Amerikanın Fellinisi - 50 film layihəsi

Amerikanın Fellinisi - 50 film layihəsi
22 noyabr 2014
# 16:00

Kulis.az “Baxılası 50 film” layihəsində üç vacib festivalın mükafatını - “Qızıl Palma budağı”, “Qızıl şir”, “Qızıl ayı” alan yeganə Amerika rejissoru Robert Oltmenin (1925—2006) “Hərbi-səhra hospitalı” qara komediyasını təqdim edir.

Oltmen Kanzas-Sitidə yezuit məktəbində təhsil alıb. Missuri Universitetində mühəndis ixtisasına yiyələnib.

Oltmen boş vaxtlarında ssenari yazır, onun nuar üslubunda yazdığı “Cangüdən” (1948) ssenarisini rejissor Riçard Fleyşer ekranlaşdırır.

Bu uğurundan sonra Oltmen Nyu-Yorka gedir və burda yazıçılıqla pul qazanır. 1950-ci illərdə Kanzas- Sitiyə qayıdan Oltmen Calvin korporasiyasının sifarişi ilə 65 sənədli film lentə alır.

1955-ci ildə isə “Qanunu pozanlar” adlı ilk bədii filmini çəkir. Film uğur qazanmır. Oltmen televiziyada fəaliyyətə başlayır, telefilmlər işləyir.

Oltmen böyük kinoya gec – 45 yaşında gəldi.

Onun “Hərbi-səhra hospitalı” qara komediyası Kann festivalının baş mükafatını qazanır. Film ona şöhrət gətirir, adı ən yaxşı rejissorlarla bir çəkilməyə başlayır. Nəhəng studiyalar onun iri kommersiya layihələri ilə maraqlandırmağa çalışırlar. Oltmen onları rədd edir və Hollivudda özünün “ağ qarğa” imicini möhkəmləndirir. Bu ekran əsərindən sonra o, gözlənilmədən “Bryüster Maklaud” adlı eksperimental-sürrealist film çəkir.

Onun yaradıcılığını fərqləndirən cəhətlər - süjetdə çoxqatlılıq, mübaliğəli, birbaşa çəkiliş meydançasında improvizə edilmiş dialoqlar, səslə eksperiment etməsidir.

“Makkeyb və missis Miller” (1971) filminin janrını Oltmen anti-vestern kimi qiymətləndirib.

Qumarbazdan bəhs edən film geniş auditoriyada maraq doğurmadı. Bu filmlə rejissor vestern janrını dekonstruksiya edərək, Amerika kino ənənələrinə ironiya edir.

“Obrazlar” (1972) psixoloji trilleri şəhərətrafı yerdə bir cütlüyün başına gələnlərdən bəhs edir.

Reymond Çandlerin eyni adlı romanı əsasında çəkilən “Uzun vidalaşma” (1953) bir detektivin başına gələn qəribə əhvalatı danışır.

Bu filmdə Oltmen klassik janrlardan sayılan film-nuara yeni baxış edib. Klassik nuar filmlərinin məğlubedilməz, qətiyyətli qəhrəmanlarından fərqli olaraq burda bütün film boyu qəhrəman özü ilə danışır, dayanmadan öz hərəkətlərini şərh edir, sanki özünü mövcudluğuna inandırmaq istəyir.

Kino mütəxəssislərinin isti qarşıladığı “Neşvill” (1975) çoxfiqurlu ekran əsəri onun yaradıcılığının həlledici filmlərindən biridir. 27 musiqi nömrəsinin fonunda 24 personajın həyatı bir-biri ilə kəsişir, burda Amerikanın sosial-siyasi problemləri araşdırılır.

“Toy” (1978) qara komediyası toy mərasiminin gərəksiz detalları, təmtəraqlı hazırlıq, sıxıcı adət-ənənələri təsvir edir.

Film tamlıqla toy mərasimindən bəhs edir, rejissor komizmlə faciəni bir araya gətirir. Yenicə qohum olan ailələrin həqiqi siması tədricən açılır, məlum olur ki, qaynana narkomandır, bəyin ailəsinin cinayətkar qruplaşma ilə sıx əlaqəsi var, gəlinin bacısı isə bəydən hamilədir və s.

“Toy” zorla müqəddəslik donu geyindirilən, həqiqətdə isə laxlayan ailə institutuna rejissorun növbəti kinayəsidir.

1992-ci ildə o, Hollivudu tənqid atəşinə tutan “Oyunçu” filmində 66 məşhur aktyor, həmçinin, Bryus Uillis və Culiya Roberts pulsuz çəkilib.

Venesiyada əsas mükafatı alan “Qısa əhvalatlar” (1993) Raymond Karverin əsərlərinin motivləri əsasında hazırlanıb. Filmin dəqiq süjeti yoxdur. Çoxlu personajların iştirak etdiyi film Amerikanın portretini yaradır, cəmiyyətin sosial özəyindəki mutasiyanı göstərir. Kinotənqidçilər bu filmi “Neşvill”dən sonra Oltmenin ən yaxşı filmi adlandırdılar.

“Yüksək moda” (1994) ironik komediyası moda dünyasına həsr olunub.

Parisdə moda həftəsində kutyurye, modellər, moda jurnallarının naşirləri bir araya gəlir. Bu, Sofi Loren və Marçello Mastroyanninin birgə son işidir. Moda aləmində səs-küy doğuran filmə görə rejissor bir neçə dəfə məhkəməyə verdi.

Yeri gəlmişkən, azərbaycanlı tamaşaçı daha çox Oltmenin Riçad Girin baş rol oynadığı “Doktor T və onun qadınları” romantik komediyasını tanıyır.

Onun Oskara layiq görülən “Gosford Park” (2001) filmi də müsbət qarşılandı.

Ssenari Aqata Kristinin romanlarının və Jan Renuarın “Oyun qayadaları” filminin motivləri əsasında ekranlaşdırılıb.

Hadisələr 1930-cu illər İngiltərəsində baş verir. Varlıların öz xidmətçiləri ilə şəhərətrafı malikanədə dincəlməsi zamanı baş verən hadisələrdən bəhs edir.

52-ci Berlin kinofestivalında Oltmen kino sənətinə verdiyi töhfələrə görə “Qızıl ayı” mükafatına layiq görüldü.

Rejissor müxtəlif janrlarda film çəkib. 1970-ci illərin sonunda çəkdiyi filmləri nə Hollivud isteblişmenti, nə də geniş auditoriya anlayırdı.

Oltmen 2006-cı ildə 81 yaşında vəfat edib.

Ölümündən az əvvəl kinodakı xidmətlərinə görə fəxri Oskara layiq görülüb .

Yaradıcılığında çoxşaxəliyə baxmayaraq, Oltmenin adı daha çox sosial qatların sarkastik portretlərlə assosiasiya olunur. O, nonkonformist, amansızdır. Onun filmlərində baş qəhrəman ya olmur, ya da bir qayda olaraq ikinci dərəcəli obrazların fonunda itir-batır. Oltmen simpatik obrazları öldürdüyünə görə tənqid olunurdu.

“Amerikanın Fellinisi” adlandırılan rejissoru autsyader, Hollivud qaydalarını pozan adam sayırdılar. Rejissor “Neşvill” filmini montaj etmək istəyən studiya direktorunu döymüşdü. Onu tez-tez süjetlərin əlaqəsizliyinə, dramaturji boşluqlara görə ittiham edirdilər.

Adı Vudi Allen, Martin Skorseze, Frensis Ford Koppola ilə bərabər çəkilən Oltmen 90 film çəkib və heç vaxt publikanın münasibətini nəzərə almayıb.

Hollivudun kommersiya layihələrindən imtina etmiş Oltmen yaradıcılığında hərbi sahədən tutmuş şou-biznesə kimi çox mövzunu sarkazm obyektinə çevirib.

“Baxılası 50 film” layihəsində rejissorun Kann festivalında “Qızıl Palma budağı” alan “Hərbi səhra hospitalı” (1970) filmini təqdim edirik.

Riçard Hukerin romanı əsasında çəkilən “Hərbi səhra hospitalı” müasir dünya kinosunun anti-müharibə və və anti-avtroitar filmlərinin parlaq nümunələrindən sayılır.

Film Koreya müharibəsi zamanı hərbi hospitalın həyatını anladır. Hospital personalının gündəlik həyatı komediya və dram janrlarının sintezi vasitəsi ilə göstərilib.

Süjet: Cəbhə xəttindən aralıda Amerika hərbi hospitalı yerləşir. Bura iki cərrah təyin edilir: kapitan Pirs və kapitan Forrest. Onlar burdakı nizamnamə və ordu qaydalarına əməl etmir, əmrə tabe olmur, narkotikdən istifadə edir, patriotizmi lağa qoyurlar. Hətta qəhrəmanların yaralılara münasibəti də sinikdir. Bu səbəbdən onların başqaları ilə konflikti yaranır.

Film çəkilməzdən əvvəl ssenarini oxuyan məşhur tənqidçi Rocer Ebert onu cansıxıcı adlandırmışdı. Amma filmə baxandan sonra o, fikrini dəyişdi. Onun fikrincə, əgər film yalnız komediya janrında çəkilsəydi və ona yalnız hərbi film kimi yanaşılsaydı, bu qədər güclü təəssürat olmazdı: “Oltmen filmi sərrast yumorla doldurub”

Çəkilişlər Malibuda keçib, aktyorlar çadırlarda yaşayıb. Oltmen aktyorlara rolları ilə sərbəst davranmağa imkan verib. İkinci dərəcəli rollara daha çox diqqət ayırması səbəbindən əsas rolların ifaçıları Elliott Quld və Donald Sazerlend kino kompaniyanın rəhbərliyinə şikayət ediblər.

Filmin ssenari müəllifi Rionq Ladner filmə baxandan sonra Oltmenə deyib: “Sən nə eləmisən? Mənim ssenarimdən bir söz belə qalmayıb, sən filmi məhv eləmisən!”

Amerika ənənələrində çəkilməyən filmi əksər tənqidçilər parlaq antihərbi pamflet, amansız satira adlandırdılar. Çoxplanlı və ziddiyyətli quruluşuna görə bir çox festivallarda mükafat qazanan struktur etibarilə epizodlara ayrılıb.

Film eyni zamanda Oskara, Britaniya Kino Akademiyasının mükafatlarına layiq görülüb.

Filmə bu linkdən baxmaq olar: http://tfilm.tv/12949-voenno-polevoy-gospital-mesh.html

# 4322 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #