Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı
Kulis.az Salman Rüşdinin "Gecəyarı uşaqları" romanı əsasında çəkilən eyniadlı filmi təqdim edir.
Süjet: Əsərin qəhrəmanı Səlim Hindistanın müstəqillik günü 1947-ci il avqustun 15-də doğulan onlarca uşaqdan biridir. Əhvalat da onun dilindən danışılır. Onun babası, müsəlman həkim Əziz müalicə etdiyi mülkədarın qızıyla evlənir. Amma arvadının kompleksləri və mühafizəkarlığından dolayı onunla dil tapa bilmir. Bununla belə, cütlüyün beş uşağı doğulur: iki oğlan və üç qız.
1918-19-cu illərdə Böyük Britaniyaya qarşı milli azadlıq hərəkatında Əziz də iştirak edir. Daha sonra Əziz müsəlmanların haqqını qoruyan və ölkənin vahidliyi üçün mübarizə aparan islam partiyasına daxil olur. Və gənc şair Nadirlə tanış olur. Müsəlman liderinin qətlindən sonra Nadir Əzizin evində gizlənir, onun ortancıl qızı Mümtazla nikaha girir. Ancaq onların arasında intim münasibət baş vermir. Bu sirri Mümtazın ailəsi biləndən sonra cütlük ayrılır.
Əzizin kiçik qızı Emerald ambisiyalı zabit Zülfüqara, Mümtaz isə böyük bacısı Aliyənin keçmiş nişanlısı, biznesmen Əhməd Sinaya ərə gedir. Əhməd onun adını dəyişərək Əminə qoyur.
Əhməd Sinay müsəlman şərikləri ilə Dehlidə biznes mərkəzi açmaq istəsə də, hinduslar anbarları yandırır. Biznesi iflasa uğradıqdan sonra Əhməd həkim dostunun dəvəti ilə Bombeyə yerləşir. Ailə burada ingilis Metvoldun evini alır.
Dehlidə baş nazir Cəvahirləl Nehru xalqı müstəqillik günü ilə təbrik edən gün, yəni Hindistanın müstəqilliyinin elan olunduğu gecə 1001 uşaq doğulur. Doğulan 1001 uşağın hər biri sehrli, əsrarəngiz xüsusiyyətlərin daşıyıcısı olur.
Əminə və küçə müğənnisinin arvadı Vanita da məhz bu gündə dünyaya uşaq gətirirlər. Amma Vanita uşağı ərindən yox, ingilis Metvolddan gözləyir. Bundan isə Metvoldun xəbəri yoxdur. Mamaça Mari zəngin Əhmədin oğlunu yoxsul Vanitanın oğlu ilə dəyişir. O, bunu inqilabçı sevgilisi, varlıları sevməyən D Kostaya görə edir. Vanita doğuş zamanı ölür. Vanitanın əri oğlunun adını Şiva, Sinaylar isə Səlim adlandırır. Mari vicdan əzabı çəkir və günahını yumaq üçün Sinayların evində Səlimə dayəlik edir. Az sonra Sinaylar ailəsində ikinci uşaq, Cəmilə doğulur.
İngilis məktəbində oxuyan doqquz yaşlı Səlim qəfildən beynində səslər eşidir və düşünür ki, onunla danışan mələklərdir. Valideynləri ona küfr etməyi qadağan edir. Səlim daha bu haqda nəsə demir. O, ətrafdakıların fikrini oxuyur və anasının keçmiş əri ilə görüşdüyünü bilir. Əhməd isə yenidən maliyyə böhranı ilə üzləşir və xəstələnir.
Səlim qeyri-adi qabiliyyəti ilə gecəyarı uşaqlarını araşdırmağa başlayaraq onları bir yerə yığır. Onların arasında xüsusən Səlimin antipodu Şiva və cadugər Parvati seçilir. Səlim fikrən gecəyarı uşaqları ilə ünsiyyət qurur, zorakılığa meyilli Şiva ilə konfliktə girir. Bir gün aldığı travma nəticəsində Səlim xəstəxanaya düşür. Valideynləri ilə onun qan qrupu üst-üstə düşmədiyi aydın olur, onlar Sinayı müvəqqəti dayısının yanına göndərir.
Ölkədə siyasi, sosial, etnik hadisələr baş verdikcə Səlimin də həyatında dəyişikliklər baş verir. O, cadugər Parvati ilə realda tanış olur. Onun Şivadan olan oğluna atalıq edir və bütün başına gələnləri fabrikdə işləyən, evlənəcəyi qadına Padmaya danışır...
Salman Rüşdinin magik realizm metodunda yazdığı əsər 1981-ci ildə yayımlanıb və ona üç dəfə Buker mükafatını qazandırıb. Yazıçı mürəkkəb tarixi hadisələri əsasən Səlimin şəxsi həyatından keçirərək qələmə alır. O, bölgədə baş verən mühüm siyasi hadisələrin baş verməsi ilə Səlimin həyatında baş verən yenilikləri, dönüş nöqtələrini paralelləşdirir. Müəllif reallıq və mistikanın, fərdin və ölkənin taleyinin hibridini yaradaraq Hindistanın tarixinə, problemlərinə, Böyük Britaniyanın vətəninə olan təsirinə maraqlı nöqtələrdən baxır. Səlim və digər gecəyarı uşaqları Hindistanın gələcəyini simvolizə edir. Və əsər Səlimin ailəsinin 1910-76-cı illərdəki dövrünü əhatələyir.
"Gecəyarı uşaqları" postmüstəmləkə ədəbiyyatın klassik nümunəsi sayılır.
Əsər 2012-ci ildə hind-kanadalı rejissor Dipa Mehta tərəfindən ekranlaşdırılıb. Müxtəlif kino mükafatlarının laureatı olan Mehta daha çox "Elementlər" trilogiyasının müəllifi kimi tanınır. Bu trilogiyada rejissor Hindistandakı həmvətənlərinin şəxsi dramından danışır, onların rastlaşdığı vəziyyətləri dini tabu və ya xalqın ənənələri ilə ziddiyyəti kontekstində təsvir edir.
Lakin "Gecəyarı uşaqları" romanın çox pis ekranlaşdırmasıdır və ümumiyyətlə, yaxşı olardı ki, bu film çəkilməyəydi. Çünki bu ekran versiyası romanın məzmununun, onun ruhunun, stilistikasının son dərəcə təhrif olunmuş, qeyri-estetik təqdimatıdır. Yəni hiss olunur ki, rejissor romanın uyğun ekran həllini, kinodilini tapa bilmədiyindən, ordakı çoxqatlılığı, kompozisiyanı sadəcə ekrana köçürməyə cəhd göstərib. Filmin ssenarisi Salman Rüşdiyə məxsus olsa da, bu, ekran işini fiaskodan xilas edə bilməyib.
Ssenari yığcam işlənib və əsər magik realizm metodunda yazılsa da, filmdə rejissorun məlum metoddan istifadəsi alınmayıb. Müəllif - magik realizmə xas olan xüsusiyyətlərin- magik elementlərin gerçəklikdə normallıq kimi qəbuluna, ziddiyyət kimi qəbul edilməməsinə, zamanla oynamaya, keçmişin indi ilə konfliktinə, folklor elementlərindən, simvollardan istifadəsinə nail olmayıb. Başqa cür desək, magik realizmi, təklif elədiyi kinoreallığında əridə, gerçəkliyin davamına, zərurətinə çevirməyib. Əvəzində Səlimin beynində səslənən səslər, digər gecəyarı uşaqları ilə vaxtaşırı toplantısı və s. ekrandakı gerçəklikdən qopmuş, saxta, sadəcə, primitiv fantastik element qismində reallaşıb. Və bu ölkənin, Səlimin hekayəti ilə dil tapa bilmir. Məsələ ondadır ki, dünya kinosunda sırf magik realizm metodu ilə işləmək geniş yayılmayıb. Amma metodun elementlərini ayrı-ayrı filmlərdə tapmaq mümkündür: Vudi Allenin "Paris gecəyarısı", Lars fon Trierin "Melanxoloya", Əmir Kusturitsanın "Qaraçı zamanı" filmlərində müəlliflər gerçəkliklə magiyanın vizual-estetik-fəlsəfi səviyyədə unikal uyğunluğunu yaradır.
Bundan başqa, Salman Rüşdinin islam, xristianlıq, buddizm, hinduizm və başqa dinlərin elementlərindən yararlanması da kinomaterialda əksini tapmır, bu da, təbii ki, filmin məna miqyasına, estetik dəyərinə təsir göstərir.
Romanda tarixi hadisələrlə paralellik qəhrəmanın şəxsi həyatı ilə iç-içə girir, vahid, ayrılmaz həyat modeli kimi təqdim olunur. Filmdə isə tarixi hadisələr ötəri, səthi işlənir, montaj dramaturgiyasındakı natamamlığın, adekvat bədii həllin yoxluğu üzündən Səlimin özəl həyatı ilə ahəngdarlıq təşkil eləmir, onun taleyindən yan keçmiş təəssüratı yaradır: misalçün, Pakistanda çevriliş, İndira Qandinin fövqəladə vəziyyət elan etməsi, gecəyarı uşaqlarının həbsi və s. Nəticədə romanın malik olduğu mühüm bir məziyyət itirilir. İndira Qandinin gecəyarı uşaqlarını həbs əmri verərkən iri planda yemək yeməsinin karikaturalaşdırılması maraqlı həlldir. Ancaq belə bir yanaşma yuxarıda sadaladığım səbəblərdən orqanik görünmür.
Əvvəldə Hindistanın müstəqilliyinin elan olunması sənədli kadrlarda yer alır. Ancaq bu sənədli kadrlar əhvalatda haşiyə statusunda görünür. Başqa cür desək, sənədli kadrların kompozisiyaya daxil edilməsi bədii təsvirlərlə vizual-dramaturji baxımdan uyuşmur, kənar, müstəqil epizod təsiri bağışlayır. Təhkiyədəki qüsurların bir səbəbi də rejissorun Səlimin həyatına daha çox aludəçiliyidir.
Qısası, Dipa Mehtanın romana fərqli yanaşması olmadığından, film ənənəvi hind kinosu estetikasında alınıb.
"Gecəyarı uşaqları" Toronto festivalında nümayiş olunub. Səlim Sinay rolunu hind-britaniyalı aktyor Satya Bhaba ifa edib.
Filmin çəkilişləri 2011-ci ildə Şri-Lankanın Kolombo şəhərində baş tutub. Rejissor müsəlman fundamentalistlərinin etirazlarından çəkinərək filmi Pakistanda lentə almayıb. Hindistanda isə İndira Qandinin ailəsindən və Hindistan Milli Konqresi partiyasının tərəfdarlarından ehtiyatlanaraq çəkilişləri burada aparmayıb. Filmdə istifadə olunan mebellər, rekvizitlər, kostyumlar Hindistandan gətirilib.
"Gecəyarı uşaqları" filmi Hindistanda ilk nümayişdən sonra Milli Konqres partiyasının kəskin etirazı ilə qarşılaşıb. Etiraza səbəb keçmiş baş nazir İndira Qandinin obrazının filmdə mənfi verilməsidir. Bundan sonra filmin nümayişi dayandırılıb. Qeyd edim ki, romanın çapından sonra İndira Qandi Britaniya məhkəməsinə müraciət edərək, əsərdə onun təhqir olunduğunu iddia edib və müəyyən hissələrin çıxarılmasını istəyib. Yazıçının razılığı ilə növbəti nəşrlərdə həmin hissələr çıxarılıb.