Füzulini miskin hala salan qadın

Füzulini miskin hala salan qadın
19 avqust 2013
# 12:00

Bir türk komediyasında gənc oğlan körpüyə qalxıb özünü ordan atacağını bəyan edir. Ətrafdakı insanlar toplaşıb gənci fikrindən daşındırmağa çalışır.

Komediyada cəmiyyətimiz üçün çox önəmli olan iki nüansa toxunmaq istərdim.

Birincisi, hansısa telekanaldan gələn aparıcıyla bağlıdır. O, ciddi cəhdlə arzulayır ki, adam körpüdən atlasın və operator bu maraqlı anları saniyəbəsaniyə lentə köçürsün. Amma adam atlamır!

Ziddiyət uzandıqca uzanır. Bu zaman aparıcı intihar etməyə hazırlaşan gəncin üstünə qışqırır: “Adamsan, qırx ilin başında bir xəbər yaxalamışıq, onu da yubadırsan. Hadi atla görək!”

Efirə qoşulanda isə bu sözləri deyil: “Dəyərli tamaşaçılar, bu an bir gənc özünü körpüdən atmaq istəyir, biz isə əlimizdən gəldiyi qədər ona mane olmağa çalışırıq!”

Nədir adamlarda bu əyləncə azarı?

Və hətta bu əyləncəni kiminsə faciəsi üzərində qurmaq ehtirası?

İnsanlıqmı öldü?

Bu barədə növbəti yazımda bəhs edəcəyimə söz verib həmən ikinci nüansa keçirəm.

Yaşlı qadınlardan biri intihara hazırlaşan gəncə təsəlli verməyə, ona həyatın gözəlliyini, yaşamağın böyük nemət olduğunu başa salmağa çalışır və... Məhəmməd Füzulinin qəzəllərindən misallar çəkməklə fikrini əsaslandırmaq istəyir. Qəzəllər isə, bildiyiniz kimi, qadının istəyinin tam əleyhinədir.

“...Nə istəsən bulunur dərdə dəvadən qeyri”, “...Düşmən qəvi, tale zəbun”...

Mən Füzulini həmişə çox sevmişəm. Simvolik düşüncə bombardman ediləndə də, yeni dəyərlər klassika üzərində tam və qəti qələbə çalanda da, özüm Axundov-Mirzə Cəlil və Nazim Hikmət xəttinə məxsus yazılar yazanda da bu sevgim azalmayıb.

Füzulini güclü arqumentlərlə tənqid edənlər çox olub. Ancaq, etiraf etməliyəm, bu nəhəng şairi hələ belə aciz vəziyyətdə görməmişdim. Onun simvollarının altındakı mənalara varmağa kimsənin hövsələ etmədiyi bir vaxtda irfan kontekstindən çıxarılmış şair çox miskin göründü gözümə. Ondan ayrıldığımızı, onu yadırğadığımızı bütün ağırlığı ilə hiss etdim.

Əcəba bu qəm-kədər bizi hardan belə mübtəlasına çevirdi?

Şiəlikdən gələn hüzn idimi ədəbiyyatımızı, ən dəyərli söz adamlarımızı ağuşuna alıb oynadan, onun qapısını döyən, ona göz yaşından su verən, hicrandan məşq etdirib, qəmdən dərs aldıran? Bir xalq nə qədər əzilməli, nə qədər sıxılmalı və nə qədər sındırılmalıdır ki, ən dəyərli şairlərindən biri “Görüm açılmasın bu sabahları” kimi pessimizmin qaramatına bulaşmış misra söyləsin. Ən məşhur deyişməsinin rədifi “Ağlarsan” olsun.

Ən həzin bayatısında bulağa qan-yaş tökmək arzulasın.

Məncə ədəbiyyatımızın dəhşətli ümidsizlikdən xilas yolu məhz Axundov və Nazim Hikmət ənənələridir.

Ən ağır anlarında belə yumor hissini itirməyən Axundov...

Həbsxanadan evə buraxılan kimi arvadı hamilə edən Nazim Hikmət...

Fikrimi “Kelebeğin röyası” filmindən bir fraqmentlə tamamlamaq istərdim.

İkinci Dünya Savaşının yoxsul Türkiyəsində məhrumiyyətlər girdabında qalan vərəmli şair uzun yaşamayacağını bildiyi halda sevdiyi qıza deyir:

“Sən çox gözəlsən, səbəbsiz də, gülə bilərsən!”

Səbəbsizsə də gülümsəməyi bacarmaq gərək.

# 3054 dəfə oxunub

Müəllifin son yazıları

# # #