Bu gün yazıçı, şair Sevinc Elsevərin doğum günüdür.
Kulis.az müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.
Doğum günümə
sabah doğum günümdür
nə gizlədim
bir az diqqət
bir az sevgi
bir mesaj
bir xoş söz gözləyirəm dostlarımdan
mesaj qutum səslənir
tələsirəm sevinclə
qanımı qaraldır mesaj
zəhləm gedən o bankdandır:
“sabah filan müqavilə üzrə
filan qədər ödənişin vaxtıdır
kodunuz...
və sair... və ilaxır ”.
Sabah doğum günümdür
hesabat vaxtıdır
elə də
belə də
hələ ürəyimcə kam almamışam həyatdan
az düşünmüşəm özümü
aşağı dəyər biçmişəm həmişə
küsdürmüşəm
sevgisin əsirgəmişəm
ən çox özümə borcum var
özümə
külli-miqdarda
kifayət qədər
yox, mən borc əlindən
özümü asmayacam
borclu borclunun sağlığını istər.
5 may, 2025
Bahar, ağaclar və adamlar.
yol kənarında
ayaq üstündə qurumuş ağac
fərqində deyil baharın
başqaları yaşıl libas geyinib
o isə qışdan qalan çılpaqlıqda
zəhmli və qorxuludur
baharın yerindən tərpədə bilmədiyi
adamlar da
o ağac kimi görünürlər kənardan
dindirməyə qorxursan.
Sabirin heykəli və mən
yaza bilmirəm nə zamandır
elə hey borclarımı düşünürəm
poeziya yerinə
oturmuşam Sabirin heykəliylə yanbayan
düşüncəli görünür Sabir də
o da əziyyət çəkibmiş
işsizlikdən
pul-paradan
əslində təsəlli olmalıdır bu mənə
kifayət qədər axmaq olsam
əcnəbi, toppuş qadın gəlir
fotosunu çəkir Sabirin
bir yerli, yaşlı kişi
əlindəki dini kitabdan nəsə oxuyur heykəlin altında
fatihədir, bəlkə də...
hərə ağlınca davranır şairlə
mən də öz ağlıma görə.
başımın üstündəki ağacdan
quş zılı sıçrayır böyrümə
başıma düşmür
quş da xəsislik edir
əsirgəyir ruzini məndən
nə padşah olacağıma
nə varlanacağıma o quşun da ümidi yoxdur
yaxşı ki, aldatmadı
ümidləndirmədi məni
bir gün heykəl olsam
başım quş zılıyla da dolacaq
eybi yoxdur
axmaqca təsəlli edir qəlbim
amma ağlım deyir ki,
o quş zılı sağlığında lazım idi sənə.
Rejissorla mübahisədən
kino təhlükəsizdir
söz sənətindən
göstərirsən
aqillər görür
cahillər kordur
amma sözü pıçıltıyla söyləsən belə
yerin də qulağı var
darı dəlir cahillərin də qulağı
tərslikdən...
Əlli qəpiyin nağılı
körpənin
döşəmədəki dəliyə saldığı
əlli qəpikliyi çıxartmağa çalışır ata
ananın qarasına deyinə-deyinə
“qəpiyin uşağın əlində işi nə?”
yolpulu edəcək
qəpik dəlikdən çıxsa əgər
gedəcək
bəlkə “ayağına daş dəyər”...
kişi gülməli görünür
dəliklə savaşda
qadını ağlamaq tutur amma
sonra baba nənəni çağırır
nənə nəvəni
nəvə iti
it pişiyi
pişik siçanı
pulu dartıb çıxartmağa
dartırlar
dartırlar
dartırlar
bir ömür boyu.
Ayrı-seçkilik
çiçək açan dibçəkgüllərinə
daha çox diqqət ayırırdı sahibə
birinci onlara gülümsəyir
onları sulayırdı
fərqinə varanda utandı
pullu, adlı-sanlı adamların yanında
necə diqqətdən kənar qaldığını xatırlayaraq
çiçək aça bilməyən güllərinə
ürəyi yandı...
***
qovdum dadanmış çöl göyərçinini
batırırdı evimin kandarını
qürurlu çıxdı quşcuğaz
getdi
bir də qayıtmadı
qovmazdım heç
bilsəm ki, qayıtmayacaq
bilməzdim quşların belə
özüm kimi
dəymədüşər olduğunu
Öyrəşdirmək
başımdakı tək ağ tükü görüb
içimi çəkəndə
“dövlət tüküdür”- deyə
təsəlli elədi anam
o telə ümid bağlayıb
dövlətli olmağı gözlədim
xeyli zaman
ağ tellərim çoxalana qədər...
alışdıra-alışdıra yaşlanmağımı
izləyirmiş anam kənardan
bir çox başqa şeylərə
alışdırdığı kimi
məsələn,
dodağımdakı çapığın yerinə
qolumdakı yanıq izinə
yumurtanın ağını da sarısı kimi yeməyə
öyrəşdirdiyitək.
Çəhrayı
ağ və qara maşınların bolluğunda
oyuncaq kimi görünürdü
çəhrayı maşın
cizgi qəhrəmanlarının burnundan fırt eləyib
düşmüş kimi.
elə bildim indicə danışacaq
qımışacaq
gözlərini süzdürəcək
dodağını büzəcək
gözümü çəkə bilmirdim ondan
avtobusu ötüb keçincə
baxdım, baxdım dalınca mən
gözlərimdən itincə.
Karnaval qəhrəmanları
karnavalda dalaşdı
dovşanla ayıcıq kostyumu geyən oğlanlar
bir-birini ittihamla
“kişiliyin olsun!”- deyə tələb edərək
biri digərindən
halbuki elə şirin görünürdülər kənardan
kaş biləydilər
uşaqları qorxutmaq doğru deyil
dava-dalaşla
yumşaq ayıcıqla dovşan olmaq daha yaxşıdır
təcavüzkar, davaxor kişi olmaqdan
qoy həmişə yaxşı qalsın uşaqların yadında
sevimli qəhrəmanlar.
Odissey kimi qayıtmaq.
qorxmayın
sinoptiklərin həyəcanlı xəbərlərindən
onlar, adətən, boş hay-küy salır
onlara qalsa,
yağışın ucundan tutub göyə dırmanmaq olur...
yaxşı tərəfi də var
tufanların
leysanların
qışda boranların
çox soyuq olanda
qar, yağış yağanda
dəli küləklər əsəndə
çətirimiz qırılanda
avtobus gecikəndə
evə qayıtmaq müşkül olur
zorla, zülmlə çatırsan yuvana
az qala, möcüzə nəticəsində
girirsən tanış qapıdan
bax, onda evə dönmək ən şirin şey olur
elə bilirsən dənizlər
dağlar aşmısan
elə sanırsan, Odisseysən
qayıtmısan
halbuki hər gün görürdün sən bu işi
bəlkə də, candərdi
kim bilir, evin bu dünyada ən darıxdırıcı yerdi
çoxdandır sığmırdın heç bu evə sən…
Cəvahir nənəmtək
barmağını sıxırdı nişan üzüyü
ayağını tufliləri
dar gəlirdi bütün köynəkləri
ikicanlı qadının
ürəyini nəyin sıxdığını bilmirdi
sevginin böyüklüyüydü
ürəyini sıxan
və bu sıxıntı
bu nigaranlıq
keçib getməyəcək heç zaman
nişan üzüyü yenə olacaq barmağına
yaşlayıb çıxarmağa qalmayacaq hacət
kiçiləcək ayağının ölçüsü
ayaqqabıları vurmayacaq ayağını
köynəklərinin də yaxası genələcək
şişkinliklər keçincə
bütün darlıqlardan qurtulacaq qadın
bircə
ürəyə sığdıra bilməyəcək
nə sevgini
nə nigaranlığı
nə həsrəti
yaşı artdıqca elə hey deyinəcək
Cəvahir nənəmtək:
“ana olunca
dana olasan!”-deyə.
İnama, ümidə, sevgiyə dair
onun da bürcünə aid
öncəgörmələri izləməkdir sevgi
ona vəd olunan gözəl şeylərə sevinməkdir
pis ehtimallardan narahatlıq yaşamaqdır
hətta bürclərə inanmasan da
fala inanmayıb faldan qalmasan da.
Uşaqlar ilk qara sevinən kimi
ilk qar dənələri torpağa qonur
əriyirlər
hələ bilmirsən
qalacaq yerdə qar
ya əriyəcək zərrəciklər
yox olacaqlar?!
zamanla
bəzən bütöv gecədən sonra
durub pəncərədən baxanda
əmin olursan hər yerin ağappaqlığına
sevinirsən qar yağmağına
gözlədiyin mənzərəylə rastlaşmayanda
təəssüflənir
kədərlənirsən
bütün yaxşı əməlləri görən
cəsur adamlar da
ilk qar dənəcikləri kimi
atılırlar irəli
hələ əmin olmadan
nəyin, necə olacağına
xeyirxahlıqlarının yadda qalıb
qalmayacağına
fədakarlığa dəyib dəyməyəcəyinə
bütün hallarda hər şey ötəridir
amma həm də unudulmaz
xatırlanmağa dəyər işlər görməli
uşaqlar bir sabah pəncərədən qar görüb sevinən kimi
sevinməli sənin əməllərinə adamlar.
***
buzxanadan çıxardığım
iki xırda balıq
bir-birinə elə sarılıb ki!
bir-birindən ayrılmaları üçün
suya salıram
və düşünürəm kədərlə
sanki həyatın amansızlığına
mənim qəddarlığıma qarşı birləşiblər əbədi.
***
dünən dibçəyə əkdiyim budaq
dirçəlib
ona mən də həyat vermişəm
su
hava
torpaq
günəş kimi
sığmır sevincim yerə-göyə
ana olacağam mən də bu çiçəyə...
Kəndçi şair
xətrinə dəydilər
böyük şəhərdə
kənddən təzə gələn
evsiz-yurdsuz
cibi boş şairin
çıxdı yeraltı kafedən yerüstünə
yeraltı dünyadan yerüstü dünyaya...
gözü alacalandı
bir az Nizamiylə dərdləşdi
bir az Sabirlə
Axundovun heykəlinə yanaşdı
məktəbli uşaqlar dırmaşırdılar
Axundovun başına
biri plaşının ətəyindən dartır
biri qıçlarına vururdu
adama elə gəlirdi
uşaqları hürkütməmək üçün
belə hərəkətsiz oturub
o boyda kişi
gizlənqaç oynayanları
arxasında yaxşı gizlətmək üçün
yaxınlaşa bilmədi Axundova
mane olmaq istəmədi uşaqların oyununa
sonra Vahidi tapıb
ona söykəndi
yolüstü aldığı
pivə şüşəsini başına çəkdi
içdi Əliağa Vahidin sağlığına
ayrı-seçkilik
“bakılı-rayonlu” söhbəti etmədən
az əvvəl “kəndçiliyini” başına qaxmışdılar
oturduğu masada
təkləmişdilər
xor görmüşdülər
daş ürəkli adamlardan qaçıb
heykəllərə sığınmışdı
bu bumbuz
boz şəhərdə.