“Sənə sevişməyi mən öyrətmişəm
Bu dar çarpayıda, bu ağın üstə”.
Bu onun gözəl şeirlərindən sadəcə biridir. Böyük şair idi. Bütün böyük şairlər kimi öz arzuları, ehtirasları vardı. Amma dünya bu ehtirasları boğmaq üstündə bina tutmuşdu. Ona görə də o bu şəhərə, Bakıya dözmədi. Bir gün izsiz-soraqsız çıxıb getdi. Arxasınca da baxmadı. Özü unudulsa da şeirləri unudulmadı. Bəzən başqa yazarların epiqraflarından boylandı o şeirlər, bəzən Facebook statuslarından, bəzən isə içki məclislərində dostların dodaqlarından qopub süfrəyə düşdü o misralar.
Kulis.az o şairi tapıb müsahibə almaq, təzə şeirlərini çap etmək arzusunda idi. Amma bu elə də asan deyildi. Bildiyimiz tək şey Mahirin Yevlaxda yaşaması idi. İlk ağlımıza gələn Yevlax Rayon Polis İdarəsi oldu. Polis İdarəsindən bizə Yevlaxda çapdan çıxan “Kür” qəzetinin redaksiyasına zəng etməyi məsləhət gördülər. Amma nömrə yox idi. Köməyimizə Yevlaxın Məlumat Mərkəzi gəldi. Ordan “Kür” qəzetinin nömrəsini öyrəndik.
Qəzetdəki axtarışlar da bir fayda vermədi. Öyrəndik ki, Mahir Mehdi, hələ Bakıya gəlməmişdən, 90-cı illərin əvvəllərində orda işləyib. Yevlaxa getdikdən sonra bir müddət redaksiyada görünüb amma nə telefonunu bilən var, nə də adresini.
Sonra eşitdik ki, bir şair Yevlax bazarında Mahiri görüb, amma yaxınlaşmayıb ona. Mahirin Bakıdakı dostlarına zəng vurduq. Onlar bizə Mahirin yaxşı şair olduğundan başqa heç nə deyə bilmədilər. Sonra Daxili İşlər Nazirliyindən Mahirin yaşayış yerini öyrənmək istədik, amma alınmadı.
Ümid yavaş-yavaş ölürdü. Sonra Yevlaxda yaşayan dostumun əmisi yadıma düşdü. O, 3 gün Yevlaxda Mahiri axtardı. Amma bundan da bir nəticə hasil olmadı. Bircə ümid Mahir Mehdinin işlədiyi “Ulduz” jurnalı idi. Onların bizə kömək edə biləcəyinə inanmırdıq. Amma yenə də zəng vurduq. Elçin Hüseynbəyli bizə dedi ki, Mahir bu yaxınlarda bizə poçtla şeir göndərib. Ev ünvanı orda var. Bu ünvanda bir az ümid gizlənmişdi. O ümidi üzə çıxarmaq lazım idi.
Soruşub öyrəndik ki, məktubda göstərilən adres Yevlaxın Qaraçılar məhəlləsidir. Yadımıza “Paris Nortdam kilsəsi” romanının pulsuz şairi Pyer Qrenqorun Qaraçılar məhəlləsinə səfəri düşdü.
Saat 21-15. Bakı-Balakən qatarı. Ağa Cəfərli və mən. İstiqamət Yevlax. Yanımızda fotoaparat, diktofondan başqa bişmiş bir toyuq da var idi. Amma vaqon o qədər isti idi ki, toyuq da bizimlə birgə Yevlaxacan getməli oldu. İsti qatarla səhər 05-00 da Yevlax stansiyasına çatdıq. Bizi Yevlaxın dumanlı gecəsindən başqa heç kim qarşılamadı. Zatən heç kimi gözləmirdik.
Bu vaxt heç kimin evinə müsahibə üçün getmək olmazdı. Miskin bir vağzal kafesində bizimlə Yevlaxa kimi yol yoldaşı olan toyuğu yedik. Amma hava heç cür açılmaq istəmirdi. Oturduğumuz kafenin görkəmindən bir yorğunluq yağırdı. O kafedə çox otura bilməzdik. Ümid başqa bir kafe tapıb, səhərin açılmasını gözləmək idi. Kafe tapdıq. Bura biz düşündüyümüz kafenin bütün tələblərinə cavab verirdi. O kafedə nəsə yemək lazım idi. Ofisiant deyəndə ki, yeməyə xaş var, o yeməyə biganə qala bilmədik. Oturub xaş yedik. Artıq hava açılmışdı.
Kafedən çıxıb, Mahirin yaşadığı Qaraçılar məhəlləsinə getdik. Bir az axtardıqdan sonra, Mahirin ünvan kimi göstərdiyi evi tapdıq. Qapıya bir xanım çıxdı və Mahirin Bakıda olduğunu dedi. Amma dediyi sözdə bir tərəddüd var idi. Hiss elədik ki, Mahir evdədir. Həmin qadına telefon nömrəsi verib ordan Yevlaxın mərkəzinə qayıtdıq və bir kafedə oturduq.
Bütün planlar məhv olmuşdu. Yevlaxdan bir reportaj yazıb, Bakıya qayıtmaq barədə müzakirə aparırdıq. Amma belə tez təslim olmaq istəmirdik. Bir çay içib təzədən Mahirgilə getdik. Yenə qapıya həmin qadın çıxdı. Amma qadına nə deyəcəyimizi bilmirdik. Bircə onu dedik ki, bizi Qulu Ağsəslə Kənan Hacı göndərib. Ancaq nəticə olmadı. Yenə qayıtdıq şəhərin mərkəzinə. Bir az gəzəndən sonra telefona tanımadığım nömrədən bir zəng gəldi. Dedi ki, Mahir Mehdidir. Gəlin, gözləyirəm. Dərhal taksiyə oturub getdik. Mahir bizi qapının ağzında qarşıladı. Nəhayət uzun axtarışlardan sonra Mahir Mehdini tapdıq! Bir az üzrxahlıq edəndən sonra bizi içəri dəvət elədi.
Mahir Mehdi sadə kənd evində bacısı ilə birgə yaşayır. Əhvalı çox yaxşı idi.
Bu, bizim axtarışlarımızın uğurlu sonluğu…
Mahirdən müsahibə aldıq. Sabah həmin müsahibəni Kulisdə oxuya bilərsiniz. O zamana qədər isə gəlin, ən yaxın dostlarının bələdçiliyi ilə Mahir Mehdi ilə tanış olaq….
Seymur Baycan: “O vaxtlar “Yeni Müsavat” qəzetində “Eqo” adlı səhifə hazırlanırdı. Həmin səhifəni oxuyurdum. Sonra “Xaqani 33”- də Elçin Hüseynbəylini gördüm. Elçin Hüseynbəyli soruşdu ki, nələri oxuyursan? Mən elə ordaca Elçinə Mahir Mehdinin şeirini əzbərdən dedim. Elçin dedi ki, o şeirin müəllifi yanımdakı oğlandı. Mahir çox sevindi. Üç gün qabaq bir şairin şeiri çap olunursa və tanımadığı adam o şerii ona əzbərdən oxuyursa , şair üçün bundan böyük hədiyyə yoxdu. Sonra hərbi xidmətə getdim. O şeiri iki-üç əsgərin bloknotuna yazdım. Beləcə o şeir 300 əsgərin bloknotuna yazıldı. Sonra Mahirə dedim ki, sənin kitabın çıxmadan mən o şeiri buraxdım. Mahir təpədən-dırnağa şair idi.
İsa Peyğəmbərin pərəstişkarı idi. Mahir yataqxanada qalanda yaşadığı yerə dilənçi gəlib. Mahir dilənçini yedizdirib, sonra paltarın təmizləyib yola salmışdı. Bir dəfə Mahir mənə dedi ki, pulun varsa, bir şey al, yeyib-içək. Mən gedib konserv aldım, bir də konyak. Konyak o qədər ucuz idi ki, nöyütdən fərqlənmirdi. Mahirlə heç konservi də yemədik. Konyakı qəndlə içdik”.
Aqşin Yenisey:“Mahir Mehdi əsl şair idi. Mahirin yazdığı pis şeirlər də yaxşı idi. Mahir bütün varlığı ilə şairdir. Mən “Mərkəz” qəzetində işləyəndə Mahirə dedim ki, şeirlərini ver, çap edək, qonorar al. Mahir şeirləri vermədi. Mən onun yerinə şeir yazıb qəzetdə çap elədim. Hamı dedi ki, Mahir əla yazıb.
Mahir bu gün Azərbaycan şairinə sözün əsl mənasında yoxa çıxmağı öyrətdi. Mahiri ədəbiyyatdan AYB üzvləri Elçin Hüseynbəyli, Rəşad Məcid, Ədalət Əsgəroğlu, Fikrət Qoca və başqaları didərgin saldı. Aydın oldu ki, AYB -də əsl şeirə yer yoxdur. Mahir Azərbaycan ədəbiyyatının Kiçik İsgəndəri, Artur Rembosu idi.
Vaqif Bayatlı Önər əməliyyat olunmuşdu. Mahir Mehdi ilə gül və meyvə alıb xəstəxanaya getdik. Xəstəxanada bizi içəri buraxmadılar. Mahir bir az fikirləşdi, gülləri xəstəxananın qapısına çırpıb getdik”.
Kənan Hacı: “90-cı illərin axırları idi. İşsiz vaxtlarımdı. Bir gün “Azadlıq” qəzetinə yazı apardım, indi xatırlamıram, hansısa aktyor haqqında yazmışdım. Dedilər ki, mədəniyyətlə bağlı yazılara Mahir Mehdi baxır. İlk dəfə Mahiri orda gördüm. Eynəyinin arxasında düyünlənmiş qaşları ona çox ciddi görkəm verirdi. Yaxınlaşıb dedim ki, yazı gətirmişəm. Dedi ki, qoy qalsın, baxaram. Yazını verdim və çıxıb getdim. Deyəsən heç o yazı da çap olunmadı. Fikirləşdim ki, yəqin Mahir yazını bəyənməyib və sonra heç gedib yazının taleyilə maraqlanmadım. Amma mətbuatda onun şeirlərinə rast gələndə oxuyurdum. Çünki Mahir şair idi.
Aradan illər keçdi və biz Mahirlə “Ulduz” jurnalında görüşdük. Mahir bu jurnalda şöbə müdiri idi, onunla söhbətlərimiz tuturdu və arada gözdən-könüldən uzaq bir kafeyə çəkilib möhkəm vururduq. Mahir daxilən çox narahat idi, özünə yer tapa bilmirdi. “Azadlıq”a yazı gətirməyimi də sonralar heç vaxt ona demədim. Bəlkə də onu çoxdan unutmuşdu.
Bir dəfə Zabitlər Evinin kafesində oturub limonla araq içirdik. Mahir qəfildən dedi ki, bir şeir de. Yadımda qalan şeirlərimdən birini astadan oxudum. Mahir yumruğunu zərblə masaya çırpdı və özünəməxsus bir söyüş söydü... “Rumka” çilikləndi və biz kafedən çıxdıq. Sahil bağına çatanda o, əlini çiynimə qoyub “hər şey qaydasındadır, narahat olma” dedi. Eynəyi Mahirin göz yaşlarını gizlədə bilməmişdi.
Deyəsən elə ondan sonra Mahiri bir daha görmədim...”
Qulu Ağsəs: “Mahir Mehdini çoxdan tanıyıram. İlk tanışlığımız mətbuatdan olub. Açığı deyim ki, onun yazıların oxumamışdım. Amma dediyinə görə o hələ Yevlaxda yaşayanda mənim yazılarımı qəzetdən kəsib saxlayırmış. Bir dəfə Şuşa teatrında bir tamaşaya getmişdim. Orda bir dostum məni bir aktyorla tanış elədi. Bu aktyor Mahir Mehdinin qardaşı Müşfiq idi. Sonra Müşfiq vasitəsilə Mahir Mehdiynən tanış olduq. Mahir o vaxtlar “Gənclik PS” qəzetində işləyirdi. Sonra ordan çıxdı. Mən Gündüz Tahirlidən xahiş etdim ki, Mahiri işə götürsün. Böyük əziyyətdən sonra Mahiri işə götürdülər. Az sonra Gündüz Tahirli mənə zəng vurub dedi ki, belə bir məsuliyyətli, peşəkar bir işçini bizimlə tanış elədiyinə görə təşəkkür edirəm. Üstündən altı ay keçəndən sonra zəng eləyib dedi ki, belə bir məsuliyyətsiz, tərbiyəsiz bir işçini bizimlə tanış elədiyinə görə “təşəkkür” edirəm. Kollektivin içində Gündüz Tahirliyə demişdi ki, sən Mirzə Ələkbərin ən gülməli satirasısan. Mahirnən artıq əlaqəmiz dostluğa, qardaşlığa çevrilmişdi. Mahiri dostluğumuz artıq o həddə çatmışdı ki, Mahirsiz bir kafedə oturanda onun yeri görünürdü.
Mahir qardaşıynan Şuşa teatrında balaca bir otaqda qalırdı. Bu otaq həm direktor, həm paltar soyunma, həm məşq otağı idi. Mahir qardaşıynan orda stolun üstündə yatırdı. Düzü, mən inanmaq istəmirdim ki, Şuşa teatrının aktyoru ilə, “Azadlıq” qəzetinin jurnalisti belə bir şəraitdə yaşayır. Bir dəfə gecə birin yarısı getdim onların qaldığı yerə. Düzü içəri girmək bir az çətin oldu. Amma birtəhər içəri girdim. Qalxdım sonuncu mərtəbəyə...
Həqiqətən iki qardaş stolun üstündə yatmışdılar.
Onların menyusu da təxmini yadımdadır. Kolbasa qırıqları, içilmiş “çubuş” butulkaları və tum. Onlar yuxudan oyandılar və bir məclis təşkil elədilər. Səhər saat dördə kimi onlarla oturdum. Onların yaşayışı məni çox incitdi. Bundan sonra Mahirin şeirindəki hikkəni, aqressiyanı başa düşdüm. Elə həyat tərzinə görə Mahirin qardaşı Müşfiq aktyorluqla vidalaşdı. Sonra mən eşitdim ki, Bəxtiyar Vahabzadə onların yaşayışını kimdənsə eşidib və xahiş etmişdi ki , onlara yataqxanada balaca bir otaq versinlər. Beləcə Mahirgil yataqxanadakı balaca bir mənzilə köçdülər. Sonra onların qaldığı evi təbrik eləmək üçün düz bir həftə həmin evdə məclis elədik.
Mahirgil elə sevinirdi ki, elə bil onlara hündürmərtəbəli binadan 5 otaq ev verilmişdi. Sonra iş elə gətirdi ki, Mahirnən biz “Ulduz ” jurnalında bir yerdə işlədik. Mahir işləyəndə son dərəcəli məsuliyyətli olurdu. Mahir harda işləyirdisə, əlindən gələni edirdi ki, onu işdən qovsunlar. Bir dəfə məlum oldu ki, Mahir AYB-dən hər gecə telefonla sifariş verib haraylasa danışırmış. Əvvəl iş yerini, sonra Əsəd Cahangirlə qaldığı evi yandırdı. Bəlkə də Mahirin bu yanğınlarına görə Fövqəladə Hallar Nazirliyi yarandı. Yoxsa bütün Bakını yandırıb qurtaracaqdı. Sonra Mahir qəflətən yoxa çıxdı. Bizə şeir göndərmişdi, onu da “Ulduz” jurnalında çap elədik.
Fuad Cəfərov
Yevlaxın Qaraçı məhəlləsindəki şairin tapılmaqlığı
19 noyabr 2012
15:34
1906 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024