Bəsit yanaşma, aşağılanan sənət, kobud seksual eyhamlar...- “Gizlənpaç” filmi

Bəsit yanaşma, aşağılanan sənət, kobud seksual eyhamlar...- “Gizlənpaç” filmi
18 iyul 2019
# 08:57

Kulis.az “Yeni filmlərimiz” layihəsində Elmir Süleymanovun “Gizlənpaç” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanları Fərid (Müşfiq Şahverdiyev) və Elbrus (İlkin Misgərli) kloun işləyirlər. Dəvət olunduqları şənliklərdən birində balaca Orxan başqa klounlar tərəfindən oğurlanır. Ancaq təsadüfən iş elə gətirir ki, uşaq oğurluğunda Fərid və Elbrus günahkar bilinir. Onlar polisdən gizlənməli olurlar. Və özlərini türk vətəndaşı kimi qələmə verərək kirayədə qalırlar. Başqa bir paralel xətt, Fəridin sevgilisi Günellə (Zarina Qurbanova) münasibətidir. Fərid ona kloun kimi çalışdığını demir. Özünü sevgilisinə zəngin bir ailənin övladı kimi tanıdır. Amma hadisələrin gedişatında həqiqətlər üzə çıxır. Final səhnəsində dostlar təsadüf nəticəsində Orxanı tapıb ailəsinə təhvil verirlər...

Rejissor Elmir Mirzəyevin “Gizlənpaç” komediyası 2016-ci ildə böyük ekranlara çıxıb. Film Cinema Company Azerbaijan və Xəzər TV-nin birgə istehsalıdır.

Əhvalatda toxunulan vacib məsələlərdən biri kloun peşəsi ilə bağlıdır. Bizim toplumda gerçəklikdən dolayı kloun peşəsiylə bağlı yanlış təsəvvürlər formalaşıb. Doqmatik fikirlərdən biri budur ki, kloun mahiyyətcə yüngül, şit hərəkətlər göstərəndir. Əslində bunun bir səbəbi kloun sənətini, onun estetik dəyərini anlamayan, onunla bağlılığı olmayan adamların maddi imkansızlıq üzündən restoranlarda, ziyafətlərdə qeyri-peşəkar səviyyədə klounluq edərək, bəlkə özləri də fərqinə varmadan onu gözdən salmalarıdır. Problem ondadır ki, klounların konkret yaradıcı konsepsiyası yoxdur. Görünür, xidmət etdikləri məkanlarda bunu onlardan tələb etmirlər. Bu və digər səbəblərdən yüksək peşə hazırlığı tələb olunan, belə çətin və incə sənətə təhqiramiz münasibət formalaşır.

“Gizlənpaç” filmində bir neçə dəfə, epizodik olsa da, kloun sənətinin insanlar üçün şit, yüngül mahiyyət daşıması motivinə toxunulur. Final səhnəsində polis rəisi klounları öz ailə şənliyinə dəvət edir: “Gəlib şitlik edib gedərsiz”. Və yaxud doğum günü ilə bağlı təşkil olunmuş ziyafət epizodunda qonaqlardan biri Fəridə pul verir ki, qızlardan birinə çöp batırsın. Başqa bir səhnədə isə kloun uşağa, ona təpik vurduğu üçün şiddət göstərir.

Əhvalatın qəhrəmanları-klounlar da şitliyi, məzmunsuzluqlarını normallıq kimi təqdim edir. Lakin niyə bu sənət aşağılanır, niyə şitliklə asossiasiya doğurur və tamaşaçıya bu cür təqdim olunur? Yəni rejissor mövzu vasitəsilə günümüzün reallıqlarına xüsusi vurğular edə bilərdi. Ancaq yerli kommersya filmlərinə xas olan- mövzuya bəsit yanaşma burda da özünü göstərir. Rejissor problemin alt qatlarını araşdırmır, onun qaynaqlandığı konteksti, psxioloji-sosial mühiti heç olmasa bir vəziyyətlə, bir baxışla, jestlə göstərmir.

Əvəzində bu gün kommersiya filmlərinin basmaqəlib ssenari (Fariz Əliyev, Müşfiq Şahverdiyev, İlkin Misgərli, Cəmil Məmmədli) sxeminə üstünlük verir: ortada maddi imkansızlıq var, qəhrəmanlar onu aradan qaldırmaq üçün yola çıxır, mütləq kriminal motivlə üzləşir, ənənəvi polis obrazı işlənir, yanlış anlamalar yaranır və bunun ətrafında komik epziodlar qurulur. Təbii ki, “trassa çıxmaq”, seksual mənalı “çaldırmaq, soxmaq” və s kimi sözlərdən istifadə edərək güldürmək də öz yerində. Əhvalatdan aydındır ki, müəlliflər özləri də kloun sənəti haqda məhdud bilgilərə malikdir.

Filmdə digər xətlər- oğurlanan uşağın ailəsinin, arvadı ilı konflikt yaşayan digər dostun Vəfadarın (Elşən Hacıbabayev) əhvalatı yarımçıqdır, rəssamın (Allahverdi Yolçuyev) nədən klounluq etməsi bəlli deyil. Ekspozisiyada filmin adına işarə edən, uşaqların gizlənpaç oynamasının ümumi süjet xəttinə yerləşdirilməsi isə əsaslandırılmayıb.

# 3753 dəfə oxunub

Müəllifin son yazıları

# # #