Sənət əsərinə psixoanalitik baxış - Cengiz Güleçin essesi

 Sənət əsərinə psixoanalitik baxış - <span style="color:red;">Cengiz Güleçin essesi
6 aprel 2018
# 16:31

Kulis.az artkaspi.aza istinadən tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynlinin tərcüməsində Türkiyənin tanınmış psixiatrı, fikir adamı və ictimai xadimi, professor Cengiz Güleçin "Sənət əsərinə psixoanalitik baxış” adlı essesini təqdim edir

Psixoanalizin banisi Ziqmund Freydin, ədəbiyyat başda olmaqla, ümumən sənətə marağı təmənnasızlıqdan çox uzaqdır. O, ömrünü insanın şüuraltı istək və xəyallarının öyrənilməsinə həsr etməyə başladığı XX əsrin ilk illərində bütün diqqətini yuxugörmə prosesi və onun mahiyyəti üzərində cəmləmişdi. Yuxuları "şüuraltına gedən Kral yolu” kimi dəyərləndirir və yuxu dilinə xas rəmzlərin mənasını bir növ "şifrə açmaq” cəhdinə bənzər yanaşma ilə açıqlamağa çalışırdı.

"Yuxuların yozumu” adlı şah əsərində əsasən öz yuxularına yozum verir, insanda psixi mexanizmin fəaliyyətini xəstələrindən topladığı örnəklər sayəsində izah etmək istəyirdi.

Şüuraltının mövcudluğuna işarə edən hər bir psixi əlaməti diqqətlə araşdıran Freyd, ilk növbədə Göte və Dostoyevskinin, daha sonra digər yaradıcı şəxsiyyətlərin əsərlərində psixoanalitik metodun təməl ünsürlərindən – adları qeyd edilməsə də – necə ustalıqla istifadə olunduğunu göstərməyə çalışır, öz "insani nəzəriyyə”si üçün istinad nöqtələri tapırdı.

Bu müxtəsər girişdən də anlaşıldığı kimi, Freydin ədəbiyyata marağı xalis sənətsevərlikdən çox uzaq olan bir təmənnadan qaynaqlanırdı.

Freydin inkişaf etdirdiyi psixoanaliz nəzəriyyəsi həm sənətkarların həyat yoluna dair bioqrafik detallara, həm də onların yaratdıqları əsərlərə əsaslanan yeni bir təhlil-tənqid axınına yol açıb. Bu yanaşmanın ilk nümunələrini o, Leonardo da Vinçinin bir uşaqlıq xatirəsini şərh etdiyi məqaləsinin, həmçinin Mikelancelonun "Musanın heykəli” əsəri barədə psixoanalitik rəyinin timsalında ortaya qoyub. Psixobioqrafiyanın bu ilk örnəklərindən sonra sürətlə yayılan psixoanalitik təhlil metodu çox keçmədən ciddi tənqidə məruz qalıb.

Sənətkarların şəxsiyyəti və həyat tərzi üzərində qurulan spekulyativ təhlillər onların məhrəm dünyasına kobud müdaxilə cəhdləri kimi qarşılanıb, şəxsi həyatının çək-çevir edildiyini düşünən bir qisim yaradıcı adamlar da psixoanalitik şərhlərə etirazını bildirib. Ədəbiyyata aid psixoanalitik dəyərləndirmələrə nisbətən təmkinlə, insafla etiraz edən bir sıra sənət təhlilçiləri isə hansısa əsərdə gerçək həyat hadisələrinin aşkarlanmasının o əsərin dərkində və layiqincə qiymətləndirilməsində rol oynamadığını önə çəkiblər.

Psixoanaliz təmayüllü təhlilçilərin qəbul etdikləri ortaq fikir budur ki, sənət əsəri onu yaradan müəllifin şüuraltı istəklərindən qaynaqlanır. Bu baxımdan, əgər sənət əsəri mübhəm bir istəyin üstüörtülü, yuxulardakı kimi müəmmalı, simvolik dillə ifadəsinə xidmət edirsə, onun məzmunundakı gizli elementlərin ifşası, sanki müəllifin qurduğu oyunun pozulması anlamına gəldiyi üçün, sənətkarda narahatlıq doğura bilər.

Çağdaş ədəbi psixoanalizçilər məsələnin heç də düşünüldüyü kimi olmadığını, "müəllif oyunu”nu pozmaq, əsərlərdəki yaradıcı üslubu ucuzlaşdırmaq, sənətkarın şəxsi həyatını qurdalamaq məqsədi güdmədiklərini inandırıcı tərzdə vurğulayırlar. Bildirirlər ki, məramları ədəbi əsərdəki personajların fikir və davranışlarına təkan verən şüuraltı səbəblərə aydınlıq gətirməklə oxucunun əsəri daha dərindən, hərtərəfli anlamasına kömək etməkdir.

Zənnimcə, Freydin yaradıcı fəaliyyəti necə şərh etdiyinə dair qısa izahatla mülahizəmizin dərkini bir qədər də asanlaşdırmış olarıq. Freyd, sənətkarların yaradıcı fəaliyyətilə uşaqların oyun oynaması arasında önəmli oxşarlıqlar olduğunu bu sözlərlə ifadə edir: "Uşağın ən sevimli məşğuliyyəti oyun oynamaqdır. Oyun oynayan uşağın yaradıcı-sənətkar kimi davrandığını, bununla özünə aid bir dünya yaratdığını, yaxud da ətraf aləmdə gördüklərini – özünə xoş gələn yeni biçimdə – təzədən düzüb-qoşduğunu iddia edə bilmərikmi?! Uşağın bu dünyanı ciddi qəbul etmədiyini düşünmək düzgün olmaz; tam əksinə, öz oyun dünyasına son dərəcə ciddi və olduqca duyğulu yanaşır. Oyunun tərs tərəfi ciddi deyil, gerçək olandır. Uşaq öz oyununa bəslədiyi duyğulara rəğmən, onu gerçəklikdən çox yaxşı fərqləndirir və xəyalən canlandırdığı nə varsa, onları gerçək dünya ilə əlaqələndirməkdən xoşlanır. Uşaq oyununu sənətkar təxəyyülündən ayıran yeganə cəhət məhz bu "əlaqələndirmə”dir. Yaradıcı-sənətkarın fəaliyyəti eynilə uşağın gördüyü iş kimidir. Bir tərəfdən, qəti şəkildə gerçək dünyadan ayrı düşürsə, digər tərəfdən, çox ciddi yanaşdığı, yəni böyük duyğularla bağlandığı xəyali dünya yaradır”.

Freydə görə, şairlərin uşaqlara xas oyun aləminə çox bənzəyən poetik dünyası dilin bədii obraz yaratma imkanları hesabına, təxəyyülün sanki gerçəyə çevrilməsilə yaranır. Yeri gəlmişkən, alman dilindəki "spiel” kəlməsinin həm "oyun”, həm "xəyali obraz” anlamı verməsi də bu qənaəti təsdiqləyir. Yenə də almanca "Lustspiel” və "Trauerspiel” sözlərinin məzhəkə və faciə, yəni "şən oyun” və "qəmli oyun” kimi mənalanmasını da misal göstərən Freyd, oyunla şeir arasındakı təxəyyül dünyası bənzərliyini sübut etməyə çalışır.

Adi bir təxəyyül məhsulu nəyə görə şeir sayıla bilməz? Bu suala Freyd belə cavab verir: "Şairlərin, yaxud hekayə-roman yazanların bədii təxəyyül dünyası gerçəkliyə yaxınlaşdıqca əsərlərinin oyatdığı təsir zəifləyə bilər. Özü-özlüyündə sönük olan bəzi duyğular isə bir sənətkarın təxəyyül dünyasından keçib oxucunu ovsunlayar. Bədii dilin üstünlüyü də elə bundadır!”

Uşaq böyüdükcə oyunlarını tərgidir və illər keçdikcə, həyatın gerçək üzünə uyğunlaşmaq üçün, təxəyyül dünyasından ayrılır. Bir sözlə, əvvəllər oyun oynamaqdan aldığı həzdən artıq imtina etmiş kimi görünür. Halbuki insanın vaxtilə duyduğu bir həzdən ömürlük imtina etməsi mümkün deyil. İmtina edilmiş kimi görünənin, əslində, yeri dəyişilir. Uşaq böyüyüb oyunlarını tərgidəndə sadəcə gerçəkliklə oyun arasında əlaqə qurmaqdan əl çəkir: oyun oynamaq əvəzinə, təxəyyülündə obrazlar yaratmağa başlayır. Bu isə bir şairin, yaxud nasirin dünyaya gəlişi deməkdir.

# 2109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #