"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi
6 may 2025
# 12:00

Kulis.az Murad Köhnəqalanın "Körpə Tanrının yaratdıqları" hekayəsi haqqında yazıçıların fikilərini təqdim edir.

Qəribə qəbir - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli:

"Muradın sürreal elementlərlə zəngin bu qəbildən bir neçə hekayəsini oxuyub belə bir qənaətə gəlmişəm ki, onun balaca, məsələn, Rasim Qaracanın əlinin içinə hop yerləşəcək işıqlı başında gəzdirdiyi beyni nəinki Rasim Qaraca kimi ədəbi infantillərin, ən xəyalpərəst uşaqların belə qibtə edəcəyi fantaziyalar, illüziyalar mühərrikidir.

Onun müzakirəyə təqdim etdiyi bu narrativin isə, mənə görə, ən unikal və üstün cəhəti onu heç bir ədəbi qəlibə aid edə bilməməyim oldu. Dünyamızın qeyri-kamilliyinə işarə kimi Körpə Tanrı simvolikası (çox gözəl tapıntıdır) istisna, bir çox parametrlərinə görə - az qala, uşaq təhkiyəsi kimi olduqca sadə və bəsit cümlələri, bir neçə yerdə ifrat sentimental reydləri, primitiv ibrətamizlik və s. - onun bu mətnini ədəbi “izm”lərə, magik-realizmdən modernizmə, post-modernizmə qədər Muradın ənənəvi ironiyası, bütünlükdə isə çağdaş hekayəçiliyə parodiyası kimi qəbul elədim.

Düzünü desəm, bu hekayəni hələ aylar əvvəl oxuyanda "dalağım sancmış", Muradın bizi doladığını düşünüb naşı görünməmək üçün müəllifin özünə “əladır” demişdim. O gün “kulis”dən bu hekayəni göndərib münasibət bildirməyimi istəyəndə sövq-təbii “Bismillah” dedim. Çünki mənim də təmsil olunduğum orta nəslin əksəriyyəti, yaşlı nəslin isə çox böyük əksəriyyəti Murad Köhnəqala imzasıyla, onun “ürəklərdən tikan çıxardan” köşə yazılarıyla, fövqəladə performans sərgilədiyi publisistik mətnləriylə, bu mətnlərdən boy verən əzici, sarkastik üslubuyla yaxından tanışdır.

Bundan başqa, ədəbi zövqünə inandığım ciddi qələm adamlarının Muradın klassik janrda yazdığı şeirlərə yağdırdıqları təriflərə, ünvanına ismarladıqları öymələrə dəfələrlə qulaq müsafiri olmuşam. Və bütün bu sadaladıqlarımın fonunda bu gün məni bir sual ciddi-ciddi qayğılandırır: Murad Köhnəqala kimi usta imzanı “Hekayə müzakirəsi” layihəsinə belə bir eksperimental hekayə göndərməyə hansı əlahəzrət səbəb vadar edib? Hələ də bu qənaətdəyəm ki, Murad ənənəvi xasiyyətinə sadiq qalaraq çağdaş hekayəçiliyi ələ salıb ədəbi demarş etmək istəyib. Alınıbmı? Sualım bir az ritorikdir, əlbəttə!"

Özgə adam (Xəyyam Rəfili) – PROZA.az

Xəyyam Rəfili:

"Hekayəni oxuyanda, xüsusən, sona yaxınlaşdıqca, elə bildim, "Netflix" filmi izləyirəm. Arada dedim ki, bir dənə də zənci kral olsa layihə tam olardı, o da varmış. Özü də lap kralından. Müəllif müasir dünyanın ədəbiyyatdan nə qədər tələbi-arzusu-istəyi varsa, hamısını bir hekayəyə yığmağı bacarıb. Sonra da istirahət günü səhər tezdən Ulucaya zəng edib soruşurlar ki, Azərbaycan ədəbiyyatı niyə dünyaya çıxa bilmir? Götürün təkcə bu hekayəni, çıxın dünyaya.

Kim nə istəsə, qoyun qabağına və ürəklə deyin ki, nəyi axtarsan, burda var. Cem Yılmazın "ortaya karışık" dediyi, məncə, elə budur. Hər şey var, amma heç nə tam deyil. Hekayənin nə vahid strukturu, nə stabil dili, nə də dəyərli bir mesajı var. Varlı olmaqdansa, zibillikdə eşələn, təki qulağın dinc olsun. Bu, hansı dövrün, hansı cəmiyyətin mesajıdır? Sovet quruluşu hələ 1991-də dağılıb, kapitalizmdə yaşayırıq artıq.

Zəngin həyatı yaşayan Hikmət müəllimin isə gündəlik qayğıları ancaq Türk seriallarında olur. Vallah zənginlər belə yaşamır. Seriallara inanmayın, sizi aldadırlar. Zənginlər də səhərlər pendir-çörəklə şirin çay içirlər. Hovuz kənarında portağal şirəsi içmək, qulluqçuya “bi zəhmət” deyib, nəsə istəməklə zəngin olunmur. Vergi borcuna görə də adama 25 il həbs cəzası vermirlər. Özəl şirkətin büdcədən oğurluq edə bilmə ehtimalı isə lap gülməli oldu. Müəllifin iş həyatından və zənginlərin yaşayış tərzindən məlumatı filmlərdə gördüyündən o tərəfə getməyib. Hekayədə ən həqiqi səhnələr Tofiqin girişdən finişə qədər içməyidir. Amma orda da bir əmma var. Zənginlər viskini alçaynan içmirlər, bu da olan-qalanını viskiyə verib, yeməyə bir şey tapmayan kasıbın icadıdır.

Bu hekayədə bir ilkə də şahid oldum. Təhkiyəçi personajı təhqir edir. Belə səriştəsizlik görməmişdim. “Suriyalı ərəb gədəsinin” personajların dilindən deyil, elə təhkiyəçinin dilindən təhqir olunması müəllifin ciddi qüsurudur.

“Beləcə, saatlar yığılıb gün olur, günlər həftəyə dönür, həftələr aya çevrilərək bir-bir ömürdən sivişib çıxırdı.”

Bu cümləni isə bir kənara yazdım, gələcəkdə istifadə edəcəm. Nə qədər olmasa klassikadır".

Sevinc ELSEVƏR - ŞEİRLƏR | Edebiyyatqazeti.az

Sevinc Elsevər:

"Muradın hekayəsi çox ibrətamizdir. Əslində, hamı taleyindən narazılıq edir. Amma bu narazılıqlar dildədir. Başqasının həyatını yaşasan, görərsən ki, öz həyatın yaxşı imiş. Çaplinin " Böyük şəhərin işıqları" filmində varlı ilə kasıb həyatının belə müqayisəsi var. Məlum olur ki, kasıb əslində daha xoşbəxt imiş. "Şahzadə və dilənçi" əsəri və s. Bu da həmin qəbildən bir hekayədir. "Varlılar da ağlayır" ideyası ilə.

Kasıb adamlar üçün yaxşı təsəlli verə biləcək hekayədir. Amma mən hekayədə bu üst səthdə göründüyündən daha böyük ağrı, peşmanlıq duydum ki, onu oxucularla bölüşməyəcəm. Murad olduqca istedadlı adamdır. Nə yazırsa, maraqlıdır. Məncə, Muradın qədrini bilməliyik. Çox yazmağını arzulamalıyıq. Nə yazsa, qənimətdir Azərbaycan xalqına. Gərək belə adamların qədri bilinə. Ona can sağlığı arzulayıram. Yaxşı yazmaq, çox yazmaq üçün gərək sağlam olasan. Problemlərin də az olsun!"

Yazıçı Vüqar Van kimdir? – Dosye

Vüqar Van:

"Körpə Tanrının yaratdıqları" hekayəsini çox çətinliklə, əzab-əziyyətlə, uzunmüddətli fasilələrlə, nəhayət, oxuyub bitirə bildim.

Sözü çox uzadıb vaxtınızı almaq istəmirəm. Təəssüf ki, bu, hekayə yox, anekdotdur, lətifədir. Özümü təhqir olunmuş hiss edirəm. 1 saat hekayə adına mətn oxuyursan, məlum olur ki, sən demə, oxuduğun lətifə imiş.

"Kulis.az"ın redaksiya heyətini də şiddətlə qınayıram. Onlar bu materialı "Murad Köhnəqalanın yeni hekayəsi" kimi təqdim etmişdilər. Halbuki başlıq belə olmalıydı: "Murad Köhnəqalanın yeni lətifəsi".

Daha nə üçün bu mətnin lətifə olduğunun təfərrüatlarına varıb, necə deyərlər, özümü gözdən salmaq istəmirəm.

Müəllifə uğurlar arzulayıram".

Necə sevməli, necə ayrılmalı? - Rəvan Cavid yazır...

Rəvan Cavid:

"Sovetin və postsovet Azərbaycanın alaçiy, babat həyatı. Hər şey yaxşı kimi görünür, amma heç nə yaxşı deyil. Yaşamaq çətindir. Və hər iki cəmiyyəti görmüş azərbaycanlının ən böyük problemi: başqalarının xoşbəxtliyi ilə öz qədərini müqayisə edib bədbəxt qalmaq. Ya da əksinə, başqalarının bədbəxtliyinə baxıb özünü xoşbəxt hiss etmək.

Murad Köhnəqalanın həyat təcrübəsi də, müşahidəsi də, yazıçılığı da belə bir dərin psixoloji məsələni yazmağa imkan verir. Hekayə yaxşıdır, ona görə ki, cəmiyyətin psixoanalizi açıq beyin əməliyyatı kimi astaca, göz görə-görə, ilmə-ilmə, damar-damar işlənib. Hekayə sıxıcıdır, ona görə ki, bu mətnə qədər eyni mövzuda saysız-hesabsız alınmayan və alınan mətnlər oxumuşuq.

Murad Köhnəqala kifayət qədər modern və orijinal müəllifdir. Rus ədəbiyyat təhsilini görmüş tək-tük yazıçılarımızdandır. Ondan eyni mövzuda daha açıq mətn gözləyirdim".

# 609 dəfə oxunub

Oxşar xəbərlər

Varlıq və heçlik arasında - Firuz Mustafa

Varlıq və heçlik arasında - Firuz Mustafa

10:00 3 may 2025
Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

10:15 30 aprel 2025
"Milli Kitab 10-luğu" - "Əli və Nino"

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

09:10 30 aprel 2025
Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

17:30 28 aprel 2025
Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

14:00 26 aprel 2025
Məmməd Orucla bir gün... - VİDEO

Məmməd Orucla bir gün... - VİDEO

09:40 23 aprel 2025
#
#
# # #