İlqar Fəhmiylə dərdləşmə

İlqar Fəhmiylə dərdləşmə
20 noyabr 2012
# 13:43

İnanmayacaqsınız, o günü yolum Azərbaycan Yazıçılar Birliyinə düşdü... Vacib bir iş üçün! Zatən vacib, hətta çox vacib iş olmayanda bu məkana gəlməyi xoşlamıram. Sıxılıram bu binada. Havam çatmır. Bu dəfə də narahat hiss etdim özümü. Həmişəki kimi, yaxın bildiyim beş-üç nəfərdən birini axtardım. Heç kim yox idi. Xəbərçilik olmasın, işə gəlirlər ki! Üçmərtəbəli binanın illüzionist memarları tərəfindən təxəyyül edilmiş dördüncü mərtəbəsinə qalxdım. Bircə Güney təmsilçisi Sayman Aruzun qapısını açıq gördüm. Öncə, adətim üzrə, “Azərbaycan” və “Ulduz” jurnallarının redaksiyasına baş vurmaq keçdi ürəyimdən. Vurdum da! Yazıçı dostum İlqar Fəhmi dünyanın gözündən oğurlanıb siqaret qoxusu gələn balaca otağında filmə baxırdı... Məni görcək kompüterə “dayan” əmri verib ayağa durdu. Mehribanca görüşdük, hal-əhvaldan sonra əyləşib dünyanın gəliş-gedişindən gap eləməyə başladıq.

İlqar Fəhmini, yalan olmasın, 40 ildir ki, tanıyıram. Nə olsun yaşımız hələ 40-a çatmayıb. Hər halda mənə belə gəlir. İçimdə zaman sürətlə keçib və məncə daha çox enerji xərcləyib, daha çox qocalmışam. İlqar deyəsən bir az cavan qalıb məndən. Araqçını-qəlyanı, ağır yerişi-duruşu sizi aldatmasın!

İlqar Bakı uşaqları arasında Rövşən Naziroğlundan sonra mənə ən yaxın qələm adamı olub. Görüşdüyümüz ədəbi məclislərdə, çay süfrəsi arxasında onun bataqlığa bənzəyən qəzəl dünyasından çıxmağa, yeni, təzə, mütərəqqi işlər görməyə həvəsli olduğunu hiss etmişdim. Sonralar bu həvəs şeir və nəsrində, daha sonra romanlarında reallaşmağa başladı.

İlqar bizim içimizdə ən çox taleyi gətirən yazar oldu. Belə deyək, əlini böyüklərin ətəyindən üzmədi! Onlara qarşı çıxmadı. Həqiqətin üzünə baxıb susmağı bacardı. Buna səbri və əsəbi çatdı. Üstəlik bakılı olduğu üçün qalmağa yeri, qurdalanmağa kitabxanası vardı. Çörək və dolanışıq onu bizim qədər sıxmadı heç zaman...

Uzun illər aramızda bir soyuqluq da oldu İlqar Fəhmi ilə... Bu arada onun bir neçə kitabı çıxdı və ard-arda həm dövlət sifarişi ilə, həm də özəl kompaniyaların istehsalatında filmləri çəkildi.

İndi üz-üzə oturub rahatca söhbət etdiyim köhnə dostumun son vəziyyətini öyrənmək maraqlı idi. Məni dəhşətli bir ümidsizlik, dözülməz bir xəyal qırıqlığı çulğadığı vaxt o nə düşünürdü görəsən?

Rahat idi. Asta və məntiqlə danışırdı. Bir anlıq mənə elə gəldi ki, onun qara eynəyi həqiqəti görməmək, qara qulaqcıqları doğru sözü eşitməmək üçünmüş! Amma, deyəsən yanılırdım!

Kinodan danışdıq əvvəlcə. Gileyləndi. Amma gileyinin heç biri şəxsi müstəvidə – adamlarla bağlı deyildi. Ümumi prosesin mənasızlığını söylədi. Səbəb, təxminən mənə də aydın idi. Bütün sənətlər sayaq, nəhəng kino sahəsində də bir neçə vacib istiqamət var. Birincisi, yalnız ölkə üçün film çəkib, dövriyyəyə buraxmaq – yəni öz qabağından yemək! İkincisi, olub-qalanını, türk sinemaçıları kimi, Şərq tamaşaçısına hesablayıb pul-para qazanmaq. Üçüncüsü, Qərb xəttini götürüb azad yaradıcılığı inkişaf etdirmək. Arada biri də var – köhnə marşrut: Rusiya və postsovet məkanı! Nə yazıq ki, Azərbaycanda heç bir istiqamətdə ardıcıl fəaliyyət yoxdur. Bunun üçün də, indiyədək gedib ciddi bir mənzilə çata bilməmişik!

Mən, Qərb yolu təqdirəlayiqdir, söyləyincə, İlqar bəyin sifətində gizli bir təbəssüm dolaşdı. Və Qərbin kinodakı ideoloji maraqlarının bizim kimi balaca ölkələrin sənət adamları üçün dözülməz olduğunu söylədi. Doğrudur, onlar istedadlı nümunələri seçirlər. Ancaq birinci şərt istedad deyil, xüsusi maraqlardır ki, Şərqə, xüsusilə də İslam dininə qarşı çevrilib. Misallar İlqar bəyin barmağının altında – “mışka”nın düyməsində idi. Elə renessans dövrünü yaşayan İran kinosundan...

Biri Qərb tərəfindən bəh-bəhlə qəbul olunan “Qəndəhar səfəri”, o biri heç zaman ciddiyə alınmayan “Kərtənkələ” filmi...

Qərbpərəst Möhsün Mahmalbafın lentə aldığı “Qəndəhar səfəri” filmindən ilginc bir kadr: müharibədə ayağını itirmiş adamlar üçün ABŞ helikopterləri göydən protez ayaqlar atır. Protezlərin sayı adamlardan xeyli azdır, odur ki, topal adamların uzaqlara düşməkdə olan protezlərə tərəf dəhşətli bir qaçışı başlayır...

Azərbaycanlı rejissor Kamal Azərinin “Kərtənkələ” filmi isə İranın dini-imperialist siyasəti əleyhinə çəkilsə də, onun qərblilərin məntiqi ilə böyük bir qüsuru var: axund paltarını geyinib türmədən qaçan Kərtənkələ ləqəbli bir oğru bu paltara göstərilən ehtiramın sayəsində tədricən dəyişib əməlisaleh bir adama çevrilir! Böylə işmi olar, ağalar?!
Halbuki oxşar hadisə Vüktor Hüqonun “Səfillər” romanında var. Keşiş Mirielin kilsədən gümüş qaşıq oğurlayan qorxunc katorqalını gözlənilmədən bağışlaması onun içində əbədi bir işıq yandırır və az qala İsa Məsih məqamına qaldırır.

Bax belə! Necə deyərlər, bizə olar, sizə yox!

İlqar Fəhmi bir siqaret yandırıb tüstünü tavana tərəf üfürdü: “Ədəbiyyat da belədir!”
Mən isə ümidsiz səslə pıçıldadım: “Bilirəm!”

# 3029 dəfə oxunub

Müəllifin son yazıları

# # #