Kulis.Az Türkiyə Mədəniyyət Nazirliyi Kitabxanalar və Yayınlar baş idarəsi, Türk Ədəbiyyatının Dışa Açılımı (TEDA) şöbəsinin əməkdaşı Nizar Kara ilə müsahibəni təqdim edir.
- TEDA-nın fəaliyyəti nədən ibarətdir?
- Biz şöbəmiz vasitəsi ilə xaricdə Türkiyə yazıçılarının əsərlərini çap etdirən naşirlərə maliyyə dəstəyi veririk. Eyni zamanda Beynəlxalq Sərgilərdə türkiyəli naşirləri aparır, onlara sponsorluq edirik. İstanbul Kitab Fuarında da xaricdən gələn naşirlərin tədbirə qatılması üçün sponsorluq etmişik. Azərbaycandan da “Qanun” Nəşrlər Evinə dəstək verdik. “Qanun” Nəşrlər Evi də TEDA-nın dəstəyi ilə bir çox Türkiyə yazıçılarını Azərbaycanda yayımlayıb. Stendimizdə də nazirliyin nəşrləri və TEDA proqramı çərçivəsində 63 ölkədə 58 dildə çap olunmuş kitabları nümayiş etdiririk. Həmin kitablardan nümunələri bəzi halda hədiyyə edirik.
- Əməkdaşlıq etdiyiniz nəşriyyatları siz özünüz axtarıb tapırsınız, yoxsa onlar müraciət edirlər?
- Naşirlər tərcümə edəcəkləri kitabları seçirlər, kitabların müəllif haqlarını Türkiyədəki naşirlərdən və müəllif hüquqları agentliklərindən satın alırlar, ondan sonra bizim nazirliyə müraciət edirlər. Daha sonra biz onlara iki il müddətinə vaxt ayırırıq. Bu iki il ərzində kitablar çap olunur. Kitablardan bizə nüsxələr göndərilir. Bizə gələn nüsxələr isə dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə təqdim edilir.
- Kitabların tərcümə səviyyəsini yoxlayırsınızmı?
- Bu tamamən naşirin ixtiyarında olan məsələdir. Çünki naşir zəif tərcüməni bazara çıxaranda tənqid olunur. Bu işi hər bir naşirin öz ixtiyarına buraxmışıq. Çünki nəşriyyatların redaktor fəaliyyəti də var. Peşəkar naşirlər bu işi bilir deyə nazirliyimiz onların işinə qarışmır. Amma bizə müraciət olunan zaman tərcüməçilərin tərcümeyi-halına nəzər salırıq, əvvəllər hansı kitabları tərcümə etməsi ilə maraqlanırıq. Mətnlərə isə qarışmırıq. Biz ancaq tərcümə prosesinə dəstək veririk. Yəni kitabın tərcüməsindən əvvəl dəstək veririk. Əgər tərcümə olunmuş əsərdə problemlər ortaya çıxarsa növbəti müraciətlərdə bu nüans tərcüməçinin əleyhinə işləyən bir faktor hesab olunur.
- Tərcüməçilərə verilən maliyyə dəstəklərinin bir standartları varmı? Məsələn azərbaycancaya, ingiliscəyə, ruscaya tərcümələrdə standartlar arasında nə kimi fərq var?
- Bəli, bu dildən-dilə, ölkədən-ölkəyə dəyişir. Biz dəstəyi birbaşa naşirə veririk. Naşir müəllif hüquqları ilə bağlı müqavilənin bir nüsxəsini, tərcüməçi ilə müqavilənin bir nüsxəsini, kitabın bir nüsxəsini, nəşr kataloqunu bizə göndərir. Məsələn, tərcüməçiyə Avropa standartlarına uyğun müəyyən bir məbləğ nəzərdə tutulur. Biz də ən yüksək, ən keyfiyyətli işə nəzərən dəyərləndirmə aparırıq və tərcümənin ümumi məbləğinin 70 faizini naşirə təklif edirik. Məbləğ naşiri qane edərsə müqavilə bağlayırıq. Bizim dəstəyimiz nəşrdən və tərcümədən öncə olur. Naşirə “Bu kitabı tərcümə etdir, çap et sonra bizə müraciət et” demirik.
- Bir neçə il öncə Ahmed Hamdi Tanpınarın Amerikada kitabları çıxmışdı. Bu da sizin dəstəyinizlə baş tutdu?
- Bəli “Penguen” nəşriyyatında “Saatları qurmaq institutu” romanı bizim dəstəyimizlə nəşr olunub. 63 ölkədə 1643 əsərə dəstək vermişik. Bizə 1266-ya yaxın çap olunmuş kitab göndərilib.
- Sonradan həmin kitabların sərgidə təbliğ olunmasına da dəstək verirsiniz?
- Bəli. Müxtəlif kitab sərgilərində bu kitablara dəstək veririk. Ümumiyyətlə bizim nazirlik il ərzində 10-15 sərgiyə qatılır. Naşirlərimizi həmin sərgilərə aparırıq. Bəzən tərcümə olunan yazıçılarımızı da həmin sərgilərə aparırıq, onların imza günlərini və digər tədbirlərini keçiririk.
- Dövlətin hansısa təbliğat marağı varmı? Məsələn xüsusi tövsiyə olunan kitabların çapı olur?
- Biz seçimi tamamən naşirin ixtiyarına buraxırıq. Bütün türk yazarların əsərlərinin yer aldığı kataloqlar nəşr edib sərgilərdə paylayırıq. Naşirlər artıq hansı kitablar arasından seçim etmək lazım olduğunu bilir. Hansı kitabın Azərbaycanda yaxşı satılacağını biz bilmirik. Məsələn, Macarıstanda hansı uşaq kitabının yaxşı satılacağını bizim bilməyimiz mümkün deyil. Naşir bizim dəstəyimizi aldıqdan sonra nəşr etdiyi kitabı satıb pul qazanacaq. Ona görə də naşir gərək sata bilməyəcəyi kitabı nəşr etməsin.
Hazırladı: Cəlil Cavanşir