"Azdrama"nın direktoru: “Belə təhsil naziri ilə nə edəsən?” - MÜSAHİBƏ

"Azdrama"nın direktoru: “Belə təhsil naziri ilə nə edəsən?” - MÜSAHİBƏ
16 sentyabr 2013
# 10:02

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov 141-ci teatr mövsümünə həsr olunan mətbuat konfransında APA-nın suallarını cavablandırıb

- İsrafil müəllim, bildirirsiniz ki, Sizə təqdim olunan pyeslərin əksəriyyəti zəif olduğu üçün geri qaytarırsınız. Əsərləri sizin “imtahanınızdan” keçməyən müəlliflər kimlərdir?

- Deyə bilərəm, burda sirr saxlamalı heç nə yoxdur. İş ondadır ki, həmin müəlliflərin əksəriyyəti tanınmayan insanlardır. Məsələn, hansısa rayon məktəbinin ədəbiyyat müəllimi əsər təqdim edir və o əsər bədii şuradan keçmir. Deməyim odur, bu imzaların içində məşhur adamlar yoxdur. Bundan başqa, bizim müəlliflərlə fərdi söhbətlərimiz də olur. Tutalım, bu yaxınlarda Əli Əmirli mənə bir pyes verdi, dedim, Əli müəllim, 18-19 səhifə oxumuşam, heç nə baş vermir. Əgər pyesdə hadisə yoxdursa, o pyes deyil, söz güləşdirməkdir. Dramaturji ustalıq ondadır ki, kim necə hadisə yarada bilir. Məsələn, “Müfəttiş” əsəri necə başlayır? “Bizə müfəttiş gəlir!”. Vəssalam, hadisə başlayır və qabağını saxlamaq olmur. Tamaşaçı gəlib bizim söz güləşdirməyimizə baxmaq istəmir. Yəni, vaxtını öldürməyə yox, nəsə qazanmağa, zövq, dad almağa gəlir.

- Mən Milli Teatrın son tamaşalarının əksəriyyətini izləmişəm. Siz dediniz, uğursuz tamaşalarımız da var, on tamaşadan üçü-dördü bizi qane edir. Konkret hansı tamaşaları teatrın uğursuz tamaşaları hesab edirsiniz?

- Mən bütün tamaşalara baxıram. Hətta aktyorun təziminə qədər. Hər iki tamaşadan bir kollektivi Bədii Şuraya yığıb, fikirlərimi deyirəm. Əsas o deyil ki, burda konkret hansısa tamaşadan söhbət getsin. Məsələn, bir misal çəkim. Rafael Dadaşov tamaşanın birində bir cür məşq edir, səhəri tamam başqa cür. Dünən çox yaxşı idi, bu gün alınmır, zəifdir. Tamaşa da belədir. Aktyor nə qədər nəhəng olmalıdır ki, evinin problemini səhnəyə gətirməsin. Əgər evpulu verə bilməyibsə, səhnədə pul yadına düşür və əhvalı korlanır, oynaya bilmir. Yaxud fasilədə yoldaşı zəng vurur, evin problemini deyir, artıq ikinci hissədə oynamağı bacarmır. Elə aktyor var, bir tamaşada yüksək səviyyədə oynayır, digərində rolun öhdəsindən gələ bilmir. Biz universal aktyor tipi yetişdirə bilməmişik. Dünyada aktyorlar var, məsələn, yüz min dollar qonorar alır. Ay əzizim, həmin aktyor o rolu bacarır, öhdəsindən gəlir. Potensial etibarı ilə bizim aktyorların imkanları böyükdür, amma ondan istifadə etməyi bacarmalıdırlar. Bizdə tamaşaçı problemi də var. Məsələn, ciddi dramaturji ağırlığı olan bir tamaşanı səhnəyə qoyanda, ona tamaşaçı tapa bilmirik. Bu yaxınlarda pultu təsadüfən “Space” kanalına çevirdim. “Bu şəhərdə”ni verirdilər. O qədər primitiv, o qədər özfəaliyyət səviyyəsində tamaşalar hazırlayırlar ki... Zalı göstərəndə elə adamlar gözümə dəydi, onları mən ziyalı hesab edirəm. Baxıram ki, qəşş edib gülür. Amma həmin adamlar gəlib teatrın tamaşasına baxmırlar. Biz bileti beş manata satırıq, onlar otuz-qırx manata... Başqa bir məsələyə toxunmaq da istərdim. Əvvəllər elə bilirdim, keçmiş təhsil naziri Misir Mərdanov hissə qapılıb deyir ki, məktəblərdə teatrlara bilet satışı qadağan olunmalıdır, amma gördüm yox, vəziyyət başqa cürdür. Yeni təhsil naziri məktəb direktorlarını yığıb qəti şəkildə tapşırıb ki, teatrların biletlərini satmayın. Bax, bu təhsil naziri ilə nə edəsən? Deməli, uşaqlar gedib ya vəhhabilərə qoşulmalı, ya internet klublara getməli, ya da gecə barlarına üz tutmalıdırlar. Gəncin yaradıcı enerjisi var, onu hara sərf etməlidir? Orta məktəbin 10-cu 11-ci sinif şagirdləri və tələbələr bizim potensial tamaşaçılarımız olmalıdır. Mən sizə bir şeyi də deyim, rahat şəkildə yaza bilərsiniz. Azərbaycanda varlı təbəqə teatra gəlmir.

- Amma mən Kamal Abdullanın “Şah və şair” tamaşasında o varlı təbəqəni tamaşa zalında gördüm...

- Yox, o başqa şeydir. Bir var, məsələn, Elçin Əfəndiyevin tamaşasıdır, varlı təbəqənin nümayəndələri dəvət əsasında iştirak edir, bir də var, onlar könüllü bilet alıb gəlirlər. Yaxud Kamal Abdullanın tamaşasına gələn imkanlı təbəqə onu incitməmək, sözünü yerə salmamaq üçün gəlir. Yenə deyirəm, cəmiyyətin teatra münasibəti yaxşı deyil. Biz satılan biletlərin pulu ilə özümüz özümüzü dolandırırıq. Yalnız maaşımız dövlət hesabınadır. Altı min manat borcumuz var idi, iyul ayında son tamaşamız zamanı işığı kəsdilər. Çox düşündüm ki, kimə deyim? Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ilə salam-kalamımız var. Müraciət etdim, on dəqiqədən sonra zəng vurub dedi: mən işıq idarəsinin müdirini başa sala bilmirəm ki, teatrın işığını kəsməzlər, borcu indi verə bilmirlər, on gündən sonra ödəyərlər. Dedi, sən özün o müdirə zəng vur, danış. Təsəvvür edirsiniz? Mən nə zəng vurdum, nə ağız açdım. Amma dedim ki, İbrahim müəllim, (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev – C. Zeynallı) Gürcüstanda ömründə teatrın işığını kəsməzlər. Bəyənmədiyimiz Ermənistanda teatrın işığa 600 min manat borcu olsa da, işığına əl dəyməzlər. Teatra belə münasibət olarmı? Mən xaricə gedəndə insanların teatra olan münasibətinə həsəd aparıram.

- Təhsil nazirinin göstərişi haqqında nə düşünürsünüz? Siz hansı addımları atacaqsınız?

- Bu məsələ belə qalmayacaq. Misir Mərdanov nazir olarkən, bilet satışının qadağan edilməsi ilə bağlı danışanda, mən televiziyalarda, qəzetlərdə sözümü demişdim. Mənim özümə aid məsələ olsaydı, səsimi çıxarmazdım. Söhbət teatrdan gedirsə, bunu özümə qarşı işgəncə kimi qəbul edirəm. Əlbəttə, biz müvafiq müraciətlər edəcəyik. Bu göstəriş bir növ bacarıqsızlıqdır. Deməli, müəllimlərin rüşvət almağının qarşısını başqa cür almaq olmur. Guya müəllim bilet satanda rüşvət alacaq? Yaxud bilet satmasalar, rüşvət almayacaqlar?

- Siz teatra direktor təyin olunanda böyük narazılıqlar yarandı...

- Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, mən teatrda qayda-qanun yaratdım. Bəli, məşqə gecikən aktyora xəbərdarlıq edilməlidir, bunun qarşısı alınmalıdır. Rafael Dadaşov saat 3-də olan məşqə yarım saat gecikmişdi, ona xəbərdarlıq etdim. Aktyor günün günorta çağı olan məşqə gecikirsə, bunun qarşısı alınmalıdır. Bu məsələdən sonra ANS-in “Günəbaxan” verilişində yemək bişirdilər, danışdılar, yemək bişirdilər, danışdılar. Yekə kişisiniz, başqa problemlər yoxdur? Bir dəfə də bizim işimizə, teatrın işinə kömək edin də!

- Bəzi dramaturqlar da Sizdən narazılıq edirdilər. Məsələn, Firuz Mustafa, Elçin Hüseynbəyli...

- İnanın, mən Firuz Mustafanın pyesini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm, yox, bu pyeslərdən birini də tamaşa qoya bilmərik. Elçin Hüseynbəyli çox yaxşı nasirdi. Amma pyesləri məni qane etmir. O bizimlə münasibətə düzgün başlamadı. Televizorda mənim haqqımda demişdi ki, onun qarnının ağrısı nədir? Ayıbdır axı! Heç olmasa, mən səndən iki yaş böyüyəm. Əgər ziyalısansa, qarnının ağrısı nə deməkdir? Biz kolxozda oturmuşuq? Ferma söhbəti edirik? Sonra da deyir, pis yazırıqsa, bizi yetişdirsinlər. Mən də Elçin Hüseynbəyliyə cavab verdim ki, bura şitillik deyil, səni yetişdirək. Mənə mükəmməl pyes lazımdır. Əlli yaşlı adamdan dramaturq düzəldə bilmərəm. Bu nə yanaşmadır, nə düşüncədir? Məsələn, Sezar haqqında pyes yazıb, çox tərifləyir. Deyirəm, ay əzizim, Bernard Şounun “Sezar və Kleopatra” pyesi var, mən həmin əsəri tamaşaya qoyaram da. İnsafın olsun, sənin “Sezar”ın o kriteriyalardan aşağıdır axı! Yaxşı, sənin xoşuna gəlmək üçün qapını açım ki, əsərlərini gətir. Olmur, axı! Onda teatr bilirsiniz nə olacaq? Olacaq, əvvəlki teatr! Mən pis adam olmaqdan qorxmuram. Baxın, əvvəllər kimlərin əsərləri tamaşaya qoyulub: Xeyrəddən Qoca, Hidayət Orucov və s. Repertuarda bilirsiniz kimlərin adı vardı? Bir nəfər məndən Prezident Aparatına şikayət etmişdi ki, pyesimi yaxın buraxmırlar. Pyesdə söhbət nədən gedir: bunların ailəsində bir hadisə olur, atası haqqında düzgün qərar çıxarılmır. Həmin adam Heydər Əliyev Fonduna müraciət edir və atasının işinə obyektiv baxırlar. Belə pyes olar? Yazıq aktyor bu hadisədə nəyi oynasın?

- Hüseynbala Mirələmovun tamaşalarının Milli Teatrın səhnəsində oynanılması da bəzi tənqidlərə yol açıb. Bu əsərlərə münasibətiniz necədir?

- Hüseynbala Mirələmovun “Xəcalət” pyesi mən teatra gəlməmişdən dörd il əvvəl oynanılıb. Teatr təmir olunandan sonra düşündük ki, özümüzə gələnə qədər bir müddət səhnəyə çıxmayacağıq. Fevral ayında teatra köçdük və bizə dedilər, yox, mart ayında tamaşa oynamalısınız. Mən də əvvəlki 32 tamaşanı repertuardan çıxarmışdım. Məcbur olub, mövzu, oyun etibarı ilə normal olan tamaşaları bərpa etdim. Bu əsərlərdən biri də “Xəcalət” idi. Bizi festivallara çağırdılar. “Xəcalət” Qarabağ mövzusu ilə bağlı idi, aktyor tərkibi çox deyildi, ona görə, bu tamaşanı xaricə aparmaq daha məqsədə uyğun idi. Çünki çox aktyor iştirak edən tamaşaları biz xaricə aparmaqda çətinlik çəkirik. Səbəb sadədir: dəvət edən teatr çalışır ki, az adam gəlsin, xərci çox çıxmasın. Qaldı Hüseynbala Mirələmovun ikinci – “Gəncə qapıları” əsərinə, həmin pyes dövlət sifarişi ilə tamaşaya qoyulub. Dövlət sifarişi ilə əsər olanda, mən rejissorları dəvət edirdim, onlarla söhbətimiz olurdu. Bir də baxdım, Bəhram Osmanova tamaşa verməmişəm. Danışdıq və mənə dedi, üç pyes təqdim edəcəm. Bəhram tamaşaya qoymaq istədiyi əsərlərdən biri türk müəllifinin, digər ikisi isə bizim müəlliflərin – Əli Əmirli və Hüseynbala Mirələmovun idi. Hüseynbala Mirələmovun pyesini “Azərbaycan” jurnalından oxumuşdum, xoşuma gəlməmişdi. Bəhram Osmanova bunu deyəndə, razılaşmadı ki, mən dəyişdirmişəm, pyes düzəlib. Gətirdi oxudum, gördüm, yenə zəifdir. Rejissor hər iki müəllifə söz vermişdi ki, əsərlərinin tamaşasını hazırlayacaq. Müəlliflərlə görüşdüm və fikrimi dedim. Dövlət sifarişi məsələsi də elədir ki, pulu kim verirsə, musiqini də o sifariş edir. Burda mənim mövqeyim işə yaramır. Bilirsinizmi, ümumiyyətlə, böyük təsərrüfatda hər şeyi nəzarətdə saxlamaq, sıxıb-boğmaq səmərəli iş deyil. Bəzən aktyor elə rolu oynamaq istəyir ki, sən heç cür onu fikrindən daşındıra bilmirsən. Və öhdəsindən gələ bilməyəcəyini bilə-bilə, o rolu həmin aktyora vermək lazımdır. Tamaşaçı isə gəlib görür ki, biabırçılıqdır. Bu haqda sənə deyəndə, sən sadəcə, təbəssümlə baxmalısan. Aktyorun başa düşməməsi ona gətirir ki, tamaşaçı zalı yarımçıq tərk edir. Azərbaycanda teatr işi çox mürəkkəbdir. Rəhbər kimi teatrın təsərrüfat işləri, bürokratlarla üz-üzə gəlmək, yaradıcı işi tənzimləmək olduqca çətindir. İki ildir çalışıram, teatrın qarşısına repertuar lövhələrini vurdura bilmirəm.

- Buna nə mane olur?

- Birinci mane olan pul məsələsidir. İki videomonitorun qiyməti 140-150 min manatdır. Təsəvvür edin, bizim ayda biletdən qazandığımız 14-15 min manatdır. Xərcimiz nə qədər olsa yaxşıdır: 22 min manat!

- Meydana çıxan kəsirin axırı necə olur?

- Axırı o olur ki, bizim işığa verməyə pulumuz olmur. Azərbaycanda olan hansı imkanlı adam teatra yardım edir? “Bu şəhərdə”yə böyük şirkətlər sponsorluq edir. Maraqlı bir layihəmiz olur, Fuad Poladovu baş rola gətiririk, heç kim bu işdə maraqlı olmur. 20-yə yaxın təşkilata məktub yazdım, heç biri cavab yazmadı ki, nə qələt edirsiniz, başımızı niyə ağrıdırsınız? Bizi qastrola dəvət edirlər, pulumuz olmur getməyə. Amma nə vaxt qastrol səfərinə yollanırıq, seçilən, fərqlənən kollektiv oluruq.

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #