“Bizdə intim səhnələri çəkə bilmirlər” - MÜSAHİBƏ

“Bizdə intim səhnələri çəkə bilmirlər” - MÜSAHİBƏ
25 iyun 2014
# 15:19

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar Artist Gülər Nəbiyeva ilə müsahibəni təqdim edir:

- “Girov” sizin kinoda ilk və böyük işinizdir. Filmdə ermənini evində saxlayan və müharibədən zərbələr alsa da onunla yaxşı davranan azərbaycanlı qadını oynayırsınız. Filmdən sonra çox tənqidlər, iradlar səsləndi. Məsələn: “Necə olub ki, girov ermənini kənddə tək qadının evinə buraxıblar? Bu mentalitetə uyğun deyil” . Sizin buna münasibətinizi bilmək maraqlıdır.

- “Mən bunu edə bilmərəm” və ya “Bu, mümkün deyil” deyən adamlardan zəhləm gedir. İnsan elə bir vəziyyətə düşər ki, öz canı üçün, əzizləri üçün nə desən edər. Film real həyatdan götürülüb. Bilirsiniz, çəkiliş vaxtı aktyor Qurban İsmayılov real həyatdan oxşar bir əhvalat danışdı: gənc qız erməni əsirə yemək daşıyırmış, ona yaxşı baxırmış ki, əsirlikdə olan qardaşı ilə dəyişsinlər. Amma sonda məlum olur ki, qardaşı orada yoxdur. Real həyatda belə şeylər çoxdur. Yoxsa başlayıblar ki, Azərbaycan qadını belə edə bilməz. Mentalitet nədir axı? Gündə min dənə qətl, zorakılıq hadisələri haqqında eşidirik. Bəs bunlar mentalitet deyil? Bir də guya onu deyənlər mentalitetə riayət edirlər ki? Amma səhnədə, filmdə görəndə deyirlər ki, bu, mentalitetə görə ola bilməz.

Bir də bu, humanist bir film olmalı idi. Ona qalsa, heç bir erməni gəlib deməyib ki, bizi bağışlayın, yəqin ki, mənim də bu işdə günahım var.

Amma o yazığın nə günahı var idi? Tale onları bu vəziyyətdə rastlaşdırıb. Və biri humanistlik göstərib girovu sağ buraxır, amma o birilər onun əzizini öldürürlər. Son nəticə nədir? Şekspirin sonetlərində də son iki misra bütün şeiri izah edir. Bu filmdə də elə.

- Aktrisa kimi filmə hansısa əlavələriniz olubmu?

- Sonda qadın əsiri yox, toyuğu öldürür və əsirə baxır. Yəni, mən səni öldürə bilmədim, bu bədbəxt toyuğu öldürdüm. Bu səhnə mənim içimdən gəlirdi... O məqamı yetişdirmək lazım idi.

- Özünüz bir tamaşaçı kimi “Girov” filmini bəyənirsinizmi?

- Əlbəttə. Baxarkən, həm tamaşaçı kimi, həm də aktrisa kimi o hadisələrə düşə bilirəm. Çəkilişləri xatırlayıram.

- Filmə tamaşaçılardan hansısa qınaqlar oldumu?

- O film haqda gileylər də eşitmişəm, xoş sözlər də. Birmənalı olaraq tənqid və ya tərif olmur. Bəyənən də olur, bəyənməyən də. “Möhtəşəm yüz il” serialı məni qətiyyən çəkmədi, amma nə qədər insan o serialı gözləyir, bəyənir, hətta ona ağlayır. Deməli filmdə nəsə var. Mənim bəyənib-bəyənməməyindən asılı olmayaraq o film nəsə deyir. “Girov” da elədir.

- Sizin çox temperamentli, çılğın, şən bir təbiətiniz var. Amma kinoda, elə teatrda da sizə daha çox psixoloji- dramatik obrazlar tapşırırlar...

- Elədir. Amma çalışıram dramatik-psixoloji obrazları fərqləndirim. Çılğın obrazlarım da olub, amma az... “Sən mən atmazsan ki”də şıltaq bir qızı oynamışam. Bir də “Antoni və Kleopatra”da Kleopatranı oynamışam. Onu yenə də oynamaq istərdim...

...Allah-təala mənə bu yazını yazıb. Sənət müəllimim Vidadi Həsənov mənə deyirdi ki, çıx get, bu sənət sənlik deyil. Amma hamı, məndən istedadlılar da çıxıb getdi, mən qaldım bu sənətdə. Heç ağlıma da gəlməzdi ki, aktrisa olaram. Mənim ruzim buradandı. Deməli, allah məni buna göndərib.

- Prezident təqaüdü alırsınız. Bəs ümumiyyətlə, təqaüd almayanda dolana bilirsiniz?

- Sizə deyim ki, çəkilişlərdən aldığımız pul heç evə gedib çatmır. Amma teatrdan aldığımız maaş o qədər bərəkətlidir ki, onu hətta ayın axırına da çatdıra bilirsən. Az da olsa çatdırırsan. Yəqin o bizim zəhmətimiz, alnımızın təridir deyə, belədir.

- Filmdə də zəhmət çəkmirsinizmi?

- Əlbəttə çəkirik, beş dəfə paltar dəyişirik, bir epizodu yüz dəfə məşq edir, oynayırıq. Amma nə isə mənə elə gəlir ki teatrdan aldığım maaş daha bərəkətlidir. Bəlkə mənə elə gəlir.

- Həyat yoldaşınız Eşqin aktyordur. Eyni sahədə, hətta eyni teatrdasınız. Bunun üstün və pis tərəfləri hansıdır?

- Üstün tərəfi odur ki, bir-birimizi başa düşürük. Amma pis tərəfi... nə bilim...

- Qısqanclıqlar olur?

- Məndə yox. Onu bilmirəm. Mübahisələrimiz də sənət, peşəkarlıq üstündə olur. Eşqin istedadlı adamdır. Əgər eyni rollar verərək eyni ampluada tükətməsələr, gələcəyi parlaq ola bilər. Amplua aktyoru məhv edir. Mən özüm dəyişikliyi sevirəm. Bu gün Xanpəriyəmsə, sabah Susanna oynamağı xoşlayıram.

- Gülər xanım, peşənizlə bağlı hansısa kompleksləriniz varmı? Məsələn “intim səhnələrdə oynamaq” kimi? Axı bunlar birmənalı qəbul olunmur...

- Belə səhnələr normaldır, normal da qarşılanır. Sadəcə bizimkilər o səhnələri gözəl, estetik çəkə bilmirlər. Bu, çəkiliş prosesindən, rejissorun mizanlarından və yaxud aktyorların sıxılmasından irəli gəlir... Hər nədənsə bizdə belə səhnələri çəkə bilmirlər...

- Bu məsələdə güvəndiyiniz bir rejissor varmı?

- Nə deyim vallah... Çətin sualdır.... Mən çox rejissorlarla işləmişəm. Obraz haqda fikirlərim başqa olsa da rejissorla razılaşmışam, qayda budur.

- Sizcə, səhnədə baş verən oyunlar daha dramatikdir, yoxsa səhnə arxasında?

- İnanın ki, mən səhnə arxasında baş verən oyunlarla qətiyyən maraqlanmıram. Məndə o maraqlar yoxdur. Hamını olduğu kimi qəbul etmək, dediyi kimi başa düşmək istəyirəm.

- Gülər xanım, yeni rollarınız varmı?

- Cənnət Səlimovanın rejissorluğu ilə Şekspirin “III Riçard” əsərini hazırlayırıq. Siz zəng edəndə məşqlərdə idim. Yəqin ki, gələn mövsümdə təhvil verəcəyik. Bir də “Durnalar qayıdanda” adlı bədii televiziya filminə çəkilirəm.

# 5803 dəfə oxunub

Oxşar xəbərlər

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

12:00 22 noyabr 2025
"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

17:30 21 noyabr 2025
"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

16:00 21 noyabr 2025
Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər