“Misgərlərin uşaqları gərək əsgər getməsin” MÜSAHİBƏ

“Misgərlərin uşaqları gərək əsgər getməsin” MÜSAHİBƏ
5 avqust 2013
# 07:15

Kulis.az lahıclı misgər Əliyev Kəbləyi ilə müsahibəni təqdim edir.

- Nə vaxtdan bu peşə ilə məşğulsuz?

- Bizim nəslimiz 1725-ci ildən bu peşə ilə məşğuldu. Bəlkə də daha qədimdən məşğul olublar. Mənə gəlib çıxan məlumata görə bizim nəsildə misgərlik bu tarixdən başlayır. İlk dəfə bu işlə məşğul olan babamızın da adı Əli olub. Qədimdə Lahıcda yüzlərlə misgər vardı. İndi artıq çox azdı, üç-dörd misgər ola, ya olmaya.

- Misgərlə dəmirçinin fərqi nədir?

- Əsas fərq odur ki, biri dəmirlə işləyir, o biri mislə. Bax bu zindanları, bizim işlətdiyimiz zubilləri, çəkicləri dəmirçilər düzəldir. Bundan başqa dəmirçi balta, dəhrə, lopatka düzəldir. Misgərlər isə əsasən qədimdə istifadə olunan məişət əşyaları düzəldiblər; samovar, səhəng, güyüm, aftava, məcməyi, qazan, tava.

- Dəmirçiliklə də məşğul olmusuz.

- Bir babam misgər olub, o biri-ana babam da dəmirçi olub. Mən bu iki sənətin ikisini də mənimsəmişəm. Amma daha dəmirçiliklə məşğul olmağa bir o qədər vaxtım olmur. Sifariş gələndə göndərirəm dəmirçilərə.

- İlboyu işiniz olur?

- Bizdə əsas üç ay yayı nə işlədin, işlədin. Turistlər, qonaqlar da bu vaxtlar gəlir. Soyuqlar düşəndə bura gələn olmur. Qar yağır, yolları bağlayır.

- Bəs nə əcəb qışda işləyib yaya tədarük görmürsüz?

- İşləyirəm. Tutalım qışda 20 samovar düzəltdim, sezon başlayan kimi satılıb qurtarır, sonra yeni sifarişlər gəlir. Xaricdən gələn qonaqlar bizim işlərimizi görüb çox bəyənirlər. Alıb aparırlar.

- Qabaq da ancaq turistlər üçün işləyirdiz?

- Qabaq kəndin müştəriləri də bol olardı. Köhnə qabını yamatdıran, qalaylatdıran kim, yenisini sifariş etdirən kim. Cehiz sifariş edirdilər.

- Misal üçün nə?

- Samovar, plov qazanı, qapaqlı qovurma tavası, aşsüzən, abgərdən, aftava, səhəng.

- Daha cehiz üçün sifariş verən olmur?

- Yox əşşi, aliminium qab-qacaq çıxandan sonra mis qabları bəyənən yoxdu. Yadıma gəlir, mən balaca olanda atam bax elə bu emalatxanada cehizləri düzəldirdi. Sonra verirdi mənə, onları iri torbaya yığıb aparıb verirdim müştəriyə. Onlar da mənə şirinlik, şəgird pulu verirdilər. Sevinə-sevinə qaçardım atamın yanına, pulu göstərərdim.

- Uşaqlıqdan bu sənətlə məşğulsuz?

- Lap uşaq vaxtından atamın yanında elə bu yerdə işləmişəm. Biz altı qardaşıq. Hamımız bu sənətlə məşğuluq ki, itib getməsin.

- Qardaşlarınız da Lahıcda işləyirlər?

- Yox, üçü Şamaxıda işləyir. Orda dükan açıblar. O vaxt Sovetlər dağılandan sonra daha Lahıca gələn olmurdu. Düzəltdiyimiz mallar aylarla emalatxanada asılıb qalırdı. Onda qardaşım atama dedi ki, gedək başqa yerdə açaq. Atam da Şamaxının icra başçısının qəbuluna getdi. Başçı bizə bazarın içində yer verdi.

- Dərhal həll elədi probleminizi?

- Bəli. Atamın vəzifəli dostları çox idi. Həmişə bizə gələrdilər. Sifariş verərdilər. Rəhmətlik Kamran Bağırovun bir dəfə Moskvadan qonağı gəlmişdi. Onu da götürüb bizə gəldi. Bir gecə bizdə qaldılar.

- İndi necə?

- Prezident İlham Əliyev hələ prezident olmamışdan əvvəl ailəsi ilə Lahıca gəlmişdi. Onların sifarişlərini düzəltmişəm. Demək olar ki, bütün nazirlərin evində mənim düzəltdiyim samovar, güyüm səhəng, lampa var. “Ələddənin sehirli çırağı” filmində lapma var e, bax onun kimi qədimi lampa. Allahşükür Paşazadə atamla dost idi. Dəfələrlə samovar sifariş verib. Ümumiyyətlə əsl sənətkar şahlara layiq olmalıdır. Onun işlərini şahlar qiymətləndirməlidirlər.

- Rəssamlar İttifaqının üzvü necə olduz?

-Prezidentin qızının toyu ərəfəsində sifarişləri aparmışdım. Yaxşı lampalar düzəltmişdim. Fatma Abdullazadə işlərimi görüb soruşdu ki, Rəssamlar İttifaqının üzvüyəmmi? Biləndə ki, üzvü deyiləm, çox pis oldu. Rəssamlar İttifaqına zəng vurub dedi ki, bu cür sənətkarları yaşatmaq lazımdır, onları itib getməyə qoymaq olmaz. Bu cür ustaları aparıb qoymusuz Lahıcda. Paslanıb qalıblar orda, bu cür ustaları camaat görmür. Onun sözü ilə Fərhad Xəlilov məni ittifaqa üzv qəbul elədi. Bir saatın içində şəklimi çəkib knijkamı verdilər. Əsas rəssam bizik. Hərəsi iki dənə şəkil çəkir, deyir rəssamam. Bizi göstərməkdən onları göstərirlər.

- İttifaqdan sizə köməklik olur?

- Rəssamlar İttifaqının mənə köməyi dəymir. Zəng edirlər ki, sərgi var, işlərini göndər. Onlar da mənim işlərimi aparıb öz adlarından sərgilərdə göstərirlər. Bu qədər iş göndərmişəm bir dəfə də olsun sərgiyə dəvət etməyiblər. Mənim işlərimi başqalarının adından göstərirlər. Bəlkə də bundan heç Fərhad Xəlilovun xəbəri yoxdu. İçəri Şəhərdə alverçiləri otuzdurublar. Ondansa mənə bir yer versinlər orda. Onsuz burda iş ancaq üç ay yayı olur. Bir dənə yer versinlər, yayı burda işləyim, qalan vaxtları da gedim orda oturum. Bu emalatxanadan birini də orda qurum. Xaricilər də gəlib görsünlər, heyrət eləsinlər. Avropada, başqa yerlərdə belə şey yoxdu. Belə şeylər ancaq müsəlman ölkələrindədi.

- Heç İran, Türkiyədəki ustalarla əlaqə saxlayırsız? Misgərlik barədə nəsə yeniliklər öyrənirsiz?

- Yox elə də imkan olmur. Biz İrana, Türkiyəyə gedib ordakı misgərlərin işlərini görsəydik, onlar gəlib bizim təcrübələrimzi öyrənsəydilər yaxşı olardı. İranda bizi kimi işləmirlər. Orda qabları hazır dəzgahlarda düzəldirlər, “david” deyirlər ona, david edirlər, nə edirlər... Sonra əllə naxış vururlar. Biz isə misi əridirik, əllə onları düzəldirik. Sonra da naxış vururuq. Qabaq necə olub, indi də elə edirik.

- Misi hardan alırsız?

- Əvvəllər çarvadarlar misi Gədəbəy mis mədənindən gətirirdilər. Mis külçələr atlarla, dəvələrlə, kənd meydanına gətirilirdi. Ordan da bura daşıyırdıq. Əvvəl heç bu cür yol yox idi. Nə qədər adam yük gətirəndə yıxılıb çaya düşür, ölürdü. Sonralar misi Ukraynadan xəltə şəklində gətirməyə başladıq. Özümüz Donetskə gedib istədiyimiz qalınlıqda lövhələr sifariş verirdik.

- Oğlanlarınız da işinizi davam etdirirlər?

- Üç oğlum var. Üçü də misgərliyi öyrənib. Mən deyirəm, misgər uşaqları gərək əsgər getməsin. 18 yaşlarına kimi misgərliyi öyrənirlər. Sonra əsgərliyə gedib cürbəcür fikirlərə düşürlər. Gələndən sonra da deyirlər ki, Bakıya gedirəm. Nə var Bakıda? İndikilərə bu sənətin gözəlliyini izah eləmək çətindi. Deyirlər “vredni”di.

- Zərəri çoxdu?

- Misin elə bir zərəri yoxdu. Əsas işlətdiyimiz kimyəvi maddələrin zərəridir. Toz-torpaq ciyərlərimizə dolur. Qalay vuranda kimyəvi maddələri uduruq. Süd-qatıq içirik keçib gedir. Bax, bu çəkici görürsən nə gündəki? (Zindanın üstündəki paslı çəkici göstərir). Biz uşaq olanda çəkic belə ola bilərdi? Atam bir sillə çəkərdi ki. Çəkici hər axşam sürtüb-parıldadıb yağlayardıq. İndikilərə gəl bu çəkici təmizlə deyə bilərsən? Biz uşaq olanda hər səhər atamla bu emalatxanaya girib “bismillah”la başlayardıq. Axşam da işimizi qurtaranda “əlhəmdüllah” edib, bu binanı tikənlərə rəhmət oxuyub çıxardıq. Qabaq belə adətlər vardı. İndikilər isə bütün günü kompüterdən, telefondan yapışırlar.

- Uşaqlarınız da sizinlə işləyirlər?

- Maşallah, öyrəniblər. Gözəl əl qabiliyyətləri var. Yeni icra başçısı Mirdamət müəllim kəndə gələndə onunla danışmışdım. Dedi ki, bu sənəti inkişaf etdirin, tarixi sənətimizdi. Söz verib, yeni emalatxanalar açılacaq, sənətkarlığın digər sahələri də inkişaf etdiriləcək. Qədimdə Lahıcda yüzdən çox sənətkarlıq növü vardı. Əksəriyyəti itib getdi.

# 3501 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #