Bu gün şeirlər və hekayələr, romanlar və povestlərlə aşıb-daşan ədəbi məkanımızın Həqiqi Bədii Söz kasadlığından gileylənənlər haqlıdırlar.
Yalnız forma və tərtibatıyla ədəbi əsərlər toplusuna bənzəyən kitablar, bədii fikir, dərin fəlsəfi mənalı ifadələr kimi təqdim olunan söz yığnağı insana toxunmursa, hiss və duyğulara, fikirlərə təsir göstərib düşüncələrdə, dünyaya baxışda dəişikliklər yaratmağa qadir deyilsə, qiymətli vaxtını bu cansız, nəfəssiz külliyata sərf etməyə dəyərmi?.. Axı Ədəbiyyat - ədəbi əsər, bədii fikir, yalnız yaşandığı təqdirdə toxunmaq, dəyişmək, hiss və duyğularda təlatümlər yaratmaq qüdrətinə malikdir, əgər həmin o Yaşananı kağıza köçürən kəsə qəlblə duyulanları Sözə çevirmək qabiliyyəti bəxş olunubsa. Son illər şeirlərinə internet səhifələrində rast gəldiyim gənc Azərbaycan şairi Leyla Əliyevaya bəxş olunan məhz budur - qəlblə yaşananları bədii sözə, ədəbi ifadəyə çevirmək istedadı. Bu gənc ədibin yaradıcılığına, yuxarıda dediyim Həqiqi Bədii Söz prizmasından yanaşsaq, burda söhbətin məhz həmin bu möcüzədən getdiyini anlayarıq.
Bir müddət əvvəl müsahibələrimdən birində Leyla Əliyevanın ağrını, hissi sözə çevirmək qabiliyyəti barədə demişdim. Zaman ötdükcə, şeirdən şeirə böyüyən bu Duyğu Dünyasının öz sərhədlərini, duyum miqyasını genişləndirdiyinin, yeni, fərqli ifadə üsulları ilə zənginləşdiyinin şahidi olduqca, Mikayıl Müşfiqi, Əli Kərimi yetirmiş Azərbaycanın Söz Toxumu münbitliyinə heyran qalıram…
İlahi sevgilər, ağrılar və təəssüflər dolu bu Duyğu Aləminə qəhərsiz, həyəcansız daxil olmaq, bu məsumluq möhtəşəmliyindən sarsılmamaq mümkün deyil. Sonsuz ilahi mərhəmətdən, saflıq, sevgi və bakirəlikdən yoğrulan bu sehrli aləm Leylanın hər şeirinin ilk misrasından açılır. Ora daxil olmaq üçün fikri toplamağa, diqqəti səfərbər etməyə ehtiyac yoxdur. Unudulmuş, üstü qaysaq bağlamış gizli ağrıları oyatmağa, oyadıb ovutmağa qadir olan bu gözəl ağrılar özü səni çəkib aparır... gül-çiçək ətri qoxuyan yaşıl, qəmli çəmənliklər, qürub çağının qumral ləpəli dənizi səni bu dünyadan çəkib özünə aparan kimi...
Burda – mübhəm incəliklər və zərifliklər dolu bu sirli aləmdə bir qurtuluş da var. Amansız reallıqlardan, gündəlik yaşam qaçhaqovununun miskinliyindən xilas və qalibiyyət qurtuluşu.
Bəli, bu kəpənək qanadı tək, zərif şeirlər bu incəliyi hər an öldürücü zərbələri ilə məhv etməyə hazır olan zirehli dünyaya qalib gəlməyə, onun fövqündə yaşamağa qadirdir.
A.Məsud
Leyla ƏLİYEVA
Olan hər nə varsa, gözəldi, vallah…
***
Necə alındı ki, dostum, görəsən,
Zərif arzuları apardı külək?
Sən məndən ötəri mənim bağımdan
Dərdin sirlə dolu yasaq bir çiçək...
O gülü sən dərib hədiyyə etdin
Belə hədiyyələr tez-tez edərlər
Verdin ki, mən baxım, necə qaralır
Necə də ölürlər bu yazıq güllər...
Sən mənə şəkil də hədiyyə etdin
Verdin ki, çəkməyim bir də mən özüm.
Qaranlıq rəngləri yoxa çıxardı
İşıq da soldurdu, seçmədi gözüm...
Kitab bağışladın dəryalar qədər,
Hamısının içi bomboş vərəqlər...
Qəfil bir Günəş də hədiyyə etdin,
Səhra bürküsüylə canımı üzər…
Boz yağışları da sən bağışladın
Üstəlik çətir də verdin hədiyyə.
Altında dayanıb islanıb qaldım
Bu çətir xəlbir tək axıdır deyə...
Kərpicdən bir ev də hədiyyə etdin,
Nə qapısı vardı, nə pəncərəsi
Səssizcə boğulub qaldım içində
Qismətin olmadım, çıxmadı səsin...
İndi soruşursan yenidən məndən
Sənə daha nələr hədiyyə edim?..
Olanlar bəsimdi deyirəm mən də,
Yaxşısı budu ki, burax qoy gedim...
***
Sənə vurulmuşam, amma nə fayda?
Hər şey ötüb keçir, qalan iz olur.
Oyunun qaydası beləymiş yəqin
Onu başqa cür də dəyişmək olur…
«Bağışla» - deyirəm mən gələcəyə -
«Qüssədən qurtulub, sevinəcəyəm»!
Yalan-doğru, “çalışacam” söyləyib
Mən onu keçmişə çevirməyəcəm!
«Hər şey ayrı cürdü» - dedim yalandan
Həm onu aldatdım, həm də özümü.
Qəlbimi gizlədib bəd nəzərlərdən
Gizlədim qəlbimin oyaq gözünü…
Yarımçıq badəmin çatlaq şüşəsi…
Şərabı məst edər, ömrü oğurlar.
İblislə də bitdi bütün haqq-hesab
Onun da qəm vaxtı bir dərd yükü var…
Qalxıb Cəhənnəmdən dikələr İblis
Çiyninə baş qoyub ağlayım deyə.
Mənə öz zəhərin tamdırar İblis
Günahlar odunda qovrulum deyə...
Şam kimi əriyib axıram yenə...
Alışmaq həvəsi canımı üzər
Güclü əllərinə möhtacam yenə
Əllərin Ölümün xofun əridər...
Mən sənə vurğunam! Kim qınayacaq?
Qoy kimin meyli var, qınasın, neylək!
Sən gəl, fal açmayaq necə olacaq
Olan hər nə varsa, gözəldi, vallah…