Bir kitabdan neçə metr almaq olar?

Bir kitabdan neçə metr almaq olar?
29 avqust 2013
# 13:35

Kulis.az italyan yazıçı Canni Rodarinin “Qrafinya” hekayəsini təqdim edir.

(Rus dilindən Seyfəddin Hüseynli çevirib)


Ah, mədəniyyət! Bu, bir tükənməz sərvət mənbəyidir! Təki onun nemətlərindən bəhrələnə biləsən. Sanballı kitab nəşriyyatının nümayəndəsi kimi qraf X.Y.-nin qapısını döydüyüm o günə eşq olsun!


Məni çox cazibədar görünüşlü gənc bir qadın qarşıladı. Bu, qrafinya idi. Vizit vərəqəmi ona göstərib bildirdim ki, məni buraya onların həm senator, həm də (söz aramızda) nəşriyyatın səhmdarı olan istəkli dayısı yönəldib.

- Bildiyimə görə, siz qrafla lap təzəcə evlənmisiniz, - təbii, hədsiz nəzakətlə sözümün ardını gətirdim. – Bu baxımdan, çox güman ki, öz sevimli yuvanızın tamam yaraşığa minməsi üçün mənim xidmətlərimə ehtiyacınız ola bilər.

- Nə gözəl fikirdir! – çığırdı gənc qrafinya, sonra da cavan qrafı səslədi: - Corco, görürsənmi, dayım bizi necə çox istəyir. O, kitabsatan bir senyor göndərib bizə.

- Lənət şeytana! – qraf hay verdi. – Doğrudan da, bizim evin divarlarından ötrü bu, tam yerinə düşər... Kitablar, hə, əlbəttə! Daha əvvəl niyə ağlıma gəlməyib axı bu! Hələ yaxşı ki, münasib ideya axtara-axtara divarlara pərdə çəkdirməmişəm, önünə əşyalar yığdırmamışam! Di göstərin görək, babat nəyiniz var?

Mən ehtiramla, sidq-ürəklə kataloqumdakıları sadalamağa başladım: ensiklopediyalar, tarixi və ədəbi əsərlər, elmi, iqtisadi və siyasi toplular, romanlar, italyanların və əcnəbilərin şedevrləri, bu kimi daha nələr...

- Yox, yox, dayanın! – füsunkar qrafinya sözümü kəsdi. – Ərim sizi yaxşı başa salmadı. Bizə nəsə qəşəng şeylər lazımdır. Düzdürmü, əzizim? Bilirsinizmi, qəşəng cildli kitablar: istərdik, tünd qırmızı rəngdə - bizim balaca kreslolara uyğun olsun.

- Beləmi düşünürsən, əzizim? – qraf bir qədər tərəddüdlə nəm-nüm elədi.

- Sənə elə gəlmirmi, Venesiya qırmızısına çalan daha yaxşı olar? Heç sənin sözünü sındırmaq istəməzdim, gözəlim, amma mənə belə gəlir, Venesiya qırmızısı daha zərif, daha möhtəşəmdir.

Qrafinya bizə otaqları gəzdirdi, çeçələ barmağını dişləyə-dişləyə, müxtəlif ölçülü kresloların arasında hərlənməyə başladı. Bunun ardınca, ətəklərini (düz yeddi qatı vardı) xışıldada-xışıldada, gözlərini qıyıb, zərif başını yüngülcə yellədə-yellədə, dörd tərəfdə düzülmüş irili-xırdalı divanların arasından süzüb keçdi. Sonra birdən çöhrəsi təbəssümlə işıqlandı: aman allah, həmin an o, son dərəcə göyçəkləşdi!

- Venesiya qırmızısı, - ahəstəcə dilləndi qrafinya. – Razıyam, olsun Venesiya...

Mən çəkinə-çəkinə qeyd etdim ki, bizdə təkcə etnoqrafiyaya aid əsərlər toplusunun, bir də fəlsəfəyə dair məqalələr məcmuəsinin cildi Venesiya qırmızısındadır.

- Bəs siz belə kitablardan neçə metr verə bilərsiniz bizə? – qrafinya mənim dediklərimə qətiyyən məhəl qoymadan soruşdu.

“Alberto, - dedim öz-özümə, dərhal da bir anlıq gözlərimi yumdum ki, ruhumun dərinliklərinə, gözlərin parlaması, sifətin avazıması və başqa bu cür əlamətləri idarə edən qüvvənin gizləndiyi yerə xəbərdarlıq siqnalı getsin. – Alberto, əgər dilindən on rəqəmi çıxmasa, axmaqsan”.

- Beş metr, - nəhayət, dilləndim və düşündüm ki, əslində xatırladığım qədəri ilə, həmin əsərlər uzaqbaşı yüz iyirmi santimetrlik yer tutar. Ancaq vəziyyətdən birtəhər çıxaram.

- Bizə ən azı doqquz metr lazımdır, - fikrinə gələni dedi qrafinya. – Eləmi, əzizim? İndicə metrəni gətirərlər, hərtərəfli ölçərik... Ay allah, nə maraqlıdır bu!

Zəng çalındı. Xidmətçi gəldi, dərhal da yox oldu. Tezliklə əlində metrəylə qayıtdı.

- Qorxuram, - cavan qraf birdən-birə dilləndi, - eyni rəngdə doqquz metr kitab bir qədər yeknəsəq, hətta deyərdim, cansıxıcı görünə. Əzizim, bəlkə sən Venesiya qırmızısına uyğun gələn bir rəng tapasan?

- Açıq sarı, - qrafinya heç fikirləşmədən, gözlərini qıyıb, birnəfəsə dilləndi, - Neapolitan sarısıdır axı bu: əminəm ki, bunun adı belədir. Sizdə bu cür nəsə tapmaq olar?

“Alberto, - dedim yenə öz-özümə və sinəmdə kükrəyən təhlükəli hissləri cilovlamaq üçün cəld ayağa qalxdım: az qala gülməkdən partlayacaqdım. – Əgər sən bu gənc mədəniyyət azarkeşlərinə dedikləri rəngdəki cildin yalnız sırf riyaziyyata dair kitablarda olduğunu açıb desən, deməli, vicdansız və qəddar adamsan”.

Biz beş metr Venesiya qırmızısı, dörd metr Neapolitan sarısı, bundan əlavə, mənim məsləhətimlə - afərin, Alberto! – iki metr də Veroneze yaşılı (“Müqəddəs buddist yazıları”nın orijinal mətnləri) barədə razılığa gəldik. Müqavilə imzaladıq. Qraf çek də imzalayıb, elə oradaca telefonla dülgər çağırtdırdı, qrafinya isə rəfiqələrinə zəng edib bu xoş hadisəni onlara çatdırdı. Mən artıq getməyə hazırlaşırdım ki, qrafinya əl eləyib məni saxladı.

Dərin ehtiramla yüngülcə təzim edib əmrə müntəzir dayandım. Məlum oldu ki, gənc hersoginya H. günorta saat dörddə məni görmək istəyir, ünlü nazirin qızı senyorina Z. isə beş üçün mənimlə görüş təyin edib. Sonra qrafinya dedi:

- Senyora Alfaya da təklif etmək olardı (onun Abrutsoda torpaq sahələri var). Ancaq, elə bilirəm, siz ona sabah da dəyə bilərsiniz. Üzüyolalıq yaxşı şeydir, amma sizin də kinoya getmək hüququnuz var axı!

Qrafinyanı tərəddüdsüz əmin etdim ki, gerçək mədəniyyəti heç vaxt kinoya dəyişmərəm və hər üç ünvanı yazıb götürdüm.

Axşama qədər daha 12 metr Venesiya qırmızısı, yeddi metr açıq-sarı, yenə yeddi metr Veroneze yaşılı, üç metr yarım da sarımtıl-çəhrayı sata bildim. Sonra da kitab mağazasının işçiləri ilə çənə-boğaza çıxmalı oldum: gənc hersoginyanın üzvi kimyaya dair tədqiqatlardan üç metr yarım istəməsi onlara qəribə gəlirdi. Belə çıxırdı ki, təhsil görmüş adamın o cür mühüm əsəri bircə dəfə oxuması yetər!

- Siz heç nə başa düşmürsünüz, - çox sərt şəkildə təpindim onlara. – Mədəniyyət, hər şeydən əvvəl, sədaqətdir, mətanətdir, dəyanətdir! Siz kitabı oxuyursunuz – oho, bilirəm bunu! – sonra da vərəqlərini cırırsınız ki, o “məlum mıx”dan asasınız. Yüksək cəmiyyətdən olan insanlar isə eyni kitabı, bezib-usanmadan, on dəfə oxuya bilərlər. Madam ki, kefləri belə istəyir, deməli, eynisini yeniymiş kimi təkrar-təkrar oxuyurlar. Bir sözlə, sizin rəng çeşidiniz sadəcə gülüncdür. Əgər kitab bazarı, misal üçün, Prussiya göyünü tələb edirsə, Prussiya göyünü də verin oraya. İnsanlar sizin buraxdığınız cildlərin rənginə uyğun gəlsin deyə, mebellərini, xalçalarını, oboyları dəyişdirəsi deyillər ki! Çatdı sizə?

Əlbəttə, bəzən elə olur ki, naşir özü təşəbbüs göstərir. Məsələn, keçən ay qaralı-qırmızılı cilddə kitab çıxmışdı, görəndə adamın nitqi batırdı.

Bundan xəbər tutanda qrafinya X.Y. cavan qrafa demişdi:

- Təsəvvürünə gətir, o cür cilddə bir kitabı mənim qəşəng maşınımın boz rəngli qatlama oturacağının üstünə fırıldadasan. Adamın başını gicəlləndirər bu, polislərin diqqətini çəkə, hətta küçədə tıxaca səbəb ola bilər.

Ona baxanda bu sözlər keçdi ürəyimdən: “Küçədə tıxac yaratmaq üçün sizin, bu incədən-incə qamətinizlə, orada görünməyiniz, yaxud zərif (dövrəsi dama-dama manjetli) dirsəyinizi maşının nəfəsliyindən çıxarmağınız, ya da sarışın, pərişan saçlı başınızı məlahətlə yırğalamağınız yetər”. Ancaq vicdanımın səsi imkan vermədi: “Alberto, bu füsunkar senyoranın cahilliyini məsumluğuna bağışla, xətrinə dəymə. Unutma ki, az qala səni yoldan çıxaracaq bu nazik köynəyin altında mədəniyyətə, qaralı-qırmızılı cildlərə doğru dartınan bir ürək çırpınır. Yaxşısı budur, sən onun bilik yanğısına əncam çək: bu yolla öz işində irəli gedərsən. Qalan nə varsa, ərinin işidir”.

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #