Gövhər Həsənzadə: “Sevgini sekslə qarışdırırlar” - MÜSAHİBƏ

<b><span style="color:red;">Gövhər Həsənzadə:  “Sevgini sekslə qarışdırırlar” - <span style="color:red;">MÜSAHİBƏ </b>
9 yanvar 2018
# 14:15

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin APA-ya müsahibəsi

- Gövhər xanım, həmkarlarınızı daha çox xırda ailə-məişət problemləri narahat edirsə, siz əksinə, cəmiyyətdə mütaliə mədəniyyətinin aşağı olmasının, intellektual naqisliyin davasını edirsiniz. Görünür, elə buna görə hər şeydən narazı görkəminiz var...

- Səmimi olmağım, adamlar tərəfindən çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, insanlara axıra qədər açıq olma, özünü adamlardan gözlə. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirdi ki, çətin də olsa, bunu seçdim, özümə qapandım. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Tapına biləcəyim insanlar illərlə azaldı və özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son.

Sadəcə, burdan keçib başqa yerə gedirik. Dinlə, fəlsəfə ilə, mistika ilə maraqlandım, çoxlu şeylər oxudum. Məsələn, din mənim üçün çox ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. İslam elmini tam anlamağa ömrüm yetməz. Çalışıram ki, adətlərinə də riayət edim.

- Məsələn, namaz, oruc, zəkat... Yerinə yetirirsiniz?

- Etiraf edim ki, bunları etmək üçün mənən hazır deyiləm. Onları fiziki olaraq yerinə yetirməyin tərəfdarı deyiləm. Namazın, orucun, Həcc ziyarətinin mənası mənim üçün daha dərin, daha böyükdür. Bunları yerinə yetirmək üçün mükəmməl olmaq lazımdır. “Şərtləri yerinə yetirərəm ki, günahlarım bağışlansın” fəlsəfəsi ilə yaşaya bilmərəm. Ruh, ezoterika, mistik dünya mənim üçün...

- Sözünüzü kəssəm də, soruşum: belə dərin məsələlər haqqında müğənnilərlə də danışırsınız? O müğənnilər ki, əksəriyyəti sizin dostlarınızdır və həyat fəlsəfələri geyinmək, yeməkdən ibarətdir...

- Xahiş edirəm, siz onları bu cür qiymətləndirməyin. Elə düşünməyin ki, özlərini şou-biznesə qurban veriblərsə, deməli, içləri boşdur. Xeyir! Onlar bəsit deyillər. Onların əksəriyyəti dərin fəlsəfi düşüncələrə malik insanlardır. Kitab oxuyanı, kinoya, teatra gedənləri var.

İradə İbrahimova, Faiq Ağayev, Samir Piriyev, Kərim Abbasov... Bunlar kitab oxuyurlar, çox maraqlı şəxsi düşüncələri var. Mən düşünmürəm ki, Nadir Qafarzadə oxumur. Nadir öz üzərinə çox çalışır.

- Nadir Qafarzadəni bu yaxınlarda Akademik Milli Dram Teatrında gördüm. Dəqiq xatırlamıram, ya “Ölülər”ə, ya “Cəhənnəm sakinləri”nə baxmağa gəlmişdi. Düzünü deyim, təəccübləndim...

- Niyə təəccüblənirsiniz? Nadir Qafarzadə özünü hər zaman inkişaf etdirir.

- Bir dəfə verilişdə demişdi ki, mənim də soyuducuma baxın, kitab oxuyanların da...

- İnsanın özünü təkmilləşdirməsindən gözəl nə var? Əlbəttə, Faiq Ağayev bu siyahıda birincidir. Sənəti təqdim etmək üçün həyatı dərk etməlisən. Sənətçinin fəlsəfəsi yoxdursa, uğur qazana bilməyəcək. Həyat davam edir, fikirlər, baxışlar dəyişir.

Məsələn, köhnə mahnılarıma qulaq asıb öz-özümə deyirəm ki, sözdən çox istifadə etmişəm. Vaxtilə mənə deyirdilər, razılaşmırdım, deyirdim, mənim fikrim aksiomadır. Amma qüsursuzluq yalnız ilahi dərgahda olur. Bu dünyada hər kəsin dediyi sözə, etdiyi əmələ görə qüsuru ola bilər. Belə şeylərə görə insanları ittiham etməyək. Gəlin, biz bəstəkarlıqdan, musiqidən, gözəllikdən danışaq. Ruhun varlığına inandığım üçün hər zaman düşünmüşəm ki, Nizaminin, Füzulinin, Sebastyan Baxın, Da Vinçinin əsərlərini adi insanlar yarada bilməz. Bunun üçün qeyri-adi, gözəl ruh olmalıdır.

- Sizin Şərq ritmləri üstündə müzikl layihəniz var, nə yerdədir?

- Həmin müzikl şərti olaraq “Yaradanlar və yaşadanlar” adlanır. Vaxtı çatanda, inşallah o layihəni reallaşdıracağam. Dünya dörd ünsür üstündə qurulub. Mənim əsərim də bu haqdadır. Həmin musiqidən iki-üç elementi çıxarıb mahnı kimi istifadə etmişəm.

- Sizin ilk ixtisasınızı vikipediya rejissor kimi təqdim edir...

- Mənə deyiblər bu haqda. Düzgün məlumat deyil, açığı, ardınca düşüb düzəltdirməmişəm. Mən 2 nömrəli Musiqi Məktəbinin piano sinfini bitirmişəm. Əllərimin, barmaqlarımın ölçüsünə baxanda görünür ki, pianoçu deyiləm. Amma əla qiymətlərlə bitirmişəm. Sonra Asəf Zeynallı adına musiqi kollecində musiqi nəzəriyyəsi və tarixi üzrə təhsil aldım. Daha sonra Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldum. Bəxtim gətirdi ki, Cövdət Hacıyevin sinfinə düşdüm. Beş ildə çox ciddi rejimdə təhsil aldım. Çünki Cövdət müəllimin zəhmi çox böyük idi. 1993-cü ildə təhsilimi bitirən kimi məni Heydər Əliyev Sarayında bədii işlər üzrə rejissor və bədii rəhbər vəzifəsinə təyin etdilər. 23 yaşım var idi.

Tədbir təşkilatçısı kimi o qədər aktiv idim, məni rejissor kimi yadda saxladılar. Çünki təhsilim, mütaliəm imkan verirdi ki, tədbirləri düzgün, maraqlı qurum. Yubiley gecəsinə quruluş verdiyim insanlar razı qalırdılar. İndi illər boyu yığdığım təcrübəmi sərf etməyə arena yoxdur. İndiki gənclər kitab oxumur, onların zövqləri məni çox narahat edir. Oxumaq istəyən adam istədiyini hər yerdə tapa bilər. Öyrənmək istəmirlər, maraqlanmırlar. Ailələrin dağılması, cinayətlər, cinsi azlığa meylilik, əsl dinin bir kənarda qalıb zərərli sektalara qoşulmağın bircə səbəbi var: insanların daxilində olan boşluq. Həmin boşluğu doldurmaq lazımdır. Allah dünyanı sevgidən yaradıbsa, biz niyə ondan imtina edək? Sevgini sekslə, ehtirasla, şəhvətlə niyə qarışdırırlar? Bütün bunlar sevginin vasitəçiləridir. Həyatda sevgin yoxdursa, heç olmasa, onu kitablarda axtar. Bəzən gənclər bunu da etmirlər.

- Musiqinin tədrisi və son vaxtlar bəstələnən mahnılarla bağlı tənqidlər səslənir. Nə düşünürsünüz bu haqda?

- Musiqinin tədrisində heç bir problem yoxdur. Proqram mükəmməlləşib ki, geriyə getməyib. Oxuyan, axtaran, inkişaf etmək istəyən adam üçün heç bir çətinlik yoxdur. Problem musiqinin düzgün təbliğindədir. Azərbaycan bəstəkarlarının dünya musiqisinə verdiyi töhfələr çox böyükdür. Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyov dünyada ilk və yeganə olan “Leyli-Məcnun” muğam-operasını dünyaya bəxş edib. Biz öz dəyərlərimizin düzgün təbliğatını qurmalıyıq. Sənətdə çox səviyyəsiz rəqabətlər var. Sənətdən başqa hər şeyin rəqabətini aparırlar.

- Söhbət estradadan gedir, yoxsa simfonik musiqi sahəsinə də aiddir?

- Daha çox estradada. Ciddi musiqimizdə olan insanlarımız maddi məsələlər üzündən məcbur olub estradaya yönəlirlər. Çünki onların simfonik musiqidəki gözəl yaradıcılığı itir.

- Çünki simfonik musiqiyə yaxşı qonorar verilmir...

- Gəlin pul verilsin deyə, onları təbliğ edək. Hamı öz üzərinə düşəni etsə, belə olmaz. On milyonluq ölkənin bəstəkarlarını dünyanın böyük ölkələrinin sənətçiləri kimi böyük vəsaitlə təmin edə bilmərik. Çünki tamaşaçımız azdır. Türkiyədə bir disk 200-300 min nüsxə buraxılır.

Bizdə isə 2000 nüsxə buraxılır, 500-600 disk əlimizdə qalır, hədiyyə edirik. Bu, bazar qanunlarıdır və heç kimi qınamaq olmaz. Təkcə yaxşı musiqilərimiz yox, yaxşı kitablarımız da var. Onları niyə təbliğ etmirik? Amerikada, Avropada kitab yazılır, müəllifi olur milyonçu. Ona görə yox ki, oxumuruq. Vallah, bizim insanlar hamıdan çox oxuyar. Sadəcə, məhsul onun əlinə çatmalıdır. Televiziyalar bu işdə bizə kömək etməlidirlər.

- Bilirsiniz ki, televiziyalar da bunu etmirlər. Və bunu bilə-bilə deyirsiniz...

- Mən nə edə bilərəm? Gücüm ancaq xahiş etməyə çatar. Məsələn, mənim musiqim təbliğ olunmur. Və düşünürəm ki, Gövhər Həsənzadənin təbliği üçün reklama ehtiyac yoxdur. Çünki hərə bir cür məni yadında saxlayıb. Veriliş aparmağa, yaradıcılıq gecəmi keçirməyə ehtiyacım yoxdur. Çünki mən işimin hambalıyam. İşim mahnı yazmaqdırsa, deməli, öz işimlə məşğul olmalıyam. Diş həkimi deyiləm ki, musiqi yazmağımla qürrələnim.

Ədəbiyyatı təbliğ etmək istəyiriksə, bəlkə tender elan olunsun, kiçik hekayələrə filmlər çəkilsin? Və həmin filmlər kanallarda nümayiş olunsun?

- Bu cür düşünəndə heç özünüz-özünüzə demirsiniz ki, çox sadəlövhəm...

- Yox, demirəm, sadəlövh də deyiləm. Bunu hamıya danışmışam, sizə də deyim. Yazmasanız da olar. Samir Cavadzadə “Eurovision” üçün seçim turlarına müəyyən səbəblərdən iştirak edə bilmədi, Elnur Hüseynov yekdilliklə qəbul olundu və ikisindən duet hazırlayıb yarışmada iştirak etdik. Hazırlıq prosesini şəraitsiz studiyada aparırdıq. İşıq yox, hava soyuq, küçədən-svetofordan işıq çəkmişik ki, üç günə mahnını hazırlayıb göndərək. Elnurla Samir ac-susuz oturublar, görürəm, öz aralarında nə isə pıçıldaşırlar. Bu söhbətdən xeyli keçdi. Biz Andorra şəhərində promo-turda olanda qapı döyüldü, girdilər içəri. Samir dedi ki, yadındandır, biz soyuq studiyada oturanda sən əsəbi idin, üstümüzə qışqırdın ki, orda nə qeybət edirsiniz? Bilirsiniz, orda nədən danışırdıq? Samir dedi ki, Elnur, Gövhər xanım dəlidir, anormaldır? Svetofordan çəkilən elektriklə mahnı yazırıq, belə vəziyyətdə, bu şəraitdə biz heç Azərbaycana çıxa bilmərik e, nəinki “Eurovisiona”? Samir də deyib ki, tapşırıqdır, ona görə yerinə yetirir. Amma darıxma, bu dəli qadın nə istəyir, onu da edir. O, bizi “Eurovision”a çıxaracaq. Bu misalı ona görə çəkdim ki, inanmaq, risk etmək, əziyyət çəkmək lazımdır. Onda insan hər şeyə nail olur.

- Birincilikdən sonra ifaçılarımız nəyə görə böyük mənada uğur qazana bilmədilər?

- Birinci olmağımız böyük uğur idi. İlk dəfə “Eurovision”a gedəndə yaxşı mənada hücuma keçmişdik. Ora çox layiqli getmişdik. Həmin əsəri dörd-beş versiyada yaratmışdım. Hansı getsəydi, qəbul olunacaqdı. Biz ora gedəndə müasir Azərbaycanın səsini, nəfəsini aparmışdıq. Demək istəyirdik ki, biz sizdən yaxşı inkişaf etmişik, tariximiz-mədəniyyətimiz sizdən də qədimdir. Sonralar mən bu işə cəlb olunmadım.

- Səbəb nə idi?

- Biz özümüzü layiqincə təmsil etdik. Sonradan Avropa tamaşaçısının SMS-ni yığacağı mahnılar seçdilər. Çünki günün tələbi və tapşırığı başqa idi. Ona görə xarici bəstəkarlarla işlədilər. Mən yenə mahnı yazsaydım, mürəkkəb olacaqdı. Avropa tamaşaçısının zövqü isə tamam başqa idi.

- Musiqi sahəsindəki layihələr böyük pullar tələb edir. Maddi vəziyyətinizlə, planlarınız üst-üstə düşür.

- Planlarımla maddi vəziyyətimin üst-üstə düşməyi üçün onlar bir cığırda görüşməlidirlər. (Gülür). Onlar bir-birini uzaqda-uzağa da görmürlər. Sual verə bilərsiniz ki, haradan qazanıram? Türkiyədə mahnılarım satılır, ifa olunanda faizləri gəlir. Sıxıntım olanda pulu oradan çıxarıram. Azərbaycanda isə o faiz çox cüzidir. İlin axırına 100-120 manat qonorar alıram. Türkiyə vətəndaşı olsaydım, mənim orda çox yaxşı imkanlarım olardı. Şükürlər olsun, Allah mənə istedadla bərabər, gözütoxluq da verib. Şübhəsiz ki, mənim də sıxıntılarım olur. Hətta Türkiyəyə getmək istəyəndə, hesablayıram ki, nə vaxt getmək imkanım olar. Dəbə, brend paltarlara, qonaqlıqlara həvəsim yoxdur, heç vaxt da olmayıb. Ona görə də rahat yaşaya bilirəm. Bir şey ki ayağa geyilir, murdar yerə dəyir, mən ona nəyə görə min manat pul verməliyəm? Bir dəfə evə gec getdim. İtimiz boğaz idi, yemi də qurtarmışdı.

Getdim marketə ki, borş üçün sümük satırlar. Dedim, onu çəkin itə aparacağam. Sonra düşündüm ki, Gövhər, sən nə edirsən? İnsanın uşaqlarına yemək üçün aldığını sən itə verirsən? Satıcıya dedim, o sümükləri boşalt yerinə, itə isladıb quru çörək verərəm.

- Sizin doğrudan brend mağazalarınız olub, imtina etmisiniz?

- Bəli. İtaliya brendlərinin satıldığı mağazalarım olub. Sonra imtina etdim. Mağazanın biri Qış Parkına yaxın ərazidə, o biri də bulvar tərəfdə idi. İkincinin heç təmirinə başlamadım. İmkanlı dostlarım demişdilər ki, tanınmış adamsan, dünyanın hər yerində məşhurların brend mağazası olur. Mallar gəldi, cib dəsmalının birini çıxarıb qiymətinə baxmaq istədim. Nə qədər olsa, yaxşıdır? 225 avro. Dəsmalı atdım havaya, əlimdə bir o tərəfə, bir bu tərəfə çevirdim və işçilərə dedim ki, bu nədir ki, qiyməti 225 avro olsun? Zəng vurub dedim, mən belə dəyərlərlə yaşaya bilmirəm. Sən demə, gözləyənlər olub, imtina edən kimi başqası götürdü.

- Gəlin, bir az da ədəbiyyatdan danışaq. Kimləri oxuyursunuz?

- Mən ziyalı ailədə böyümüşəm. Orta məktəbdə, gənclik illərində hansı yazıçılar oxunmalıdırsa, hamısını oxumuşam. Bəlkə sizə gülməli gələcək, amma bir vaxtlar Mopassana aludə olmuşdum. Sonra Artur Konan Doylu çox oxumağa başladım. Bir zamanlar şeirləri çox oxuyurdum, sonra gözümdən düşdü. Son vaxtlar Hind fəlsəfəsi ilə yaxından maraqlanıram, reinkarnasiya, mistika məni özünə çox çəkir. Vaxtilə hamı sevgi romanlarını çox oxuyanda mən onlara həvəs göstərməmişəm. Məsələn, “Yad qızı”, “İtkin gəlin”... həvəsində olmamışam. Cəfər Cabbarlının pyeslərini, “Hophopnamə”ni, “Dəli Kürü, “Böyük dayaq” oxumuşam, çox sevmişəm. Xoşbəxt insanam ki, çox böyük adamların əhatəsində böyümüşəm.

Mirzə İbrahimov həm qonşumuz idi, həm də dayımın qayınatası. İsmayıl Şıxlı, Əli Vəliyev, Qılman İlkin, Fuad Qasımzadə, Teymur Bünyadov, Maqsud İbrahimbəyov, Eldar Quliyev qonşumuz olub. Dilçi alim Tofiq Hacıyev anamın bibisi oğludur. Fikrət Qocanın qızı Pərvanə əmimin yoldaşıdır. Heyf Yalçından, çox heyf. Onun kimi mərd, gözəl insanın ölümü məni çox sarsıtdı. İndi Elçin Şıxlı ilə çox yaxınam, çox savadlı, dəyərli insandır. Sonra nə danışım? Atam Sudeyf Həsənov Bakı Seysmik İdarəsinin rəisi idi. İxtisası fizik olsa da, ədəbiyyatı, dini, “Quran”ı əzbər bilirdi. Anam Afəridə Həsənova filoloqdur, şairədir. Yəni belə ailədə böyümüşəm. Babalarımdan biri Mərkəzi Komitənin ikinci katibi olub, Mircəfər Bağırovla bir yerdə çalışıb.

- Sonralar Mircəfər Bağırovda nə danışırdı?

- Bağırov haqqında ancaq gözəl şeylər danışırdı.

- Qorxurdu, ona görə?

- Ooo... Babamın qorxusu onun övladlarına da keçmişdi. Camaat rüşvət alanda da bizim qohumlar deyirdilər ki, rüşvət almaq olmaz. Ona görə bir az geri qaldıq. (Gülür). Bir dəfə babam danışırdı ki, Mircəfər Bağırov kolxoz sədrini çağırdı kabinetə, sübut elədi ki, sən sıravi kolxoz işçisinin maaşından 15 qəpik götürmüsən. Sonra bizi yığdı kabinetə, həmin adamı gözümüzün qabağında güllələdi...

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #