyyətinə görə onu həbs edirlər. Naxçıvan, Tiflis, Novoçerkask, Saritsın həbsxanalarında yatır, sürgündə də yaradıcılığını davam etdirir. Həbs müddəti başa çatdıqdan sonra Həştərxana gəlir, "Hümmət" qəzetində çalışır. O zaman Nəriman Nərimanov da bu şəhərdə idi və onların dostluğu da elə buradan başlanır, hətta ağır xəstələndiyi zaman Nərimanov onu müalicə edir. Nəhayət, Ordubadinin də arzuladığı Şura inqilabı baş verir və o, XI Ordunun hissələri ilə birgə Bakıya dönür.

Gallery

1920-ci ildən ömrünün axırına qədər Ordubadi Bakıda yaşayır, uzun müddət bir sıra qəzet və jurnallarda məsul redaktor, Azərbaycan Radio Verilişləri komitəsində ədəbi-bədii verilişlər üzrə redaktor vəzifələrində çalışır. "Koroğlu", "Nərgiz" və s. operaların librettosunu qələmə alır, elmi, publisistik və əlbəttə, bədii yaradıcılıqla məşğul olur, tarixi romanlarını yazır. Bu ədəbi, ictimai fəaliyyəti də Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilir, üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir dəfə isə Ali Sovetin sədri seçilir.

***

M.S.Ordubadinin ədəbi yaradıcılığa şeirlə başlayıb. O, "Molla Nəsrəddin" məfkurəsinin və ədəbi mövqeyinin qızğın tərəfdarı idi. Ordubadinin şeirləri "Hərdəmxəyal" imzası ilə çap olunurdu. Başqa imzaları da vardı: "Felyetonçu", "Tat", "Bəhayi", "Musi", "Məhəmməd Səid".

***

M.S.Ordubadi milli ədəbiyyatımızda tarixi roman janrının banisi sayılır. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanları da məhz bunun nümunəsidir.

***

Məmməd Səid Ordubadinin Mir Cəfər Bağırovla münasibətlərinin yaxşı olması heç kimə sirr deyil. Lakin, Bağırov zaman-zaman ona qəzəblənir, incidirmiş. Şair Süleyman Rüstəm nəql edir ki, 1938-ci il idi. Bir gün Bağırov mənə dedi ki, qocanı da çağırmışam, indi gələcək. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecəki zarafatıma dözürmü? Elə bu vaxt qapı açıldı. M. S. Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdım. İstədim onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:

- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!

Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvardı:

- Yoldaş Bəqirov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitəm eləyib!

Valodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsdü.

- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki, ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.

Gallery

İkinci dünya müharibəsi zamanı Mir Cəfər Bağırovun istəkli oğlu Volodya müharibədə həlak olur. Təziyə məclisində Bağırov üzünü sağında oturmuş Ordubadiyə tutub əli ilə yüngülcə onun döşünə vurub deyir:

- Qoca, məclisin ağsaqqallığını əlinə al! Ordubadi duruxur. O, rus dilində olduqca pis bilirdi. Ordubadi deyir ki, təvəriş Bəqirov, Süleyman izdes. Bağırov elə başa düşür ki, Ordubadi deyir məclisi Süleyman Rüstəm aparsa, yaxşı olar. Çünki rus dilini o məndən yaxşı bilir.

Sükuta Bağırov dözmür. O qocanın üstünə acıqlanır:

- Qoca, sənə deyirəm ki, məclisi apar. Sən ki, Volodyanı yaxşı tanıyırdın…

Ordubadi çıxılmaz vəziyyətdə qalır. O, tez ayağa qalxıb üzünü məclisə tutub Azərbaycan dilində danışmağa başlayır. Ordubadinin sözləri Bağırovun xoşuna gəlir, lakin Azərbaycan dilində danışdığı üçün bərk əsəbləşir:

- Qodja, proşu, skajite po russki, zdes tovarişi vaş yazık ne ponimayut! (Qoca, rusca danış, burdakı yoldaşlar dilini başa düşmür)

Ordubadi ağır cəza ala biləcəyindən qorxub ciddi halda dedi:

- Təvəriş Bəqirov, ya tebe skazal çto Süleyman izdes…

Bağırov başa düşür ki, Ordubadi qorxur ki, Süleyman Rüstəm sabahdan onun dilini ələ salacaq. Volodyanın matəm məclisində rusca danışdığı barədə yazıçılara lətifə söyləyəcək. Bağırov bunu hiss edib bərk əsəbiləşir, əlini stola elə vurur ki, içkilər tökülür.

Gallery

Bağırov Ordubadini yanına çağırtdırıb, ancaq neçə saat onu gözləmə otağında oturtmağa məcbur edib. Ordubadi bərk təşviş keçirib.

“Görəsən məni satan kim olub? Bu kişi nə üçün mənə münasibətini belə dəyişdirib?” Elə bu zaman Bağırov Ordubadini içəri dəvət edib. Xeyli dinib-danışmayıblar. Ordubadi qorxusundan bilməyib ki, nə etsin. Axırda Bağırov onun üstə acıqlanıb:

- Qoca, sənin Parapet bağında nə işin var?!

- Nə olub, yoldaş Bəqirov?

- Bizim uşaqlar (çekistlər) sənə yüz saxta qızıl onluq satıblar. Tapşırmışam, pulunu qaytaracaqlar. Qızılları geri verərsən. Bir də Parapet tərəfə gəlib eləmə.

Ordubadinin az qalıb ürəyi getsin. Demə, “lotular” “Qılınc və qələm” romanının bütün yazı haqqını saxta qızılla Ordubadidən qoparıblarmış.

Ordubadi ölüncə bir də Parapet bağına sarı baxmırdı.

***

II Dünya Müharibəsinin qızğın çağı imiş. Təxminən 1942-ci il. Bir gün Mircəfər Bağırov Azərbaycanın məşhur mədəniyyət, incəsənət xadimlərini kabinetinə toplayır. Toplaşanlar arasında Süleyman Rüstəmlə yanaşı Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Səməd Vurğun və başqaları olur.

Bir xeyli sükutdan sonra Bağırov katibinə deyir, onu çağır gəlsin. Kabinetin qapısı açılır, Hüseynqulu Sarabskini içəri salırlar. Bağırov onu görcək “Ay…, Hitleri gözləyirsən?” deyə üstünə qışqırır. Hamı həyəcan içində baxır Sarabskinin rəngi özündə deyil, gözləyirlər nə cavab verəcək. Birdən Sarabski muğamat oxuya-oxuya yalvarmağa başlayır, rəhbərə muğamat üstündə yalvarır onu bağışlasın.

Bağırov imkan vermir muğamat uzansın, Sarabskiyə deyir, rədd ol get. Sonra üzünü kabinetində topladıqlarına tutub soruşur, nə fikirləşirsiniz, neyləyək bununla? Hamı susur. Birdən Ordubadi deyir, belə satqını ancaq güllələmək lazımdır. Bağırov müzakirə açmadan toplaşanlara – “yaxşı, azadsınız, gedin” deyir.

S.Rüstəm elə dəhlizdəcə Ordubadiyə irad tutur ki, bəs ay insafsız, o nə idi dedin, indi yazığı məhv edəcəklər. Ordubadi də deyir, heç narahat olma, Sarabskini xilas etmişəm. Mircəfərlə uşaqlıqdan dostam, xasiyyətini bilirəm, tərsdir, ona nə desən, əksini edəcək”. Həqiqətən də, H.Sarabski repressiyaya məruz qalmır.

Gallery

Məmməd Səid Ordubadi qatarla Andranik ilə müsahibə üçün Abramovun mülkünə gedir. Andranikin köməkçisi Karapet ona gözləməyi məsləhət görür. Bir müddət sonra Ordubadi Andraniklə görüşür, onunla Qafqazda baş verən proseslərdən, dövlətlər arası ixtilaflardan danışırlar. Ancaq söhbətin sonuna yaxın Ordubadi Andranikdən müsahibə almaq fikrindən vaz keçir.

***

S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.

# 61965 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #