”Babam da, atam da, mən də əsgərlikdə olmamışıq”

”Babam da, atam da, mən də əsgərlikdə olmamışıq”
11 noyabr 2014
# 09:45

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin budəfəki qonağı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Estrada sənəti" kafedrasının müdiri, xalq artisti İlham Namiq Kamaldır. İlham müəllimlə Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük. İlham müəllim çay sifariş verəndən sonra müsahibəyə başladıq.

- Yeməklə aranız necədir?

- Mən bu yaşa gəlmişəmsə, demək yeməklə aram yaxşıdır. Azərbaycan mətbəxi çox zəngindir. Səhər, nahar, şam, bir sözlə bütün yeməkləri sevirəm. Xaricdən gələn qonaqlar düşbərəni çox bəyəndiklərini deyirlər. Düşbərə yalnız bizdə olur. Düzdü bu yemək ruslarda “pelemeni” adı ilə məşhurdu, amma bizim düşbərəyə çatmaz. Mənim rəhmətlik nənəm deyirdi ki, bir qaşığa 15 düşbərə sığmadısa o düşbərə deyil.

- Bəs kababla aranız necədir?

- Kababla aram o qədər yaxşı deyil. Uşaqlar daha çox sevir. Xan kababı ilə aram yaxşıdır. Amma onu hazırlamaq o qədər də asan deyil. Yəni əti bağırsağın içinə yığmaq, əti seçmək .

- Özünüz nə bişirirsiniz?

- Açıq deyim ki, mənim o barədə qabiliyyətim yoxdur. Amma yaxşı qayğanaq bişirirəm. Mən qayğanağa bir az un əlavə edirəm və həmin un qayğanağı yaxşı şişirdir.

- O dövrün kafelərini necə xatırlayırsınız?

- Mən iki əsrin insanıyam. O vaxt kafelər az idi. Bayılda köhnə adı ilə desək Kirov qəsəbəsində Əziz kişi çox yaxşı kabab bişirirdi, indiki Şəhidlər Xiyabanının yerində “Dostluq” restoranı çox yaxşı idi. Amma bir az bahaydı. Amma nə qədər də baha olsa indiki restoranlardan ucuzdu. Təsəvvür edin, o vaxt bizi toya çağıranda 10 manat, yaxın adama 25 manat, lap dəhşətli dostun toyuna 50 manat atırdıq. O vaxt toya 50 manat atan adam çox az olurdu.

- İndiki toylara münasibətiniz necədir?

- Dostların, yaxınların toyuna gedirəm. Amma bilirəm ki, ora atdığım pul toy yiyəsinə çatmır. Toy yeməkləri məni qane etmir. Süfrəyə baxanda görmək olur ki, salatlar, kabablar köhnədir.

- Restoranlarla aranız necədi?

- Gedirik. Bakıda çox maraqlı restoranlar var. Dostlarla ləvənginin çox yaxşı hazırlandığı bir kafe var ora gedirik. Həmin kafedə gərəf quşunun çox yaxşı ləvəngisini hazırlayırlar. Sizə deyim ki, o kafedə hətta sığırçın ləvəngisi də var.

- Əslən Şamaxıdan olduğunuzu bilirik. Sizin mətbəxin özəlliyi nədir?

- Bakıda anadan olmuşam. Amma əslimiz Şamaxı rayonunun Sarıtorpaq məhəlləsindəndir. Biz ikinci zəlzələdən sonra Bakıya qayıtmışıq. Mənim babam Ağacəfər Əhmədov tacir olub. O, Türkiyədən, Pakistandan bura manufaktura malları gətirirdi.

Şamaxı mətbəxinə gəldikdə isə, bizim mətbəx çox zəngindir. Şüyüd plov, sucuq isə sırf bizim mətbəxindir. Sucuq şirniyyatdır. Un nişastasından və qozdan hazırlanır. Şüyüd plov paxlalı olanda lap əla olur.

- İlham müəllim, film çəkilişləri zamanı maraqlı hadisələr olur. Onlardan bir-ikisini bizimlə bölüşə bilərsinizmi?

- Bildiyiniz kimi, “Qayınana” filmində tərəf-müqabilim böyük sənətkar Nəsibə Zeynalova olub. Həmin filmin bəzi hissələri Nardaranda çəkilib. Kollektivlə Nardarana getdik. Orada çəkiliş bir az uzandı. Qayıdanda Nəsibə xanım hərəmizə bir peçenye verdi. Fuad Poladov bir vasvası adamdı. Fuad peçenyeni düz şəhərə çatınca əlində tutdu. Nəsibə xanım avtobusdan düşəndə Fuada dedi ki, peçenyeni əlində saxla, birdən düşüb edər.

Bizim teatrda, rəhmətlik Mirvari Novruzova var idi. Əli Zeynallının həyat yoldaşı idi. Mirvari xanımla Gəncədə qastroldaydıq. Bazara gedəndə dedim ki, Mirvari xanım sizə bir şey lazımdırsa alım. Dedi vallah İlham heç nə lazım deyil. Yeməyimi yeyirəm, Gəncənin “Badamlı”sından içirəm. Gəncənin “Badamlı”sına heç nə çatmaz. Mirvari xanım elə bilirdi ki, “Badamlı”nı Gəncədə buraxırlar.

Mirvari xanımla olan bir əhvalatı da danışım. Demək Kürdəmirdə, yayın cırhacır istisində qastroldayıq. Mədəniyyət Sarayı yolun bu üzündədir, klub o biri üzündə, bunların arasında əbədi məşəl var. Mirvari xanım qabaqda gedir, mən də Yaşarla bunun arxasınca gəlirəm. Mirvari xanım məşəlin yanından keçəndə dedi ki, istidən öldük, barı bunu söndürün də.

- “Qayınana” filmindən nə qədər qonorar almısız?

- 6 min manat.

- Ev işlərində xanımınıza kömək edirsiniz?

- Mənim köməyim yalnız bazarlıq etməkdir. Bu işi çox gözəl bacarıram.

- Ovla aranız necədir?

- Ovçular Cəmiyyətinin üzvü olsam da ova çox nadir hallarda gedirəm.

- Spirtli içkilərlə aranız necədir?

- Lazım olanda içirəm. Toyda, görüşlərdə, qonaqlar gələndə... Məsələn, mənim qudalarım İstanbulda yaşayır. Onlar bura gələndə araq içirlər. Onlarla 15-20 qram içirəm. Amma əndazəni aşmıram. Mən heç vaxt sərxoş olmuram. İnsanı beyni idarə edir. Beyin sənəti həm həyatda, həm də sənətdə idarə edir.

- Təbiət qoynunda oilan məclislərlə aranız necədir?

- Əladı. Dostlarla, ailə ilə tez-tez gedirik. Bu yay 15 gün İstanbulda, nəvələrimlə qaldım, sonra Şamaxıda məskunlaşdım. Oradan Balakənə, Zaqatalaya, Qəbələyə getdik. Bizdə iaşə obyektləri xarici ölkələrə baxanda o qədər də ürəkaçan deyil.

- Sizi qane etməyən nədir?

- Təmizlik. Bizdə iaşə xidmətində işləyən şəxslər gərək o obyekti öz evləri kimi təmiz saxlaya. Sovet vaxtı Lənkərana qastrola getmişdim. Çox əla mehmanxanada qalırdım. Səhər mehmanxanadan çıxanda açarı xidmətçi qadına verdim və xahiş elədim ki, otağı səliqəyə salsın. Nəsə bir saatdan sonra qayıtmalı oldum. Qayıdanda gördüm ki, xidmətçi qadın otağı süpürür və zibili xalçanın altına yığır. İnanın, çox məyus oldum.

- Hərbi xidmətdə vəziyyət necə olub?

- Sizə bir sirr açım. Nə babam, nə atam, nə də mən Sovet ordusunda hərbi xidmətə getmişik. Babam atamı saxlatdırıb, atam da məni.

- Yeni filmlərdə sizi görmürük.

- Bu yaxınlarda dedilər ki, bir ssenari hazırlanır. Görüm mənə uyğun olsa çəkiləcəm.

- Ssenarinin sizə uyğun olmasını hansı əsaslarla seçirsiz?

- Gərək filmin rejissoru elə olsun ki, ssenarini və aktyorları düzgün seçsin. Hər rola gedib çəkilmək düzgün deyil. Bu günə kimi öz səviyyəmi qorumuşam. Hər şeyi bir günə qurban vermək olmaz.

- Teatrda vəziyyət necədi?

- Əla. Tamaşalarım var. Üzeyir Hacıbəyovun “Ər-arvad” əsəri, Emin Sabitoğlunun www.ferzeli-kef.com, Ramiz Mirişlinin “Qısqanc ürəklər” əsərlərinə qoyulan tamaşalarda iştirak edirəm.

- Tamaşaçılardan razısız?

- O biri teatrları deyə bilmərəm. Amma Musiqili Teatrın tamaşaçısı var. Əvvəl idarə və zavodlar biletləri alıb işçilərə pulsuz verirdilər. O zaman insanlar bir az da həvəslə gəlir. İndi iki adamın teatra gəlib getməyi 50 manat tutur. Yəni teatr elə ucuz şey deyil.

Fotolar Elvin Bayramlınındır

# 4239 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #