Bizim unitazlar

Bizim unitazlar
14 may 2014
# 11:13

Hamımıza elə gəlir ki, dünyanın ən təmizkar, səliqə-sahmanlı xalqı bizik.

Amma bizim təmizkarlıq anlayışımız evimizin kandarından kənara çıxmır və fərdi gigiyenamızla məhdudlaşır.

Bizim mentallığımızda “ictimai təmizlik” anlayışına yer yoxdur.

Məsələn, idarələrin, kafe və restoranların tualetində tez-tez belə xəbərdarlıqla qarşılaşırıq: “Təmizliyə riayət edin”, “Suyu çəkin”, “Unitaza dırmaşmayın” və s.

Hətta Elmlər Akademiyası, Azərbaycan Nəşriyyatı kimi yerlərdə "Sabunu özünüzlə aparmayın" kimi elanlara da rast gələ bilərsiz...

Bu xəbərdarlıqlar özünə hörmət edən adam üçün təhqirdir əslində. Yəni sən o qədər mədəniyyətsizsən ki, özünü adam kimi aparmağın üçün sənə xəbərdarlıq edilir.

Qərb ölkələrinin tualetlərində bu tip xəbərdarlıqlara rast gəlməzsiz.

Tualet mədəniyyətinə sahib adam bilir ki, özündən sonra suyu çəkməli, salfeti yerə yox, zibil qabına atmalı, unitaza dırmaşmamalı, döşəməyə tüpürməməlidir.

Bizdə bir çox adam hələ də unitazın təyinatını anlaya bilmir. Çanaqda oturmaq əvəzinə mütləq ona dırmaşır.

Ona görə də unitaz haqda insanları bir az bilgiləndirmək zərurətini hiss edirəm.

Unitaz insanın təbii ehtiyaclarını ödəmək üçün qurulmuş, çanaq formalı vasitədir. O, ayaqlarınızı üstünə qoymaq üçün yox, yanınızın qoyulması üçündür.

Bir qayda olaraq keramikadan hazırlanır.

Siz tualetə daxil olursuz, unitazın təmizliyindən əmin deyilsizsə, nəm salfetlə təmizləyirsiz, çox vasvası xasiyyətiniz varsa, tualet kağızı ilə qıraqlarını örtürsüz.

Çanağa oturursuz, sonra suyu çəkirsiz.

Yəni bu qədər bəsit.

Hə, lütfən, nəm salfeti də unitazın içinə yox, zibil qutusuna atmağı unutmayın.

Mən adətən belə eləyirəm. İnsanlar ictimai yerlərdə çanağa dırmaşdıqlarından “silahlanib” gedirəm: spirt, pambıq nəm və quru salfet. Qonorarımın az qala əhəmiyyətli hissəsi də bunlara xərclənir və çantamdan əskik olmur.

Mütləq nəzərə alın ki, unitaza dırmaşanda o, qırıla, iti uclu qırıntılar yanınızı, baldırınızı kəsə və siz xəsarət ala bilərsiz.

Aləmin çirkini ayaqqabılarınızın altına yığıb unitaza dırmaşmaqla natəmizlik, pintilik edirsiz, mikrob yayırsız. Başqalarının hüquqlarını pozursuz. Və elədiyiniz pintilikdən, natəmizlikdən sonra təmizkar olduğunuzu bəyan edirsiz.

Xoşumuza gəlməsə də, boynumuza almalıyıq ki, bizim tualet mədəniyyətimiz yoxdur.

Daha sərt desəm, biz bahalı eynəklərlə, telefon və avtomobillərlə, marka əlbisələrlə, ətirlərlə, çantalarla fəxr eləyən və unitaza dırmaşan adamların əhatəsində yaşayırıq.

Azərbaycan mentallığında ayaqyolu mədəniyyətini filosof Həsən Quliyev “Arxetipik azərilər: mentalitein simaları” kitabında dəqiq analiz edib. Həmin yazıdan bir parçanı diqqətinizə çatdırıram:

“Azərbaycanlı son dərəcə varlı olub, müasir estetik zövqdən çıxış edərək ekzotik atributikaya malik dəbdəbəli saray tikə bilər. Lakin bununla yanaşı onun ayaqyolusu son dərəcə miskin, həddindən artıq çirkli və narahat olur. Azərbaycanlı say-seçmə qonaqları özünün dəbdəbəli sarayında qəbul edir, eyni zamanda qonaqların onun ayaqyolunu görməsindən çox da utanmır.

Mədəni dildə bu “ayaq yolu”dur və buna görə də onun təmiz olması heç də vacib deyildir, bu, hətta müəyyən mənada qeyri-təbiidir. Digər mədəniyyətlərin nümayəndələri kimi azərbaycanlı üçün də ayaqyolu funksional baxımdan zəruridir. Lakin niyə görəsə ayaqyolu onun üçün nümayişkaranə şəkildə özünün məhz “çirkli və müvəqqəti” statusunda vacibdir və görünür, bu səbəbdən sıxıla-sıxıla gizlədilir. Azərbaycanlı ayaqyoluna diqqət vermir, onun üçün nə vaxt nə də pul tapır. Azərbaycanlının ayaq yoluna münasibətində uzaq arxaik həyatın-“necə gəldi və harda gəldi bayıra çıxmağın izi nəzərə çarpır”.

Qısası, biz hələ Avropa tipli unitaza hazır deyilik. Bu mədəniyyəti dərk edənə kimi hələ ki, yerdən olan, Asiya tipli tualetlərdən istifadə eləməliyik.

# 6091 dəfə oxunub

Müəllifin son yazıları

# # #