Azərbaycanda ilk xəritəni hazırladı, Osmanlı sultanı hədiyyəsini qəbul etmədi, bolşeviklər onu güllələdi – Abdulla Şaiqin general qardaşı

Azərbaycanda ilk xəritəni hazırladı, Osmanlı sultanı hədiyyəsini qəbul etmədi, bolşeviklər onu güllələdi – Abdulla Şaiqin general qardaşı
18 may 2020
# 15:01

Bu gün pedaqoq, siyasətçi, hərbçi, general-mayor Yusif Ziya Talıbzadənin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Yusif Ziya 1877-ci il yanvar ayının 22-də Tiflisdə ruhani ailəsində, Zaqafqaziya Şeyxülislamının müavini, Qafqaz vilayətinin baş qazisi Axund Mustafa Talıbzadənin ailəsində dünyaya göz açıb. Ailənin ilk övladı olan Yusif ibtidai təhsilini Tiflisdə - Zaqafqaziya Ruhani İdarəsi nəzdindəki Rüşdiyyə məktəbində alaraq türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənir.

***

1894-cü ildə anası və qardaşı ilə birlikdə Xorasana köçür, burada kiçik qardaşı Abdulla Şaiqlə birlikdə təhsilini davam etdirir, məşhur Mirzə Cəfər mədrəsəsini bitirir. Yusif Ziya Talıbzadənin özünə "Ziya" təxəllüsü götürməsi də bu mədrəsə və tələbəlik illəri ilə bağlıdır.

Gallery

Yusif Ziya ali dini təhsilini Bağdadda başa vurduqdan sonra, 1899-cu ildə anası ilə birlikdə Tiflisə qayıdır, 1900-cü ilin sentyabrında isə Bakıya gəlir. Hələ Tiflisdə yaşadığı zamanlardan yaxşı tanıdığı Nəriman Nərimanovla görüşür, onun vasitəsilə neft milyonçusu Hacı Zeynalabdin Tağıyevlə yaxından tanış olur. Bakıda "Rus-tatar" məktəbi yoxlama komissiyasının imtahanlarından uğurla çıxıb həmin məktəbə şəriət müəllimi təyin olunur.

***

Qısa müddətdə nəinki çalışdığı məktəbdə, bütün Bakıda geniş məlumatlı maarifçi və ictimai xadim kimi tanınır. Mütəxəssislərin fikrincə, Yusif Ziya Azərbaycanda ilk xəritə tərtib etmiş azərbaycanlıdır. "İslam tarixi və tarixi-müqəddəs ənbiyayə dair məkanların nəqşəsi və islam məmləkətlərinin xəritəsi" adlanan bu nadir xəritə 1904-cü ildə Bakıda, A.M.Promişlyanskinin mətbəəsində Azərbaycan dilində kütləvi tirajla çap edilir. Biblioqrafik xarakter daşıyan bu nadir xəritədən o zaman bütün "Rus-tatar" məktəblərində dərs vəsaiti kimi istifadə olunub.

***

Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevlə yaranan yaxın münasibətlərdən sonra Axund Yusif Ziyanın mədəni-ictimai və siyasi dairələrdə fəaliyyəti daha da artır.

***

Yusif Ziyanın 1905-ci ildə "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni Füyuzat", "Şəlalə" kimi dövri nəşrlərində çap etdirdiyi həyatın ağrılı problemlərindən bəhs edən "İslam və Menşikov", "Müsəlmanlar və maarif", "Cocuqlarımıza bir çarə", "Ərəbistan, yaxud Məkkə və Mədinə", "Rusi müsəlman məktəblər", "Türkiyə məktubları" və s. publisistik məqalələri ictimaiyyət arasında böyük səs-küy yaradır.

Gallery

1907-ci ildə Hacı Zeynalabdin Tağıyevin tapşırığı ilə Məmməd Kərim Mir Cəfərzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, 4.000 altun lirə dəyərində zinətli daş və almazlarla bəzədilmiş "Qurani-Kərim"ın üç cildlik nüsxəsi təfsirlə birlikdə Hacının tövsiyəsi ilə Axund Yusif Ziya Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparır. Sultan isə Yusif Ziyaya deyir ki, Tağıyevin maliyyələşdirdiyi "Füyuzat” jurnalınızda mənim əleyhimə təbliğat aparılır, indi mən onun səmimiyyətinə necə inanım və bu hədiyyəni necə qəbul edim? Yusif Ziya Talıbzadə Sultanın dediklərini Tağıyevə çatdıranda "Füyuzat” jurnalının fəaliyyəti dayandırılır. "Molla Nəsrəddin” jurnalı "Füyuzat”ın bağlanmasının günahkarı kimi Axund Ziyanı görür və onun karikaturasını dərc etdirir. Bu hadisə haqqında həmin dönəmin qəzetləri də yazıb.

***

Bundan sonra Yusif Ziya tez-tez Türkiyəyə gedib-gəlir, "İrşad" qəzetinin müxbiri kimi, mətbuatda "Türkiyə məktubları" adlı silsilə yazıları ilə çıxış edir, müxtəlif ictimai-mədəni tədbirlərdə və xeyriyyə təşkilatlarında təmsil olunur. Müsavat Partiyasının yaranmasında fəallıq göstərir, bu partiyaya üzv yazılan ilk beş nəfərdən biri olur.

***

O, 1918-ci ildə Osmanlı ordusunun tərkibində yaradılan könüllülərdən ibarət Qafqaz İslam Ordusuna yazılır və Türkiyədə çalışan Əhməd bəy Ağaoğlunun hərbi müşavir olduğu ordunun könüllülərdən ibarət Yardım alayına rəis təyin edilir. 1918-ci ilin sentyabr ayında türk ordusu ilə Bakıya gəlir.

Gallery

Sentyabrın 14-də sübh tezdən Yusif Ziyanın da başçılıq etdiyi Yardım alayı Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxmış, düşməni məhv edərək şəhərin lap girişində dayanmışdı. Bakının işğalçılardan azad edilməsi uğrunda gedən otuz altı saatlıq qanlı döyüşlərdə türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də qəhrəmanlıqla vuruşurlar.

***

Yusif Ziya Talıbzadə Nərimanovun göstərişi ilə 1921-ci ilin fevralında Naxçıvana hərbi komissar təyin olunur. Naxçıvan torpağına göz dikən, daşnak silahlı dəstələrinə divan tutmaqla Naxçıvanda xeyli məşhurlaşır, general rütbəsinə qədər yüksəlir. Təəssübkeşliyi ilə naxçıvanlıların hədsiz rəğbətini qazanan komissarın şərəfinə Naxşıvandakı yaşayış məskənlərindən biri Yusif Ziya kəndi adlandırılır.

***

Lakin, bir müddət sonra o, Naxçıvan torpaqlarına iddialarını gizlətməyib tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnaklara qarşı sovet rəhbərliyinin liberal mövqeyini gördükdə Bakıya qayıdır, N.Nərimanovla görüşür, bolşeviklərin riyakarlığını, ermənilərə doğma, türklərə ögey münasibətdə olduqlarını konkret faktlarla açıqlayır. Sonda bu quruluşa uyğunlaşa bilmədiyini, sovetlərə qulluq etmək istəmədiyini bildirir. Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Bundan sonra polkovnik Axund Yusif Ziya Talıbzadənin mühacir həyatı başlayır...

***

O, bir vaxtlar birgə döyüş yolu keçmiş Ənvər paşanın yanına gedir. Ənvər paşanın ordusuna qoşulur. Türkiyə, İran və Azərbaycanda olduğu kimi, Türküstanda da o həmişə ön cəbhədə, döyüş mövqelərində olur. Döyüşlərdə əlverişli mövqe seçmə qabiliyyəti basmaçılara uğurlar gətirir. Yeni dəstələrin təşkilində və hərbi təlim hazırlığında onlara əlindən gələn köməyi göstərir.

Gallery

Ancaq qızıl ordunun komandirləri yerli bolşeviklərlə gizli əlaqə yaradaraq Axund Yusif Ziyanın başçılıq etdiyi basmaçıların yerini öyrənir. Sayca basmaçılardan qat-qat üstün olan bolşeviklər nəyin bahasına olursa-olsun Yusif Ziya bəyi sağ tutmaq istəyirdilər. Qeyri-bərabər döyüşdə itki verməmək üçün Yusif Ziya başçılıq etdiyi basmaçılarla bir yerdə Əfqanıstana keçmək üçün döyüşə-döyüşə Dərvaz vilayətinin ərazilərinə çəkilir, Pənc qışlağının yaxınlığından ötüb, ordu ilə bərabər özünü Amu-Dərya çayına vurur. At belində çayın o biri sahilinə çathaçatda bolşeviklər güllə ilə onu kürəyindən vururlar. Yusif Ziya Amu-Dərya çayının sahilində üzünü silahdaşlarına çevirib "Mən.. Azərbayy..c..a..n..." deyərək may ayının 18-də saat 3 radələrində vəfat edir.

***

Bundan bir neçə ay sonra Orta Asiyadan Yusif Ziyanın silahdaşlarından biri Bakıya gəlir, soraqlaşa-soraqlaşa ailə üzvlərini tapır. Kədərli də olsa əhvalatı danışır... "Haqsızlığa nifrət edib ədaləti sevən bu insanı hamımız çox istərdik" -deyib, Yusif Ziyanın qana bulaşmış köynəyini və həmişə yanında gəzdirdiyi kiçik cib Quranını qardaşı Abdulla Şaiqə verir. Qanlı köynək Sovet hökumətinin qorxusundan gizlədilib it-bata düşür. Cib Quranı isə kiçik qardaş Abdulla Şaiq ölən günə qədər özündə saxlayır. Ölümündən sonra isə həmin Quran şairin ev muzeyinə təhvil verilir.

***

Qardaşına görə Abdulla Şaiqə çox böyük təzyiqlər olub. Müəyyən dövrə qədər ev dustaqlığı yaşayıb. Ona heç yerdə iş verməyiblər. Ailəni ac qalmaqdan Şaiqin xanımının qızılları xilas edib. Əri işsiz qalan illərdə onun xanımı hər dəfə bir qızılını sataraq ailəni xilas edib.

***

Deyilənə görə qırxıncı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-ə çağırırlar. Şaiq xəstə olduğu üçün gedə bilmir. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Lakin Abdulla Şaiq bildirir ki, qardaşı ilə heç bir əlaqəsi olmayıb.

# 7496 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
# # #