Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür. Kulis.az bu münasibətlə şairin Respublika xəstəxanasında həkim işləyən qızı Zöhrə xanımla müsahibəni təqdim edir.
- Xatirə deyəndə, ilk yadınıza nə düşdü?
- Biz görmüşük ki, tanınmış şairlər şair kimi başqa, insan kimi başqa olurlar. Söyün qağam insan kimi də, şair kimi də eyni idi. Biz yazıçıların evində yaşayırdıq...
- Hüsü Hacıyevdə?
- Bəli. Orda bütün şair-yazıçılarla qonşu idik. Biz onları insan kimi ayrı tanıyırdıq, yaradıcı adam kimi ayrı... Söyün qağam onlardan çox fərqlənirdi. Həyatda da şair idi. Süfrə arxasında otururduq, birdən görürdün yoxdu, aramızda deyil, kiminsə sözünü tutub dalınca uçub gedib harasa. Bu yaxınlarda 90 illiyi oldu... Siz yoxuydunuz?
- Yox...
- Orda, Nizami Cəfərov gözəl bir çıxış elədi. Dedim, Nizami müəllim, sən heç vaxt atam haqqında yazmamısan. Amma burda elə bir söz dedin ki, bir kitablıq yazıya dəyər. İndən belə yazsanız da, yazmasanız da fərq eləməz. Dedi, necə ki, atalar sözləri, bayatılar, necə ki, xalq yaradıcılığı müzakirə olunmur, eləcə də Hüseyn Arifin yaradıcılığı müzakirəsiz qəbul olunur.
- Siz də “Qağa” deyirdiniz ona?
- Bizim zonada ataya “Qağa” deyirlər. Bizə bunu anam öyrədib. Söyün qağamın anası... Qızı yox idi, ona görə bizi öyrətmişdi ki, ona “Ana” deyək. Atamıza “Söyün qağa” deməyi də o öyrətmişdi...
Hüseyn Arifin qızı Zöhrə xanım
- “Söyün qağa” deyə müraciət edirdiniz?
- Hə.
- Belə müraciət olmur axı... Təsəvvür edin, qızı deyir, Söyün qağa, çay içirsiz?
- (Gülür) Eləcə deyirdik... Nə bilim. Anam (nənəsi - red) belə öyrətmişdi. Öz anamızı isə adıyla çağırırdıq.
- Olsun. Söyün qağayla bağlı çoxlu lətifələr var. Evdə də zarafatcıl idi?
- Onunla bağlı lətifələr əslində lətifə deyil, gerçək əhvalatlardır. Həyat tərzi belə idi. Misal üçün, qonşumuz daima başımıza su tökürdü. Damırdı evimiz. Yuxarı qalxıb nə qədər desək də xeyri olmurdu. Bir gün Ağstafadan qohumu gəlmişdi, Söyün qağam dedi, gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazağın “Damcılı bulağ”ındayam.
- Kim idi Söyün qağanın başına su axıdan o yazıçı?
- Yazıçılar evində yox... Basində qalan vaxtı...
- Sözü yaxşı oynadıb...
- Həəə... Amma elə lətifələri var ki, “nisenzurnı”dı... Rəhmətlik İsmayıl Şıxlı kitaba salanda bütün yazılanlara görə öz razılığını almışdı. Onun haqqında film çəkəndə İsmayıl müəllimdən xahiş elədilər ki, kitaba düşməyənlərdən danışsın, dedi, olmaz, Hüseyn qoymayıb, mən danışmaram.
Hüseyn Arif ailəsi ilə birlikdə
- Siz də bilmirsiz?
- Hardan biləcəm? Bizim yanımızda danışılmayıb. Onun yaxın dostları bilirdi. Bu lətifələrin çoxunu Rəfiq Zəka Xəndan gerçək əhvalatlardan düz-qoş eləmişdi. O, baməzə adam idi. Hər əhvalatı lətifə kimi danışa bilirdi. Atası Cəfər Xəndan da Söyün qağamın müəllimi olub. İkisinə də şeiri var.
- Bütün külliyatını çap elədiniz...
- Hə... 9 cildliyini buraxdıq, təqdimatını da elədik. Bütün şeirlərini topladım. Əllərdə olanları da yığdım. Düz 1565 şeiri var, 4 poeması, 4 pyesi...
- İki bacı bir qardaşidiniz də?
- Hə.
- Qardaşınızın vaxtsız vəfatı ona çox pis təsir elədi...
- Hə. Hüseyn Arifin həyatı iki yerə bölünür.
- Hüseyn Hüseynzadə - Hüseyn Arif...
- Həəə...
- Neçənci övladsız siz?
- Ortancıl.
- Qardaşınız böyük idi?
- Balaca... Dünən də bacımın ölüm günü idi...
- Allah rəhmət eləsin...
- Bu barədə danışmaq ağırdı mənə. Olar danışmayım?
Şairin oğlu Arifin dəfnindən...
- Necə istəyirsiz... Ata kimi necə idi? Mühafizəkar deyildi ki?
- Qətiyyən. Heç vaxt nöqsan tutmurdu bizə. Bircə Meydan hərəkatları vaxtı narahat oldu, mənə dedi, cəbhəçilərə qoşulma. Amma məsələn, onun kişi dostları gələndə biz o otağa heç vaxt girməzdik. Elə tərbiyə görmüşdük. Məsləhət olsa özü çağırıb tanış edərdi dostlarıyla.
- Ananızla harda tanış olmuşdu?
- Anam Söyün qağamdan 9 yaş balacaydı. 16 yaşında evlənmişdi. Söyün qağam əsgərlikdən gələndə evlənmək söhbəti düşür ortaya, anamı məsləhət bilirlər. Anam qağamın dayısının direktor işlədiyi məktəbdə oxuyurmuş. Gözəl qızmış. İstəyən çoxmuş. Şərt qoyur ki, ailə qurandan sonra oxumağıma icazə verəcəksinizsə, razı olaram.
- Sevgi olmayıb demək...
- Söyün qağam Aşıq Mirzənin qızı Bənövşəni sevirmiş.
- Məşhur Aşıq Mirzə? Şeiri də var ona...
- Hə...
Mən beşikdə ikən telli sazınnan
Laylamı sən çaldın, ay Mirzə dayı...
Qonşu olublar Ağstafada. Yaylaqda dəyələrini yanaşı qurublar həmişə. Bənövşə ilə o vaxtlar bir-birini istəyiblər. Bunu mənə anam – Söyün qağamın anası danışıb. Əsgərlikdə olanda qız varlı bir kişiyə qoşulub gedir, tez də ayrılır ondan. Ömrünün sonunacan tək yaşadı Bənövşə xala. Ölümündən bir neçə ay qabaq gördüm onu. Dedim, ay Bənövşə xala, atamı niyəqoyub qaçdın? Dedi, bu barədə danışmaq istəmirəm. Anam danışdı mənə hamısını. Söyün qağam əsgərlikdən gələndə istəyib alsın onu. Gedib qayıtdığını bilmirmiş. Açıb deyiblər ki, vəziyyət nə yerdədir.
- Bənovşəyə şeirləri var?
- Adıyla yoxdu, amma eyhamlar var. Məsələn, bir cəbhə şeirində belə yazır:
Mən yazmadım, gələcəyəm, gözlə, yar, məni,
Gözlə desəm gözləyənə, qınayar məni...
İlk məhəbbətə də çoxlu şeiləri var. Məsələn,
Sən Tellini anardın, mən yaralı Dilqəmi,
Sən Əslini anardın, mənsə yanıq Kərəmi,
Ey ilk-son məhəbbətim, elə ona görəmi,
Nə sən mənə qovuşdun, nə mən sənə yar oldum?
- Qızlarına elçi gələndə dolamırdı ki, adamları?
- Qətiyyən.
Hüseyn Arifin həyat yoldaşının və oğlunun məzarı
- Məzələnən adam idi...
- Baxır kiminlə. Müdrik adam idi daha çox.
- Əhvalatların bir çoxu içkiylə bağlıdır... Evdə içirdi?
- Səhər durub görəndə ki, Söyün qağam saz çalır, artıq yeni şeirin hazır olduğunu bilirdik. Bizi oturdub təzə şeirini oxuyurdu, sonra deyirdi, beynim motor kimi işləyib, “qaryuçi” lazımdı... (Gülür) Onda mamam gedib içkisini gətirirdi. Deyirdi, beynim üşüyür... Atamdan his edirdim ki, şeir yazmaq elə-belə proses deyil. Güclü enerji, güc tələb edir. Qəribə adam idi... O gün Kərim müəllimdən soruşuram ki, Nizamidən üzübəri kim nə qədər şeir yazıb?
- Kərim müəllim kimdi?
- Milli Kitabxananın direktoru...
- Kərim müəllim nə bilir bunu? O, kitab da oxuyur?
- Hər halda o boyda kitabxananın rəhbəridir (gülür). Onlardan soruşmalıyam də...
- Hüseyn Arifin gücü çox yazmağında deyil... Ruhunda, saflığındadır...
- Hüseyn Arifin gücü ordadır ki, hər şeiri hadisədir.
- Olsun. Hadisə olmasa əzbər bilmərik...
- Siz də bilirsiz?
- Bir saat deyə bilərəm.
- Doğrudan?
- Doğrudan. Sazı yaxşı çalırdı, yoxsa həvəskar kimi?
- Çox gözəl çalırdı. Plastinkaları da var.
- Oxumağı necə, bacarırdı?
- Pəsdən gözəl oxumağı vardı.
- Aşıq Mrzədən öyrənib yəqin...
- Aşıq Mirzəni ustad sayırdı. Deyirdi, iki dənə ilahi səs var: Aşıq Mirzədə, bir də Zeynəb Xanlarovada...
Zöhrə xanım
- Bəlkə Zeynəb xanımın özündən xoşu gəlirmiş?
- Yox, yox, sənətini sevirdi. Zeynəbi Söyün qağam gətirdi efirə. “Qonşu qız” mahnısıyla... Sözləri atamın, musiqisi Ələkbər Tağıyevin idi. Amma sonra özü dandı bunu. Dedi, öz mahnımla gəlmişəm. Halbuki o vaxt gənc bir qızın mahnısını heç vaxt efirə buraxmazdılar. Hər şey fonotekanın yaddaşında var, istəyən yoxlaya bilər.
- Həkimləri sevmirdi... Nə əcəb sizi həkim olmağa qoydu?
- Həkimi yox, xəstə yatmağı sevmirdi. Bircə dəfə xəstə yatdı, onnan da öldü. Ayağında qanqrena vardı... Həmişə deyirdi, adam bir dəfə yatar...
- Oğlunun yanında basdırıldı... Vəsiyyət eləmişdi?
- Vəsiyyət eləmədi. Hamımız bilirdik. Çox demişdi, çox yazmışdı. Ağstafada öldü, orda da basdırdıq.
- Həkim peşəsini seçməyinizdə qaldıq...
- Bizim təhsil seçimimizə hörmət edirdi.
- İmtahanlarda tapşırmırdı heç?
- Qətiyyən. Heç vaxt eləməzdi. Buna ehtiyacımız olmurdu da! Yaxşı oxuyurduq.
- Özü mütaliəni sevməyib amma...
- Ağ yalandır. Onun zəngin kitabxanası vardı. Orta məktəbi də çox güclü oxumuşdu. Üçdən beşə, beşdən yeddiyə keçirmişdilər. Sadəcə özünü oxumuş kimi göstərməyi sevmirdi. Sadə adam idi.
- Kimi çox oxuyurdu?
- Lermontovu.
- Füzulini necə?
- Oxuyurdu, bizə izah edirdi. Hətta, deyirdi, filan-filan misralar Qurana söykənir.
- Allaha inanırdı?
- Qətiyyən. Ateist idi. Təpədən dırnağacan. Şeirlərində də Allah sözü yoxdur. Bircə yerdə “Allah qoysa” ifadəsini işlədib. Onu da, elə-belə, ara sözü kimi... Bizi də ateist ruhda böyüdüb.
- Söhbət üçün çox sağ olun.
- Siz də sağ olun, Söyün qağamı yada saldığınız üçün...
2015