Ştativlə qadınları öldürən operator – QALMAQALLI FİLMLƏR

Ştativlə qadınları öldürən operator – QALMAQALLI FİLMLƏR
18 iyul 2015
# 08:30

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində britaniyalı rejissor Maykl Pauellin “Gizli müşahidəçi” filmini təqdim edir.

60-dan çox filmin müəllifi olan Maykl Pauell 1905-ci ildə fermer ailəsində doğulub. O, gəncliyində kino sənətinə vurulur. Hətta kinoya görə bankdakı işini də atır. Və çəkiliş meydanında əldə ayaqda işləyir, yemək, qəhvə, daşıyır. Sonra isə triller janrının ustalarından biri Alfred Hiçkokun ilk filmlərininin ssenarisini yazmaqda ona yardım edir.

1930-cu illərdən başlayaq isə müstəqil şəkildə azbüdcəli trillerlər və komediyalar çəkməyə başlayır.

Pauell ssenairst Emerik Pressburgerlə tanış olur və şəxsi keyfiyyərlərinə görə bir-birinə tamamilə əks olan bu iki adam anlayır ki, kino sənətinə eyni baxışı paylaşırlar.

Bu əməkdaşlıq sayəsində 19 film ekranlaşdırıldı. Onlardan çoxu Britaniya kinosunun klassiki sayılır: “Təyyarlərimizdən biri qayıtmadı”, “Polkovnik Blimpin həyatı və ölümü”, “Ölüm və həyat məsələsi”, “Qara narsist”, “Qırmızı başmaqlar” və s.

1956-cı ildə bu əməkdaşlıq sona yetir.

1960-cı ildə Pauell dövrünün novator filmi sayılan, böyük qalmaqallarla üzləşən, manyak qatildən bəhs edən “Gizli müşahidəçi” (1960) psixoloji trillerini çəkir. Bu isə faktiki olaraq onun kinodakı karyerasına son qoyur.

Süjeti: Filmin qəhrəmanı Mark kinooperator köməkçisidir. Mark kinokamerası ilə modelləri, fahişələri, aktrisaları lentə alır. O, kameranı qadınların üzlərinə yaxınlaşdıranda onların sifəti qorxudan dəhşətli vəziyyət alır. Bu anda Mark qəfildən ştativin iti ucları ilə qadınları qətlə yetirir və bu prosesi lentə alır. Sonra isə o, cinayət yerində araşdırma edən polislərin fəaliyyətini çəkir.

Onun qorxu hissini tədqiq eləməsi uşaqlıq travmaları ilə bağlıdır. Alim atası qorxu hissini araşdırmaq üçün kiçik oğlunu eksperimentlərinin obyekti edir, onun həyatının az qala hər anını lentə köçürür.

Günlərin birində o, qonşusu Helenə aşiq olur. Mark tədricən hiss edir ki, sevdiyi qadını da qurbanına çevirə bilər. Hadisələr daha təhlükəli xarakter almağa başlayr...

Filmə konservativ ingilislərin münaisbəti kəskin oldu. Senzura nəticəsində çılpaq qadın təsvirləri filmdən yığışdırıldı, bundan başqa qətl hadisələrinin əks olunduğu kadrlar qısaldıldı.

Həmvətənləri Britnaiya kinosunun canlı klassiklərindən sayılan rejissora bu cür qəddar səhnələri, açıq-saçıq kadrları bağışlaya bilmədi. Üstəlik, ikinci qurban roluna onların sevimlisi, elə Pauellin lentə aldığı “Qırmızı başmaqlar” musiqili filmindən sonra məşhurlaşan balerina Moyra Şireri çəkməsi də onları qıcıqlandırdı.

Bu səbəbdən rejissorun Britaniyada kinokaryerası sona çatdı, şirkətlər onun layihələrini maliyyələşdirməkdən imtina etdilər. Rejissor ölkədən kənarda – Amerikada, Avstraliyada çalışmağa məcbur oldu.

Baş rolun ifaçısı Karlhayns Byomun karyerası da iflasa uğradı. Tamaşaçılar onu “Sissi” filmindən imperator Frans İosif roluna görə sevmişdilər. Ona görə onun manyak qatil obrazını həzm edə bilmirdilər.

Amma illər keçəndən sonra “Gizli müşahidəçi” ən yaxşı trillerlərdən biri sayıldı.

“Gizli müşahidəçi” psixoloji cəhətdən mürəkkəb filmdir. İlk baxışda bu ekran əsəri ata ilə oğul arasındakı freydist münasibətlərin təsviri kimi görünür. Amma tənqidçilərə görə bu, ümumiyyətlə insanların vuayerizm hərisilyi haqdadır. Əslində, qaranlıq zalda qəhrəmanların həyatını izləyən tamaşaçı da vuayeristdir.

Mark qorxu filmlərinin maliyyələşdirən prodüser şirkətlərinin rəhbərlərinə, rejissorlara alleqoriyadır. Çünki dəhşət filmərində də rejissorlar günahsız adamları qətlə yetirir, tamaşaçının şüurunu manipulyasiya edirlər. Bu cür kino isə həm də məhvedicidir.

Rejissor eyni zamanda cəmiyyətdə skopofiliya (müşahidə etməyi sevmək) kimi psixi patalogiyaları araşdırır. Məsələn, kadrlardan birində centlemenlər dükandan gizli şəkildə pornoqrafik şəkillər, jurnallar alır.

Seksual patalogiyanın və zorakılığın açıq nümayişinə görə film bəzi Avropa ölkələrində qadağan olundu.

Pauellin filmlərinin Frensis Ford Koppolanın və Martin Skorsezinin yaradıcılığına böyük təsiri olub.

Konkret olaraq “Gizli müşahidəçi” M.Antonioninin “Fotoböyütmə”, Brayan de Palmanın “Qətl üçün qiyafət” filmlərinə təsir edib.

Britaniya Kino İnstitutunun 100 ən yaxşı Britaniya filmləri siyahısında Pauellin 5 filmi var.

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #