Polkovnikin məzarındakı sirli məktublar - ŞƏHİD HEKAYƏTİ

Polkovnikin məzarındakı sirli məktublar - <span style="color:red;">ŞƏHİD HEKAYƏTİ
12 iyul 2016
# 13:47

Bu gün aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Kulis.Az bu münasibətlə onun evindən reportajı təqdim edir.

Getmək asandı...

Danışdırmaq asandı...

Yazmaq asandı...

Amma bir yana baxanda elə getmək də, danışdırmaq da, yazmaq da çətindi...

Etiraf edim, əlim qələm tutandan ilk dəfədir...

Hələ indiyədək heç bir şəhid ailəsi ilə görüşə getməmişəm. Qaçmışam bu mövzulardan. Çünki getməyin, danışdırmağın, yazmağın asanlığından utanıb, getməyin, danışdırmağın, yazmağın çətinliyindən qorxmuşam.

Axı sənin bütün balaca-böyük “mak-mək”lərinin qarşında bircə feil var və “mak-mək”lə bitən bütün feillərin topasına bir təpik qoyur: vətən uğrunda canını fəda etmək!

Vətən sözündən də qaçmışam həmişə.

Ta o vaxtacan ki, qaçmağa yerim olmayıb.

İlk dəfədir, bəli!

İlk dəfədir Vətən sözündən qaçmaq istəməmişəm və ilk yazımdır Vətən sözünün bu qədər yerli-yerində işlədiyini görürəm.

İlk dəfədir Ana ilə Vətən sözlərinin yaxın yox, eyni məna verdiyinin şahidi oluram.

Çünki anası da şəhid olmuşdu...

Hələ Ağdam alınmamış...

Özü də harda; cəbhə bölgəsində və cəbhədə olan övladlarına yemək apardığı yerdə.

Şəhid olub orda da dəfn edilmişdi.

Vətən anaya, ana vətənə qovuşub bütöv olmuşdular.

Vətəni ana olduğu üçün vurmuşdular, ananı vətən olduğu üçün.

Ana-anaya, vətən-vətənə qovuşmuşu.

Və bu, sözün müstəqim mənasında, analaşan vətəni, vətənləşən ananı qorumaq üçün bir kişi lazım idi, ya yox?!

Lazım idi, əlbəttə!

Və o kişi vardı!

İlk dəfədir vətəni bu qədər ana, ananı bu qədər vətən görürdüm.

Və ananın vətən, vətənin ana olduğunu anladığı üçün 24 illik qanlı mücadilədən sonra şəhid olan polkovnik-leytenant Raquf Orucovun Sumqayıtda - 14-cü kvartaldakı mənzilində əbədi tərk edib getdiyi başqa bir ananın görüşünə gedirdim.

İpotekası iki il əvvəl bitən evlərinin qonaq otağı ağ-qara oboyla bəzənib. Həyat yoldaşı Sevinc xanımın işidir. “O, belə şeylərə baş qoşmazdı” – deyir. Ağ-qara oboyla yanaşı bu otağı həm də igid polkovnikin iri fotoşəkli bəzəyir. Güzgünün qabağına qoyublar. Sən özünə baxmağa gedirsən, qarşında Raquf Orucovu görürsən. Çünki hardasa, necəsə aldığın nəfəs üçün bir az da ona borclusan. O fotodan boylanan həm də bir az sənin özünsən, sənin varlığın, kimliyin, xalq kimi, vətəndaş kimi müqəddəratındır.

Özü bu evdə üst-üstə heç bir ay yaşamayıb. Gələndə də bir ayağını çaparaq qoyub. “İçində həmişə güllə açılırdı, nə olsun atəşkəs idi” – Sevinc xanım dilinə gətirməsə də bu sözü onun gözlərindən oxuyuram. Hətta o qədər aydın ki, oxumasam qələm mənə haram olar.

Ailə albomunda fotolarına baxıram, hərbi paltarda çox zabitəli, adi geyimdə çox mülayim görünür. Sanki fərqli adamlardır. Deyəsən, bunu sezən təkcə mən deyiləm.

İnsan kimin üçünsə dost, kimin üçünsə komandir, kimin üçünsə qəhrəman ola bilər. Amma kimin üçünsə oğul, həyat yoldaşı, yaxud atadırsa, külahlar dəyişir. Bir az inciməzmi ola Sevinc xanım? Məzarının üstündə hamıdan gizlicə pıçıldamazmı ola: “Vətəni anladıq, bəs biz?”

Sevgi olan yerdə qısqanclıq qaçılmazdır.

Tanrı o vaxt alnını ovuşdurur ki, adamı vətənə qısqanasan!

Və az keçməmiş özünə təsəlli verəsən: “Anasını orda vurmuşdular... Ona görə...”

Bu vətən məcnunluğuna bir səbəb tapmalısan axı. Yoxsa kimsəni inandıra bilməzsən.

Bir adam 24 il yorulmadan, usanmadan, bezmədən, qorxmadan, çəkinmədən, həvəsdən düşmədən necə mücadilə verə bilər?!

Belə bir vətən oğlunun on illərlə ərəb xilafətinə boyun əyməyən Babəkdən nəyi əskikdi?

Səmimi olaq, zaman keçdikcə adam ananı da unudur, torpağı da, vətəni də.


Ən azı hər şey sərinləyir, yavaşıyır bir az.

Onda unutmaq, səngimək, yavaşımaq alınmadı. Bir növ vətən özü işə saldı onu. Seçib-sonalayıb barmağını onun üstünə qoydu. Qurbanın gözəlini seçməzlərmi?

Elə bir sevdaya saldı ki, nə 26 ildir arı yeşiyi boyda dar bir yataqxana otağında yaşayan qoca, əlil atası gəlib durdu gözünün qarşısında, nə də qulağı televizorda, gözü şəhid siyahılarında qalan ailəsi-uşağı.

Tərəzinin bir gözündə vətən vardısa, o biri gözünə nə qoydularsa yüngül gəldi.

Bunu hamı deyir.

Tabe olduğu zabit də, tabeliyində olan əsgər də, əhatəsində olan qohum da, uzaqdan tanıyan yad da!

Amma biz bu gün qohumlarını, ən yaxın, ən doğma adamlarını danışdıracağıq. Özü də heç nəyə müdaxilə etmədən.

Onların ən azı buna haqqı çatır.

Atası İbrahim kişi:

“Desəm ki, yanmıram, içimdən ərimirəm, yalan olar. Desəm ki, fəxr eləmirəm, bu da yalan olar. Ürəyimin bir yanıyla qan ağlayıram, o biri yanıyla qürur duyuram. Amma sözü dağa-daşa salmadan elə isti-isti deyim ki, balama layiq olduğu adı versələr, elə bilərəm ölməyib! Kişiyə layiq olduğu adı vermək lazımdı. Bunu din-şəriət də deyir, adət-ənənə də, qanun-qayda da. İndi o zaman deyil ki, Koroğlu kimi, Babək kimi dillərdə dastan olmaq bəs eləsin. Hər şeyin qaydası var.”

Həyat yoldaşı Sevinc xanım:

“İnanmamaq haqqınızdır, məndən söyləmək: o, əsgərlərini övladlarından çox istəyirdi. Belə olmasa onların yanından evə qaçardı, evdən onların yanına yox. Martın 20-si gəlmişdi, biz də elə bildik neçə ildən sonra bayramı bizimlə keçirməyə gəlib. Sən demə, işi varmış. Evə dəyib getdi. Gecə gəlmədi. Soruşa da bilmirdim. Bircə kəlmə deyirdi: “İşinlə məşğul ol”.

Qardaşı Amil:

“Qaradinməz idi. Susurdu həmişə. İllah da son illər. Ağzını bıçaq açmırdı. Bircə biz kənd-kəsəkdə tanıdığımız adamlardan lətifə danışanda ürəkdən gülürdü, kefi açılırdı”.

Bacısı Tünzalə:

“Hamımızdan böyük idi deyə, onu hamıdan çox istəyirdik. İstəkli qardaşıydı. Hələ indiyədək mənə güldən ağır söz deməmişdi. Nəinki xətrimə dəymək, üstümə acıqlanmaq”.

Əmisi Famil:

“Əmisi olsam da uşaqlığımız bir yerdə keçib. Açığını deyim ki, biz onun bu qədər igid bir zabit olduğunu bilmirdik. Uşaqlıda çox sakit idi, dinib-danışmırdı. Təsəvvür edin, rəhmətlik Heydər Əliyev ona orden verəndə televizordan təsadüfən bildik. Sonra məlum oldu ki, çoxlu ordenləri-medalları varmış, bizə demirmiş”.

Qardaşı Amil:

“Məndən böyük idi, ancaq heç vaxt xətrimə dəymirdi. Bircə futbolda acığı tuturdu mənə. Mən müdafiədə yaxşı oynayırdım, o hücumçu idi, məni keçə bilməyəndə hirslənib döyürdü”.

Əmisi Famil:

“Sizə deyim, uşaqlıqdan canında kəşfiyyatçılıq vardı. Müharibə təzə-təzə qızışanda dostlarıyla ermənilər yaşayan Fərrux kəndinə gedib çəpərlərə od verirdilər. Sonra yanımıza gəlirdilər ki, görən oraları kim yandırıb. Biz çox sonralar bildik ki, çəpərləri yandıran bunlar imiş”.

Atası İbrahim kişi:

“Mənim atam Cavad kişi də 1941-45-də kəşfiyyatçı olmuşdu. Bədənində neçə qəlpə vardı. Səkkiz-doqquzunu çıxardılar, biri ürəyinə yaxın idi deyə toxuna bilmədilər. Sol qabırğalarının ucunu mərmi aparmışdı”.

Həyat yoldaşı Sevinc xanım:

“Bibisi qonşumuz idi, məni ordan tanımışdı. Nişanlandıq, altı aydan sonra toyumuz oldu. 1999-cu ildə... 17 il bir yerdə yaşadıq. Amma bu, sözün birbaşa mənasında bir yerdə yaşamaq deyildi. Budur, baxın ailə albomumuza, gör bir istirahət mərkəzində şəklimiz var? Yaxud baxın, görün, bizimlə şəkilləri çoxdur, yoxsa əsgərlərlə? Qohum-qonşu Türkiyəyə, Dubaya gəzməyə gedirdi, mənə deyirdilər, polkovnik arvadısan, özün də ali təhsilli hüquqşünas, universitet müəlliməsisən, sən niyə getmirsən? Bircə dəfə də alnımı qırışdırmadım. Çünki bizim həyatımızın hamı kimi olmadığını bilirdim. Həm də o, mənə yalan deməmişdi. Evlənəndə, necə bir həyat yaşayacağımızı söyləmişdi”.

Oğlu Aqşin:

“Tez-tez Ağdama aparırdı bizi. Bərdədən keçəndə Ağdam yazılan yer var, bayrağımız da var, orda həmişə maşından düşürürdü. Ən çox sevdiyi yer idi. Orda çoxlu şəkilləri də var. Bir də uzaqdan doğulub böyüdüyü dağların ətəyini göstərirdi mənə, deyirdi, tanı oraları. Amma nənəmdən heç vaxt danışmırdı. Atamı anasından danışan görmədim. Heç o qadının şəklini də görməmişəm. Quzanlıya çox gedirdik. Bir neçə dəfə Çəmənliyə, Seyid Lazım ağanın ziyarətgahına aparıb bizi. Atam deyirdi, o, çox yaxşı kişi olub, hamı sevir onu”.

Qardaşı Amil:

“Anam Rayanı ermənilərin minaatan mərmisi öldürdü. 1993-cü ildə. Evimiz güllə mənzilində idi. Ona görə anamı qonşu Xaçın kəndində qoymuşduq. Raquf ön cəbhədəydi. Anam hər gün bizə yemək bişirib gətirirdi. Bir gün gələndə yanına minaatan mərmisi düşdü. Bu hadisə hamımızdan çox Raqufa təsir eləmişdi. Söz vermişdi ki, anasının qisasını almayınca silahı yerə qoymayacaq. Aqşin düz deyir. Uşaqlarını da həmişə Ağdama aparırdı ki, oraları tanısınlar”.

Həyat yoldaşı Sevinc xanım:

“Uşaqlar arada gileylənirdilər: “Ana, Ağdama nə qədər gedəcəyik? Bir dəfə də ayrı yerə gedək”. Deyirdim, a bala, atanız harda, biz də orda! Aqşin 10-da oxuyur indi, Nihad 4də. Biri riyaziyyat üzrə hazırlaşır, o biri şahmatçıdır. Nihada daha çox bağlı idi. Bu da ona. “Atanın sevimli oğluyam” – deyirdi. Atasının öləcəyini yuxuda görmüşdü. Cənazəsi gələndə öz otağına keçib işığı söndürdü, başını yorğana büküb özünü yuxuluğa vurdu. O qədər çığırışmanı, ağlaşmanı eşitmirdi elə bil. Barışa bilmirdi. O cənazəni qəbul eləmirdi. Hələ də o cənazənin atası olduğuna inanmayıb. Ancaq Aqşin ağlayıb ürəyini boşaltdı”.

Oğlu Aqşin:

“Mənə həmişə bircə söz deyirdi: “Oxu”. Kitabla görəndə zarafatlaşırdı: “Professor, necədi işlər?” Mən də öz aramızda ona ağsaqqal deyirdim. Özünə yox a... Özünə, “ata” deyirdim. “Cənab polkovnik” demək də ürəyimdən keçirdi arada, amma nədənsə dilimə gətirə bilmirdim”.

Həyat yoldaşı Sevinc xanım:

“Aprelin 3-ü günorta zəng eləmişdi. Ondan yer, ünvan soruşa bilməzdik. Səsində də heç bir narahatlıq yox idi. Amma atəş səslərini eşidirdim. Bilirdim ki, vəziyyət qarışıqdır. Ömrümdə ilk dəfə cəsarət edib döyüşlə bağlı ona belə bir söz dedim: “Səni itirsəm, harda axtarım?” Və ömrümdə ilk dəfə mənə bir yer nişan verdi: “Qəzaya düşdüyümüz yerdə...” Goranboyu deyirdi, bir dəfə orda qəzaya düşmüşdük”.

Əmisi Famil:

“O qəzanı çox yaxşı xatırlayıram. Bir az qorxmuşdu. Bilirsiniz, niyə? Qəzada ölməyi özünə sığışdırmazdı. Diliylə də dedi. Dedi, bu qədər əziyyət çəkmişəm, Allah məni belə öldürməz”.

Həyat yoldaşı Sevinc xanım:

“Ərin polkovnik ola, sən sıravi əsgər kimi onun dalınca hərlənəsən, görüşünə gedəsən. O gəlmirdi, biz gedirdik. Murovda işləyəndə düz 8 il gedib Toğana kəndində yaşadım. Aqşin də orda doğuldu. Uşağın məktəb yaşı gələndə qayıtdım Sumqayıta. Həm də həmin vaxt onu Ağstafaya dəyişdilər”.

Qardaşı Amil:

“Məncə, şəhid olacağını bilirdi. Biz inanmırdıq, amma özü bilirdi. Ayağında iki qəlpə vardı, hava soyuq olanda incidirdi. Ha deyirdik, get əməliyyat elətdir, getmirdi. Deyirdi, Ağdam alınandan sonra əməliyyat etdirəcəm. Aprelin 4-ü günü elə qəlpələrdən də şəhid oldu. Yanında top mərmisi partlamışdı”.

Həyat yoldaşı Sevinc xanım:

“Yerindəcə keçinib. Bütün Azərbaycan Raqufun öldüyünü bilirdi, məndən başqa. Gizlədirdilər. Bir yandan da həkim iynə ilə keyitmişdi məni. Tezdən işıqlaşanda hadisə olub, mən axşam 9 radələrində bilmişəm. Hardasa 15 saat sonra...”

Atası İbrahim kişi:

“Məni də aldatdılar. Guya Raqufgilə elə-belə gedirik. 4-ü günü axşam bildim. Qapıya çatan kimi camaatı görəndə anladım. Bu qədər millət orda nə gəzirdi?”

Əmisi Famil bəy:

“Yalnız kişilərin məclisinə üç mindən çox adam gəlmişdi. Hələ bu, bizə məlum olanıdı”.

Həyat yoldaşı Sevinc xanım:

“Sadə insanların münasibətindən narazı qala bilmərəm. Adamın üstündə Allah var. Hətta bəzən elə münasibət görürəm ki, heç beləsini gözləmirdim. Gündə neçə məktub yazıb qəbrinin üstündəki daşların altına qoyurlar. Mən də onları səliqəylə yığıb evə gətirirəm. Deyirəm, bəlkə nə vaxtsa kitab elədim. Hamı onunla qürur duyduğunu yazır. Hər adam belə sevgi qazana bilməz. Bu sevgi təmənnasızdır, səmimidir, əsl sevgidir. Nə yalan deyim, mənim də ümidim öləzimişdi torpaqlarla bağlı. Amma Raqufa, digər şəhidlərimizə olan münasibəti görəndə inamım artdı. Qürur duydum. Deməli, hələ son deyilmiş”.

Atası İbrahim kişi:

“Hələ elə dəfn görməmişdim. Sağ olsunlar. Allah xalqımızı var eləsin”.

Oğlu Aqşin:

“Mən də çox gec bildim. Anamla bir yerdəydik. Uğultu gələndə pəncərədən baxdıq ki, millət “Qarabağ bizimdir!” deyə-deyə həyətimizə axışır. Onda anladım ki, atam şəhid olub”.

Həyat yoldaşı Sevinc xanım:

“Mənə Murovdan bir gizir zəng elədi. Raqufun əsgəri olmuşdu. Bütün əsgərləri onu çox sevirlər. Dedi, Raqufdan xəbəriniz var? Dedim, hə, günorta danışdım özüylə, hər şey yaxşıdır. Nə bilim? Hətta gizir mənə dedi, onu axtarın, yenə unamadım. Çünki onun öləcəyinə heç cür inanmırdım. Onu erməni öldürə bilməz deyə düşünürdüm. O cür qəhrəman idi. İçimdə elə bir inam vardı ki, heç nəyə fikir vermirdim. Təsəvvür edin, qohumlar gəlib evi yır-yığış eləyir, mən yenə heç nədən şübhələnmirəm. Sonra mənə dedilər, yaralanıb. Düşündüm ki, ölməyə qoymazlar, vertolyotla da olsa gətirərlər. Bir az qan təzyiqim var. Həkim gəlib sakitləşdirici vurdu. Keyiyib mətbəxdə oturmuşdum. Birdən uğultu qopdu. Elə bildim küləkdir. Baxıb görəndə ki, adamların şüar səsləndirə-səsləndirə həyətə axışır, hər şeyi anladım...”

Bibisi Səyyarə arvad:

“Sonuncu dəfə atasının ad günündə bir yerə toplaşdıq. Yanvarın 1-də. Bütün qohumlar. O da gəldi. Axırıncı görüşümüz bu oldu. Elə mehriban, istiqanlı idi ki... Yüzü yüz söz desin, onun dağı ölənəcən sinəmdən getməyəcək!”

Qardaşı Amil:

“Meyitini görüb inanmamışdılar. Çünki getdiyi ən ağır əməliyyatlardan sağ-salamat qayıtmışdı. İndi necə ölə bilərdi? Əfsanələşmişdi. Amma biz bunu ölümündən sonra dərk elədik. Qardaşım olsa da, mən onu bu qədər igid bilmirdim”.

Atası İbrahim kişi:

“Yaxşı ki, oğlanları var, onlarla nəfəs alıram. Bundan sonra mənim də, elə bütün qohumların da, bütün qarabağlıların da bircə arzusu budur ki, ona layiq olduğu adı versinlər. Ömrü verən də, alan da Allahdır. Amma elə şeylər var ki, o, bizim öz əlimizdədir. Gərək haqqı olanın haqqını verəsən”.

Həyat yoldaşı Sevinc xanım:

“Vətən torpağını istəyirdi, ona da qovuşdu. Şəhidlər xiyabanı bilirsiz hardadı? Budu burda, lap yaxınlığımızda. Raquf bizə heç vaxt bu qədər yaxın olmamışdı”.

Söhbət bitər-bitməz Şəhidlər xiyabanına - polkovnik-leytenant Raquf Orucovun ziyarətinə getdik. Oğlu Aqşin də bizimlə idi. Məzarının başı ziyarətçilərlə dolub-daşırdı. Üstünə çiçək düzənlərin çoxu Aqşinin kim olduğunu bilmirdi heç. Çataçatda qulağıma pıçıldadı: “Sağında dəfn olunan atamın əsgəri olub. Yenə yanaşıdılar”.

Fotoqrafımız Şahin Aqşindən xahiş elədi ki, növbəti şəkil üçün atasının məzarının yanında dayansın. Açığı, mən bunu deməyə ürək eləməzdim. Amma fotoqrafın işinə qarışmağa da haqqım yox idi. Aqşin getdi və atasının şəklinin hüzurunda yerə çökdü ki, ondan hündür görünməsin. Və atasına baxdı... baxdı... baxdı... Fotoqraf Şahin həmin duyğulu anları fotoaparatın yaddaşına köçürəndə qəfil Aqşinin adaşı olan şair dostumuz Aqşin Yeniseyin bir misrası yadıma düşdü:

“Ata, sən indi vətənin ən təhlükəsiz yerindəsən!”

lent.az, 25.04.2016

# 4330 dəfə oxunub

Müəllifin son yazıları

# # #