Oğuz Atayın atasına məktubu: “Heç roman oxumadın”

Oğuz Atayın atasına məktubu: “Heç roman oxumadın”
12 oktyabr 2019
# 17:01

Kulis.az türk ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Oğuz Atayın məşhur "Atama məktub" yazısını təqdim edir.

Əziz ata!

Bəlkə xatırlamırsan, amma bu gün sənin ölümündən iki il ötür. Təəssüf ki, bu müddət ərzində mən daha yaxşı, daha ağıllı biri ola bilmədim; bu fürsətdən də istifadə edə bilmədim. Halbuki, illər öncə sən olmasaydın daha çox şey edə biləcəyimi düşünürdüm. İndi artıq bu günahın da özümdə olduğunu görməyə məcburam.

Sənə bəzi şeyləri danışmamışam. İki il artıq yaşasaydın, ya da dünyaya geri dönsəydin (qısa müddət üçün), sanki hər şey başqa cür olardı. Çarəsizlik ucbatından bir çox şey öz anlamını itirir. Sən olmayandan sonra sənə yazılan məktub nə işə yarar ki?! Amma mən artıq bir iş sahibiyəm, atacan. Ətrafımda səninlə bağlı bir xatirəni danışdığım zaman, “Nə gözəl” deyirlər, “Bunu bir yerdə niyə istifadə etmirsən?!” Ona görə də çox üzr istəyirəm, ata, amma səni bir yerdə, məsələn, elə bu məktubda istifadə etmək məcburiyyətindəyəm.

Keçmiş bir zaman ancaq belə dəyərləndirilə bilərmiş; insanın keçmiş yaşantısı ancaq bu şəkildə anlam qazanarmış. Mən səninlə bağlı bir hadisəni danışarkən əslində sənin necə biri olduğunu bəlli etməməyə çalışıram, guya əsl atamı özümdə saxlayıram. Sonra də səni anlamadıqları zaman onlara əsəbləşirəm. Mənə hirslənəndə (bu çox tez-tez baş verirdi), “Sənin güzgüdən gördüyünü mən “divardan” görürəm,” deyərdin. Biz də anamla sənin bu “divar” sözünə lağ edib gülərdik. Mən də indi kiçiklərə (artıq məndən kiçik olanlar da var, atacan) bu cümləni deyirəm, gülürlər.

Bu sözü deyəndə əsl məqsədimin nə olduğunu sezmirlər, təbii ki. Səni gülünc vəziyyətə salmaq istədiyimi düşünürlər. Hərhalda, nə demək istədiyimi tam bəlli etmirəm. Gülümsəmənin içindəki sevgini, demək ki, anlada bilmirəm. İndiki gənclər başqa cürdürlər, atacan; hər sözdən bir məna çıxardırlar. Mən də həmin an həqiqətən hövsələdən çıxıram: əsl məqsədimi unudub səni onlara bəyəndirməyə çalışıram.

Əslində, bu çabanının mənasızlığının fərqindəyəm. Ölkənin ən zəngin adamı sənin paltonu tutarkən, ya da “xahiş edirəm, Cəmil bəy, lütfən buyurun,” deyərək şəxsən özü paltonu geyindirməkdə israr edərkən, sənin kimi hiss edə bilmədikdən sonra, insan o paltonun içində özü varmış kimi qürurlanmadıqdan sonra, səni bəyənməkləri, hətta anlamaqları nəyə yarar? Ya da məclisə yeni girdiyin vaxtlarda prezidentdən bir neçə günlük icazə istəməyə getdiyin zaman, “Cəmil bəy, görünür siz burada yenisiniz”, deyən prezidentin qarşısında sənin kimi utanmadıqdan sonra insanın belə kiçik detalları öyrənməsinin nə anlamı var? “İstədiyiniz zaman icazəniz var, Cəmil bəy. Məndən gəlib soruşmağınıza ehtiyac yoxdur”, sözünü eşidincə kim sənin kimi rahatlaya bilərdi?

Bunlar bildiyin şeylərdir, atacan; sənə bir az da bilmədiklərindən danışım: məsələn, cənazə mərasiminin necə oldu? Cənazə namazın necə qılındı? Ümumilikdə heç bir əksiklik olmadı, atacan. Mən ağladım. Məktəbdə o günlərdə “hörmətim” olduğu üçün ordan bir avtobus müəllim heyəti və bir çələng göndərildi. Həyatın boyunca heç görmədiyin insanlar əllərini önlərində çarpazlaşdıraraq və başlarını aşağı əyərək ölümün anlaşılmaz həqiqəti üzərində düşünürmüş kimi göründülər məzarının başında.

Tabut çuxura qoyulduqdan sonra üstünə böyük beton bloklar yerləşdirildi. (Bu ənənəni sevmirəm , atacan; aşılmaz maneələrə qarşıyam.) Səni anamın dəfn olunduğu məzarlıqda basdırmadıq. Bəzi yaxın insanlar belə məsləhət gördülər. İnsanlar arasında onlar öldükdən sonra belə anlaşılmazlıqların davam etməsini istəyirlər. Mənim kədərimdən yararlanaraq səni məzarda anamdan ayıran yaxınım əslində o dünyaya filan heç inan biri deyil. Halbuki mənə, “anan belə istərdi”, dedi. Sən o adamı sevmirdin, amma nədənsə ona yaxınlıq göstərdin. Bu səbəbdən də, heç haqqı olmasa da sənə “atacan” deyirdi. Mən artıq qohum olmayanların bir-birlərinə “anacan, xalacan, oğlum, qardaşım” deyə səslənmələrinə bütünlüklə qarşıyam, atacan. Artıq həqiqi bir qohumum qalmadığı üçün bütün bu soyuqluqlara qarşıyam. Hər kəs bir-birinə adıyla xitab etsin. Məntiqi sevən bir insan olaraq sənin də bu düşüncəyə qarşı deyəcəyin bir şey yoxdur sanıram.

Sən öldüyündən bəri getdikcə daha “mühafizəkar” oluram, atacan. Məsələn, Allah heç kimi gənc yaşda ata-anasız qoymasın filan deyirəm. Sənə nisbətən daha “ziyalı şəxs” hesab olunduğum, ya da özümü elə sandığım üçün bu mühakiməyə bir “filan” sözünü də əlavə etməyi unutmuram. Aramızda “bilik” baxımından (görünüşdə) bir fərq olduğu doğrudur. Sən belə görünüş incəliklərinə fikir verməyəcək qədər saf olduğun, yəni mənim kimi “zidd qüvvələrin münaqişəsindən ibarət” olmadığın üçün, bəlkə də bu yazdıqlarım sənə bir az qarışıq gələ bilər. Əslində qarışıqlıq içimdədir və bu məktubu yazmaq istəyim qarışıq ruhumun qapıldığı böhranlardan biridir. Bu böhran, ümumən sənin ölümündən sonra içimdə daha qüvvətlə hiss etdiyim Cəmil bəyi yaşatmaq çabasıyla bağlıdır. İçimdə məndən ayrı olduğunu düşündüyüm bir də Cəmil bəyin olmasına sən “təzyid-i şəxsiyyət”mi yoxsa “taksim-i şəxsiyyət” deyirsən, bunu bilmirəm.

Bənzəyən yanlarımızın olduğu bir həqiqətdir. Sən üst-başına diqqət eləməzdin; mən isə nə özümə yaxşı baxıram, nə də maşınıma. Uzun illərini keçirtdiyin şəhərin küçələrində ikimiz də kir içində gəzişməyə davam edirik (anam bilməsin). Bəzən maşını bir ara küçədə saxlayıb, kiçik və qaranlıq bir kafeyə girirəm. Sənin deyiminlə “tədrici intihar”. Bununla bərabər, bəzi yazılarımın (bu məktub kimi məsələn) içki və pərişanlıq kimi uyğunsuzluqlarıma baxmayaraq maraqla qarşılandığını da demək olar.

Sağ olsaydın yazdıqlarımdan bir sətir anlamasan da, mənimlə fəxr edərdin sanıram. Atacan, deyəsən, biz bir-birimizi hər zaman belə anlamadan sevmişik. Əslində yazdıqlarım sənin deyiminlə desək “uydurma” şeylərdir. Anamın baxarkən ağladığı filmlər, ya da oxuyarkən kövrəldiyi romanlar kimi “hamısı uydurmadır.” Sənə yazdığım bu sətirlərin də bir qismi “uydurma” ola bilər. Sənə açıqlamaqda çətinlik çəkdiyim bəzi səbəblərdən dolayı sənin anladığın tərzdə bu gerçəklikdən uzaqlaşmaq məcburiyyətindəyəm. Bundan əlavə, gerçək, ya da uydurma olan bu sətirləri mənim hiss etdiyim şəkildə anlamağından da şübhələnirəm, hətta anlayıb-anlamadığını da bilmirəm.

Belə, atacan. Bəzən də həqiqət böhranlarına qapılıram. Buna görə də, sənə həqiqətlərdən, sənin də qarşı çıxmayacağın həqiqətlərdən danışmaq istəyirəm. Bugünlərdə, xüsusən də, ensiklopodik həqiqətlərin çox olması və sevdiyim, maraq göstərdiyim insanların getdikcə unudulması səbəbi ilə başdan-aşağı həqiqətlərlə dolu, bir çoxlarına görə əhəmiyyətsiz sayılacaq həyat hekayələrindən meydana gələn bir ensiklopediya yazmaq istəyirəm. Buna oxşar çalışmalarım olub daha əvvəl. Amma onlar da sənin deyiminlə desək, həqiqətən “uydurma” şeylər idi. Bu səbəblə də, atacacan, hərkəsə açıq şəkildə elan edirəm: 1892-ci ildə doğuldun. Ölkəmizdəki ortalama ömür müddətini də çox keçdin. Eşitdiyimə görə İsveçin ortalama ömür müddətinə filan yaxınlaşmışdın. Şəhərdə, kənddə, qəsəbədə böyüdün. Yetkinlik deyilən dövründə ölkəni idarə edənlər daha da çoxalmış kimi görünsün deyə kənddən gətirilərək onların arasında yer aldın. “Dövlət rəhbərlərinin” gözünə girmək üçün kürsülərdə qışqırmaq kimi yersiz hərəkətləri bacarmadığından, bugün mənim özəl ensiklopediyamdan kənarda yer alacağını heç düşünmürəm.

Səssiz fəzilətlərin heykəli qoyulmur, ya da onun kimi bir şey. Böyük şəhərdə, ölkəni idarəedənlərin toplaşdığı bir zalda nə üçün olduğunu heç düşünmədin. Bundan başqa, insanın kainatdakı yeri mövzusunda da düşüncələrə daldığını heç düşünmürəm. Amma (bu söylədiyim, həqiqətən də, gerçəkdir, atacan) mən bütün bunları düşündüyüm halda yerimi tapa bilmədim. Məni daha yaxşı böyütsəydin, nə bilim, məsələn, xarici ölkələrə filan göndərsəydin, bugünkündən daha əsaslı olmasam da, özümü ifadə, əşya ilə münasibətimi təyin və kainatdakı yerimi təsbit etmək kimi məsələlərdə daha bacarıqlı olardım.

Sən hər zaman dəyişməz idin; olduğun kimi olmaqdan qürur duyurdun; olduğun kimi davranırdın. Mən isə kiçik həvəslərə görə vurnuxub qalırdım; sənin deyiminlə desək “iki məscid arasında namaz qılmayan (bəynamaz)”, ya da səndən əvvəl sənin kimi rəhmətlik olan Numan bəyin deyimiylə desək “güləş, güləş, Hacı Məhəmməd altda” vəziyyətindəyəm.

Anladığın qədəri ilə tədricən gücdən düşürəm. Görürsən, sənin həyat hekayəni bəhanə edib yenə özümdən bəhs edirəm. Sənin əsalətini davam etdirmədiyim üçün hər fürsətdə özümü irəli aparmaq kimi bir təhqirə doğru gedirəm. Nə isə, qayıdaq sənə, atacan. Heç bir müharibəyə qoşulmadın və açıq mənada desək, heç bir qəhrəmanlıq göstərmədin. Bu səbəbdən də, medal filan kimi mənəvi mükafatlardan yararlanmadığın üçün malikanə kimi maddi mükafatlara da göz dikmədin.

Siyasətin içində yaşadığın halda siyasəti bilmədiyin üçün sülh dövründə belə müvəffəqiyyətli ola bilmədin. Bu baxımdan, sənə aid edə biləcəyim ən güclü tənqid budur; özünü təqdim etməyi heç vaxt bacarmadın, atacan. Yoldaşlarının qaldıqları böyük şəhərlərdəki mehmanxanaları ziyarət edib vizit kartlarını paylamadın, seçki dairələrində seçicilərin işlərini təqib etmədin. Etdiyin sadəcə seçki dairəsinə getdiyin vaxt ramazan ayına düşərdisə, küçədə siqaret çəkməməkdən ibarət olmuşdu.

Özünü çox bəyəndiyini halda qüsurlarını bilmədiyin kimi, yaxşı tərəflərinin də fərqinə varmadım. Ümumən sərt, duyğusuz və eqoist göründün. Bu xüsusiyyətlərinlə xudpəsənd bir uşağa bənzəyirdin. Məndən soruşsan, bütün məsələlərdə uşaq kimi yəni səmimi fikirlər yürütdün; bununla bərabər, bu davranışlarının ev içində “mənfi nəticələrə səbəb olduğu” oldu. Bu nəticələr mənə çox təsir etdi və “üsyançı övlad vəziyyətinə düşdüm.” Birlikdə yaşadığımız günlərdə bütün bəyəndiklərim sənə qarşı duyduğum reaksiyalardan yarandı. Sən klassik Türk musiqisini “boşboğazlıq” olaraq xarakterizə etdin; qərb musiqisinə reaksiyan isə sadəcə, “söndür onu” olduğundan, mən hər ikisini də sevməyi özümə bir məsuliyyət hesab etdim.

Mədəniyyət ilə bağlı digər mühakimələrin də o qədər ürəkaçan deyildi. Qısacası, ətrafındakı hər şeyi mütləq cizgilərlə iki yerə ayırırdın. (Bu məsələdə də sənə bənzədiyimi etiraf etməliyəm.) Dünyada yalnız gözəllər ilə çirkinlər vardı. Bir insan ya ağıllı idi, ya da axmaq. Sənin kimi başını dik tutmağı bilməyən bütün insanlar yaltaq idilər. Sənə bənzəməyən nəzakətli insanları da snobizmlə günahlandırırdın. Biz (anamla mən) sənə etiraz edərdik, amma mən fərqinə belə varmadan sənin insanları belə qəddarcasına siniflərə bölməyini mənimsəmişəm, atacan. Üstəlik (hər halda, ən pisi də budur mənim üçün), belə olmağımdan dolayı gizlicə bir məmnunluq hiss edirəm. Və sırf buna dayana bilmirəm. Çünki mən bir az da duyğuların “romantik” hissəsini (hirslənəcəksən amma) anamdan götürmüşəm.

Xüsusən də, bəzi kitabları oxuduqdan sonra içimdəki bu alçaq zididyətlərin daha da fərqinə vararaq, sənin heç anlamayacağın bir tərzdə, sabit gözlərlə boşluğa baxıb dururam. Belə baxanda, sənin işin daha asan idi, atacan. Bir çox şeyi yox sayaraq müəyyən bir nizam içində yaşadın. Kinoteatra getmədin. Heç roman oxumadın. Zeytunyağlı ənginar yemədin. Xarici ölkə həsrəti çəkmədin. Heç kimə hədiyyə almadın. Evdə qulançardan başqa bir bitki yetişdirmədin.

Ancaq xalq türkülərini sevdin. Bəsit bəyənmələrinin yanında məni təəcübləndirən həssaslıqların da oldu. Mən sonradan qazandığım bir həssaslıqla, ikincisini sanki zarafata sanırmışam kimi dəyərləndirərək işin içindən çıxdım: bu “filan” sözünü bəsit duyğularımı gizləmək üçün istifadə etdiyim kimi filan.

Türk dilindən çevirdi: Nuranə Bəşirzadə

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #