Dəmiryol nəqliyyatıyla şəhərə gələn qonaq qədəmini ilk olaraq bu torpağa basanda onunla rastlaşır...
Və qonaq bəlkə də soruşur - kimdi bu nəhəng heykələ dönmüş adam? Niyə burda dayanıb? Heykəllər danışa bilmir... Amma lal daşların ürəyindəkiləri deyənlər yoxmu bu məmləkətdə? Bəşəriyyət əbədiyyətini qazanmış insanları bu günə daşıyıb, tarixi unutmamaq üçün muzeylər yaratmaq təcrübəsi qazanıb. Bəzən heç mövcud olmayan birinə muzey yaradıb. Londonda Şerlok Holmsun ev-muzeyi var. Holmsu tanıyırsız? Əlbəttə tanıyarsız... İngilisdi axı. Rusiyada "Stansiya nəzarətçisi" muzeyi var... Puşkinin əsərini xatırlayırsızmı? Təbii, xatırlayarsız... Böyük rus xalqının oğludur...
Kəndim balacasan, çox balacasan... Amma bu balaca kənddə böyük insanlar doğulub yaşayıb... Bizim var olmağımız üçün yaşayıb. Və bu gün hansısa kürsüdə oturub qərar verir böyüklüyünə paxıllıq edən kiçiklər. Fikirləşmir ki, o kürsünü də o böyüklər qazanıb bu gün üçün...
Silmək istəyirlər bizim mənəviyyatımızı. Bu gün əlinin zəhməti ilə tikdiyi evi söküb-yıxarlar. Sabah heykəlin yerinə gözləri düşər, onu yıxarlar...Yıxıb bir torbaya doldurarlar pulları. Sonra da ölkəni tərk edib xımır-xımır xərcləyərlər...
Səadətini Tanrın qədər sevdiyin bu xalq bircə səni də yaşatmadı... deyərsən...
Oqtay Eloğlu Aslan bəyin üzünə pulları çırpanda deyir: "Bəli! Budur səbəb, bu! Yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, üç ildə iki söz deməkdən utanan məsum bir yavrunu qramofonlar kimi söylədən budur, bu! Düşünən beyinlər, çırpınan ürəklər bunlara satılır. Fəqət, mühit irəliləyir. Çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, böyük qəhrəmanlar, mübarizlər yetirəcək, mühit sizi qabaqlayacaq və gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diri ikən tarixin arxivlərinə atacaqdır".
O özü deyirdi ki, mən dünyada ədalət divanı adına bir şey tanımıram. Mənim də inandığım bir həqiqət varsa o da budur. Ədəbiyyatın insanları tərbiyə edib-etməməsi çox mübahisəli məsələdir. Əgər tərbiyə edirsə, bu qədər mütaliəli vicdansızlar hardan törəyir, yox eləmirsə, bu qədər yazılanlar niyə yazılır? Hardan törəyir bu evyıxan Dövlət(li) bəylər?
"Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları! Süni işıqlara lüzum yox! Dünya qaranlıqdır, qoy qaranlıq görünsün. Qaldır bu güzgüləri! Qoy bu şaşqın bəşəriyyət bir dəfə də olsa həqiqəti görsün, görsün ki, o bir heçdir. Sən özün də bir heçsən, yaratdıqların da. Bacarmırsan yaratma, yaradırsan yaşat! "
Yaşat!!! Yıxma!!!
Onun heykəli şəhərin ən gur, izdihamlı bir yerindədi. Dayandığı yüksəklikdən aşağı baxır. Baxır və ömrü boyu dərdlərini yazdığı xalqının - alçaldılmış, təhqir olunmuş, həyatın dibində yaşayan insan mənzərələrini görür. Bu yer qəribə bir yerdir və Cabbarlı bizə elə burdan baxmalıydı.
O, qullar, kölələr ölkəsinin vətəndaşlarını silkələmək üçün gəlmişdi. Azacıq ömründə bizi sürü olmaqdan qurtarmaq istəyi ilə çırpınmışdı. Və XX əsrin başlanğıcında qısa bir zaman kəsiyində dünyaya gətirib əzaba düçar etdiyi qəhrəmanlara bu gün o qədər ehtiyacımız var ki. Bu gün üzünə qoyun sürüsü deyib bağıran Aydını özləyirik. Elə bir həyat qurulmalıdır ki, orada hər bir söz qanun, hər şey həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün, - deyib hayqıran Oqtayı özləyirik.
Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının məzarları üzərində tikmək istəyirəm - deyən Elxanı özləyirik. Yaratdıqları kiçicik aləmdə böyük arzularına, bəlkə də xülyalarına çata bilməyən - lap elə bizim kimi - insanları özləyirik.
O isə bizə yuxarıdan baxır. Baxır və görür ki, bu gün də Aydının, Oqtayın, Elxanın aqibətlərində heç bir dəyişiklik yox. Görür ki, səhnədə görməyi arzuladığı Azərbaycan qadını istedadı ilə yox, Dövlət bəylərin puluyla meydan sulayır. Görür ki, sinəsi, göbəyi açıq, ancaq şüuru qapalı Azərbaycan qadını yenə də altun və paranın əsarətindədir. Və daha nələr görür... Görür, deyə bilmir...
Bu gün Şərq ədəbiyyatının yeni Cabbarlılara ehtiyacı var. Bu gün səhnəmizin "Od gəlini"nə ehtiyacı var. Gəlsin bizi silkələsin, titrətsin, yatmış-batmış vicdanımızı oyatsın. Gəlsin və desin ki, qalxın ey kölələr, qullar dünyası - çərçivələri, buxovları qırın, siyasətçilərə sərfəli qanunları dəyişin.
"Od gəlini”ndə Elxan deyirdi:
"Siz ey cahangirlərin tapdağında əzilən, çeynənən od yurdunun igid və dönməz oğulları! Siz ey varlıların əlində dilsiz-ağızsız işlək heyvanlara çevrilmiş bəşərin ögey yavruları, paysız yoxsulları! Siz ey güclülər yumruğu altında inləyən zavallı gücsüzlər! Siz ey bütün dünyaları geniş həbsxanaya çevrilmiş zavallı qadınlar! Siz ey könülləri cansız muncuqlar kimi alver malına döndərilmiş, mənimsənmiş gəlinlər, qızlar! Siz ey mühitləri qanlı bir insan qəssabxanasına döndərilən gənclər! Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış məzlum bəşəriyyət! Mən bu gün bütün istilalara, müharibələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski varlığa qarşı üsyan bayrağı qaldırıram. Kim bu yolda mənimlə getmək istəyirsə, ayrılsın, səslənsin".
Üzeyir bəyin ev-muzeyi də yeni tikililər ərazisində yerləşir. Bir gün belə bir xəbər də oxuya bilərik - muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib....
Bu evlər bizim hamımızındı. Ata evi kimi. Yıxılar və yurdsuz-yuvasız qalarıq...
Evimizi yıxmayın!!!/adalet.az/