KVN-nin məşq zalından “Analoqu olmayan” REPORTAJ

KVN-nin məşq zalından “Analoqu olmayan” <span style="color:red;">REPORTAJ
17 aprel 2014
# 08:00

Yeni müstəqillik qazanmış ölkədə problem bəs qədər idi. Qarabağ münaqişəsi, qaçqınlıq, şəhidlər... Konsertlərinin kasetləri ev-ev gəzən “Bakılı oğlanlar” Şən və Hazırcavablar klubu gülməyi qəribsəmiş məmləkət insanının Sovet vaxtında qalmış təbəssümünü özünə qaytara bildi desəm yəqin ifrata varmaram. Onlar fərqli bir gülüş təqdim etdilər bizə. Bu gülüş həm də düşündürürdü:

- Nazarbayev Bakıya gəlir.

- Nazarbayev kimdir?

- Türkmənbaşı...

Köhnəlmək bilməyən dialoqdur, deyilmi?! Bu cür dialoqların, replikaların siyahısını bir xeyli uzada bilərik...

“Bakılı oğlanlar” mərhum Anar Məmmədxanovun rəhbərliyi altında məğlub xalqı (müvəqqəti olsa da) qələbələri ilə sevindirib fəaliyyətini başa vursa da, Tahir İmanov missiyanı yarımçıq qoymadı. Onun rəhbəri olduğu “Planet Parni iz Baku” KVN teatrı “Bakılı oğlanlar” boşluğunu doldurdu. Köhnə komandadan Tahir və Cabir İmanovlar, Azər Məmmədzadə, Bəhram Bağırzadə və Emil Abbasov hazırda “Planet Parni iz Baku” KVN teatrının uğurları üçün tər tökür. Komandanın tərkibinə yeni, istedadlı aktyorlar da qoşulub. Aprelin 25, 26, 27-i “Analoqu olmayan” yeni solo-konsertə hazırlaşan “Planet Parni iz Baku” KVN teatrının məşq etdiyi Dövlət Filarmoniyasında son hazırlıq işləri gedir. Əsəblər tarıma çəkilib. Repertuar hər zaman olduğu kimi maraqlı və rəngarəngdir. Tahir İmanov komanda üzvlərinə son tapşırıqlarını verəndən sonra hər il onlara məşq etmək üçün zal problemi yaradılmasından şikayətləndi:

- Hər il konsertqabağı biz bu problemlə rastlaşırıq. Teatrlara zəng etdim, biri dedi, tamaşalar çoxdu, biri dedi, gərgin iş qrafikasında çalışırıq. O qədər bəhanələr gətirdilər ki... Biz KVN-nin heyətində çempion olanda düşünürdüm ki, heç bir problemimiz olmayacaq. Düşünürdüm ki, qələbələrimizə, fəaliyyətimizə görə bizə kömək edəcəklər. Biz axı çox şey istəməmişik. Məşq üçün bir ay zal lazımdır da. Bu o qədər problemdir? Bu cür neqativ hallarla üzləşəndə düşünürəm ki, elə bil “Parni iz Baku”, Moskva illəri heç olmayıb. Elə bil Azərbaycanı təmsil edən biz olmamışıq. Mən hələ telekanalların qadağasından danışmıram. Bu artıq bizim üçün adi haldır. İstəmirik, heç çağırmasınlar. Ulu öndərimiz Heydər Əliyev, indiki prezidentimiz cənab İlham Əliyev konsertlərimizə gələndə bir adam da bizi tənqid etmirdi. Bəyəm o vaxt səhvimiz yox idi? O vaxt səhvlərimiz daha çox idi. Cavan idik. Niyə demirdilər? Necə ki, bütün o illər bitdi, “Planet Parni iz Baku” yarandı, ölkə başçısı konsertlərimizə gəlmədi, hamı başladı qaramızca danışmağa. Halbuki həmin insanlar üzümüzə gülürdülər, “Eşq olsun” deyirdilər. Onlar mənim üçün qorxaq və paxıl adamdırlar.

Son iki – üç ildəki konsertlərindən danışırıq. Gülüşün hücumuna tab gətirmək elə də asan məsələ deyil. Onların gülüş hədəfləri isə dəqiq və kəskin olur. Bu əsnada Azər Məmmədzadə də “Parni iz Baku” illərinə qayıdır:

- Heydər Əliyevin vaxtında bəzi məmurlar gəlib deyirdi ki, bizi də parodiya edin. Hətta Heydər Əliyev səhnə arxasında bizimlə görüşəndə adını çəkmək istəmədiyim bir nəfər öz parodiyasına pis yanaşdı. Heydər Əliyev onun cavabını yerindəcə verdi. Kadrlarda da var. O, özü deyirdi ki, əgər məni parodiya edirsinizsə, heç kəs sizə bir söz deyə bilməz.

T. İmanov: İndi həmin məmurlar konsertqabağı zəng vururlar ki, bizim haqqımızda heç nə olmasın. Niyə tənqid etməyim e səni? Heydər Əliyevin qurduğu azad, demokratik ölkədə yaşayıram. Bizim idman federasiyalarında rəhbər nazirlərdi. Yaxşı olardı ki, bizim də bir KVN federasiyamız olardı. Ən azı bu yaşda gedib sponsorların qapısını döyməzdik, sponsorların nazıyla oynamazdıq. Hansısa bir əcnəbi gəlib mənə mənim reytinqimdən danışır. Bakcelldə mənə deyirlər ki, 18 milyon reklam büdcəmiz var, amma bir qəpik də sizə verməyəcəyik. Cabirlə ikimiz qapını çırpıb çıxdıq. Onun ətrafında olan azərbaycanlılara da bir – iki yağlı söz dedik. Çünki onlar da qorxaqdırlar. Amma sabah çox hörmətli prezidentimiz İlham Əliyev konsertimizə gəlsə, sizi inandırıram bütün Nazirlər Kabineti orda olacaq və biz onda onlara deyəcəyik ki, bilet yoxdur. Mənim arzumdur ki, cənab prezidentimiz konsertimizə gəlsin. O gözəl mühiti yaşayaq. Bu sözlə deyiləsi deyil. Ümummilli liderimiz konsertə gələndə başqa bir aura yaranırdı. Məsuliyyətimiz ikiqat artırdı. Çünki Heydər Əliyev bizim bir nömrəli tamaşaçımız idi. Biz bir növ imtahan verirdik.

Emil Abbasov Çindən yeni qayıdıb. Onunla hal - əhval tuturuq. AMİP lideri Etibar Məmmədovu, 90-cı illərdə fırtına qoparan “Mehriban düşmən” serialının qəhrəmanı Hulio Sesarı parodiya etmiş Emil Abbasovu deyirəm... Ölkədə yaşamaya – yaşamaya cəmiyyətdə baş verən nöqsanlara yumor prizmasından yanaşmaq çətin olmur ki, Emil Abbasov üçün?

- Düzdü, indi hamı “keçid dövrü” sözünü məsxərəyə qoyur. Ancaq biz bir şeyi başa düşməliyik ki, Azərbaycan hal – hazırda keçid dövrünü yaşayır. Müstəqil ölkə kimi iyirmi ildən fazla təcrübə toplamışıq. Bizim tariximiz var. Sovet imperiyası dağıldı, müstəqillik əldə etdik. Bizim tarixən belə bir təcrübəmiz olmayıb. Bu təcrübəni də əldə etmək üçün də gərək müəyyən bir vaxt keçsin. İndiki prosesləri siz özünüz də görürsünüz. Ukrayna, Krım və sair. Biz elə düşünürdük ki, Sovet dövləti dağıldı, bununla da məsələ bitdi. Ancaq zaman göstərir ki, proseslər hələ gedir. Özü də bu proseslərin sonu nə vaxt olacaq, onu indi heç kim deyə bilməz. Bu uzun bir mövzudur (gülür). Sözümün canı budur ki, Azərbaycanda sosial problemlər var.

A. Məmmədzadə: Hər ölkədə olduğu kimi.

E. Abbasov: Amerikada da, Rusiyada da sosial problemlər var. Biz sosial problemləri necə qəbul edirik, bir problem kimi, yoxsa baxıb yan keçirik?

T. İmanov: Ümumiyyətlə, problem onun üçündür ki, gərək onu həll edəsən.

E. Abbasov: Vəssalam.

T. İmanov: Yoxsa, ay problem var, əlini salla yanına, çıx get. Bu bədbinlikdi. Mənim üçün şəxsən bədbinlər də potensial xəyanətkardırlar. Problem həll edənlər isə ölkə üçün yaşayanlar, ölkəyə can yandıran insanlardı. Düşünürəm ki, gec – tez bu problemlər öz həllini tapacaq. Bu gün bizim vəzifəmiz isə bu problemlərə yumor prizmasından baxmaqdı.

“250 kontura toya gedən” palatka toylarının kralı, “Bəyaz gejələri” zümzümə edib konservatoriyanın vokal kafedrasında parket vuran bayağı müğənnilərin ümumiləşdirilmiş obrazları... Hər konsertdə Rəşid Behbudovu, Müslüm Maqomayevi tamaşaçılara xatırlatsalar da, kütlə yenə də bayağı müğənniləri dinləməyə üstünlük verir. Səhnədən kənar, şən və hazırcavablar bayağı müğənnilər, ümumiyyətlə, şou – biznesimiz haqda nə düşünürlər?

E. Abbasov: Şou-biznesin yeni nümayəndələri nəyi bacarırlarsa, onu göstərirlər. Heç bir bacarığı olmayan müğənni informasiya texnologiyalarının verdiyi üstünlüklərdən istifadə edib özünü elə təbliğ edir ki... Populyar müğənni olur. Rəşid Behbudovun dövründə isə məşhur olmaq üçün sənət sahibi olmalı idin.

A. Məmmədzadə: Zəhmət çəkib o səviyyəyə çatmalı idin.

E. Abbasov: İndi internetlə, Facebookla məşhur olan müğənnilər var.

T. İmanov: Kütlənin zövqünü biz formalaşdırmırıq. Biz kütləni düzgün yola yönəltmək üçün bu məsələlərə öz payımızı veririk. Zövqü kütləvi informasiya vasitələri formalaşdırır. Nə qədər ki, saytlar, televiziyalar qalmaqalla dolu maqazin verilişləriylə kütlənin zövqünü korlayıb pozacaq, kütləni Rəşid Behbudov maraqlandırmayacaq. O kütlə Üzeyir Mehdizadəyə və digər səviyyəsiz müğənnilərə qulaq asacaq. Müğənni də demirəm onlara, sadəcə səviyyəsiz deyirəm. Arqumentlər gətirirlər, bunun Youtubeda bir milyondan çox baxışı var. Sonra? Hitler hakimiyyətə gələndə arxasında üç milyondan çox insan var idi.

A. Məmmədzadə: Bu məsələlər yalnız Azərbaycanda baş vermir. Rusiyada və başqa respublikalarda da bu cür proseslər gedir.

T. İmanov: Mən bir daha bunu qeyd etmək istəyirəm. Səviyyə başqa şeydir. Bir ölkədə ki, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Fikrət Əmirov, Qara Qarayev kimi sənət adamları yaşayıb, bu gün medianın o cür “müğənniləri” təbliğ etməyə haqqı yoxdur. Çıxıb kütləyə başa salın ki, ay camaat, bu yaxşı deyil e, yaxşı Rəşid Behbudovdur, yaxşı Şövkət Ələkbərovadır, yaxşı Fidan və Xuraman Qasımova bacılarıdır. Misal üçün deyirəm də. Əksinə, media qalmaqallı mövzulara çox yer ayırır. Verilişə bax, filankəs filankəsin toyuna niyə gəlmədi. Əşşi, gəlmədi-gəlmədi də.

A. Məmmədzadə: Bu bunu döydü, o bunun saçını yoldu.

T. İmanov: Bir tamaşaçı kimi bu məsələlər məni maraqlandırmır. Məni maraqlandıran onların sənətidir, əgər varsa. Yoxdursa, öpürəm, sağ ol. Qalmaqalı, dava-dalaşı gedib bazarda, küçədə eləsin. Bu cür zəngin mədəniyyətə malik bir millətin belə verilişlərinin olması ürəkağrıdıcıdı. Hərdən baxıram, təəccüblənirəm.

- Reytinqi bəhanə gətirirlər...

T. İmanov: Gedin görün o reytinqləri kimdir təşkil edən? O reytinq aparatları harda qurublar? Normal adam bu cür səviyyəsiz mövzuları, bu cür səviyyəsiz verilişləri görəndə dərhal kanalı çevirir. Mən bizim telekanallara baxmıram, çünki məni maraqlandırmır. Biz başqa şey görmüşük. Biz "kvnşiklər" Moskvada böyümüşük. Biz bilirik, professionalizm nədir. Mən Rusiya, Türkiyə kanallarına, Euronewsa baxıram. Bizimkilərə ancaq konsertqabağı baxıram ki, material toplayıb tənqid edim. Əfsuslar olsun ki, vəziyyət belədir.

Bəhram Bağırzadə susmağa üstünlük versə də, söhbətin sonunda bir – iki kəlmə söz dedi. İllərdir danışır. Həm səhnədə, həm mediada... Onlar danışdıqca içindəki, gözlərindəki yanğını görməmək mümkün deyildi.

T. İmanov: Biz bu torpağı sevirik. Biz o insanlardan deyilik. Yaxşı yaşayırıqsa vətəni sevməliyik, pis yaşayırıqsa sevməməliyik. Təəssüflər olsun ki, bizdə belədir. Bəzi insanlar düşünür ki, mən niyə vətəni sevməliyəm? Vətən mənim üçün nə edib? Vətəni hər zaman sevməlisən. Kasıb vəziyyətdə də, zəngin vəziyyətdə də, işsiz qalanda da, işin olanda da. Mən bu haqda keçən konsertdə danışmışam. Biz sevgimizi əməllərimizlə sübut etmişik. Biz ölkəmizi 90-cı illərin əvvəllərindən, ən çətin vaxtlardan təmsil edirik. Bəziləri qaçıb gedəndə biz cavan – cavan uşaqlar Anar Məmmədxanovun başçılığı ilə Azərbaycanı təmsil edirdik.

A. Məmmədzadə: Onu qeyd etmək istəyirəm ki, Anar 1986-87-ci ildən fəaliyyətə başlamışdı. Çalışırdı ki, Moskvaya komanda aparsın. Ona imkan vermirdilər. Nəhayət 90-cı illərdə blokadanı yara bildi.

T. İmanov: Vətəni təmənnasız sevmək lazımdı. İstənilən problemi də səhnədən yumor prizmasından göstəririk və göstərəcəyik.

B. Bağırzadə: Bir məsələni mən qeyd edim. 20 ay mən nə bilim 30 gün konsert verənlər ki, var, onlar heç vaxt gedib Moskvada, yaxud da digər MDB respublikalarında çıxış edə bilməz. Amma biz çıxış edə bilərik. Özü də onların dilində çıxış edərik.

T. İmanov: Burda rəqabətdən söhbət gedə bilməz. Çünki rəqabət aparmaq üçün Azərbaycanda ikinci KVN teatrı olmalıdır. Bizim KVN teatrı nəinki Azərbaycanda, hələlik regionda yeganədir.

B. Bağızadə: Ən maraqlısı odur ki, biz indi Azərbaycan dilində çıxış edirik, vaxtilə rus dilində çıxış etmişik. Lazım olsa, ingilis dilində də tamaşa oynaya bilərik.

E. Abbasov: Yeri gəlsə Çin dilində də oynayarıq (gülür).

B. Bağırzadə: Uşaqlar hamısı orta məktəbdə ingilis dilini yaxşı oxuyublar. Ən zəif biləni mənəm, lazım olsa mən də oynayaram.

T. İmanov: Bizdə ən böyük problem paxıl insanlardır. Çıxıb arxamızca efirdə danışırlar. İnanırsınız, bir dəfə də onlara cavab verməmişik. Yox nə bilim, qadın paltarı geyinirlər, nə bilim nə. Azərbaycan teatrlarının bütün problemi həll olunub, şitlik, bayağılıq yoxdu, bircə qadın paltarı problemi qalıb. Unudulmuş insanlardı bu məsələləri qaldıranlar. Bilirsiniz niyə unudulublar? Çünki öz üzərində işləmirlər. Aktyor axıra kimi işləməlidir. Bu mənim subyektiv fikrimdi, amma mənim üçün çox obyektivdi. Tək aktyor yox, insan axıra kimi işləməlidir. Əlini yanına salıb, iş yoxdi, neyniyəcüyük deməklə iş bitmir.

Zənnimcə, bu söhbətdən sonra əlavə bir söz deməyə ehtiyac yoxdur. Onlar dayanmırlar, onlar axtarışdadırlar. Yeni – yeni ideyalar, maraqlı layihələr...

Son konsertin deyəsən həqiqətən “Analoqu olmayacaq”. “Analoqu olmayan” konsertə baxacağıq. Bircə qalır baxmaq...

# 10981 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #