Onun Alberto Korda tərəfindən çəkilən fotosu “dünyadakı ən məşhur foto və XX əsrin simvolu” sayılır. Üzərində bu fotonun olduğu köynəkləri geyənlərin, bu şəkli başının üstündən asanların sayı azalmaq bilmir. Bu foto cənazə mərasimində çəkilib.
Fotodakı şəxs marksist Ernesto Çe Qevara Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olub. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilib, argentinalılar üçün xarakterik müraciət forması olub, "ey", "dost" və s. mənalarda işlənir.
Ernesto Çe Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyüdür, Argentinanın Rosario şəhərində dünyaya gəlib. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılıb, ancaq bəzi mənbələrdə onun həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulub. Sonradan İrlandiyanı tərk edərək İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya yollanıb.
Çe Qevara uşaqlıqda atletizmlə məşğul olub, həvəskar reqbi oyunçusu imiş, baxmayaraq ki, ömrü boyu astmadan əziyyət çəkib. O, 12 yaşından başlayaraq şahmat turnirlərinə də qatılır. Şahmatı ona atası öyrətmişdi.
Gənc yaşlarında Pablo Nerudanın yaradıcılığı ilə maraqlanmağa başlayır. Özü də bir neçə şeir yazır. Çek London, Jül Vernin, Ziqmund Freydin, Bertran Rasselin əsərlərini mütaliə edir. Fotoqrafiyaya meyl salır və vaxtının əhəmiyyətli hissəsini arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.
O, tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil oldu. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu aldı.
Çe Qevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxdı.
1951-ci ildə dostu, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif etdi.
Qısa müddət sonra, "La Poderosa II" (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxdılar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü həkim kimi bir neçə həftə keçirməyi düşünürdülər.
İnsanların yoxsulluğu, haqsızlıqlarla üzləşməsi, zor qarşısında gücsüzlüyünü müşahidə edən Qevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə gəldi. O, Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir qitə kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxırdı.
1953-cü ildə Qvatemalaya gəldi. Perulu sosialist Hilda Qadeanın vasitəsilə bir neçə hakimiyyət nümayəndəsi ilə görüşdü. Bu günlərdə ABŞ-ın dəstəklədiyi Karlos Kastillo Armas hakimiyyəti silahlı yolla devirmək üçün hərəkətə keçdi, bu qüvvələrə qarşı bir neçə gün döyüşdü. Amma dövlət başcısı Arbenz xaricilərin ölkəni tərk etməsini istəyirdi. Buna görə də Çe bu buranı tək etmək məcburiyyətində qaldı.
1955-ci ilin iyununda dostu Niko Lopez onu Raul Kastro ilə tanış etdi. Bu tanışlıq Meksikada olmuşdu. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəldi və 8 iyul 1955-də Raul Çe Gevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Çe Qevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan "26 İyul hərəkatı"na qatıldı. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərdə iştirak etdi.
18 avqust 1955-də Çe Qevara Hilda Gadea ilə evləndi və 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu.
25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan "Granma" yaxtasında kubalı olmayan yeganə şəxs Çe Qevara idi. Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal və tutulduqdan sonra öldürüldü. Qevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı xatırladığını yazır. Sağ qalan 15-20 inqilabçı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır.
Cəsarəti, döyüş bacarığı ilə seçilən Çe Qevara üsyançılar arasında lider, Komandante olur. Bir çoxları üçün isə "qəddarlığı" səbəbiylə qorxulu adam idi. Düşmənə məlumat ötürənlərə, qaçaq və ya cəsuslara qarşı amansızlığı ilə seçilirmiş. 1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı "xüsusi təyinatlı intihar dəstəsi"nə rəhbərlik edir.
Generallarının, başda general Kantilyo olmaqla "Central America" adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1 yanvar 1959-da Dominikan Respublikasına qaçdı.
Yeni yaradılan hökumət Çe Gevaranı "doğuşdan Kuba vətəndaşı" elan etdi. Qısa müddət sonra Meksikanı tərk etməmişdən qabaq ayrıldığı Gadea ilə evliliyinə rəsmi olaraq son verilməsinə nail oldu.
2 iyun 1959-da "26 İyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi.
Kabana həbsxanasına rəhbər təyin edildi. Daha sonra Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli bir vəzifəyə təyin olundu, Kuba Mərkəzi Bankının sədri oldu.
1959-cu ildən etibarən Çe Qevaradigər ölkələrdəki inqilabçı hərəkatlara yardım etməyə başladı, amma uğur qazana bilmədi. İlk sınaq Panamada edilmişdi, digər bir addım 14 iyunda Dominikan Respublikasında atıldı.
1960-cı ildə Çe Qevara"La Coubre" silah gəmisinin partlaması zamanı qurbanlara kömək etdi. Xilasetmə əməliyyatı sırasındakı ikinci partlayışla birlikdə ölənlərin sayı yüzü keçmişdi. Bu partlayışda ölənlərin cənazə mərasimində Alberto Korda Çenin məşhur fotosunu çəkib. "La Coubre"nin təxribat ya da qəza nəticəsimi partladığı bilinmir.
Bəzi məlumatlara görə, hadisəni Mərkəzi Məlumat Bürosunun (CIA) agenti, Batista tərəfdarı William Aleksandr Meyitxanayan törədib.
Çe Qevara sənaye naziri kimi də fəaliyyət göstərib.
Bu illərdə “yeni bir insan" formalaşdırmağın lazımlılığı ideyasını ortaya atıb.
1961-ci ildəki Donuzlar körfəzi əməliyyatında Çe Qevara döyüşlərə qatılmamış, Kastronun əmri ilə Kubanın qərbindəki Pinar del Rio əyalətində yerləşən hərbi qüvvələrə rəhbərlik edərək, burada aldadıcı manevr edən daşıyan desant qüvvəsini geri oturtdub.
Çe Qevara 1962-ci ilin oktyabrında baş qaldıran Karib böhranına səbəb olan Sovet ballistik nüvə raketlərinin Kubaya yerləşdirilməsində əsas rol oynayıb. Bir neçə ay sonra ingilis qəzeti "Daily Worker"ə verdiyi müsahibədə "raketlər Kubanın nəzarətidnə olsaydı, əsas ABŞ şəhərlərini vura bilərdik” demişdi.
1964-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatında çıxış Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedib. CBS televiziya kanalında bazar günləri efirə çıxan "Face the Nation" adlı xəbər proqramına çıxıb. ABŞ senatorarı ilə görüşüb. Yucin Makkarti, Malkolm İksin iş yoldaşları, Kanadalı radikal Mişel Duklos daxil olmaq üzrə dəyişik adam və qruplarla görüşdü. Dekabrın 17-də üç aylıq gəzintiyə çıxıb. Bu gəzinti sırasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Konqo və Tanzaniyanı gəzdi.
24 fevral 1965-ci ildə Əlcəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq "İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı"nda çıxış edib. Çe bu çıxışında qeyd edib ki, mübarizədə heç bir sərhəd yoxdur: “Dünyanın hər hansı bir yerində meydana gələn hadisələrə biganə qala bilmərik. Bir ölkənin imperializmə qarşı zəfəri bizim zəfərimizdir, uduzması isə bizim məğlubiyyətimizdir. Sosialist ölkələrin Qərbin müstəmləkəçi ölkələriylə gizli əməkdaşlığa son verməsi əxlaqi vəzifələridir
O, Kubaya martın 14-də qayıtdı, iki həftə sonra isə gözlənilməz şəkildə itdi.
Müxtəlif versiyalar səslənməyə başladı, belə bir fikir ortaya atıldı ki, Çe uğursuzluqla üzləşməsi, sənaye proyektlərinin alınmaması səbəbindən uzaqlaşmağa üstünlük verib. Sənaye proyektləri məsələsində Çe ilə Kastro arasında fikir ayrılıqlarının olduğu da vurğulanırdı. Kastronun Çenin məşhurluğundan narahat olduğu da bildirilirdi.
Belə bir versiya da səslənirdi ki, Çenin Çindəki quruluşa üstünlük verməsi SSRİ-də narazılıq yaradıb və bu dövlət Kastroya Çeni cəzalandırmaq üçün təzyiq edib.
Halbuki həm Çe Gevara, həm də Kastro SSRİ-Çin birliyini dəstəkləyirdi.
Amma bir maraqlı məqam da var: bəzi ehtimallara görə, Çe Qevara Xruşşovun Kubada yerləşdirilən raketləri geri çəkməyə razılıq verməsini xəyanət kimi qiymətləndirib.
1965-cı ilin 3 oktyabrında Çenin bir neçə ay öncə yazdığı məktub üzə çıxdı. O, məktubunda yazırdı ki, Kuba inqilabına sadiqdir, ancaq başqa ölkələrdə inqilaba yardım etmək üçün Kubadan ayrılır:”Başqa xalqların mənə ehtiyacı var”.
Çe məktubunda onu da vurğulayırdı ki, bütün vəzifələrindən istefa verir, eyni zamanda Kuba vətəndaşlığından imtina edir.
Kastro noyabrın 1-də jurnalistlərə verdiyi açıqlamada bildirdi ki, Çenin harada olduğunu bilir, ancaq yerini açıqlamayacaq. Kastro həmin açıqlamada Çenin öldüyü barədə iddiaların əsassız olduğunu vurğulayıb.
Çenin harada olduğu ilə bağlı spekulyasiyalar 1967-ci ilə qədər davam etdi. Bu arada Mozambik müstəqillik hərəkatının təmsilçiləri bəyan etdilər ki, Çe ilə Tanzaniyanın ən iri şəhərlərindən olan Dar ər Salamda görüşüblər. Onun inqilaba yardım istəklərini rədd ediblər.
1967-ci il mayın 1-də Kuba Müdafiə Nazirinin köməkçisi Juan Almeda bəyan etdi ki, Çe Latın Amerikasının müəyyən yerlərində inqilaba xidmət edir.
Bu fikir Çenin Boliviyada inqilabçılarına rəhbərlik etməsi barədə yayılan xəbərlərin doğru olduğunu təsdiqləyirdi.
Boliviya ordusu ilə döyüşdən sonra tərk edilən sığınacaqda qalmış şəkillər də Çenin burada olduğunu deməyə əsas verirdi.
Boliviyanın dövlət başcısı Rene Barrientos Çenin və yoldaşlarının dərhal tutulması əmrini verir. Amma Çenin rəhbərlik etdiyi Boliviya Beynəlxalq Azadlıq Ordusu bir neçə uğurlu əməliyyat keçirir. Sentyabrda isə Azadlıq Ordusu ciddi itki verdi, liderlərdən biri döyüşlərdə həlak oldu. İki qrup sıradan çıxarıldı.
Əsir düşən yaralıları müalicə edən Çe sonradan onları azad etmişdi.
Hətta yaralanaraq əsir düşdüyü vaxtda yaralı Boliviya əsgərinə ilk tibbi yardım üçün məsləhətlər vermiş, ancaq əsgər bu məsləhətlərə qulaq asmamışdı.
1967-ci il oktyabr 8-də Çenin sığınacağı ordu tərəfindən mühasirəyə alınır. Sığınacağın harada yerləşdiyini casus xəbər vermişdi. Bu casus ABŞ agenti Feliks Rodrigez idi. Çe ayağından yaralandı, əlini tapançasına atanda gördü ki, daraq yoxdur. Əsir düşdü, Boliviyanın dövlət başçısı onun əsir düşdüyünü bildikdən sonra dərhal öldürülməsi əmrini vermişdi.
Çe onu öldürəcək çavuşa bu sözləri demişdi: “Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni qorxaq, sadəcə bir adam öldürəcəksən”.
Bəzi mənbələrə görə, çavuş Mario Teran həyəcanlanıb və normal şəkildə atəş aça bilməyib, Çeni sadəcə yaralayıb və onu kimin öldürdüyü bəlli deyil. Döyüş zamanı öldürüldüyü görüntüsü yaratmaq üçün ayağına dəfələrə güllə sıxılıb. Nəşi helikopterlə xəstəxanaya gətirilib və mətbuat işçilərinə göstərilib.
Hərbi həkim tərəfindən əlləri kəsilib, sonra isə gizli saxlanılan yerdə basdırılıb.
Casus Rodrigez Çenin “Rolex” markalı saatını və bəzi şəxsi əşyalarını götürərək sonradan jurnalistlərə fəxrlə göstərirmiş.
Boliviya rəsmiləri oktyabrın 11-də Çenin əsgərlər tərəfindən öldürüldüyü barədə açıqlama verdilər.
Oktyabrın 15-də isə Kastro ölkədə üç günlük matəm elan etdi.
1997-ci ildə inqilabçılar Çenin sümüklərini taparaq Boliviya Azadlıq Hərəkatında ölən 6 yoldaşı ilə birlikdə Kubaya gətiriblər. Kuba inqilabının sivmolu olan Santa Klarada xüsusi olaraq tikilmiş mavzoleydə hərbi törənlə dəfn edilib.
Boliviyada olarkən Çe gündəlikdə qeydlər aparıb. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü gördü.
Gündəlikdən bəzi qeydlər:
7 noyabr 1966-cı il – gündəlikdəki 1-ci qeyd:
Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq.
7 oktyabr 1967-ci il – gündəlikdəki sonuncu qeyd:
Bura – Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi... ...Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı – yəni bizi – mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi (Qeyd: Çe Qevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Qevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir).
Sonda maraqlı bir məqam: türklər iddia edir ki, öldürüldüyü gün Çenin çantasından Mustafa Kamal Atatürkün “Nitq” kitabı çıxıb.
Hazırladı: Ağa Cəfərli
Çe Qevara: bəşərin vicdanı
26 iyul 2012
04:00
3582 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024