General-qubernatorun qərarı: eşşək elə eşşəkdir!

General-qubernatorun qərarı: eşşək elə eşşəkdir!
11 yanvar 2013
# 15:00

“Yasin” oxumaqla donuz taxıldan, əfsun oxumaqla da ilan daxıldan çıxmaz” həqiqətinin dərk edildiyi gündən didaktikanın bu dünyadakı səlahiyyət müddəti bitmiş olmalıydı, əslində. Bu məzmunda bir siqnal beyninə çatdığı andan insan “bəzi məqamlarda sözün tamam faydasız olması” reallığıyla biryolluq barışmalıydı. Elə bu səbəbdən də, hər kəs dilinin ucuna gələn öyüd-nəsihəti udmalı, rəyini-iradəsini qəbul etdirmək üçün başqa yol tutmalıydı: özü də həmişəlik. Nə çox, Allahın yolu…

Ancaq bəşərin xislətində nəsihət dinləməmək, ya da dinləyib əməl etməmək kimi əzəli-əbədi meyl varsa, başqalarına dərs keçmək, ağıl öyrətmək halında təzahür tapan, cilovlanmaz bir istək də var. İnsanın fitrəti elə yoğurulub ki, lap əzəldən özünün də “öyüd batan yerinə söyüd batdığını” bilə-bilə, yenə kimsə nəsihətçilikdən əl çəkmir, yenə heç kəs həndəvərindəki özü kimilərə ağıl öyrətməyindən, tövsiyə verməyindən qalmır.

“Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər!” - qəribə təsəllidir. Amma lap bu təsəllinin özündə də sanballı bir məsləhət yükü, tərs nəsihətçiliyin, inadkar məsləhətçiliyin ağırlığı var. Bu qatqı nə vaxt, necə, niyə qatılıb insanın mayasına? Sirri-xudadır…

* * *

Qəti niyyətin, güclü emosiyanın, ya da ani, ötəri əhval-ruhiyyənin dəqiq-dürüst ifadəsi baxımından, bəlkə də heç bir səs “eşşək” sözündəki “ş” qədər xüsusi əhəmiyyət daşımır. Acığın, hiddətin dilə gətirildiyi anda bu kəlməni tək bircə “ş” ilə hədəfə yönəltmək hələ heç nə demək deyil. Odur ki, Türkcədəki “Eşek”lə Ruscadakı “İşak” bu sözün bəlli çalarını açıb-çatdırmağa qətiyyən yaramır, çox-çox acizlik çəkir. Belə epizodlarda ürəyi sərinlədəcək, əsəblərə yüngüllük gətirəcək bircə söz var: “Eşşək!” Ən azı iki “ş” ilə! Hələ üç-beş “ş” deyildiyi hallar da olur.

Bir vaxtlar böyük-böyük dilçilərin arasında bu mövzuda – hər nə qədər lətifəvarı də olsa - çox ciddi, şiddətli mübahisə düşübmüş. O məlum “qissədən hissələr”in üzərinə, indinin özündə də, hərdən-hərdən qayıdılır.

Hər halda, əsassız-köksüz söhbət deyil bu. Yoxsa, misal üçün, Seyid Əzim rəhmətlik, bir məqamda:

Ey oğul, bu, dəlili-bişəkdir:

Adəmi-bisavad – eşşəkdir!

- söyləyəndə, başqa bir yerdə:

Ölmə eşəgim, yəqin gələr yaz,

Yonca bitibən işin olar saz…

- deməzdi.

Bu iki beyti tutuşduranda qoşa “ş”nın hikməti, qüdrəti ortaya çıxmırmı?! İnsafla baxılsa, əvvəlkinin Şiddəti hara, sonrakının Şəfqəti hara! “Eşşəy”in “ş”sı prinsipial məsələdir, yəni!

Ancaq bunlar da vacib suallardır ki: “Öyüd-nəsihəti qulağına almamaq” söhbətində o Donuzun, o İlanın yerinə bu Eşşəyi kim, nə vaxt, hansı məqsədlə təyin edib? Qanıb-qandırmamağın, anlamazlığın, dilbilməzliyin ifadəsində təşbeh predmeti kimi nəyə görə Eşşəyə üstünlük verilib? Bu da bir sirri-xudadır…

* * *

Didaktikaya, öyüd-nəsihətə Ziya Paşa da əl atıb bir vaxtlar. Eşşək məsələsinin üstünə o da yeriyib, təxminən, 150 il əvvəl. Həm də elə-belə yeriməklərdən olmayıb bu. Çünki heç Ziya Paşa da elə-belə paşalardan deyildi - Ziyalı Paşaydı...

19-cu yüzilin 20-ci illərində İstanbulda doğulan Abdülhamid Ziyaeddini Ziyanı Paşalığa aparan yol məktəblərdən, fərdi təlimlərdən, xırdalı-irili dövlət vəzifələrindən, dərnəklərdən, qruplardan, yığıncaqlardan keçib. Osmanlıya daxildə qulluq göstərdiyi kimi, səltənəti xaricdə də təmsil edib, Paşa rütbəsi alıb.

Əvvəl-əvvəl başını aşağı salıb dinməz-söyləməz, “paşa-paşa” məmurluğunu eləyib, sonra küsüb, qoşulub “Yeni (Gənc) Osmanlılar”a, lap acığa düşəndə üz tutub İtaliyaya, ordan keçib Fransaya: Sultan Abdülazizdən narazıların Parisdəki qrupuna – Namık Kemalın, Ali Suavinin, Mustafa Fazıl Paşanın da qoşulduğu dəstənin başını çəkib, bir müddət qəzet buraxıb (özü də nə qəzet – “Hürriyət”!); arada İngiltərəyə də adlayıb, dəstəyə nifaq düşəndə, həbs təhlükəsi yarananda İngiltərə-İsveçrə-Fransa arasında “get-gəl”də qalıb...

Bu arada Abdülaziz gedib, yerinə İkinci Abdülhamid gəlib: yeni Sultan “Yeni Osmanlılar”ı əvvəlcə yanına, sonra qarşısına alıb, axırda da hərəsini bir yana (kimisini zindana, sürgünə, kimisini də əyalətlərdə qulluğa) göndərib ki, yaxasını onların əlindən qurtarsın. Ziya Paşanın bəxtinə valilik düşüb, general-qubernator kimi Suriyaya göndərilib. Ondan sonra Konya valisi, lap axırda da Adana general-qubernatoru olub. Belə bilinir ki, serrozdan ölüb - 1880-ci ilin mayında. Adanada türbəsi var, ətrafında da park salınıb, deyilənə görə…

* * *

Dövr - Osmanlı tarixindəki konkret ünvanıyla Tenzimat adlansa da - bütövlükdə Şərqdə, İslam-Türk aləmində Maarifçilik, Yenilikçilik dalğasının yaranıb-yayılmağa başladığı dövr idi. Bunu yaxşı-yaxşı duyub-anlayan zəmanə adamlarının sırasında (həm də ən layiqli yerlərdən birində), söz yox ki, Ziya Paşa da vardı. Şərqi də bilirdi, Qərbi də: həm kitablardan, müəllimlərindən öyrənmişdi, həm də əyani şəkildə - gəzə-gəzə, görə-görə. İndi təşər-təşər “Qərbə inteqrasiya” dediyimiz təzə axının önünün açılmasından ötrü az iş görməmişdi: “İnkvizisiya tarixi”ni, “Əndəlüs tarixi”ni, “Emil...”i, “Tartüf”ü Fransızcadan Türkcəyə çevirmişdi; yeniləşmənin, maariflənmənin vacibliyi haqqında məqalələr yazmış, çıxışlar etmişdi. Bir niyyətlə, bircə məramla: Qərbdən alınıb-gətirilən hər nə varsa, Şərqin tərəqqisinə, yüksəlişinə xidmət eləsin; Qərbdən gələn yenilikçi meyllər, əməllər - Şərqdəki sağlam ənənələrin qorunması şərtilə – dirçəlişə, inkişafa təkan versin. Qalanı onun üçün təfərrüatdı. Heç varmamışdı da yad-yabançı, gəlmə-gülmə təfərrüata. Ənənəvi yolla, klassik üsulla da təzə söz deməyin, yeni fikirlər yaymağın mümkünlüyünə inanırdı – öz adı qədər. Şərqin zəkasına İşığın, Ziyanın məhz belə bir bucaq altından daha rahat düşəcəyinə çox böyük ümidi vardı. Ümidi, inamı doğrulacaqdımı? Hələ bunu fikirləşmək istəmirdi, hələ eləcə çalışırdı. Bu inamla “Tərcibənd”ini, “Şeir və inşa”sını qələmə almışdı, türk, ərəb, fars şairlərinin antologiyasını - üçcildlik «Xərabat» toplusunu hazırlayıb, ona “Müqəddimeyi-Xərabat” adlı önsöz yazmışdı.

“Tərkibbənd”ini də bu ümidin ardınca yüyürdüyü, çalışıb-çabaladığı vaxtlarda yaratmışdı. Ən məşhuru da elə bu əsəri oldu, “ehya verdiyi söz”, 150 ilə yaxındır ki, Ziya Paşanı - hər saat da olmasa, hər gün – “ol uyqudan bidar edir”. Füzuliylə bu “bağlantı” gəlişigözəllik də deyil, təsadüf də. Çünki təməl-bünövrə Füzulinin sinəsində atılıb, odur ki, beş yüz il olar, “şeir evi”mizə qoyulan hər daşın altında onun əli görsənir: Ziya Paşa “Tərkibbənd”ini Ruhi Bağdadidən, Ruhi də şeirinin ruhunu, sənətinin mayasını birbaşa Füzulidən alıb. Həmin bağlılığa Ziya Paşanın “Tərkibbənd”ində də aydın-aşkar işarələr var:

…Mən anladığım çərx isə bu çərxi-çəpəndaz,

“Yaxşı görünür surəti, amma ki yamandır”;

…Uğrarsa, səba, rahın əgər səmti-İraqa,

Bağdad elinə doğru dəxi əzmi-xüram et.

Mərdani-süxəndanı ziyarət edib, ondan,

Adab ilə get, rövzeyi-Ruhiyə səlam et…

Bu ənənələr, onlara qəlbən bağlılıq, bir də, övladı olduğu qövmə, yetişdiyi mühitə xidmət istəyi idi dövrünün fəal ziyalısını, ardıcıl yenilikçisini köhnə yola – didaktikaya döndərən, şair kimi nəsihətçiliyə sövq edən. Yoxsa dünyanın hər üzünü görmüş, hər sifətdə insanla rastlaşmış o boyda Osmanlı paşası guya bilmirdimi ki, çox vaxt nəsihətlə kar aşmır, töhmət-danlağa lüzum yaranır, hətta “daha sərt tədbirlər”ə əl atmaq qaçılmaz olur:

Nüsh ilə yola gəlməyəni etməli təkdir,

Təkdir ilə uslanmayanın haqqı – kötəkdir!

Guya ona məlum deyildimi ki, ağlında-düşüncəsində qüsur olanlar zəka-kamal sahiblərini sevməzlər, yarasanın gözləri işığı götürmədiyi kimi:

Ərbabi-kamalı çəkəməz naqis olanlar,

Rəncidə olar dideyi-xüffaş ziyadən.

Sözsüz ki, bilirdi bunları. Amma onun aləmində tamam başqa, çox dedikcə saf, sağlam bir həqiqət də vardı. Ziya Paşa özlüyündə qəti yəqin eləmişdi ki:

Ayinəsi işdir kişinin, lafa baxılmaz,

Şəxsin görünər rütbeyi-əqli əsərində.

Buna görə də, məmur kimi çalışdığı, valilik etdiyi yerlərdə zahiri abadlıq işlərindən daha çox, mənəvi dirçəlişə, maarif-mədəniyyətin inkişafına yönələn işlər görür, məktəblər, kitabxanalar açdırırdı. Həmmövqeyi – Bursa valisi Ahmet Vefik Paşanın ardınca, o da Adanada teatr binası tikdirmiş, İstanbuldan oraya truppa dəvət etmişdi.

Bu günün Türkiyəsində də natiqlərin tez-tez dadına çatan, ox təki iti misralardan, qılınc kimi kəskin beytlərdən qurub-qoşduğu ibrətnaməsini – “Tərkibbənd”ini də Lafdan çox, İş naminə yaratmışdı Ziya Paşa.

* * *

Uzun ömür sürməsə də, Ziya Paşa zəngin həyat təcrübəsi toplamışdı, hüdudsuz dünyagörüşü vardı. Odur ki, deyirdi, fələyə bel bağlamayın, hərləndikcə çox rəngə düşə bilər, fırlanıb-fırlatması onun naxoş fitrətindəndir:

Pək rənginə aldanma, fələk əski fələkdir,

Zira fələyin məşrəbi-nasazı dönəkdir!

Yaşadığı illər, keçdiyi yollar, getdiyi ellər Paşaya çox mətləblər öyrətmiş, çox sirlər açmışdı - dünyanı yaxşı tanıyırdı:

«Asudə olum» dersən əgər, gəlmə cahana,

Meydana düşən qurtulamaz səngi-qəzadan.

Bibəxt olanın bağına bir qətrəsi düşməz,

Yağmur yerinə dürrü göhər yağsa səmadan…

Paşanın nəsihətlərinin ziyası altında bir daha görünür ki, dövranın qəribə-qəribə gərdişləri var, yox yerdən çox nəticələr törəyə bilər; haqqa zaval olmaz, hər dərdə də bir çarə tapılar:

Zalım yenə bir zülmə giriftar olar axır,

Əlbəttə, olar ev yıxanın xanəsi viran.

Hər dərdin olar çarəsi, hər inləyən ölməz,

Hər möhnətə bir axır olar, hər qəmə payan.

Dünyanı tanıdığı kimi, insanların da halına-xasiyyətinə yaxından bələd olmuşdu:

Dəhri arasan, mində bir adəm bulamazsan -

Adəm görünən hər “lan”ı adəmmi sanırsan?!

Çox müqbili gördüm ki, gülər: içi qan ağlar -

Xəndan görünən hər kəsi xürrəmmi sanırsan?!

“Tərkibbənd”inin bir beytində isə, Ziya Paşa məşhur “Hər bişə goman məbər ke, xalist, Şayəd ke, pələng xofte başəd” (“Hər meşəni boş, yiyəsiz sanma, Birdən orda pələng yatmış olar”) öyüdünün müəllifi Şeyx Sədi ilə də səsləşir:

Allaha sığın şəxsi-həlimin qəzəbindən,

Zira yumuşaq hallı atın ciftəsi bərkdir.

Ziya Paşanın ironiya hissi, kinayə duyğusu ayıqdı: əlindən bir iş gəlmədiyi, nədənsə başı çıxmadığı halda, başqalarına ağıl öyrədib yol göstərənlərin üstündəki qınaq-töhmətdən xəbərdardı. Ayağının altdakı çuxuru görməyib, göydə ulduz axtaranların, evində sahman yarada bilməyib, dünyanı düzəltməkdən dəm vuranların düşdükləri gülünc vəziyyətlərdən haliydi. Bəlkə, bir nəsihətçi təki, onun özünə də eyni nöqtədən baxanlar ola bilərdi. Ancaq paşa-vali kimi onun işi iş, şair kimi də sözü sözdü. O səbəbdən, bunları arın-arxayın deyə bilirdi:

Ulduz arayıb göydə neçə türfə münəccim,

Qəflət ilə görməz quyunu rəhgüzərində.

Onlar ki, verir laf ilə dünyaya nizamat,

Min dürlü təsəyyüb bulunar xanələrində.

Gah baxırsan, rindanəliyi tutur, dünyanı eyş-işrət məkanı kimi tanıdıb, həyat zövqü kimi məstanəliyi nişan verir, “canansız, dostlarsız, tökülüb zay olan şərabsız” yaşayışda bir fayda görmürdü Ziya Paşa:

İç badə, gözəl sev - var isə əqlü şüurun,

Dünya var imiş, ya ki yox olmuş – nə umurun…;

…Canan gedə, rindan dağıla, mey ola rizan,

Böylə gecənin xeyr umularmı səhərində?!

Gah da mey məclisini “xəbis insanın içinin üzə çıxdığı məkan, adamın əsl sifətini ortaya qoyan məhək daşı” keyfiyyətilə təqdim edirdi:

Bədmayə olan anlaşılır məclisi-meydə,

İşrət – göhəri-adəmi təmyizə məhəkdir.

* * *

İdarəçiliyin fərqli pillələrində aşağılı-yuxarılı müxtəlif vəzifələr tutmuş Ziya Paşa, sözsüz ki, öz həmkarlarını, məsləkdaşlarını – uniformalı məmurları başqa zümrələrin nümayəndələrindən daha yaxşı, daha dəqiq tanıyırdı. Ağlıyla təcrübəsi Paşaya hakimiyyət nərdivanında, siyasət meydanında, lap elə gündəlik həyatda kimin kim olduğunu, bəzilərinin üzdə nə cür davranıb, daldada nə hoqqa çıxartdığını, hətta kimlərin yaxın gələcəkdə kim olacaqlarını, necə hərəkət edəcəklərini anlamaqda sadiq, dürüst bələdçiydi. İnsanları da tanıyırdı, onları idarə edənləri də, hələ idarə etməyə iddialı olanları da. Dünyada, adamlarla yanaşı, adamlığa haqqı çatmayanların da yaşadığını, vəzifənin, rütbənin – zərli mundirlərin, paqon-epoletlərin də onları dartıb adam cərgəsinə qoşa bilməyəcəyini qəş(ş)əng başa düşürdü. Elələrinə münasibətdə didaktikanın işə yaramadığı, öyüd-nəsihətin əksərən havada qaldığı da ona artıq bəlliydi.

Ziya Paşa o Ziyalı nəzərlərilə, o Paşa baxışlarıyla yan-yörəsinə, mühitinin altına-üstünə göz yetirən kimi, iş gedib dirənirdi eşşəyin “ş”sına. Di gəl, Paşanın bizim qədər “şansı, lüksü” yoxdu. Ana dilinin normalarından, Əruzun Həzəc bəhrinin səkkizinci növə xas ölçülərindən əlavə, ola bilsin, şairliyi, mədəni səviyyəsi də Ziya Paşanı o məlum kəlməni rahat-rahat tələffüz etməyə, öz qəti qərarını, yekun rəyini “layiqincə” səsləndirməyə qoymurdu:

Bədəslə nəcabətmi verər heç uniforma?!

Zərdən palan ursan, eşək – yenə eşəkdir!

…Paşam, Paşam, elə yeri görünür burda! Heyf o “ş”lardan!...

# 2381 dəfə oxunub

Müəllifin son yazıları

# # #