Cəfər Namiq Kamal: “Bədbəxt adamdı, arvadının xəyanətindən də xəbəri yoxdu” MÜSAHİBƏ

Cəfər Namiq Kamal: “Bədbəxt adamdı, arvadının xəyanətindən də xəbəri yoxdu” MÜSAHİBƏ
28 oktyabr 2013
# 09:00

Cəfər Namiq Kamal. Xalq artisti. Prezident təqaüdçüsü. Hacı. Adların çox olmağının ziyanı yoxdur, əsas odur ki bu adlar ağır gəlib adamı əyməsin. Bu cümləni lap Cəfərsayağı yazdım. Aktyor Cəfər Namiq Kamal obrazlarını belə əlavələrlə, atmacalarla, bəzəyir. Bir jesti, bir sözü, eyhamı ilə zalı uğundura bilir. İnanmırsınızsa, Maarifi (“Qızlar” serialı), “Vəziri (“Lənkəran xanının vəziri” tamaşası), Xasayı (“Qatarın altına atılan qadın” tamaşası) tanıyın.

“İlham Namiq Kamalın qardaşıdır” yazmağı artıq bilirəm. Səhnədəsənsə kimin qardaşı olmağın fərqi yoxdu. O tamaşaçını özün qazanırsan. Cəfər Namiq Kamalın halal tamaşaçıları. Əsl Hacılara layiq...

- Bu yaxınlarda bir mübahisə gündəmə gəldi. Teatrı direktor, yoxsa baş rejissor idarə etməlidir? Söhbət Akademik Milli Dram Teatrından gedirdi. Bu teatrın içində olan yaradıcı adam kimi, aktyor kimi bu barədə nə fikriniz var?

- Biz çox görmüşük - baş rejissor fiqur kimi oturur, heç bir iş görmür, ancaq kreslo tutur. Mənə elə rejissor lazımdı ki, heç adı-sanı olmasın, əsas odu yaxşı tamaşa hazırlasın. Elə rejissor olsun ki, mənə rol verəndə sevinim ki, onun tamaşasında oynayacam. Vəzifə əsas deyil, əsas istedadlı adamın olmağıdır. İndi əksinə daha yaxşıdı. Əvvəl biz üç rejissorla işləyərdik - onun biri normal olardı, o biri ikisi belə də. Amma indi Azərbaycanın bütün rejissorları gəlib tamaşa hazırlaya bilər. İndi heç kim deyə bilməz ki, mənə yol açılmır, baş rejissor imkan vermir. Baxın, gənclər gəlib tamaşa hazırlayırlar. Təbii ki, müəyyən “ələk” də var. Kimin kefi istədi - tamaşa hazırlasın, deyil.

- İndiki repertuarda olan rollarınızın sayından, keyfiyyətindən razısınız?

- Mən bir rolu öz öhdəmə götürmüşəmsə, görmüşəmsə ki, o obrazda qazıntı aparmaq olar, onu keyfiyyətlə işləyib tamama çatdırıram.

- Yaratdığınız obrazlarda “qazıntı” aparırsınız dediniz. Obrazlarınızın həyatda prototipi varmı?

- Oxşada bilərəm, amma adətən əsərdən çıxış edirəm. Onu özüm tapıb, işləyirəm. İç dünyasını tapıram. İç dünyasını biləndən sonra xaricini tapıram. Tapıram ki, o necə geyinər, surəti necə olar. Məsələn, “Qızlar”dakı Maarif obrazı. Mən bilirəm ki, o dövrün NKVD işçiləri özlərini Bağırova oxşadırdılar və onun kimi bığ saxlayırdılar. Maarifin bığı da o cür olmalıdır. Düzgünlük axtarır, hamı da onu demaqoq bilir. Sonra obrazın yerişini, danışığını tapmaq lazımdır. Obrazları robot kimi oynamaq olmaz axı...

- Bir neçə uğur qazanmış obrazınız var. “Dəlilər və ağıllılar”da Nazir, “Poçt şöbəsində xəyal” da Səlim, “Lənkəran xanının vəziri”ndə Vəzir. Elə bu Maarifin özü. Arvadından qorxan, arvadı tərəfindən aldadılan kişilərdi.

- “Lənkəran xanının vəziri”ndə vəzir arvadından qorxmur, qorxsa üstünə arvad almazdı.

- Yaxşı bunu çıxdıq. Amma o biri qəhrəmanlar axı bu barədə eyni talelidirlər...

- Elə adamlardı də. Mən o obrazları işləyib necə deyərlər, doldurmuşam. O Nazir obrazını götürək. Ona nə qədər sözlər əlavə etdim. Orada gözümə dərman tökürəm. Niyə? Bu adam ətrafında baş verənləri görmür. Pis adam deyil e, bu? Yazıq, bədbəxt adamdı. Arvadının xəyanətindən də xəbəri yoxdu. Arvadının gəzəyənliyini bilib yaşayan tipi səhnə də xoşlamır.

- Niyə, Cəfər müəllim? Axı belə adamlar da var...

- Var. Mən sevmirəm belə obrazları. Bu, obraza birbaşalıq, birqatlılıq gətirir. Maraqlı olmur.

- Əvvəl də, indi siz danışdıqca da obrazlarınıza münasibətinizi görə bilirəm. Sizdə onlara sevgi, mərhəmət hissi var. Ən idbar xasiyyətli adama da sevgi, mərhəmət hissi var. Sanki yazığınız gəlir. Sevə bilmədiyiniz, dəhşətli dərəcədə mənfurluğuna görə sevə bilmədiyiniz, oynamaqdan imtina etdiyiniz obraz olur?

- Elə insan olmur axı. Durub deyəsən ki, bundan pisi yoxdur-elə deyil. Pisin də bir insani, sevgili tərəfi var. Çox sevdiyim aktyor var Jan Reno. O “Leon” filmində muzdlu qatili oynayır. Gözünü qırpmadan adamları öldürən adam dibçəkdə saxladığı gülü qoruyur, özü ilə gəzdirir. Yəni, insanın nəyəsə meyli, sevgisi var. bu adam mehrini gülə salıb.

- Obrazı dramaturqun, ssenaristin tam işləməsi yaxşıdır, yoxsa bunu sizin öhdənizə buraxması? Yəni bir NKVD işçisini oynayacaqsınızsa onun necə adam olduğunu özünüz işləsəniz necə olar?

- Onsuz da mən mətnə çox əlaqələr edirəm. Amma məntiqli əlavələr edirəm. Aktyorun obraza qatdığı şirinliyi heç bir dramaturq, ssenarist qata bilməz. İxtisar da edirəm. Artıq, fikri yayındıran xətləri ixtisar edirəm.

- “Dərvişin qeydləri”nə çəkilmisiniz. Filmə baxdınız, razısınız?

- Baxanlar deyiblər ki, yaxşı filmdi. Mən baxmamışam. Premyerada burada deyildim. Bu yaxınlarda İctimai televiziyadan zəng etmişdilər, film haqda veriliş edirdilər, yaradıcı heyəti dəvət edirdilər, getmədim. Çünki, mən oynadığım rolu başqası səsləndirdi, bu da mənim xətrimə dəydi. Sabir Məmmədov səsləndirdi. Amma onun nəfəsi mənimdi axı, mən məşq etmişəm...

- Eşitdiyim qədərilə, kinonun inkişaf etdiyi dünyada artıq filmə səsi elə çəkilişdə yazılır...

- Elədi. Biz bu barədə hələ daş dövründə qalmışıq. Çəkilişdə o atmosferdə olursan, o halı yaşayırsan, səsləndirmədə ikinci dəfə o səsi, o nəfəsi verə bilmirsən. Beləcə özün öz rolunun filan qədərini itirirsən.

- Cəfər müəllim, mütaliə edirsiniz?

- Vaxtilə çox oxuyurdum. Sevirəm mütaliəni. İndi elə də vaxtım yoxdu. Universitetdə dərs deyirəm. İlham (Namiq Kamal) kafedra müdiridir, mən onun işçisiyəm. Səhər Universitetə gedirəm. Günorta çəkilişlər... Sonra teatr... Günüm bitir.

- Cəfər müəllim, İlham Namiq Kamal da, siz də eyni sənətdəsiniz. Bir-birinizi tənqid edirsiniz?

- Edirik, əlbəttə.

- İncikliyiniz olmur ki?

- Yox niyə inciyək ki. İlhamı bilmirəm, mən incimirəm. Adama fikir deyəndə nə olar ki...

- O böyükdü, yoxsa siz?

- İlham bir yaş böyükdü, amma onu teatra ilk dəfə mən aparmışam. O vaxt dram dərnəyinə gedirdim. Kitabında da bu barədə yazıb. Pionerlər evinə rejissor gəlmişdi, tamaşa oynayırdıq. Həsəni mən oynayırdım, Hüseynə adam yox idi. Mən dedim ki, qardaşımı gətirə bilərəm. İlhamla əl-ələ tutub gəldik (gülür). O gələn, gəldik bu sənətə...

# 9553 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #