Ömər Faiqdən rusdilli təhsilə etiraz - 115 il əvvəl yazılmış mətn

Ömər Faiqdən rusdilli təhsilə etiraz - 115 il əvvəl yazılmış mətn
15 sentyabr 2020
# 15:01

Kulis.az siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin 1906-cı ildə "İrşad" qəzetində çap olunmuş "Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?" adlı məqaləsini təqdim edir. Məqalənin bir əsr sonra yenidən dərc olunmasına səbəb müəllifin toxunduğu bir çox məqamların bu gün də həm sosialoji, həm də ideoloji müstəvidə aktuallığını qorumasıdır.

Bizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Hər kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sövdəgarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda da dəxi vardır.

Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəlimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzərdiqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”. “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz
Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büzüb oturulmadı.

Dərdlərimizin, naxoşluqlanmızın gizli səbəbləri axtarılmağa üz qoyuldu. Cümləmizin “qülhüvəllah”dan artıq əzbərlədiyimiz: “Nəyimə lazım, aləmin dərdi sənəmi qalıb, kefinə bax” kimi əhəmiyyətsizlik nişanələri yavaş-yavaş içimizdən götürüldüyü anlaşıldı. Hər kəsin qüdrətinə görə millət qeydinə qaldığı bilindi. Bizim də maarif baharımızın yavuqlaşdığnı göstərən çiçəklərin yavaş-yavaş açılmağa başladığı göründü. Şükür, Allah, sənə. Şükür ki, “nəyimə lazım…” dövrlərimiz keçir. “Hər kəsə lazım çiçəklər açılır”. Buna görə ümidvaram ki, bir çox əhəmiyyətli məsələmiz layiqlə kəşf və həll edilmədən qapanmaz. Yazıçılarımız bu barədə nə qədər yazsalar, çox görünməz. Çünki millətimizin ruhu bu məsələnin ruhudur. Millətimizin tərəqqisi bu məsələnin həllindədir. Millətimizin həyatı müəllimlərimizi bu günlərə salan sui-tərbiyə və təlimin, hökümət zülmünün məhvindədir. Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun. Bu gün camaatımız həmd olsun, az-çox milli məktəblər açmağa başladı. Hətta bəzi yerlərdə mövcud olan məktəbləri böyük hümmətlə böyütmək istəyirlər. Lakin müəllimsizlikdən, mürəbbisizlikdən aciz qalıb hümmət ellərini acizə qoltuqlarına soxurlar. Bəli, müəllimsizlikdən məktəblərimiz viran, işlərimiz pərişan, halımız yamandır.

Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyanın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimlərilədir. Müəllimlərin yetişdirdiyi müdiri-siyasiyunlarilədir. İşin üç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi.

Bilməm, bir vaxt hansı qəzetdənsə oxudum: yapon davasından bir neçə il əvvəl Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibətilə, o bağa gələn yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay russəfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: “Biz, bizə düşmən olanların çayını içmirik…” deyib çayları buraxırlar. Halbuki bizim müəllimlərimiz ingilislərin beş-on qızılına, fransızların şirin dillərinə, yalançı dostluqlanna, rusların maladeslərinə, iki şahılıq medallarına millətlərinin həyatlarını, millətlərinin vətənlərini yağlı qoyun kimi satırlar. Nədən? Məhz məlumatlı, həmiyyətli müəllimsizlikdən! Uzaqlara nə hacət: erməni hamballarının belə başlarını millət məhəbbətilə, vətən qeydilə, istiqlal xəyalilə dolduran kimlərdir? Millətlərini mühafizə üçün əldə ən gözəl bəhanə etdikləri kilsələrini Rusiya kimi – vaxtilə dünyanı titrədən bir hökümətdən güclə almağa çalışıb milləti uğrunda “Arxangel” qaranlıqlarına, Sibiriyanın buzluqlarına gedən və nəhayətdə millətlərinin canı demək olar kilsə mülklərini, kilsə yollarını hökümətdən geri alan kimlərdir? Köhnə erməni keşişlərimi? Qoca erməni avarlarımı? Bu gün Rusiyanın vəziyyətindən zəmanənin təqazasından istifadə edib müntəzəm qonşularını aşkar bir surətdə rus generallarının qabağında gəzdirən, bir sözlə, hökümət içində hökümət təşkil edən daşnaqsütyunların müdirləri, komitet rəisləri, üzvləri kimlərdir? Quru dua və lənəti-məzhəbin rükni zənn edən keşişlərmi və ya pisarlikdəki iki şahı artıq məvacibə müqəddəs xidmətini satan müəllimlərimi?.. Xeyr, xeyr.

Demək ki, hər millətin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsi ilə bilinər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır. Bu halda bizim bəzi müəllimlərimizin kəndlərdən qaçmalarına əlbəttə, aldıqları sui-tərbiyə və təlimin də dəxli vardır. Əlbəttə, bəzi müsəlman müəllimlərinin müsəlman məktəblərində öz millətlərinin ziddinə rəftarlarına “xainanə öyrəndiklərini xainanə öyrətməyə çalışmaq” üsulunun acı meyvələridir. Bu sözü dedim də yadıma belə bir şey gəldi: Bir şəhərdə camaat milli məktəbin xeyrini düşünüb min bəla ilə məscid yanında bir məktəb meydan gətirir. Yüz məşəqqətlə bir müsəlman dərsi müəllimi tapır, bir neçə il içində camaat məktəbin və tazə üsulun xeyrini daha ziyada qanır.

Məktəbin daha artıq tərəqqisi üçün onlar rus dərsinə, rus dərsinin müəlliminə lüzum görürlər. Direktora yazırlar. Qospadin direktor da harda bir ixlaslı, medal və “malades” dəlisi varsa, tezdən seçib bura göndərir.

Bir az vaxt keçir, məktəbin divarlarında olan türkcə xəritələr, şkafda görünən türkcə kitablar inspektorun buyruğu ilə yerlərindən uçur. Müəllim cənabları gizli-gizli aldığı əmrləri, öyrəndiyi təlimi yavaş-yavaş tətbiq etməyə hümmət buyurur. Şapkasındakı iki böyük kakardinin, çiyinlərindəki üç girvənkəlik bəzəkli çinlərin hüzuri-həşəmət mabeynlərində uşaqların ədəbsizcə, yəni başı örtülü oturmaları müəllimin qəlbi-alisini əzməyə başlayır, ciddi bir bəhanə axtarır. Axtarır, amma tapmaq sayeyi-qeyrətində çətin bir işmi? Görürsən inspektor bu alicənab hökümətpərvər müəllimin ürəyinin ortasından məfltilsiz tel ilə xəbərdar olur. Çox sürməz, “fütuhatın”, keşiş ağaların, müqəddəslərin, cənabların bir sürü şəkilləri divarları bəzər. Cənab müəllim ətrafına baxındıqca qəlbində özgə cür hissi-ali duyar. İxlas və sədaqətini artıq ürəyində saxlaya bilməz. Bir gün uşaqlara: “Bundan sonra zakona görə məktəbdə başlarınızı açmalısız…” deyə buyurur. Bu əmr, bu səs yarım saat içində şəhərin hər tərəfini tutur. Hər kəsin üzündə qəlbinin narazılığı, hökümətdən şikayəti görülür. Ertəsi gün məktəbdə uşağın yarısı qalmaz. Məktəb hər kəsin nəzərindən düşməyə başlar.

Bir gün də gələr, əvvəlki xidmətlərindən ötrü inspektordan razılıq kağızı alan cənab müəllim inspektorun zakonuna-sirkulyarına görə müsəlman dərslərindən: həftədə dörd dəfə Quran, üç dəfə xətt (yazı), iki dəfə dua dərslərindən savayı müsəlman dərslərinin oxunmasına rüsxət almadığını – fərəhini saxlaya bilməyib, sevinə-sevinə elan edir, amma ertəsi günü də məktəbdə öz tanışlarının dörd-beş uşağından başqa özgəsini görməz. Məktəbin tərəqqisinə də, ümidinə də fatihə oxunub qurtarar. Bəli, budur “Yarımçılıqlardan biri”, “Bir şəxsin” şikayət etdikləri suitərbiyənin bir əsəri, bir nəticəsi də. Burası məlum. Lakin arxayınam ki, həqiqi müəllimlərin üzlərini qızardan bu kimi həmiyyətsiz müəllimlər əlbət ki, çox-çox azdır. Əlbət ki, bunlar da insafa gəlmişlərdir.

Qaldı ki, kəndlərdən şəhərlərə qaçanlardan bir çoxlarının qaçmalarına səbəb nə sui-tərbiyədir, nə də həmiyyətsizlik.

Bunlardan elələri də vardır ki, bəlkə sui-tərbiyəyə qurban, həmiyyətsizliyə alət olmamaq üçün yaxalarını qurtarmağa qaçırlar. Amma çoxunun kəndlərdən şəhərlərə, şəhərlərdən Bakıya, o qara pul dəryasına, o üz ağardan qara şəhərə qaçmalarına səbəb məhz məişətin darlığıdır. Üç-dörd baş bir ailəni ayda iyirmi beş-otuş manat ilə dolandırmaq asan dərd deyil, gələcək üçün də heç bir ümid yox ki, biçarə bugünkü sıxıntılara baxmayıb səbr etsin. İnsan beş il bir yerdə fəhləlik edəndə ağası sədaqətinə görə beş-on qəpik yenə məvacibini artırır. Amma müəllimlikdə – o da müsəlman olasan – on ilə ömür tükətsən, axmaq aldadan “malades”dən savayı bir şey görülməz. Binəva təcrübəsiz müəllimi bir tərəfdən məişətin darlığı, digər tərəfdən mürvətsiz starşinaların, polisin əziyyəti, camaatın söz anlamaz halı sıxdıqca sıxır. Məktəbdən təzə qurtarmış cavan rəhbərlərə, məişət və camaat dərdi görməmiş cavan müəllimlərə “Millətin xatiri üçün hər cür zəhmət və məşəqqətə səbr etsinlər” demək asandır. Amma onların yerində olub iş görmək çətindir. Lazımdır, millət böyüklərimiz də, millət rəislərimiz də millətin qeydinə qalıb övladi-milləti vəhşilikdən qurtaracaq cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişətinin, qarnının dərdinə qalan bir müəllim, mücəssəm-həmiyyətdə olsa, layiqilə bir iş görməz.

Özgələrə dil ilə iş örgətmək, vəz və nəsihət eləmək asandır. Amma onların yerinə keçib iş adamı, dərd babası olmaq hər kəsin hünəri deyildir. “Millətin qeydinə qalan həmiyyətli müəllimlər hər cür bəlaya səbir etməlidirlər” – demək üçün bir az da müəllimlərin qeydinə qalmaq şərtdir. Yoxsa hər kəs öz cibinin, öz dərdinin peşinə düşüb hər işi məişət dərdilə qovulan binəva müəllimlərdən gözlərsə işlərimiz bir addım da irəli getməz. Lazımdır ki, kənd müəllimlərin məvaciblərini artırmaq və onları məişət dərdindən azad etmək üçün rəislərimiz, nüfuzlularımız, xüsusilə dumaya vəkil seçilənlərimiz indidən lazımi təşəbbüsə iqdam etsinlər. Yoxsa dörd-beş ildən sonra kəndlərdə bir qabil müəllimimiz də qalmaz. Bunu bugünkü halımız, pərişanlığımz ən birinci deyilmidir ki, bir çox qabil, həmiyyətli müəllimlərimiz müqəddəs xitmətlərini buraxıb qara pul tərəfinə, yəni Bakıya qaçırlar.

Bəzi yazıçılarımızın “Müəllimlərimiz şəhərlərə nə üçün qaçırlar?” deməklərindən bir şey qanmıram. Ondan ötrü ki, hansı şəhərdə hansı müəllim yerlərimiz var ki, oraya qaçılsın? Baxın Şamaxıya, Şəkiyə, Gəncəyə, İrəvana, Şişəyə, Naxçıvana və hətta Tiflisə, əcaba buralarda neçə müəllimimiz vardır? Halbuki bu şəhərlərdə olan tək-tük müəllimlərimiz də yenə o qara pul məcmeyi olan Bakıya qaçırlar. Hətta Tiflisin gözəl havasını, lazımlı xidmətini Bakının istisinə, tozuna tərcih edirlər. Çünki orada həm qara pul çox, həm də irəlisi var. Demək ki, Bakıya qaçanlarımızın bir qismi suitərbiyədən və ya həmiyyətsizlikdən deyil, müəllimin bizdə rəğbətsizliyindən, hökümətin zülmündən, məvacibin azlığından, irəlisinə ümid olmamağından qaçırlar. Mən mütləq belə fikir edirəm. Türk balası, müsəlman oğlu, əksər müəllimlərimizin missioner müəllimərin iğva və şeytanətinə aldanıb millətinə xəyanət edəcəklərinə ümidim azdır. Arada əskik olmayan bir-iki biəhəmiyyətin vücudu isə hesab deyil. Xülasə, Qoridəki müsəlman şöbəsini özgə bir şəhərə köçürtməklə bərabər, müəllimlərin məvaciblərinin artmağına mütləq çalışmalıdır ki, Bakıya qaçmağın qabağı alınsın. “Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?” şikayətlərinin axırı alınsın.

Ümidvar (təxəllüs red.)
omarfaig.info

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
# # #