Kulis.az Sevda Sultanovanın yeni çəkilmiş kommersiya filmləri – “Qızqaçırtma 2”, “Mövsümün sonu” yazısını təqdim edir.
Növbəti yazım üçün kommersiya məqsədilə istehsal olunmuş “Qızqaçırtma 2” bədii filmini seçdim. Adı çəkilən ekran işinin eyniadlı birinci hissəsindən öncələr saytımızda yazmışdım. Hər iki filmin rejissoru Rüfət Şahbazovdur.
Nəsə, yazı üçün “Qızqaçırtma 2” yə baxmaq istədim. Daha doğrusu izləməyə başladım, ancaq filmin 10-15 dəqiqəsindən sonra yarımçıq saxladım. İstənilən səviyyəli, istənilən keyfiyyətli filmə baxıb ondan yazmaq mənim işimdir. Lakin “Qızqaçırtma 2”-yə baxanda məzmunsuzluqdan, bədii estetik zövqsüzlükdən, təkrarçılıqdan sözün həqiqi mənasında ürəkbulanma hissi keçirdim. Belə bir hissi zaman-zaman digər kommersiya filmlərimizə baxanda da yaşayıram. Ona görə mümkün qədər eyni biçimli fabrik məhsullarına bənzəyən kommersiya filmlərimizdən yazmamağa çalışıram.
On ilə yaxındır, ölkədə kommersiya kinosunun (əsasən komediya janrında çəkilən filmləri nəzərdə tuturam) bumu yaşanır. Gözləmək olardı ki, zaman keçdikcə vulqarizm, oxşar süjetlər, oxşar çəkiliş tərzi fərqli keyfiyyətə keçəcək, nəsə başqa tendensiyalar da yaranacaq, üslub, ifadə vasitələri, aktyor oyunu yenilənəcək və s. Axı, pis yaxşı milli kinematoqrafiyanın bir ənənəsi var. O cümlədən komediya janrının... Demək istədiyim odur ki, bütün hallarda kino ənənəsinə bələd olmadan, kinematoqrafiya sənəti haqda yetərli bilgilərə sahiblənmədən ortaya nəsə əhəmiyyət daşıyacaq məhsul qoyulmur. Misalçün, “bütün dövrlərin ən pis rejissoru” adı verilən, “zövqsüzlüyün etalonu” , “treş kralı” (treş – düşünülmüş vuqarlığıyla, ştamplarıyla seçilən kütləviliyə hesablanmış incəsənət) adlandırılan amerikalı Edvard Vud belə kult sayılan filmlər çəkib, məşhur amerikalı rejissor Tim Bertonun və digərlərinin yaradıcılığına təsir göstərib.
Amma indi istehsal olunan “Qızqaçırtma 2” kimi filmlər hansı yaradıcı, kinematoqrafik əhəmiyyət daşıyır, mövzuya nə kimi yeni rakurs sərgiləyir? Elə filmin ilk dəqiqələrindən hiss olunur ki, rejissor yenə də köhnə kürüş klip estetikasında, anekdot yığımı formasında əhvalat qurub, onu məna kəsb etməyən zarafatlarla doldurub.
Misalçün, ilk epizodlardan birində Elşən Hacıbabayevin oynadığı personaj bacısını Fildişi Sahilindən olan kişiyə ərə verməyə hazırlaşır. Elçilik zamanı onlara şirinçay gətirən kişiyə gələcək qaynı çımxırır: “Mazut girdi qaba, oldu içməli”. Bununla da personajın dərisinin rənginə təhqiramiz şəkildə işarə olunur. Ki, bu da irqçi yanşamadır. Əgər süjetdə irqçi yanaşma varsa belə, onun əsası, konteksti olmalıdır və özlüyündə nəsə məzmun daşımalıdır. Ancaq həmin vəziyyətdə səslənən replika sadəcə bayağı anekdot intonasiyasında təhqirdir.
Yaxud Fərda Xudaverdiyevin obrazının söyüşü və ya qatar bələdçisinin “deyəsən, klarnetin düzəlib axı” kimi yenə də altmənalı (mahiyyətcə isə mənasız) seksual fikirlərin süjetboyu qabardılması ondan xəbər verir ki, kommersiyanın komediya istiqaməti tənəzzül dövrünü yaşayır.
Ümumiyyətlə, kobud leksikonun kinoda yer almasının əleyhinə deyiləm. Sadəcə dediyim kimi müəllif onun dramaturji əsasını verə bilməlidir. Bu yaxınlarda izlədiyim, Rotterdam festivalında mükafat alan, Elmar İmanovun “Mövsümün sonu” bədii filmində də açıq sözlərlə cinsəl söyüşlər ifadə olunur. Ancaq rejissorun ekran mədəniyyəti olduğundan və kinonun nə olduğunu bildiyindən söyüşlər personajlar arasındakı konfliktə əsasən tamamən yerinə oturur, təklif olunmuş vəziyyətdən doğur.
Doğrudan da, komediyaları çəkən rejissorlar, ssenari yazanlar heç papaqlarını qabağına qoyub düşünürlərmi ki, fizioloji söyüş və yumor nəyi ehtiva edir, materialda funksiyası nədir? Yoxsa onlar zibil çəkdiklərinin fərqindədirlər?
Maraqlı gələn odur ki, kommersiya filmləri çəkən rejissorların, ssenaristlərin tamaşaçı təcrübəsi hansı filmlərə əsaslanır? Kino sənətini öyrəndikləri başqa mənbələr varmı? Ümumiyyətlə, nəsə öyrənməyə meyllidirlərmi? Ədəbiyyat oxuyurlarmı? Təsviri sənətlə maraqlanırlarmı? Yaxud rol aldıqları bütün filmlərdə demək olar ki, eyni qaydada oynayan, özgələşə bilməyən, basmaqəlib jestlərdən, bədən dilindən istifadə edən komediya aktyorları (Fərdası olsun, Elməddini olsun, İslamı olsun) rol üzərində necə işləyirlər, hansı metodları tətbiq edirlər və ümumiyyətlə edirlərmi?
Bu haqda dəfələrlə yazmışam. Yenə xatırlamaqda fayda var ki, komediyalar reallığımızdan uzaqdır. Halbuki, bədii əsər hansı janrda çəkilməyindən asılı olmayaraq, günümüzün insanına, reallığına bir şəkildə toxunmağı bacarmalıdır. Hətta zibil çəksə belə...
İtaliya kinematoqrafiyasında 1936-43-cü ilə qədər davam edən “bəyaz telefonlar dövrü” olub. Mussolininin hakimiyyəti dövründə mövcud olan, bu tendensiyanın məhsulu olan filmlər ailə dəyərlərini təbliğ edirdi, bahalı dekorasiyalarda çəkilirdi və ağ telefonlar yer alırdı. Bəyaz rəngli telefonlar o dövrdə yüksək cəmiyyəti, zənginliyi ifadə edirdi. Sosial-ictimai konteksti olmayan, qayğısız həyatı göstərən bu yüngül filmlər hansısa proqresdən, analoqu olmayan inkişafdan danışırdı və italyan gerçəkliyinə adekvat deyildi. Getdikcə bəyaz telefon filmləri daha da bayağılaşdı, mövzular təkrarlandı və faşist rejiminin süqutundan sonra ömrünü başa vurdu. Və o, yerini dünya kinosuna təsir edən italyan neorealizminə verdi...
Bizim dünya kinematoqrafiyasına təsir göstərən hansısa kinotendensiya yaradacağımıza əmin deyiləm. Ancaq fizioloji yumorlu kinonun başqa, keyfiyyətli tendensiya ilə əvəz olunacağına inanmaq istəyirəm.