Nadir Qafarzadə makler işləyir, Taleh Yüzbəyov dostunu satır...

Nadir Qafarzadə makler işləyir, Taleh Yüzbəyov dostunu satır...
2 may 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində Emin Əfəndiyevin 2019-cu ildə çəkdiyi ”Şou biznesin sonu” filmini təqdim edir.

İctimai televiziyada istehsal olunan “Şou biznesin sonu” əslində televiziya filmidir. Film televiziya formatında çəkilsə də, onun aktuallığını nəzərə alaraq layihə haqqında danışacağıq.

Süjet: Vayner Əlixan Rəcəbov Novruz bayramı ərəfəsində xalqa videoyla müraciət edir ki, şou biznes məzmunlu verilişlər cəmiyyəti uçuruma aparır. O, şou biznesin çökməyini arzulayır. Onun arzusu çin olur və az sonra telekanallardan birində Nazirlər Kabinetinin qərarıyla şou biznes fəaliyyətinin qadağan olunması, şou bizneslə məşğul olacaq şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqda məlumat verilir. Qərardan sonra şou biznesin tanınmış nümayəndələri iş axtarışına çıxırlar. Vəziyyətdən çıxmaq üçün kimisi nə vaxtsa təhsil aldığı peşə üzrə, kimisi də uyğun iş axtarır. Nadir Qafarzadə makler, Dilarə Kazımova barda ofisiant, Manana restoranda adminstrator, aşıq Əli istixanada işləyir. Gülüstan Əliyeva Yevlaxa qayıdır, Rüfət Axundov pulsuzluqdan avtobusa minməli olur, Azad Şabanov intihara cəhd göstərir, Səlim Abbasov skripkasını satır və s.

Qadağa müğənnilərin disklərinin gizli satışına səbəb verir.

Mənəvi, maddi böhran yaşayan şou-biznes aləmi qərara alır ki, Əlixanı tutub cəzalandırsınlar. Əlixan şou biznes nümayəndələri tərəfindən tutulur və o vəd edir ki, şou biznesə icazə verilməsi ilə bağlı arzu tutacaq. Amma bir şərtlə: müğənnilər onun yeddi sınağından çıxmalıdır...

Öncəliklə, sıravi tamaşaçı kimi İTV rəhbərliyinə maraqlı, aktual, cəmiyyətin əhvalını təsvir edən televiziya filminə görə təşəkkür edirəm. Yeni rəhbərin təyinatından sonra İTV-nin ümumi konsepsiyasında, peşəkarlıq baxımından keyfiyyət dəyişikliyi duyulur. Burası belə...

“Şou biznesin sonu” filminin rejissoru Emin Əfəndiyev Qarabağ müharibəsinin nəticələrini ailə dramında simvollaşdıran qısametrajlı “Yuva” bədii filmini lentə alıb. Onun Milli Qəhrəman Yelmar Ədilov haqda portret sənədli filmi isə müharibə qəhrəmanları haqda bəsit, televeriliş estetikasında qurulan filmlərdən fərqlənir. Rejissor əlindəki məhdud materiallarla lakonik, pafosdan uzaq, mümkün qədər kinematoqrafliyə yaxın film çəkib, formal xarakteri daşıyan müsahibələrdən imtina edib.

...“Şou biznesin sonu” komediyası Eminin rejissor kimi bu janrda ilk təcrübəsidir. Əhvalatdakı qəhrəmanlar özünü oynayır və real adları ilə təmsil olunur. Film şou biznesdən çox, onları özünün əsas simasına çevirən, gerçəkliyi təhrif edən, daha çox çörək və tamaşa prinsipi ilə işləyən televiziyanın mövcud durumuna satiradır (Fərid Rzayev, Orxan Rzayev, Fərrux Məmmədli, Qalib Nadir, Rüfət Məmmədov ).

Ekspozisiyada kanallarda ancaq müğənniləri və keyfiyyətsiz proqramları görən qəhrəman mənəvi bunalıma girir və müraciətində bayağı, məzmunsuz verilişlərdən gileylənir: “Bu verişilər kimin üçün, nə üçün çəkilir? Nəyə görə cəmiyyəti uçuruma aparırlar? Deyirlər ki, guya televiziya cəmiyyətin aynasıdır. Amma biz cəmiyyət olaraq belə deyilik. Normal verilişlərin acıyam”.

Əlixanın bu müraciətini ayrı-ayrı kadrlarda yer alan çobandan tutmuş gəncədək hər kəs dəstəkləyir. Və müəlliflər haqlı olaraq, “sıravi tamaşaçı məhz şou verilişlərini istəyir, bu onların səviyyəsinə uyğundur” kimi uydurduqları stereotipi inkar edirlər. Gerçək budur ki, şouyla bol telekanallar tamaşaçıya seçim imkanı vermir.

Film janr etibarilə eklektikdir, qara komediya, absurd, sürrealizm üzərində qurulub. Bir qrup müğənni Əlixanı ələ keçirmək üçün yaxın dostundan istifadə etməyi qərara alır. Əlixanın dostu rolunu oynayan Taleh Yüzbəyovla Ədalət Şükürovun dialoqu klassik sürreal filmlərin intonasiyasındadır.

- Bəlkə qəribə səslənə bilər. Siz dostunuzu sata bilərsiz?

- Niyə qəribə səslənir ki? Əlixanı deyirsiz?

- Bəli.

- Nə qədər deyirsiz?

- 300.

- 300? Çoxdu. 130-a həll edərəm.

- Onda mən sənə əski verərəm, batırarsan onu efir spirtinə, yatızdırıb gətirərsən.

- Əlixan efir adamı deyil e. Onu bitayla (idman aləti - S.S.) vumaq lazımdır. Vurum ölsün.

- Sən manyaksan, nəsən. Bizə Əlixan sağ-salamat lazımdı.

Yaxud, Roza Zərgərlinin kitabxanada müəllifi olduğu “Sibir çiçəyi” kitabı haqda məntiqsiz, rabitəsiz çıxışı, nəticədə ruhi xəstəxanaya aparılması, “Xaç atası” filminin vizual üslubuna uyğun həll olunmuş epizodda müğənnilərin depressiyadan çıxmaqdan ötrü meditasiya seansları - şou dünyadan qoparaq reallığa qayıtmaları ağrılı prosesə çevrilməsi sürrealizmin, absurdun, ironiyanın diliyilə anladır.

Hadisələrin fonunda müxtəlif həyati problemlər təsvir olunur. Əlixanın yeddi sınağından biri müğənni Pərvin Lətifovun nənəsinin pensiyasını almağa göndərməsidir. Uzun növbə ilə rastlaşan Pərvin irəli keçmək istəyəndə qocaların basqısına məruz qalır. Digər sınaqda bank qarət etmək istəyən Nadir Qafarzadə, bankın mühafizəçisi Fuad Musayevin “vergilərdə işə düzəlmisən” sualı ilə üzləşir.

Finalda şou-biznesə qoyulan qadağa aradan qaldırılır. Lakin bir qadağanın aradan qaldırması digər qadağa – vaynerliyin, başqa cür desək, ifadə azadlığının qadağası ilə nəticələnir. Və televiziya əvvəlki durumuna qayıdır.

Şou-biznesin bağlanması ilə bağlı keçirilən sorğu, Nadir Qafarzadənin “ölsün məni istəməyənlər” qarğışından sonra küçədə sıravi vətəndaşların ölməsi və s. kimi səhnələr əhvalatı dinamikləşdirir və vizual baxımdan dolğunlaşdırır.

Müxtəlif süjetlərdən ibarət əhvalat - montaj həllinin düşünülmüş şəkildə səliqəsizliyi, sərbəstliyi sayəsində bütövləşir.

# 5029 dəfə oxunub

Müəllifin son yazıları

# # #