Sevda Sultanova
Bu, müxtəlif filmlərdə vaxtaşırı gördüyümüz səhnədir: fiziki və ya əqli qüsuru olan birini kütlə əhatəyə alaraq ələ salır, əylənir, alçaldır. Və seyrçiləri alçaltma prosesinə fokuslandıran bu “klounada”nın mütləq bir aparıcısı vardır.
Fikir vermişəm, rejissorlar adətən belə səhnələrin mizanlarını da eyni cür qurur, personaj konsepsiyalarını oxşar işləyir. Əslində rejissorların ötürdükləri mesaj da fərqli olmur: əylənəcəyə susayan, gücün alçaltdığı kütlənin özlərindən daha zəif, zavallı birisini alçaltmaq ehtirası...
Bir neçə gündür ki, müzakirə olunan, “El bizim sirr bizim” verilişində Elçin Əlibəylinin Maral Tahirqızını təhqiretmə səhnəsi həmin epizodları xatırlatdı. Elçin seyrçiləri, iştirakçıları qadını alçaltmağa aşkarca təhrik edir. O, həm də bu səhnənin rejissorudur. Amma onun mesajı da, məqsədi də başqadır...
“El bizim sirri bizim” bütün teleməkanın dəqiq güzgüzüsdür, Elçin isə ümumiləşmiş obrazı.
Elçin televiziya nəzəriyyəsini pis bilmir. Bu mövzuda uzun yazıları da var. Hətta sənətşünaslıq üzrə fəlsəfə doktorudur. O, əla bilir ki, kimliyindən asılı olmayaraq müsahibinə həqarət etmək və üstəlik, başqalarını onu təhqir etməsi üçün münbit şərait yaratmaq, tərəf olmaq jurnalistikanın prinsiplərinə tüpürməkdir. Məsələnin mənəvi tərəflərini demirəm hələ. Amma Elçin bilə-bilə buna gedir, əməl etməli olduğu prinsiplərə göz yumur, iyrənc bir epataj-tamaşa qurur.
Alçaldıcı manerası, rişxəndli, iblisanə təbəssümü ilə, köməksiz, zavallı bir qadıncığazın linçlənməsini təmin etməklə, hər şeydən əvvəl özünü aşağıladığının fərqində deyil. Çünki kimisə alçaltmaq, ilk növbədə alçaldanın kimliyini ifadə edir.
Verilişə dəvət olunan qonaqlar dəhşət qarışıq acı gülüşlə Maral Tahirqızını süzür. Sanki incəsənətin bərbad vəziyyətdə olmasının, cəmiyyətdəki depressiyanın, onların uğursuzluqlarının tək səbəbkarı odur.
Və bu alçaltma prosesində ləyaqətli davranan da Maral Tahirqızıydı.
Doğrudan da sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli niyə bayağılığa, təhqirə əl atır, jurnalistikanın dəyərlərini tapdalayır?
Doğrudanmı o, musiqidəki zövqsüzlükdən narahatdır?
Tele-aparıcıların, telekanal rəhbərliyinin əsas arqumenti budur ki, çal-çağırlı ucuz şoular tamaşaçı tələbatının diktəsidir. Amma oratda daha güclü arqument var. Youtubedə - bu verilişdən - Maral Tahirqızı ilə yayımlanan parçanın altındakı şərhlərə baxın. Şərhlərdə telekanalların yeritdiyi siyasət də, aparıcıların davranışı da qınanılır. Bu, tamaşaçı rəyləridir.
Tamaşaçının tələbatını da, trendi də əksər hallarda istehsalçı yaradır. “Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışını araşdıran amerikalı yazıçı Naomi Vulfa görə müasir moda, estetik-plastik əməliyyat sənayesi qadını məqsədli şəkildə gözəlliyin əsiri edir. Yəni yeni moda trendlərinin, estetik əməliyyatların təbliği ilə qadınlarda buna istək və tələbat yaradılır.
Eynilə "El bizim, sirr bizim” tipli verilişləri tamaşaçıya sırımaqla bu cür verilişlərin tələbatını diktə edir və onun müti, gerizəkalı obrazını yaratmağa cəhd olunur. Boynumuza qoymağa çalışırlar ki, siz busuz.
Üstəlik, ucuz şoular intellekt, ağıl, zəhmət, əmək xərclənməyən asan qazanc vasitəsidir...
Elçin kimi savadlı adam karikaturaya döndərilmiş tele-məkanda keyfiyyətli proqram təqdim edə bilmir, o, potensialını realizə edə bilmədiyi üçün qəzəblidir. Bu mənada onun Maral Tahirqızına münasibətində freydist motiv dayanır. Yəni o, yaradıcı, intellektual imkanlarını göstərə bilmədiyindən Maralları qurban seçir, gerçəkləşdirə bilmədiyi enerjisini belə alçaltma aktına çevirir. Halbuki, Maral Tahirqızılar həm də telekanalların əsəridir.
Verilişin əvvəlində Elçin Maral Tahirqızının ünvanına qalib ədayla, istehzalı suallar yağdırır. Hərçənd, səsləndirilən suallar elə Elçinin fəaliyyətinə də adekvatdır:
- Elçin, siz kimsiz?
- Hansı meyarlara əsasən özünüzü tele-aparıcı sayırsız?
- Həqiqətən, sənətşünaslıq üzrə fəlsəfə doktoruyla nə baş verməldir ki, o özünə bu cür davranış tərzini icazə versin?
- Siz teleaparıcılığın qara, son nöqtəsi olduğunuzun fərqindəmisiz?