“Naməlum kino” layihəsində ilk milli rejissorlardan sayılan Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı “Lətif” bədii filmini təqdim edirik.
Yazıya M.Mikayılov haqda qısa məlumatla başlayaq.
1903-cü ildə İçəri şəhərdə doğulan Mikayılovun ailəsini “həkimlər ailəsi” adlandırırdılar. Valideynləri onun da həkim olmağını istəyirdi. Onların istəyini yerə salmayan Mikayıl Bakı Universitetinin tibb fakültəsinə daxil olur.
Ailənin daimi qonaqlarından biri aktyor Rza Darablanın söhbətləri onun incəsənətə meylini artırır.
Tibbi təhsilini davam etdirməklə yanaşı o, “Kommunist” qəzetinin incəsənət şöbəsində işə düzəlir. Şöbənin müdiri Cəfər Cabbarlı, qəzetin rəssamı isə Əzim Əzimzadə idi. Mikayılov burda yeni tamaşalar, filmlərlə bağlı resenziyalar yazır.
Onun kino sahəsinə gəlməyində Cəfər Cabbarlı mühüm rol oynayır. 1924-cü ildə Bakı Kinofabriki nəzdində kinoaktyor və kinorejissor studiyaları açılır. Cabbarlının məsləhəti ilə Mikayıl kinoaktyor studiyasına qəbul olunur. Və tibb fakültəsindən çıxaraq Kinofabrikdə işə düzəlir, bir müddət burda kinooperator köməkçisi işləyir.
Bakıda “Əvəz-əvəzə”, “Müxtəlif sahillərdə” və s. bədii filmlər çəkmiş, sonralar Moskvada fəaliyyətini davam etdirmiş Aleksandr Litvinov Mikayıla Kinofabrikdə rejissor sənətinə ehtiyacın olduğunu deyir və ona rejissor kimi çalışmağı təklif edir.
Beləliklə Mikayılov rejissorluq fəaliyyətinə başlayır. “Oktyabrın on illiyi”, “Tütünçülük” sənədli filmlərini çəkir və bir neçə bədii filmdə rejissor assistenti olur.
1930-cu ildə isə ilk bədii filmi olan “Lətif”i lentə alır.
“Lətif” 1920-30-cu illərdə Azərbaycan kəndlərində gedən kolxoz quruculuğuna həsr olunub. Azərbaycan tarixinin çox mürəkkəb dövrlərdən birini - kolxozlaşma, kollektivləşmə ilə özəl sahibkarlığın, mülkədarlığın sərt toqquşduğu dövrü əks etdirən filmin mərkəzində Lətif (Lətif Səfərov) adlı yeddi yaşlı uşaq dayanır.
Filmin natura çəkilişləri Azərbaycanın bir çox bölgələrində lentə alınıb. Bu film mənim üçün hər şeydən əvvəl sənədlilik baxımından dövrünün gerçək yaşayışını - evləri, məişəti, insanların qiyafətlərini, təbiət mənzərələrini əks etdirdiyinə görə maraqlıdır. Fərqli ictimai-siyasi formasiyaya, yeni iqtisadi münasibətlərə keçən Azərbaycan kəndlisi və bu çətin keçid prosesinin onun şüuruna necə təsir etdiyini göstərən filmdə real insan portretləri, bol natura çəkilişləri qiymətli vizual informasiyadır.
Film maraqlı, koloritli əhvalat üzərində qurulub. Kəndlilər min bir əziyyətlə, ibtidai şəkildə torpaq şumlayır, əkib-becərir. Günlərin birində kəndə onların əməyini yüngülləşdirən traktor gətirilir.
Kəndlilərin traktorun gəlişini qarşılaması səhnəsinə ənənəvi toy estetikasında quruluş verilib. Sakinlər traktoru gəlin kimi bəzəyir, onun gəlişini toy-bayram kimi qeyd edir, çalıb-çağırır. Kəndin sabit həyatının pozan, hamının müzakirə etdiyi, böyük gözləntiləri olan bu dəmir parçası əhvalatın, Lətifin həyatının dəyişmək haqda qərarının hərəkətverici qüvvəsinə çevrilir.
Traktorun gəlişindən rahatsız olan qolçomaq Hacı Səməd (A.Bəzirganov) onu “bədbəxtlik” adlandırır, kolxozlaşmanı seçən kəndlilərə “Allah sizi cəzalandıracaq” deyir. Yaxın planlar qəzəbli, məkrli Hacı Səmədin şüuraltına enir, psixoloji portretini cızır. Kəndliləri istismar edən, onları alçaltmaqdan zövq alan qolçomaq yalnız kolxozlaşma ilə mülkünün itirəcəyindən qorxmur, həm də ondan bir neçə pillə aşağı dayanan insanları alçaltmaq həzzindən məhrum olmaq istəmir.
Daha sonra traktorun tarladakı hərəkəti, məhsuldar fəaliyyəti ilə arabadan istifadə edən kəndlinin əziyyətli əməyi paralel, iti montajla görüntülənir. Müqayisəli kadrlarda yeniliklə köhnəlik qarşı-qarşıya gətirilir.
Mülkədarlar gizli toplantı keçirib, traktoru sıradan çıxarmaq planı qurur. Məsləhət-məşvərərt məclisi zamanı naməlum adamın ayaq səsləri eşidilir.
Bu səhnədə rejissor triller janrına xas elementlərdən yararlanır. Naməlum adamın ayaqlarının, ayaq səslərindən təşvişə düşən bəylərin qorxudan böyüyən gözlərinin, bağlı qapı və ona yaxınlaşan kölgənin əks olunduğu planların intensiv növbələnməsi emosiyaları gərildir, qeyri-müəyyənliyi artırır, tamaşaçını intizarda saxlayır.
Və sonda həmin naməlum adamın Hacı Səməddən əmək haqqını almağa gələn Lətif olduğunu göstərməklə səhnənin gərginliyi qəfildən yüngülləşdirilir.
Rejissorun tamaşaçıya belə bir aldadıcı oyun qurması bu gün artıq dünya kinosunda, xüsusən, triller, detektiv janrlarında çox işlənən fənddir.
Bəy haqqını istəyən Lətifi vurur. Lətifin yıxıldığı an seyrçiyə qəhrəmanın gözü, yəni “subyektiv kamera” ilə təqdim olunur. “Subyektiv kamera” baxışını yenidən, Lətif traktorçuluq sənətini öyrənmək arzusu ilə şəhərə gələndə görürük. Şəhərin mərkəzindəki uca binaya heyrətlə baxan Lətifin başı gicəllənir, əzəmətli bina ona əyilmiş görünür. Lətifin gözü ilə verilən əyri bina görüntüsü eyni zamanda sürreal təsir bağışlayır.
Filmin ən təsirli, kinematoqrafik səhnələrindən biri Lətifin birdən-birə məlumatsız olduğu nəhəng urbanist mədəniyyətlə üz-üzə gəlməsi, bu tanışlığın doğurduğu tənhalıqdır. Nəhəng bina fonunda çəlimsiz Lətifin təsviri, ona heyrətlə baxması klassik əhvalatı - əyalətdən gəlmiş kiçik adamın şəhəri fəth eləmək, burda uğur qazanmaq istəyini xatırladır.
Qatar stansiyasında Lətifin tək oturması, insan axınında kimsəsizliyi, heç kəsin diqqətini çəkməməsi, onun tənhalığının hüznlü, mükəmməl təsviridir.
Lətifin dünyaya baxışı, xarakteri konkret, dolğun təsvirlərlə verilir. O, ac olsa da, son tikəsini pişiyi, xoruzu ilə bölüşür, ögey anasının (Həqiqət Rzayeva) onunla pis rəftarına rəğmən ögey qardaşının qayğısına qalır. Lətifə verilən əziyyətlər, həm evdə, həm işdə istismarı onun mərhəmətini, uşaq saflığını əlindən ala bilmir.
Lətifin keçmişini bir neçə dəfə xatırlaması ilə nəqlin ardıcıllığı pozulur. Maraqlısı odur ki, Lətifin keçmişini xatırlaması, yəni fleşbek epizodunun içində onun daha bir vizual xatırlaması əks olunur.
Sonda Lətif kəndə qayıdır, traktoru sıradan çıxaran qolçomaqları ifşa etməkdə kəndlilərə yardım edir.
Filmdə kütləvi səhnələr çoxdur və bu epizodların hər biri çoxplanlı işlənilib.
Bundan başqa şəhərin gündəlik həyatının təsvirini əks etdirən müxtəlif qısa planlarda, dinamik montaj ardıcıllığında, ümumi ritmdə Dziqa Vertovun “Kinokameralı adam” sənədli filminin təsiri duyulur. Xatırladım ki, zamanını qabaqlayan, sənədli kinonun metod və üslubuna təsir edən, manifest sayılan “Kinokameralı adam” filmində rejissor müxtəlif şəhərlərin həyatlarından fraqmentləri bir araya gətirərək süjetsiz, eksperimental poetik film yaradır.
M.Mikayılov film haqda deyir: “Bu mövzuda ssenari üzərində xeyli işlədim. Ciddi ifşaedici süjetə malik ssenaridə yeni həyat uğrunda mübarizəni, kəndlərimizin yenidən qurulmasını göstərməyə çalışdım. Filmin adı başqa idi: “Köhnə və Yeni”. O, öz adını iş prosesində tapdı. Azyaşlı Lətif sınaq çəkilişini qurtaran kimi filmin adını dəyişib “Lətif” qoyduq. Yaşca kiçik olmasına baxmayaraq əsərin qəhrəmanı Lətifi kənd qolçomaq Hacı Səmədin ifşasında böyüklərə kömək edən, çətin şəraitdə qorxaraq geri çəkilməyən bir obraz kimi düşünüb yaratmışdım.”
Yuxarıda qeyd etdiyimiz kimi filmin çəkilişləri bir sıra bölgələrdə aparılıb. Göyçayın Quşunça kəndində çəkilişlərin aparılması dağlarda gizlənən qolçomaqlara çatmışdı. Hətta onlar yaradıcı qrupu öldürmək planı qursalar da istəklərinə nail ola bilməyiblər.
“Lətif” ekranlara çıxandan sonra mətbuatda tənqid olunub. Yazılan məqalələrdən birində deyilir: “Filmdəki sinfi mübarizə konflikt kəskinliyi ilə seçilmir. Sinfi düşmənlərin münasibətləri dəqiq təyin edilmədiyindən kənddəki təbəqələşmə hiss olunmur. Qolçomağın əlaltılarına təsirinin sosial səbəbləri açılmamışdır. Ümumiyyətlə, qolçomaqlığın kökləri müşahidə olunmur. Onlarla mübarizə çox sadə görünür və kolxoz asanlıqla yaradılır. Filmin fabulasının da seçimi uğurla aparılmamışdır”.
Bu əsassız tənqidə cavab kimi teatrşünas Aydın Talıbzadənin fikirləri yerinə düşər: “Lətif” həqiqətlə mif, karnavalla faciə arasında girinc qalmış insanların bədii-tarixi portretidir, heyranam...
Dövrün ideoloji sifarişinə tam əməl olundu: təbliğ misilsizdir. Di gəl ki, film bu sifarişdən qat-qat yüksək canlı, ilgili və informativ. Balaca Lətif Səfərov isə möcüzə...”
Filmin quruluşçu operatoru İvan Tartakovski Gəncədə doğulub. O, Azərbaycan kinosunda 20-yə yaxın filmin operatoru olub.
2001-ci ildə filmə bəstəkar Salman Qəmbərov musiqi bəstələyib.
“Lətif” Azərbaycan kinosu tarixində qəhrəmanı uşaq olan ilk filmdir.
Qeyd: Yazıda kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabındakı faktlardan istifadə olunub.