Yaponiyalı tədqiqatçı: “Azərbaycanı daha çox “Ögey ana” filmində görürəm” – Müsahibə

Yaponiyalı tədqiqatçı:  “Azərbaycanı daha çox “Ögey ana” filmində görürəm” – Müsahibə
21 sentyabr 2022
# 09:00

Kulis.az yaponiyalı azərbaycanşünas, tədqiqatçı, tərcüməçi Yorika Tsutsumi ilə müsahibəni təqdim edir.

– İlk dəfədir Bakıda olursunuz?

– Yox, bu ikinci səfərdir. 4-5 il əvvəl də olmuşam Bakıda. O vaxt turist kimi gəlmişdim. Onda mən Rusiyada təhsil alırdım və Qazaxıstana getmək istəyirdim. Yadımdadır, Qazaxıstana biletlər baha olduğu üçün Qafqaza səfər eləmək qərarına gəldim (gülür). İlk dəfə gələndə Bakı haqqında heç nə bilmirdim. Həmin səfərimdə Ermənistan və Gürcüstana da getmişdim. Gəzdiyim şəhərlər arasında ən çox Bakı xoşuma gəlmişdi. Özünəməxsus mədəniyyəti var bu şəhərin.

– Yapon mədəniyyəti ilə Qafqaz mədəniyyəti arasında oxşar və fərqli cəhətlər hansılardı?

– Heç bir oxşarlığı yoxdur. Yaponlar daha soyuqqanlıdır, daha məsafəlidirlər. Burada isə insanlar daha çılğın, daha istiqanlıdırlar.

– Bildiyimə görə, Azərbaycan ədəbiyyatını araşdırırsınız? Kimlərin mətnlərini daha çox bəyənirsiniz?

– Həm klassik, həm sovet, həm də post-sovet dövrü ədəbiyyatınızı oxumuşam. Klassiklərdən bir çoxunu sevirəm. “Poçt qutusu” və “Tık-tık xanım” ən sevdiklərimdəndir. Həmçinin Üzeyir Hacıbəyovun əsərləri çox qiymətlidir. O dövrün məşhur “Molla Nəsrəddin” jurnalını da oxumuşam. Maraqlı, sevimli, yumoru olan əsərlərdir.

– Daha çox hansı dövrü araşdırırsınız indi?

– Mən Anarı, Elçini, Əkrəm Əylisini, İsa Muğannanı, Sabir Əhmədlini, Çingiz Hüseynovu, Rüstəm İbrahimbəyovu, Seymur Baycanı və Əli Əkbər oxumuşam. Seymur Baycanın “Quqark” romanı ilə tanışam. Əkrəmin yaradıcılığı isə əsas mövzumdur. “Adamlar və ağaclar”ı yapon dilinə çevirmişəm.

– Yaponiyada kitab sənayesi necə inkişaf edir?

– Mən pis heç nə demək istəmirəm. Oradakı kitab mağazaları sizin “Baku Book Center”ə bənzəyir. Həmin məkanlarda kitab da oxumaq olar, kofe içmək də olar, oturub söhbətləşmək də. Dəbdəbə oxucunu kitabdan uzaqlaşdırır. Oxucunun fikrini dağıdır. Bu şeyləri mən sevmirəm. Kitab mütaliəsindən çox kitab alveri mərkəzlərinə oxşayır.

– Müasir yapon yazıçıları hansı mövzularda yazırlar?

– Modern mövzular. Əsasən, insan münasibətlərindən yazırlar. Murakami çox populyardır. Necə ki dünyada kitablarının satışı ilə fərqlənir, eləcə də Yaponiyada. Əksər yazıçılarımız da həmin mövzulara müraciət edir.

– İstəyərdim, yapon filmləri haqqında fikirlərinizi öyrənim. İkinci Dünya müharibəsindən əvvəl və sonra yapon filmində nələr dəyişdi?

– Odzunun filmlərini çox sevirəm. Çoxları elə bilir ki, onun çəkdikləri tipik yapon həyatıdır, amma elə deyil. Tamamilə fərqli mövzularda və fərqli situasiyalarda göstərilmiş, öz beynində olan Yaponiyanı çəkir.

– Azərbaycan filmlərinə baxmısınız?

– “Həyatla ölüm arasında” filminin premyerasında olmuşam. Hilal Baydarovun digər filmlərinə də baxmışam. Kult filmlər çəkir o. Amma sovet dövründə çəkilən filmlər mənə daha xoş təsir bağışlayır. “O olmasın, bu olsun”, “Qayınana”, “Ögey ana” filmlərini çox sevirəm.

– Rüstəm İbrahimbəyovun filmlərinə necə, baxmısınızmı? Onun ssenariləri əsasında bir çox film çəkilib.

– Bəli. Nikita Mixalkovla çəkdiyi filmləri izləmişəm. Yaponiyada çox məşhurdur onların filmləri. “Qafqaz” trilogiyasına baxmışam. Mən həm də onun nəsrini araşdırıram axı. Ona görə də, demək olar ki, bütün filmlərinə baxmışam.

– Yaponlar üçün Hilal Baydarov maraqlıdır, yoxsa sovet dövründə çəkilmiş filmlərimiz?

– Mən Azərbaycanı daha çox “Ögey ana”da, “Qaynana”da görürəm və mənə maraqlıdır. Baydarovun filmlərini dünyanın hər yerində izləyə bilərəm. Amma bu, Baydarovun istedadsız olduğu mənasına gəlməsin. İntellektual kəsim üçün, əlbəttə, Baydarov daha maraqlıdır.

– Aspirantura işinizi Azərbaycan ədəbiyyatı üzərindən yazırsınız. Bizim ədəbiyyatda dünyaya və ya öz xalqınıza nəyi çatdırmaq istəyirsiniz?

– Azərbaycan klassiklərini istəyirəm hamı tanısın. Məsələn, Abdulla Şaiqin əsərlərindəki mədəni tərəfləri göstərmək istəyirəm. Həm də bizə Azərbaycanın ənənəvi mədəniyyəti daha maraqlıdır.

– Siz klassik deyəndə Cəlil Məmmədquluzadə və o dövrün ədəbi nəslini nəzərdə tutursunuz?

– Bəli.

– Bəs Nizami, Fizuli, Nəsimi?

– Nizami yapon dilinə tərcümə olunub. Oxumuşam, digərləri ilə tanış deyiləm.

– Çox sakit və introvert xalqsınız... Tez-tez zəlzələ və sunamilər olur, buna baxmayaraq soyuqqanlı davranırsınız.

– Bəli. İldə azı bir dəfə bu hadisələrə görə məşq edirik. Çünki təbii fəlakətləri bizi hər an gözləyir.

– Harakirinin fəlsəfəsini mənə açıqlaya bilərsiniz?

– Necə ki sizdə namus daha yüksək yerdədir, bizdə də o cürdür. Daha çox namus, şərəf “əldən getdiyi” vaxt harakiri edirlər. İndi bu hal azalıb.

# 3547 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #