KVN Azər: “Nə qədər qadın paltarı geyinmək olar?” MÜSAHİBƏ

KVN Azər: “Nə qədər qadın paltarı geyinmək olar?” MÜSAHİBƏ
19 noyabr 2013
# 09:00

Kulis.Az “Bakılı oğlanlar” komandasının keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının aktyoru Azər Məmmədzadə ilə müsahibəni təqdim edir.

- “Bakılı oğlanlar” komandasının heyətində neçə nəfər idiniz?

- İnanın, yəqin bu barədə heç kəs dəqiq bir rəqəm deyə bilməz. Çünki komandanın heyəti ildən-ilə dəyişib. Amma bununla bərabər əsas heyət var idi ki, o heyətdən təqribən 15 nəfərin adını çəkə bilərik. Anar, Samir, Oleq, Ənvər, Timur, Vado, Rauf, Emil, elə mən özüm, Bəhram, Elçin, Tahir, bir az sonra Muradla Cabir sıralarımıza qoşuldu, 95-ci ildən Yana Nikitina həmişə bizimlə olub. Artıq aramızda dünyadan köçənlər də var...

- Dediyiniz kimi heyət geniş olub. Ancaq o geniş heyətdən Bəhram Bağırzadə, Vado Korovin, Murad Dadaşov, Tahir və Cabir İmanovlar daha populyardırlar. Təbii ki, siz də bu komandanın əsas oyunçularınızdan biri idiniz. Lakin belə təəssürat yaranır ki, sanki siz yuxarıda adını sadaladığım insanların kölgəsində qalırsınız. Razısınızmı bu fikirlə?

- Səmimi deyirəm, mən heç vaxt üzdə olmağı düşünməmişəm. Bilirsiniz, əvvəldən komandanın daxilində Bəhram həmişə öndə olub. O, əlçatmaz ulduzdur, hətta deyərdim ki, rəqabətsiz nömrə 1-dir. Həmişə deyirəm ki, bizim aramızda 100 faiz Bəhram tanınır. Bunu özümüz də bilirik. İlk növbədə Bəhramın istedadını qeyd etmək lazımdır. Elə əvvəldən Bəhramın öndə olmasına etirazımız da yox idi. Biz pas verirdik, Bəhram qol vururdu. Hər bir futbol komandasında yarımmüdafiəçilər forvardları topla necə təmin edirlərsə, biz də Bəhramı elə qabağa çəkirdik. 1992-93-cü illərdə Aleksandr Maslyakov özü bizə məsləhət görürdü ki, gücü Bəhrama verək. Çünki o vaxt publikanı hələ yaxşı tanımırdıq. Maslyakov deyirdi Bəhramı verin qabağa, camaatın xoşu gəlir. Onun zarafatları, azərbaycanlı qaqaş obrazını bəyənirdilər. Biz də intellektual zarafatlar edirdik. Nə isə, hər kəsin komandada öz yeri var idi. Ona görə kimsə kiminsə kölgəsində qalır demək düz deyil. Yenə səmimi qəlbdən deyirəm ki, siz dediyiniz fikirlər haqda heç düşünməmişəm də. Bunun da bir səbəbi aramızda olan möhkəm dostluq əlaqələridir. Siz diqqətlə bizim çıxışlarımıza baxsanız hər şeyi görərsiniz. Səhnədə, səhnə arxasında, həyatda həmişə bir-birimizə dayaq olmuşuq. Təbii, hamının arasında yaşanan söz-söhbətlər, konfliktlər bizim də aramızda olub. Amma onlar aradan qalxdı, arxada qaldı. Yaşımız da artıq o yaş deyil. Əsas dostluq münasibətlərimiz qalıb. Yerdə qalan boş şeylərdir. Məsələn, mənim ən çox sevdiyim “3 tenor” səhnəsidir. Cəmi 3 nəfərin – Elçin, Ənvər və mənim iştirak etdiyim səhnədə bir-birimizə necə pas verib, qol vururduq. 2000-ci ildə Xaç atasını, Don Karleone rolunu oynadım. Həmin səhnədə mən ingilis dilində danışırdım, Elçin rus dilinə tərcümə edirdi. Və arxamda Murad, Tahir, Cabir, Bəhram, Vado dayanmışdı. Biz eyni nəfəsdə hərəkət edirdik. Əsas rol mənim idi. Bəhram mənə kömək edirdi. Sadəcə tərəf-müqabili kimi hamı bir-birini başa düşürdü. Biz çıxış edən vaxtlar heç indiki mikrofonlar da yox idi. Özümüz “stoyka”nı qururduq, mikrofonu qoşurduq. Mixail Marfin redaktor idi, o bizə belə deyirdi: “Vı maşina”. Deyirdi ki, tank kimi gedirsiniz, sizi udmaq olmur. Doğurdan da, sözün əsl mənasında biz bir-birimizi hiss edirdik. O vaxtlar hələ mobil telefonlar yox idi. Mobil telefon olmaya-olmaya necəsə bir-birimizi tapırdıq. Xüsusən problemli məsələ olan vaxt hamı birdən bir yerə yığılırdı. Bir də ki, mən dostlarımın kölgəsində qalmağa da razıyam. Bəhramla, Elçinlə, Tahirlə, Timurla, Emillə, bir sözlə hər bir dostumla fəxr edirəm.

- “Planet Parni iz Baku” KVN teatrında “Xəbərlər”in “aparıcı”sı olsanız, “Tağı Əhmədov”u qıcıqlandıran “jurnalist” kimi yadda qalsanız da özünüz mətbuatda az-az görünürsünüz. Tağı müəllim kimi jurnalistlərə inanmırısınız, ya cəmiyyətlə aranızda məsafə saxlayırsınız?

- (gülür) İnanın, bu suala cavab verməyə çətinlik çəkirəm. Deyə bilmərəm ki, jurnalistlərə inanmıram. Çünki müsahibə verəndə bilirəm kiminlə danışıram. İnsanın danışığına, tərbiyəsinə baxanda hər şey aydın olur. Bəzən, zəng vurub elə danışırlar, dərhal deyirəm ki, davay do svidaniya. Sadəcə vaxtım məhduddur, bu da problem yaradır. Təkcə bizim saytlara aid deyil, başqa saytlarda da görürəm ki, səviyyə çox aşağıdır. Məsələn, Bəhramın jurnalına müsahibə verirəm. O jurnalı oxuyuram, jurnalın səviyyəsinə bələdəm. Həm də özümü publikaya təqdim etməyi xoşlamıram. Bir də mənim üçün qapalı mövzular var. Neçə dəfə təklif ediblər ki, uşaqları, ailəni jurnala çəkək. Cavabım yox olub. Belə qlamur-qlamur şeyləri qətiyyən qəbul eləmirəm. Mən ancaq özümdən, KVN-dəki işimdən danışa bilərəm. Bu barədə həyat yoldaşımla da aramızda söhbətlər olur. Mən də həyat yoldaşıma deyirəm ki, o jurnalın axırı nə olacaq? Ya “semiçka” dolduracaqlar içinə, ya da zibil büküb atacaqlar (gülür). Əlbəttə, populyarlıq yaxşı şeydi. Amma əsas olan odur ki, başımızı aşağı salıb işimizi görək.

- Tamaşaçılar ölkədə səviyyəli gülüşün azlığından şikayətçidirlər. Siz necə, bu iradla razısınız?

- Biz bu vəziyyətlə “Yumor” kubokunda rastlaşdıq. Fasilədə Tahir deyirdi ki, bir az gülümsəyin. Çünki gənclərin etdiyi “zarafatları” görəndə başımızı tutmaya bilmirdik. Zarafatlardan biri dəqiq yadımda qalıb. Deməli, bir dost o biri dostu bıçaqlayır və bunlar başlayırlar gülüşməyə. Bu da bunların zarafatı. Həyatda belə şeyləri görüb, belə zarafatlar edirlər. 40, ya 50 komanda gəlmişdi, onların arasında güc-bəlayla bir neçə istedadlı uşaq seçə bildik. Sovet vaxtı senzura yaxşı mənada senzura idi. Çünki yumorun səviyyəsi olurdu. Bu gün yüksək səviyyədə qalan veriliş mənim zənnimcə KVN-dir. Çox adam deyir ki, KVN-nin səviyyəsi də başqadır. Amma mən bu fikirlə razı deyiləm. Maslyakov zəmanəyə uyğun veriliş aparır. Onun çox gözəl yumor hissi, zövqü var. Çox adam deyir ki, “Comedy club” yaxşıdır. “Comedy club”a baxanda mən də gülürəm, amma orda pis-pis sözlər işlədilir, qurşaqdan aşağı zarafatar olur. Bunu qəbul etmirəm, mən şəxsən orda iştirak etməzdim. Amma yaşım az olsaydı, əvvəlki komandamız fəaliyyət göstərsəydi KVN-də böyük məmnuniyyətlə çıxış edərdim. Baxırsan istedadlı adamdır, çıxır səhnəyə, yavaş-yavaş inkişaf edir. Eləsi də var ki, çıxır efirə, populyardı, amma öz üzərində işləmir. Danışıq tərzi pisdir, intellektual səviyyəsi çox aşağıdır. Öz üzərlərində işləmirlər. Təvazökarlıqdan uzaq olsa da, tez-tez bizdən soruşurlar ki, niyə “Bakılı oğlanlar” kimi bir komanda yoxdur. Biz tonla kitab oxumuşuq, rus dilində mükəmməl danışırdıq. Moskvada oynamaq üçün rus dilini bilmək lazım idi. Yumorda intellektuallıq olmalıdır. İndi çıxış edən gənclərlə yaxın tanışlığım olmasa da, onların səhnə çıxışlarına bələdəm. Məncə zəifdirlər. Moskvada çıxış etmək onlar üçün hələ tezdir. Bildiyimə görə, 3-4 ildir hansısa liqalarda çıxış edirlər. Düşünürəm ki, bu 3-4 il ərzində onlar daha yüksək səviyyədə olmalı idilər. Amma bu il baxdım, elə bir dəyişiklik yoxdur. Arzulayaq ki, inkişaf etsinlər. Bilirəm ki, Azərbaycanda istedadlı adamlar çoxdur. Sadəcə onları toplayan qüvvə lazımdır. Bu yaxınlarda mənə sual verdilər ki, o qüvvə niyə yoxdur? Cavab verdim ki, Anar Məmmədxanov kimi bir insan, kapitan yoxdur. Onun sağlığında bir yerə yığışanda bizə deyirdi ki, siz olmadan mən heç kiməm, biz də cavab verirdik ki, biz də sən olmadan heç kimik. Komandadakı uşaqların hamısı istedadlı idi, amma bizi bir yerə yığan Anar idi. Bu, faktdır. O, bizi yığdı və bir lokomotiv kimi arxasınca apardı. Allah Anara rəhmət eləsin.

- Hazırda ölkə televiziyalarında serial bumu yaşanır. Space televiziyasında sizin də çəkildiyiniz “Bir kəndin sevinci” serialından narazı ordusu çox oldu. Hər halda serial bundan da yaxşı çəkilə bilərdi, çünki sizin səviyyəniz buna imkan verir.

- Demək olar ki, mən özüm razı qaldım. Deyirsiniz narazı ordusu, amma məncə 50-50-yə idi. Filmdən razı qalanlar da, narazı olanlar da fikirlərini mənə çatdırıblar. Hətta indiyə kimi çox adam küçədə, orda-burda məni görəndə soruşur ki, bəs nə oldu, davamını niyə çəkmirsiniz? Bu cür sualla müraciət edənlər tapılır. Bunu fakt kimi deyirəm. Səviyyə məsələsinə qalanda, bunu səviyyəylə bağlamaq istəməzdim. Unutmaq lazım deyil ki, serial sahəsində hələ ölkəmizdə böyük təcrübə yoxdur. Peşəkar olmaq üçün vaxt lazımdır. Başqa ölkələrdə kurslar keçmək gərəkdir, bunun üçün də vəsait lazımdır. Bu yaxınlarda bir verilişdə eşitdim ki, Amerikada pilot seriyanı çəkmək üçün 3-4 milyon dollar pul xərclənir ki, keyfiyyətli bir iş alınsın və davamı çəkilsin.

- İnformasiya texnologiyaları və böyük səhnə. İkisi birlikdə çətin olmur?

- Məncə ikisi birlikdə daha faydalı olur (gülür). Komandanın texniki məsələlərinə kömək edirəm, avadanlıqlarla təmin edirəm. İnformasiya texnologiyaları sahəsində də bir problem yarananda KVN-dəki çıxışım köməyə gəlir.

- Tahir İmanov son müsahibələrinin birində belə bir fikir səsləndirib: “Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə ilə hansısa bir verilişə gedirik, onları aktyor kimi, məni isə əməkdar artist kimi təqdim edirlər. Axı mən səhnədə onlardan çox iş görməmişəm. Mən bu həyatda nəyi qazanmışamsa, o uşaqlarla bir yerdə qazanmışam. Nə onlar məndən çox iş görüblər, nə mən onlardan çox. Nə etmişiksə, bir yerdə, eyni səviyyədə etmişik”. Fəxri ada özünüzü layiq bilirsiniz?

- Fəxri ada layiq olub-olmadığımı deyə bilmərəm. Məncə bunu həmin fəxri adların siyahısını hazırlayanlar bilər. Bizim komandadan iki nəfər – “Planet Parni iz Baku” KVN teatrının yaradıcısı və rəhbəri Tahir İmanov və “Böyük teatr”ın solisti Elçin Əzizov fəxri ada layiq görülüblər. Bu iki şəxs həqiqətən bu ada layiqdirlər. Elçin peşəkar müğənnidir. Tahir teatr yaradıb, rejissorluq edir. Mən özüm bu siyahıya Bəhramın da adını əlavə edərdim. Məncə Bəhram da bu ada layiqdir. Səmimi-qəlbdən deyirəm, mənə lazım deyil, istəmirəm.

- Son vaxtlar kişi aktyorların qadın paltarı geyməsi söz-söhbətlər yaradır. “Bakılı oğlanlar”ın konsertlərində xanım siyasətçi Lalə Şövkət Hacıyevanı, müğənni Alsunu parodiya etmişdiniz. Amma səhnəyə qayıdandan sonra sizi qadın paltarında görmədik. Bu yaş amili ilə bağlıdır? Ümumiyyətlə, kişi aktyorların qadın paltarı geyinməyinə necə baxırsınız?

- Tarixboyu bir çox teatrlarda, məsələn, Şekspirin teatrında kişilər qadın rolları oynayıb. Elə bizim ölkədə, Hüseynqulu Sarabski qadın paltarında rol ifa edib. Yəqin ki, Lalə xanım məndən incimədi onu parodiya etdiyimə görə. Çalışdım ki, normal alınsın (gülür). Ondan sonra Alsunu parodiya etdim. Konkret rol varsa, onu oynamaq lazımdır. Amma qadın obrazında yaşamaq başqa şeydir. Birinci bunu deyəsən Verka Serduçka başlayıb. O, artıq bundan kommersiya maraqlarına görə istifadə edib, milyonlar qazanır. Açığı desəm, mənim bundan xoşum gəlmir. İndi bu yolu tapıb, pul qazanırlar. Nəyə görəsə də geniş kütlə bunu bəyənir və alqışlayır. Nə qədər qadın rolu oynamaq, qadın paltarı geyinmək olar? Mənə çatmır. Hər bir sahədə ölçü olmalıdır. Ölçünü aşanda şitlik yaranır. Təəssüf ki, şitlik də səhnədə, televiziyada yaman çoxalıb.

- Rus dilində səlis danışırsınız. Yəqin ki, bu amil səhnədə sizə şivə ilə danışmaqda problem yaradır. Şivədə danışmamaqla nə isə itirdiyinizi düşünürsünüzmü?

- Dostlarım həmişə öz aramızda mənə rusdilli çuşka deyir (gülür). Öz aramızda belə zarafatımız var. Bütün təhsilimi rus dilində almışam. Ətrafımda həmişə rus dilli insanlar olub. Azərbaycan dilində indiyə kimi az danışırdım. “Planet Parni iz Baku” KVN teatrına qoşulandan sonra Azərbaycan dilində danışmağa başladım. İndi dilim bir az düzəlib. Amma nə qədər ana dilində danışsam da başa düşəcəklər ki, rusdilliyəm. “X” və “h” hərfləri mənim üçün böyük problemdir. Bəhram məni görəndə deyir Azər, “hava”, bir də “xəbərlər”. Bunları yadda saxla deyir. Elə səhnələr olub ki, hansısa bir rayonun ləhcəsində danışmaq lazım gəlib. Demişəm alınmır. Köhnə konsertlərdən birində zəlzələ səhnəsi oldu. Mən çıxıb ləhcəylə dedim ki, “Nətəəri?”. O sözü düz bir ay məşq eləmişdim (gülür).

- Son konsertinizdə əvvəlki konsertlərdə olduğundan daha sərt formada sosial problemlərə toxunmusunuz...

- Biz hər zaman problemləri göstərmişik. Ulu Öndərimiz Heydər Əliyev həmişə bizə dəstək olub, onun qayğısını daima hiss etmişik. Prezidentimiz İlham Əliyev də bizə dayaq olub. Bir də görürsən, müğənnilər, məmurlar tez-tez zəng edir. Normal insan yumora, parodiyaya, satiraya normal yanaşmalıdır. Hamının siz dediyiniz sosial problemlərdən xəbəri var. Hamı bilir ki, bu var. Biz deməyək, bəs kim desin?! İşlər görülür, amma müəyyən adamlar bu problemləri yaradırlar. Onları ifşa etmək üçün bu səhnələri göstəririk. Artıq 1995-ci ildən, köhnə komanda da, yeni teatrda da problemləri göstəririk və yəqin ki, göstərməyə də davam edəcəyik.

- “Bakılı oğlanlar” buraxılandan sonra uzun müddət görünmədiniz və yenidən səhnəyə qayıtdınız. Səhnəsiz çətin olmadı ki?

- Tahir məni əvvəldən teatra dəvət edirdi. Ancaq mən səhnədən ayrılıb peşəkar informasiya texnologiyaları sahəsində çalışmaq istəyirdim. Amma ürəyim dözmədi. 2009-cu ildə səhnə arxasında iştirak elədim, 2010-cu ildə isə “Planet Parni iz Baku” KVN teatrının heyətində səhnəyə qayıtdım. Əlbəttə, böyük səhnədən ayrı qalmaq ürəkaçan deyildi. Səhnədə o qədər xoşbəxt anlar yaşamışıq ki... Çətin oldu, amma əsas odur ki, qayıtdım və yenə səhnədəyəm.

# 8978 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #