Eldar Quliyev: “Mən o cür xanımlarla heç görüşmürdüm” - MÜSAHİBƏ

<span style="color:red;">Eldar Quliyev:  “Mən o cür xanımlarla heç görüşmürdüm” - <span style="color:red;">MÜSAHİBƏ
22 may 2018
# 15:22

I SERİYA

Gənclik, dostlar, tələbəlik...

Və ya, mən vətən üçün nə etmişəm?!

Çöldə Günəşli may səhəri, telefonun ekranında Eldar Quliyevin adı. Üstəgəl, bir az da narahatlıq. Ki, görəsən, yenə başqa vaxta saxlayacaqmı? O 2017-nin dekabrı, bu da 2018-in mayı. Altı ay edirmi, edir! Yox-yox, bu dəfə hər şey əladır və sualı da özü verir:

- Nə vaxt gəlmək istəyirsən?

- Elə indi, bu dəqiqə çıxıb gələ bilərəm.

Evin yerini nişan verir. Həm də rejissor dəqiqliyi ilə.

- “Domsovet”in arxasındakı binada oluram. Fikrət Əmirovun heykəlini tanıyırsan? Hə, bax, onun yanındakı bina. Çətinliyin olsa, zəng vur. Aşağıda kitab mağazası var, ordan da soruşa bilərsən.

Memar dili ilə desək, köhnə Sovet binasının interyeri. Göyün 13-cü qatı. Görüşürük. Rusiyanın hansı kanalına baxdığını unutmuşam. Divardan Toğrul Nərimanbəyovun hədiyyə etdiyi rəsm asılıb. Televizorun səsini alır. Söhbətə Müslüm Maqomayevdən başlayırıq. Blokun girişində əfsanəvi sənətkarın barelyefi var idi: “Müslüm Maqomayev burda yaşamışdır”.


Mən: Müslüm Maqomayevlə dost olduğunuzu bilirdim, qonşu yox...

(Siqaret. Alışqan səsi.)

Eldar Quliyev APA-ya danışır:

- Müslümlə qonşuluğumuz təsadüfən olub. Mən biləni, 82-ci il idi. Heydər Əliyev bu binada ona da ev verdi, mənə də. Turabov o biri binada aldı. Amaliya, Toğrul Nərimanbəyov, Yusif Səmədoğluna da bizim binada ev verdilər. Toğrulla Yusif rəhmətə gedib, Amaliya yenə bu binada yaşayır. Qonşu olana qədər Müslümlə tanış idik, sonra olduq dost. Tez-tez görüşürdük. Sonra “Nizami”də bir işlədik. Mən yaşda ondan bir il böyüyəm. Gəncliyimizdə Bakıda bir-birimizi tez-tez görürdük. Demək olar, o vaxt bütün bakılılar bir-birini tanıyırdılar.

Bir küçəmiz var idi: “Torqovı”. Hər bazar günü cavanlar o küçəyə çıxırdı. Mən Moskvada oxuyanda Müslüm birdən tanındı və Sovet estradasını partlatdı. Bizim institutda hamı ona həsəd aparırdı. Mən də fəxr edirdim ki, yerlim, hündürboylu oğlan qəşəng səslə oxuyur. Tələbə vaxtı Moskvada bir-iki dəfə görüşmüşdük. Sonra mən Bakıya qayıtdım. Kampaniyalarda tez-tez görüşürdük, onun konsertlərinə gedirdim.

- Tələbə qızlar sizə demirdilər ki, bizi Müslümlə tanış elə?

- (Gülür). Yox, mənə demirdilər. Bilmirəm, niyə. Mən o cür xanımlarla heç görüşmürdüm də. Sonra elə oldu ki, bir blokda yaşadıq. Mən onu “Nizami” filminə dəvət elədim. Bax, belə...

- Cavanlıqda “Torqovı”da görüşdüyünüz gənclər kimlər idi? Onların içində indi tanınmış adamlar var?

- Onlar təkcə sənət adamları deyildi. Aralarında alimlər, mühəndislər var idi. Sonralar onların içindən vəzifəli şəxslər də çıxdı. İndi də görüşəndə o vaxtları yada salırıq. Çox yaxşı illər idi. Köhnə Bakının obrazı indiyə qədər mənim gözümün qabağındadır. İttifaq səviyyəsində Bakının nüfuzu çox böyük idi. Neft sahəsində oxumaq üçün hər yerdən tələbələr gəlirdilər. Soruşursan ki, sonralar tanınmış adamlar kimlər oldu? Məsələn, Anar, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Azər Paşa Nemətov, Rafiq Quliyev, Rafiq Babayev... Azər Paşanın atası Zəfər Nemətov Gənc Tamaşaçılar Teatrının rəhbəri idi. O vaxt dostlarımızla tez-tez “TYUZ”da tamaşalara baxırdıq. Bu teatr bizim doğma yerimiz idi. Sonralar hərəmiz bir yerə oxumağa getdik.

- Siz də Moskvada Sergey Gerasimovun kursunu bitirdiniz...

- Yox, belə oldu ki, mən diplom işinə çıxanda bizim kurs rəhbərimiz dünyasını dəyişdi. Ona görə də diplom işimə Gerasimov rəhbərlik etdi. Onun kursunda cəmi bir il oxudum. Ümumiyyətlə, Moskvada beş il yarım oxudum. O vaxt VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu - C. Zeynallı) təhsil müddəti bu qədər idi. Diplom işindən beş aldım.

- VQİK-in indiki vəziyyəti necədir? Deyirlər, təhsil səviyyəsi aşağıdır...

- O vaxtlarla müqayisədə, əlbəttə, zəifdir. O vaxtlar VQİK-də kimlər oxuyurdular? Tarkovski, Andrey Smirnov, Elem Klimov, Şukşin... Bütün kino ulduzları, aktrisalar o vaxt oxuyurdular.

- Deməli, Şukşin və Tarkovski də sizinlə oxuyub...

- Yox, Şukşin artıq bitirmişdi. Amma orda yataqxanada yaşayırdı. Müəllimlərin yanında çox böyük hörməti var idi. Yazıçı və aktyor kimi ona hörmət edirdilər. Bizimlə VQİK-də oxuyanlar sonralar Sovet kinosunun liderləri oldular. Tarkovski də məndən əvvəl oxumuşdu. Beş il qabaq. Amma mənimlə bir vaxtda diplom işini çəkirdi. Qayda belə idi ki, diplom işini kim müdafiə edirdisə, bütün institut gəlirdi. Zal 500-600 nəfər tuturdu. Biz görürdük ki, yuxarı kurslar necə müdafiə edirlər, hansı filmləri çəkirlər. Tarkovski ilə tanışlığımız, salam-kalamımız var idi.

Konçelovski ilə də o cümlədən. Mixalkov tez-tez gəlirdi. O vaxt hələ aktyorluqda oxuyurdu, sonra gəldi rejissorluğa.

- Moskvada qalmaq şansınız var idi?

- O vaxtlar Moskvada qalmaq az adama nəsib olurdu. Amma sonralar dəvət etdilər, getmədim. Ona görə ki, iki balaca qızım var idi. Moskvada onlara tərbiyə vermək çətin olardı. Getmədiyimə də peşman deyiləm. Mən azərbaycanlıyam. Bunu yaddan çıxarmaq olmaz. Məşhur deyim var: soruşma ki, vətən mənim üçün nə edib? Özünə sual ver: mən vətən üçün nə etmişəm. Bu, hamımızın borcudur. Bunu heç vaxt unutmamışam, bu gün də unutmuram. Mən bu torpağa, bu şəhərə borcluyam. O borcu qaytarmalıyam.


I seriyanın sonu

II Seriya.

Kino və kinostudiya narahatlığı...

Bir də teatrda tamaşa hazırlamaq arzusu...

Eldar Quliyev Mədəniyyət və İncəsənət Universitetinin ustad müəllimi kimi illərdir dərs deyir, gənc rejissorlar yetişdirir. İndi tələbələrinin diplom işi çəkən vaxtıdır. “Evimə gəlirlər, onlarla hər gün görüşürəm”, deyir.

- Özü də, hamısını bir yerə yığmıram, - Yenə alışqan səsi, tütün közərtisi - ssenari üzərində təkbətək işləyirik. Necə çalışmaq lazımdır, onu müzakirə edirik. Kinorejissorluq individual sənətdir. Ona görə də hamısını bir yerə yığıb eyni şeyi danışmaq olmaz. Düzdür, elə dərslər var, bir yerdə keçirilir. Məsələn, kino tarixi, kino ustaları, kino məktəbləri və s.

Sual:

- Tələbələrinizin bilik və istedad səviyyəsi ilə bağlı narahatlığınız varmı?

Cavab:
- Narahatlıq həmişə var. Həyat kiməsə təbəssüm göstərir, kiməsə yox. Baxın, hər il Konservatoriya neçə-neçə tələbə buraxır. Amma indiyə qədər Qara Qarayev yoxdur. Kinoda da belədir. Hər il kinorejissorluğu beş-altı nəfər bitirir. Amma demək çətindir ki, onların içində Tarkovski var. Bu uşaqların iş qabiliyyətlərini açmaq lazımdır. Mənim məqsədim onlardan ziyalı insan formalaşdırmaqdır. İndi dünya qarmaqarışıqdır. Onlar xaricdə olanda öz fikirlərini çatdırmağı, bizim tariximizdən, bu günümüzdən danışmağı bacarmalıdırlar. Həmin uşaqları tanımayan adam deməlidir ki, belə tərbiyəsi varsa, deməli, azərbaycanlıdır. Eyni zamanda tələbələrə baxmaqları zəruri olan rejissorların kimliyini deyirəm. Məsələn, Fellini. “Səkkiz yarım”, “Kabiriyanın gecələri”, “Amarkord” və s. filmləri.

Fellini mənim də müəllimim olub. Onun filmlərinin hər biri ayrıca kursdur. Tələbələrə deyirəm, gələcəkdə tanınmış rejissor olsanız da, ildə bir dəfə “Səkkiz yarım” filminə baxın. Felliniyə hər baxanda təzə nəsə tapırsan. Və təəccüblənirsən: bunu necə etmək olar? Yaxud Tarkovskiyə, Bondarçuka, Konçelovskiyə mütləq baxmalıdırlar. Bizim filmlərə baxmağın nə qədər vacib olduğunu isə deməyə ehtiyac yoxdur. Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə... Bunların hər biri bir məktəbdir və onlardan öyrənmək lazımdır. Tələbələrə həmişə deyirəm ki, filmlərə baxmaqla bərabər çoxlu kitab oxuyun. Ədəbiyyatı bilməyən adam kinorejissor ola bilməz. Mən yaxşı filmlərə baxın deyəndə, indi çəkilənləri nəzərdə tutmuram.

- Komediya filmlərini deyirsiniz?

- Komediya filmləri də var, o biriləri də. Onları çəkənlər gərək birinci kursdan başlayıb kinonu öyrənsinlər. Hamısı hesab edir ki, rejissor ola bilərlər. Başa düşürəm ki, kinonu sevirlər, çəkmək istəyirlər. Amma sevmək və istəmək hələ azdır. Oxumaq, öyrənmək lazımdır. Ayrı cür olmaz! Bu mövzuda çox danışmaq istəmirəm. Bu gün film çəkən rejissorların içində istedadlı olanları da var. Amma bizdə elə rejissorlar var, onları kinoya yaxın buraxmaq olmaz. İnsan kinoya həyatını verməlidir. Kinorejissor həm yazıçı, həm rəssam, həm operator olmalıdır. “Motor” deməklə, kino çəkmək olmaz.

- Teatrda tamaşa hazırlamaq istəyiniz necə, olubmu?

- Həmişə olub! Vaxtilə Turabov dəvət edirdi ki, gəl, gəl... Qorxurdum! İstəyirdim, amma qorxurdum.

- Uğursuzluqdan?

- Hə. Qorxurdum ki, bəlkə teatrı axıra qədər bilmirəm. Mən institutda böyük bir tamaşa hazırladım. Aktyorlar üçün diplom işi idi. Belə bir müəllif var: Jan Anuy. Onun “Janna Dark” haqqında yazdığı pyesə vurulmuşdum.

Teatr belədir ki, hər gün nəyisə dəyişmək olur. Kino belə deyil. Teatrda nə istəsən, eləmək olar. Amma bu o demək deyil ki, ağlına nə gəlir, onu da elə. Baxış, rakurs fərqli olur. Bir tamaşanı Stanislavski də hazırlayır, Meyerxold da. Amma böyük fərqləri olur. Mən indi teatrlarda tamaşalara baxıram. Hesab edirəm ki, Azər Paşa Nemətov çox maraqlı işlər görür, çox yaxşı tamaşalar hazırlayır. O, vaxtilə kinoya gəlmək istəyirdi. Amma mən məsləhət görmədim. Dedim, sən teatr rejissorusan, bu işi bilirsən, bacarırsan. Hətta dedim, mən də teatrda işləmək istərdim, amma sənin kimi bilmirəm və bacarmıram. Azər Paşanı kinoya qoymadım, yaxşı da elədim. (Gülür). Əvəzində indi çox gözəl tamaşalar hazırlayır. Bundan başqa çox yaxşı da müəllimdir. Tələbələrini teatra dəvət edib, onunla bir yerdə işləyirlər, ondan öyrənirlər.

- Filmlərinizin tənqidçiləri kimlər olub?

- Məni tərifləyən az olub. Əsas tənqid ediblər. Amma deyim ki, filmlərimi hamıdan çox özüm tənqid etmişəm. Həm də bütün filmlərimi sevirəm. Öz qəhrəmanlarımı sevməsəydim, alınmazdılar. Hər filmdə ürək ağrımalıdır. Ağrımasa, deməli, tamaşaçını aldadırsan.

- “Dərvişin qeydləri”ndən sonra tammetrajlı film çəkməmisiniz. Səbəbi nədir?

- Xəstə idim, ona görə. Amma çəkmək fikrim var. Allah qoysa, çəkəcəm də.

- Haqqında danışmaq istərdiniz?

- Yox! Mən gələcəkdən danışmağı xoşlamıram. Bu, mənə düşmür. Ssenari üzərində işləyirəm. Nə istədiyimi də bilirəm.

- Vaxtilə işlədiyiniz aktyorların heç biri həyatda yoxdurlar...

- Aktyor axtaranda həmişə gözümün qabağına Turabov, Yaşar Nuri, Həsən Məmmədov gəlir. İndi də yaxşı aktyorlar var. Amma onlar yaxşı rejissorun əlinə düşməlidirlər ki, korlanmasınlar. “Azdrama”nın, Rus Dram Teatrının tamaşalarına baxıram. Yaxşı gənc aktyorlar var. Onların yetişməsi üçün yaxşı dramaturgiya da lazımdır. Biz Fuad Poladovu itirdik. Onun bizim teatrda öz yeri var idi.

Fuad çox maraqlı insan, çox maraqlı aktyor idi. “Dərvişin qeydləri” filmimdə onu çəkmişdim. Çox heyf, sonuncu rolu oldu. Fuadla işləmək çox maraqlı idi.

- Eldar müəllim, gənc aktyorların yaxşı rejissor əlinə düşməsi üçün filmlər çox çəkilməlidir. Filmlərin çox çəkilməsi isə böyük vəsait deməkdir. Bizim kinonun əsas problemlərindən biri də "Kino haqqında" qanunun hələ də qəbul olunmaması deyilmi?

- Bu, zəruri məsələdir, böyük ehtiyac var. Vaxtilə bütün Şərqdə bizim kinostudiya kimi studiya yox idi. “Babək”in, “Nizami”nin, “Nəsimi”nin, “Dədə Qorqud”un çətin dekorasiyaları kinostudiyada hazırlanıb. Belə kinostudiyanı itirmək olmaz. O studiya nəsildən nəslə keçməlidir. Biz indiyə qədər çox sənətkarı itirmişik. Amma onların əvəzinə yenilərini yetişdirməliyik. Bunun da yolu çox filmin çəkilməsindən keçir.

- Film çəkmək üçün isə vəsait lazımdır...

- Bəli, lazımdır. Milli Kitabxananı, Konservatoriyanı bağlamaq olar? Xeyr! Bu bizim mədəniyyətimizdir. Kino ilə dünyaya özümüzü tanıtdırırıq. “Arşın mal alan” filmi ilə bizim aktyorlar, musiqimiz dünyaya tanındı. İndi bizdə kinoya pul qoyan istəyir ki, bir ilin içində çəkilən xərc geri qayıtsın. Belə ola bilməz. Kinoya böyük investisiya lazımdır. Kino mədəniyyətini qorumaq və gələcəyə ötürmək bizim borcumuzdur.

- Bu gün İran və Türkiyə kinosu böyük inkişaf yolundadır. Əsgər Fərhadi iki dəfə “Oskar” mükafatı alıb. İran və türk rejissorların filmləri ən nüfuzlu kino festivallarında qalib olur. Bütün bu prosesləri izləyə bilirsiniz?

- Məlumatım var. Təəssüf ki, Əsgər Fərhadinin filminə baxa bilməmişəm. Mənim üçün Lars fon Trier maraqlıdır. Heyf ki, indi Berqman kimi rejissor yoxdur. Trier ona görə mənə maraqlıdır ki, öz kino dilini axtarır. İran filmlərinin bu uğurlarına sevinirəm. Mohsen Maxmalbafın özü ilə bərabər həyat yoldaşı və qızı da rejissordur. Son İran filmlərini ona görə görməmişəm ki, ekranlarda yoxdur. Filmə ekranda, tamaşaçı ilə bir yerdə baxmaq lazımdır. Televizorda tək oturub baxmaq... Bu, kino deyil.

- Müasir rus kinosunu necə, izləyə bilirsiniz?

- Andrey Zvyaginsevdir də, başqa kim var? Onun hansı filmlərinə baxıbsan?

- “Yelena” və “Leviafan”. Səhv etmirəmsə, yaxşı filmlərindən biri də “Qayıdış”dır...

- Ruslarda bir də Konçelovskidir. Vəssalam. Andrey Zvyaginsev sözsüz ki, maraqlı insandır, sənətkardır.

- Müasir rus filmlərində daha çox sosial problemlər və insanların iradə azadlığı qabardılır…

- Onlardan həyat bunu tələb edir. Timur Bekmammedov Qazaxıstandandır, Moskvada yaşayır. Mənim xoşuma gəlmir onun filmləri. Hollivud bir-iki film üçün onu dəvət edib.

- Moskvanın kino mühitində ermənilər həmişə yaxşı vəzifələrdə çalışıblar. İndi vəziyyət necədir?

- Xeyr, vaxtilə belə olmayıb. Amma indi var. Bütün kanallarda bir-iki erməni tapılır. “Mosfilm”in direktoru Karen Şaxnazarov ermənidir. Bir gün də Yerevanda yaşamayıb. Atası bakılıdır. Mən onu hələ institutdan tanıyıram.

III SERİYA

İki bacının aqibəti;

Məkkə və Yerusəlim ziyarəti...

Sual:

- Ayna Sultanova haqqında danışmağınızı istəyirəm. Bu məsələ ilə bağlı sizə suallarım var…

- Niyə birdən-birə Ayna Sultanova yadına düşdü?

- Bu yaxınlarda Sabir Gəncəlinin məhkum qadınlar haqqında kitabını oxudum. Ayna Sultanovanın sizin atanız Tofiq Quliyevin xalası olduğunu biləndə, xeyli təəccübləndim. Bu faktı bilmirdim…

- Ayna Sultanova ata tərəfdən nənəmin bacısıdır. Doğma bacısı. Mən uşaq olanda nənəm onun haqqında mənə danışırdı. Nənəm Ali Məhkəmənin üzvü olub. Sonra Ayna Sultanova Ədliyyə Komissarı olanda nənəmə, yəni bacısına deyib ki, mən nazirəm, bir yerdə işləyə bilmərik, sən gərək burdan çıxasan. Nənəm danışırdı ki, Ayna ona deyib, iki bacı bir sənətdə işləyə bilməz. Yəni vicdanlı idilər də! Düzdür, nənəm işindən oldu, amma məhz bu məsələ onu güllələnməkdən xilas elədi. Onu da deyim ki, nənəm Ayna Sultanovadan bu məsələyə görə incimişdi. Demişdi ki, burdan çıxıramsa, ümumiyyətlə, işləməyəcəyəm. Belə də oldu. İşdən çıxıb evdə oturdu, uşaqları ilə məşğul oldu. Mənim Ayna Sultanovanın oğlu Volodya ilə çox yaxşı münasibətim var idi.

- Ayna Sultanova ona bu adı Vladimir Leninin (Vlad+Len) şərəfinə qoymuşdu, hə?

- Hə, doğrudur. Vladlen idi adı. Ayna Sultanova həbs olunanda anasını da həbs etmişdilər. Sonra Qazaxıstanda öldü. Stalin öləndən sonra Ayna Sultanovaya münasibət dəyişdi. Heykəlin açılışında mən də iştirak etdim. Musabəyovun heykəlinin açılışını da xatırlayıram.

- Musabəyovun heykəlini götürdülər, Ayna Sultanovanın isə abidəsinə dəyməyiblər...

- Hələ qalır. Kim bilir, sabah nə olacaq?

- Belə görünür ki, götürməyəcəklər...

- Allah eləsin! 30-cu illərdə sürgün olunanlar 50-ci illərdə Bakıya qayıtdılar. Yadımdadır ki, hamısı nənəmin yanına gəlirdilər. Çünki sürgün olunmayan tək nənəm idi. Mən onda balaca idim, ona görə deyə bilmərəm ki, nə danışırdılar.

- Sizin haqqınızda kitab yoxdur. Bunun səbəbi nədir?

- İstəmirəm. Nizami deyir ki, kim mənim haqqımda maraqlanacaqsa, heç nə lazım deyil, mənim kitablarımı oxusun, hər sətirdə mən özüm varam. İndi kim mənim haqqımda maraqlanmaq istəyirsə, filmlərimə baxsın. Mənə çoxdan kitab təklif olunub. Özü də Moskvadan. Dedim, lazım deyil.

- Amma Tofiq Quliyev və Müslüm Maqomayev haqqında olan kitabları rəfin yuxarı hissəsinə qoymusunuz.

- Hə, noolar? Orda olmaqları daha yaxşıdır.

- Tofiq Quliyev filmləriniz haqqında nə deyirdi?

- Baxırdı, amma heç nə demirdi. Mənim haqqımda nə düşündüyünü deyə bilmərəm. Ola bilər, kimlərəsə deyib. Heç bir filmdə mənimlə işləməyib.

- Gərək siz təklif edərdiniz...

- Hə. “Babək”i Həsən Seyidbəyli çəkməli idi. Tofiq də bəstəkar idi. Sonra Həsən Seyidbəyli xəstələndi, imtina etdi. Moskvadan istədilər ki, mən çəkim. Güclə adımı ora saldılar.

“Tofiq Quliyev zəng elədi ki, filmdən imtina edir”

Çünki tarixi film çəkmək çətin idi. İşə başladım. Həsən Seyidbəyli kimi yığmışdısa, bütün qrup işdə qaldı. Tofiqdən başqa. O mənə zəng elədi ki, imtina edirəm. Dedim, bu düz çıxmaz, deyəcəklər, oğlu rejissor oldu, atasını çıxardı. Dedi, yox, Həsən mənim dostumdur, o gedirsə, mən də getməliyəm.

Siz atanızdan incimədiniz?

- Yox-yox. Daha sonra Polad Bülbüloğlu ilə işlədim. Ona qədər Poladla 3-4 film işləmişdim. Tofiq Quliyev mənə demişdi ki, niyə Poladın qarşısına keçim? Siz cavansınız, bir-birinizi yaxşı başa düşürsünüz, ona görə də Polad olsun.

* * *

Haşiyə: Eldar Quliyev atası haqqında danışanda onun yalnız adını çəkir. Bunun səbəbini vaxtilə qonaq olduğu verilişlərdən birində demişdi. Səbəbini bildiyimə görə ona əlavə sual verməyə ehtiyac görmədim. Vaxtilə dediklərindən kiçik sitat:

“Mən məktəbdə oxuyanda Tofiq Moskvada oxuyurdu, işləyirdi. Sonra Lətif Səfərov onu “Bəxtiyar” filminə çağırdı. İlk vaxtlar Bakıda mehmanxanada qalırdı. O, Bakıya qayıdıb ev alanda mən artıq Moskvada oxuyurdum. Bizim yollarımız bir gəlmədi. Mən onu da, anamı da adı ilə çağırırdım. Məni nənəm böyüdüb, ona görə də ona ana deyirdim. Ata isə heç vaxt, heç kimə deməmişəm”.

* * *

FİNAL

Bu da son. Kino dili ilə desək, final. Eldar Quliyevdən dinə münasibəti haqqında soruşuram. Həvəslə danışır. Həm də fikrə gedib, uşaqlıq illərini xatırlayır. Görünür, doğru deyirlər: ömrün bütün yaşlarında uşaqlıq insanın yeganə sığınacaq yeridir. Bunu təkcə Eldar Quliyevin öz uşaqlığına münasibətində demirəm. Həm də min kilometrlərlə uzaqlarda olan nəvələr üçün darıxan babanın uşaq və uşaqlıq həsrətini hiss edib deyirəm.

Beş-altı yaşım olanda Təzə Pirin yanında yaşayırdıq. şaxsey-vaxsey olanda nənəm məni ora aparırdı. İndiyə qədər yadımdadır ki, beş yaşımda Təzə Pirin həyətində sinə vurmuşam. Nənəm dindar idi. Ona görə də müsəlmanlığın bütün adətlərini mənə öyrədirdi. Təzə Pirin həyəti o vaxt indiki kimi deyildi. Orda futbol oynayırdıq. Məsciddə gündə beş dəfə azan oxunanda evimizdə eşidərdik. Ona görə də Allaha həmişə inanan adam olmuşam. Bütün ömrüm boyu adətləri unutmamışam. Öz uşaqlarıma da deyirəm ki, adətlərinizi unutmayın. Qızımın biri Moskvada, o biri Amerikada yaşayır, amma zəng edirəm ki, Novruz, Ramazan bayramlarını necə lazımdırsa, qeyd edin. Nəvələrim məktəbdə oxuyurlar deyə, tətil olanda Bakıya gəlirlər. Məndən uzaqdadırlar. Ona görə hamısının şəklini yuxarıdan asmışam. Üç qızdır. Darıxıram onlar üçün”.

P. S.

- Soruşursan ki, nə vaxtsa Məkkəni ziyarət etmək niyyətim olub? Əlbəttə! Məkkədə və Yerusəlimdə olmaq arzum olub. Amma ziyarət vaxtı getmək istəmirəm. Tək getmək, oturub fikirləşmək lazımdır. Bütün hissləri onda qəbul etmək olar. Yanında minlərlə adam varsa, deməli, turistsən. Allah qoysa, ziyarətə getmək bəlkə qismət oldu...

Filmin sonu

# 4055 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #