Polis işçisinin günü HEKAYƏ

Polis işçisinin günü HEKAYƏ
9 sentyabr 2015
# 13:12

Çağdaş rus ədəbiyyatının usta nümayəndəsi Roman Sençin (1971) nasir, tənqidçi və redaktor kimi Rusiyada da, xaricdə də geniş tanınır. İlk hekayələri 1990-cı illərin ortalarında çap olunub. Ədəbiyyat İnstitutunda təhsil alıb, sonra orada seminarlar aparıb. Ədəbi mühitin və oxucuların maraqla qarşıladığı hekayələrin, povestlərin, “Minus”, “Yoltışevlər”, “İnformasiya” və digər romanların müəllifidir.

Ədəbi mükafatlara layiq görülüb. Nüfuzlu ədəbi müsabiqələrdə fərqlənib. “Ədəbi Rusiya” qəzetinin redaktorudur.

Seyfəddin Hüseynlinin tərcüməsində təqdim etdiyimiz hekayə postsovet məkanı insanının-bir polis işçisinin yaşamını əks etdirmək baxımından diqqəti çəkir.

Nikolay Sergeyeviçin həyatı və işi

I

Martın 24-ü, çərşənbə – Nikolay Sergeyeviç Toloknovun asudə günü idi. Bağa getməyə hazırlaşırdı ki, görsün, qışdan bəri oralarda nə var-nə yox, di gəl, səhərdən hava tutqun idi, arabir sərt sazaq əsirdi. Toloknov büzüşmüş, üzünü turşutmuş halda ikicə dəqiqə eyvanda siqaret çəkdi, dərhal da isti otağa qayıdıb, eyvanın qapısını bərk-bərk örtdü.

– Yaxşı, Kolya, gediləsi deyil, – səhər yeməyi hazırlayan arvadı dedi, – qar qapıdadır. Gözləyək hələ, əlimyandıda qalmamışıq... Rahatca dincəl evdə.

Nikolay Sergeyeviç razılaşdı. Səhər yeməyini yedilər. Qızı – Tibb institutunun ikinci kursunda oxuyan Marina qaçdı mühazirəyə. Arvadı qab-qaşığı yudu, buzluqdan borşluq ət çıxardıb, nəsə tikmək üçün otağa keçdi, Toloknov isə, hər asudə günündəki kimi, ağac üzərində naxış oymağa başladı.

Belə baxanda, xudmani, Xruşşov dövründən qalma darısqal mənzil idi, amma onun anbara oxşar xəlvət guşəsi də vardı ki, oranı Nikolay Sergeyeviç çoxdan özü üçün emalatxana kimi bir yerə çevirmişdi.

Yayda-payızda bağ evinin yaxınlığındakı ağaclıqda gəzib-dolaşar, üzə çıxmış qəribə ağac kökləri, əyri-üyrü budaqlar, yaxud əksinə, hamar oduncaqlar tapar, topladıqlarını bir qədər də qurudar, sonra indiki kimi asudə vaxtlarında, əgər çox yorğun deyildisə, sabah-axşam emalatxanasında onlarla əlləşər, yavaş-yavaş həmin oduncaqlar nağıllardakı bədheybətlərə, ya da arıq, əyrimçə pərilərə, budaqlarsa kiçicik heykəllərə, qaşıqlara, xırdaca mücrülərə çevrilərdi.

Arvadıyla qızı üçün adiləşmişdi onun bu məşğuliyyəti; Nikolay Sergeyeviç oymaçılıqla uşaqlıqdan, Pionerlər sarayındakı dərnəyə gedəndən məşğul olurdu, davamlı şəkildə, səbirlə, bütün varlığına hakim kəsilən intizamla özünü bu işə verirdi.

Elə bu gün də həmişəki kimi tələsmədən iskənəsini-kəsərini masaya düzdü, müşəmbəli önlüyünü bağladı, cürbəcür ölçülü oduncaqları əlləşdirməyə, seçib-ayırmağa başladı. Onun dodaqları tərpəşirdi, lap astadan mızıldanır, oduncaqlara nəsə deyirdi. Ehtiyatla birini qoyub, o birini götürür, əlində fırladır, gözdən keçirir, artıq çıxıntıları xəyalında yonub, işin nəticəsini qabaqcadan görməyə çalışırdı... Belə anlarda Toloknov yaman dilxor olardı, arada fikrini yayındırsalar, bərk acıqlanardı da; arvadı bunu bildiyindən, Nikolay Sergeyeviçə ancaq ən vacib hallarda bir söz deyərdi. Çox zaman ərinin yenə iskənəylə yonmağa başlamasını gözləyər, yalnız bu məqamda onu söhbətə çəkərdi. Amma bu gün adətinə xilaf çıxdı.

– Nə olub, Valya? – arvadının sözlü adam kimi dəhlizdə var-gəl edib diqqət çəkməyə çalışdığını sezən Toloknov narazı tərzdə soruşdu.

– Bağışla, Kolya, amma orada elə hadisələr olur ki... – qadın dərhal dilləndi, səsində də təşviş və çaşqınlıq. – İndicə xəbərlərdə dedilər: Primakov Amerikaya uçurmuş, yarıyoldan qayıdıb... Klinton bombalamaq əmri verib. Yəqin...

– Hə? – Nikolay Sergeyeviç oduncağı qırağa qoyub, arvadıyla birgə televizor olan tərəfə keçdi.

Neçə kanalda son xəbərləri tapıb, dönə-dönə baxdılar, dinlədilər. Beləcə, bütün günü, gözlərini ekrandan çəkmədən, yeni müharibə ocağının nə cür alovlandığını izləyə-izləyə keçirdilər.

Qəzəbləndilər, təəccübləndilər, dərdləşdilər.

– Düz eləyib Primakov, düz eləyib qayıdıb, – dedi Sergey Nikolayeviç. – Bir təsəvvür elə, onlar burda döşəyirlər, o da orada, təcavüzkarın evində... Bu ki ömürlük rüsvayçılıqdır!

– Əlbəttə, rüsvayçılıqdır, – arvadı ona şərik çıxdı. – Yox e, axı bu nə olan işdir ki, bir ölkə cızığından çıxdımı, sən qalxıb onu beləcə – raketlərlə, mərmilərlə cəzalandırasan?! Odur ha, bizim Çeçenistan da, deyəsən, elə onların Kosovosu kimi bir yerdir.

Toloknov qımışdı:

– Hə, tezliklə bizə də əl bulayarlar, narahat olma. Əvvəlcə Qrenadaya barmaq elədilər, alındı – səsini çıxaran olmadı, dalınca Liviyaya, İraqa, indi də, budur ha, serblərə. Sonra növbə bizə də çatacaq. Əgər indi gücümüzü göstərməsək, hesab elə, bizim də aqibətimiz bəllidi...

– O-oy – arvad vaysındı.

Amerikanların bu cür güc nümayişi Nikolay Sergeyeviçi lap özündən çıxarırdı. Yarım il əvvəl İraq bombalananda da televizorun qabağından aralanmırdı; Yuqoslaviyanın üstünü qara buludlar aldığını da görürdü, amma müharibə olacağına inanmırdı. İndi – bu gün dərk elədi ki, istənilən halda, dava başlanacaq. Bombardmançılar uçuşa hazırdırlar artıq; Klinton, Toni Bler, Havyer Solana açıqlama verirlər ki, zərbə endirmələri labüddür.

– Ay quldursifətlər, – Toloknov acığından əldəqayırma kreslonun oyma dəstəyini ovuşdura-ovuşdura söydü. – Bax e, almanlar da o tərəfdəndirlər! Əslində onların gərək ordusu-filanı olmaya, onsuz da bəs deyincə savaşıblar, alçaqlar...

Sözsüz ki, o, daha emalatxana hayında deyildi; heç əməlli nahar da eləmədilər, bircə çay içdilər. Nikolay Sergeyeviç yüzcə qram araq vurdu ki, bir az sakitləşsin. Axşama arvadı əlüstü ət qızardıb, vərməşil qaynatdı.

– Bir tikə yeyəkmi, Koli? – qadın, bütün gün ərzində danışdığı tərzdə – astadan, çəkinə-çəkinə soruşdu.

– İndilərdə Birinci kanalla xəbər buraxılışı gedəcək, – Toloknov verilişlərin proqramına baxa-baxa dilləndi. – Birdən başlamış olar...

Marina institutdan gəldi. Siyasətlə heç maraqlanmazdı, bu mövzuda nəyəsə həyəcanlı yanaşan valideynlərinə rişxənd etməyi də vardı, amma indi təlaşlı görünürdü. Divanda oturub, o da “Xəbərlər”i izləməyə başladı.

Nikolay Sergeyeviç qızının Qərb musiqisinə meyil göstərdiyini, dostlarıyla ingiliscə laqqırtı vurmağı xoşladığını bilirdi, özlüyündə bundan narazıydı. İndi isə Marinanı aşkar hiddətlə süzürdü, elə bil günah ondaydı; hətta qızın bütün kasetlərini, disklərini, ingiliscə kitablarını yığıb zibilliyə atmaq fikri də keçdi beynindən. Söz yox, səfeh niyyət idi, odur ki, Toloknov dərhal bundan daşındı, amma yenə içində qızına qarşı ziyansız da olsa, ürküdücü bir soyuqluq duydu.

– Gör sənin sevimli amerikanların nələr törətmək istəyirlər, bax, zövq al, – özünü saxlaya bilməyib dilləndi, başıyla da NATO hərbi texnikası göstərilən ekrana işarə etdi. – Quldurlar!

– Onlar mənlik deyil, – qızı cavab verdi. – Ən çox da bu kürən arvadbaz. Gicbəsər.

Nikolay Sergeyeviç deməyə söz tapmadı, arvadı isə qəmli-qəmli köks ötürdü:

– Hə-ə, Monika qalmaqalı bitən kimi təzə macəra tapdı özünə. – Azacıq susub sonra təklifini yenilədi: – Gedək yemək yeyək. Neyləmək olar...

Şam süfrəsi arxasında Toloknov onu məhz nəyin qəzəbləndirdiyini özü üçün ayırd etməyə çalışırdı. Hər halda, bu, təkcə növbəti, həm də ola bilsin, böyük bir savaşın yaxınlaşması, Amerika ilə müttəfiqlərinin həyasızlığı, serblərin qardaş xalq olmasına əzəli inam məsələsi deyildi. Toloknovu qorxudan, qəzəbləndirən daha nəsə vardı; elə bil onun özünü döyməyə hazırlaşırdılar, bu da onda müqavimət duyğusu oyadırdı. Həmin bu “nəsə” onu qıcıqlandırır, beynində hərlənir, ancaq son anda yoxa çıxır, qarışıq hisslərə dəqiq biçim verməli olan beyin hüceyrələrindən sıçrayıb uzaqlaşırdı.

Qəribəydi ki, Toloknov özünü gah nə cürsə zəif, müdafiəsiz bilirdi, sanki qaçıb gizlənmək istəyirdi, gah da əksinə, heç olmayan kimi güclü, həm özünü, həm də köməyə ehtiyac duyan başqalarını qorumağa qadir zənn edirdi; ona elə gəlirdi ki, nəhəng, yenilməz, ancaq indi nədənsə süst düşmüş orqanizmdəki möhkəm əzələnin minlərlə telindən biridir. Və bu qüdrətlə zəiflik, qorxuyla qətiyyət eynən sahilə çırpılan dalğalar kimi növbələşirdi: bir dalğa – qüdrət, sonrakı – zəifliklə qorxu.

Toloknov ətlə vərməşili könülsüz yeyə-yeyə fikrə dalmışdı, arvadıyla qızının söhbətinə məhəl qoymurdu.

“Bir dayan e, axı... – anlaşılmaz duyğuların kələfi qəfil çözülməyə başladı, – bu ki bizimdi. Bizimkidi!..”

– Koli, yenə çəkimmi sənə? – bu sualla arvadı onun fikrini yarımçıq qoydu.

Toloknov dilxor halda çəmkirib, boşalmış nimçəni ona sarı itələdi. Ağacdan oyma, parlaq naxışları üzə gülən qədəhi araqla doldurdu.

– Qulaq asın, axı Serbiya bizimkidir, – dedi. – Tarixən bizim torpaqdır! Bolqarıstan, Serbiya... Dinimiz bir, dilimiz yaxın, kökümüz eyni. Hələ bayrağımız da, məncə. Hə?.. Biz onları daima qorumuşuq: əvvəl türklərdən, sonra faşistlərdən. Bolqarlar bir vaxt bizdən onları da İttifaqa qoşmağı xahiş etmişdilər...

– Hm, Bolqarıstandakı faşizm heç də almanlardakından geri qalmazdı, – qızı Marina qımışdı. – Serblər isə çoxdan kosovoluları boğaza yığıblar.

– Yalandır! – Toloknov hirsləndi. – Nə boş-boş çərənləyirsən?! Boğaza yığıblarmış...

– Düz deyirəm, ata. Tarixi oxusana.

Nikolay Sergeyeviç arvadına baxıb dəstək umdu, o isə eləcə çiyinlərini çəkdi.

Şam yeməyindən sonra kişi uzun müddət evdəki kitabları töküşdürüb baxdı: tarixə dair nəsə axtarırdı. Tapmadı, qızından istəməyi də özünə sığışdırmadı. Əlini yelləyib təzədən televizorun qabağında oturdu.

Gecədən keçmiş Rusiya prezidentinin çıxışı oldu. Kremldəki kabinetində idi, nəsə yeni, fərqli eynək taxmışdı. Klintonu nəhs, yanlış addımdan çəkinməyə çağırdı.

– Ayılıb! – Toloknov istehzayla, amma həm də sevinclə səsləndi, canına ilıq bir məmnunluq duyğusu yayıldı, nəhayət, gücdən düşmüş də olsa, silkinib özünü ələ alan, dişlərini qıcayan bir başçı görmüşdü sanki.

– E-eh, – arvadı saymazyana dilləndi, – yenə aşacaq böyrüstə. Həmişə belədir...

– Hünəri də var, aşsın! Xalq bunu ona bağışlamaz.

– Ondan ötrü çox da fərq eləmir – bağışlayarlar, ya yox...

– Yaxşı, qoy qulaq asaq!

Arvadının sözləri Nikolay Sergeyeviçin heç xoşuna gəlmədi, ancaq mübahisəyə də girişmədi. Prezidentin çıxışını həris-həris dinləyib, neçə ildən bəri ilk dəfə onunla həmrəy oldu.

– Bəs əgər doğrudan başlansa, Koli, – arvadı az qala pıçıltıyla dedi, – axı onda sizi də gücləndirilmiş rejimə keçirərlər. Eləmi?

– Hə, ona söz yox. – Toloknov təsdiqlədi, arxayınlığının ardında nə cürsə bir qürur çaları gizliydi. – Orda başlansa, yüz faiz burda da sorağı çıxacaq. Elə dəqiq hiss edirəm ki!..

– Allaha pənah, bəlkə, heç rəva bilmədi...

Yox, başlandı. İlk raketlər Yuqoslaviya torpağına düşən kimi Amerika səfirliyinin önündə piketçilər peyda oldular. Binanın pəncərələrinə yumurtalar atıldı, cavan oğlanlar əsas giriş qapısına işədilər.

– Belə ha, belə, yaxşı olur! Nədir, elə bilirdilər, əl çalacağıq onlara?! – Nikolay Sergeyeviç etirazlara haqq verirdi. – Bombalarının cavabında qumbara da atmaq olar onlara. Qoy dadını bilsinlər!

II

Xidmət yerinə səhər səkkizdə, yuxulu da olsa, mübariz ovqatda gəldi Nikolay Sergeyeviç. Mülki geyimi uniformayla əvəzlədikləri soyunma otağında söhbət ancaq başlanmış hava hücumlarından, bombardmanlardan gedirdi. Aydın məsələdir, Qərbi yamanlayır, xidmətlə bağlı – ortaya çıxacağı bəri başdan bilinən – problemlərdən danışırdılar.

– Daha nəfəsimizi kəsəcəklər, – Toloknovun kabinet qonşusu leytenant Savin qaşqabaqlı dilləndi. – Ora-bura yayınmaq qurtardı daha.

– Cərgələnib dayanmaqdan canımız çıxar, bu, öz yerində, – iri uzunboğazlarının qaytanını möhkəmcə dartıb bağlayan gizir Çepurnin təsdiq üçün başını yellətdi. – Yaxşı ki, heç olmasa, yazdır.

Nikolay Sergeyeviç donquldandı:

– Təqvimdə elə olduğuna baxma... – Sonra da incik tərzdə, ucadan əlavə etdi: – Hazırlaşırdım, əkilim bağa, belə görürəm, hələ uzun müddət alınmayacaq...

Cədvəldə Toloknov üçün bu gün metronun “Kiyev” stansiyasında növbətçilik yazılmışdı, amma bunun əvəzinə, səhər toplanışında onu ən istəmədiyi yerə – ABŞ səfirliyinin yanına ezam elədilər.

– Buyur, “cərgələnmək” deyib vaqqıldayırdın, – Toloknov avtobusa tərəf gedəndə yanındakı Çepurninə bu cür tənə vurdu. – Heç xidmətin yeri yoxdur bu gün.

– Hm, hə, yaxşı olmadı. – Çepurnin üzünü turşudub çiyinlərini çəkdi: – Əldən nə gəlir... Mən də indi o sakit, sevimli “Smolenka”da oturub qəhvə dəmləmək, nəsə oxumaq istərdim...

Hardasa 3-ə qədər Devyatinsk döngəsinin içərilərində avtobusda oturub, tökülüşmək barədə əmr gözlədilər.

Cavanlar açıq-aşkar darıxır, mürgü vurur, Toloknovla yaşıdları isə söhbətləşirdilər:

– Əlbəttə, kömək üçün texnika verməliyik – bizdəki təzə zenit qurğularından, peyk sistemlərindən.

– Hava məkanına nəzarət üçün təyyarə eskadrilyası da göndərməliyik...

– Hi-hi... Demək asandır!

– Miloşeviç də çaqqalın biridir.

– O niyə?

– Hə də, son illər bizi vecinə almırdı ki. Elə bilirdi, öz əli-öz başıdır. İndi getsin, hoppansın...

– Miloşeviçin dərdini çəkmirik, insanlar var orda – serblər!

– Orası aydındır...

Səfirlikdən elə eyni məlumat gəlirdi: binanın önündə beş yüz nəfərlik bir kütlə var; yumurta, butulka, leço bankası, mürəkkəbqabı atırlar; bir neçə şüşə sındırıblar; viza almağa gələnləri fitə basırlar; ancaq hələlik ciddi bir şey yoxdur, vəziyyət nəzarət altındadır.

– İndi kef verəcəklər ameriqozlara, – Çepurnində xəbis bir sevinc vardı. – Çölə-bayıra buraxmayıb cırnadacaqlar.

Çoxbilmiş Qluşko əminliklə dilləndi:

– Onlar hələ gecədən şəhər kənarına, bağ evlərinə çəkiliblər. Qaxılıb-oturacaqlar orada.

– Qoy vızqırtsınlar öz yerlərinə! Axı müharibə vaxtı səfirləri qovurlar... – cavan, üzüsızanaqlı serjant böyüklərin söhbətinə qarışdı; yersiz vəngildəyən küçük kimi baxdılar ona.

Saat 3-də əmr gəldi ki, səfirliyə doğru irəliləyib binanı sol tərəfdən dövrəyə alsınlar.

– Axır ki, – bekarçılıqdan bezmiş Toloknov rahatlıqla köks ötürdü.

Səfirliyin önündəki adamların sayı çoxdan beş yüzü aşıb, min beş yüzəcən artmışdı. Əksəriyyət gənclər, bir də təqaüdçülər idi. Kütlə aramsız uğuldayır, tez-tez eyni ahənglə nida qoparırdı: “Yu-qo-sla-vi-ya!”, “Yan-ki, qou hom!”

Adamlar qırmızı, üçrəngli Rusiya və Yuqoslaviya, “Andreyev – donanma”, göy “ereldepe” bayraqları, divar təqvimlərindən tezbazar düzəldilmiş plakatlar yellədirdilər.

Toloknovun bölüyü Devyatinsk döngəsinin Novinsk bulvarına qovuşan tərəfində – arxası səfirliyə, üzü isə yeraltı keçiddən çıxıb piketçilərə qoşulmağa can atan insan axınına sarı cərgəyə düzüldü. Əmr vardı ki, keçməyə qoymayın: onsuz da kütlə böyük, ehtiraslar qızğın...

Cavan uşaqlar – milis məktəbinin kursantları – dəmir çəpərlər gətirib səki boyunca quraşdırdılar...

– Bağlıdır keçid, bağlıdır! Vəssalam! Geri durun, – Toloknov adamları arxaya basıb çığırdı. – Geriyə!

Dünənki, səhərki düşüncələr bir dəqiqədə yox oldu, indi beynində ancaq xidmət, verilən əmrin, tapşırığın icrası vardı: piketçilərin yeni dalğasını səfirliyə yaxın buraxmamaq, vandalizm, ekstremizm hallarına yol verməmək.

Kütlənin içərisində ağxalatlı-ağpapaqlı Tibb tələbələrinin peyda olması Toloknovu bir saniyəliyə çaşdırdı – Allah göstərməsin, onların arasında qızı Marina da ola bilərdi; amma bu, bircə saniyə çəkdi...

Və Nikolay Sergeyeviç, daha çox canfəşanlıq edib cərgəni yarmaq istəyən, içkili olduqları gözə girən cavanlara bağırdı:

– Soxulma! Qanmırsan?! “Geriyə” dedim!..

Onun solunda gizir Çepurnin həşirdə idi. Odur ha, saxlanılanlar da var artıq: qadağaya məhəl qoymayanları, binaya nəsə tolazlayanları yaxalayıb Devyatinsklə üzüaşağı aparırdılar; indi də piketçiləri Novinsk bulvarının gediş-gəlişli hissəsinə doğru sıxışdırıb, kütləylə səfirlik arasındakı məsafəni açırdılar.

Nikolay Sergeyeviç kütləyə qarşı qəzəb duyduğu kimi, onun əks-qəzəbini də hiss edirdi. Bu an kütləylə toqquşmaya, mücadiləyə hazır idi. Və yaxınlığındakı bir cavan uşaq Amerika bayrağı kimi rənglənmiş iri əskini odlayıb yellədəndə Toloknov xatakarın üstünə sıçrayıb, onu asfalta yıxdı. Yanan əskini alıb tulladı, oğlanın qolunu arxaya qanırdı. Sonra da durğuzub, yaxınlıqda hazır dayanmış budkalı “QAZ”a tərəf apardı.

# 1134 dəfə oxunub

Müəllifin son yazıları

# # #