Kulis.Az 1992-ci ildə Xalq Artisti, görkəmli sənətkar Qədir Rüstəmovun “Xəzər” jurnalına verdiyi müsahibəni təqdim edir.
Qarabağın Ağdam diyarında iki böyük sənətkar doğulub. Hamıdan fərqli olaraq onlar bu dünyaya başqa nəzərlərlə baxıb, bu dünyanı ayrı cür dərk ediblər. Biri əlli yaşını keçsə də, biri əlli yaşını haqlasa da hələ ki, uşaq sadəlövhlüyü ilə baxırlar bu dünyaya. Min illərin günahına batmış, haramı halalına qarışmış bu dünyada, hələ ki, məkrdən, hiylədən, umu-küsüdən uzaq qeyri-adi iki sənətkar yaşayır – Qədir, Rəmiş. Onlar bizimlə birlikdə bir göyün altında, bir torpağın üstündə yaşasalar da, onların öz dünyası, öz aləmləri var. O dünya yalnız onların özləri üçündür. Bir gün Dağlıq Qarabağ kəndlərindən birində gecə yarısı qoyun otaran 13-15 yaşlarında bir oğlan uşağına rast gəldik.
- Balaca kişi, gecənin bu vaxtı bir pasibanın varmı? – deyə soruşduq. Dedi: - Var, qulağıma Qədirin səsi gəlir. Cəsarətlənirəm.
Düşünürəm ki, belə bir səsi olan xalqın uşağı heç yerdə, heç bir vaxt kimsəsiz ola bilməz.
Ağdamdayam. Qədiri görmək istəyirəm. Evlərinə zəng edirəm. Telefonda onu soruşanın kim olduğunu bilmədən qəflətdən, salamsız-kəlamsız deyir: - Ə Surxay, indi gəlirəm.
Üzbəüz oturub bu əvəzsiz sənətkarla səmimi söhbət edirəm. Təpədən dırnağa Qədirin səsi kimi özü də safdır, təmizdir. Bu dünyanın şərindən, hiyləsindən, çirkabından bir damcı da Qədirin üstünə düşməyib. Onu görəndə, söhbət edəndə adam özü də təmizlənir, saflaşır. 55 yaşının olmasına baxmayaraq uşaq saflığı, təmizliyi, paklığı var Qədirdə.
- Qədir, mən “Xəzər” jurnalının sifarişi ilə səndən sorğu-cavab edirəm. “Xəzər” jurnalını tanıyırsanmı?
- Hə, yaxşı jurnaldı. Oxuyuram. Özü də deyəsən çox ölkələrə göndərilir. Redaktoru Vaqifi də yaxşı tanıyıram. Əla oğlandır. Maa da şeir yazıb. Ümumiyyətlə, deyəsən məndən çox yazırlar, eləmi? Siz allah məni gözə gətirərsiniz. Zarafat edirəm, allah canınızı sağ eləsin.
- Qədir, özün haqqında oxuculara bir qədər məlumat ver.
- Nə deyim ə, oxuyanam dana. Uşaqlıqdan, özümü tanıyandan oxuyuram. Azərbaycan musiqisi o qədər zəngindir ki, bir neçə ömür də oxusan, hamısını tamamlaya bilməzsən. Elə dərin musiqi təhsili də almamışam. Bir neçə musiqi məktəbində oxusam da, ən nəhayət, inişil Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumunu bitirmişəm. Ən böyük müəllimim də, məktəbim də xalqımızın yaratdığı, yaşatdığı mahnılar olub.
Bir də dədə-baba qarabağlıyam, niyə oxumayım ki?... Bəziləri deyir ki, Cabbarın, Keçəçi oğlu Məhəmmədin davamçısıyam. Bunu mən qəbul etmirəm. Keçənlərin goru nurla dolsun, yaxşı oxuyublar. Gözəl də yadigarlar qoyub gediblər. Amma hərənin öz yolu, öz cığırı var. Lovğalıq olmasın deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm. O ki, qaldı şəxsi ailəmə, bir qızım, iki oğlum var. Qızıma anamın adını qoyduğum üçün onu birinci dedim. Hər üçü qarabağlı olduğuna görə səsləri var. Amma oğlumun birindən nəsə gözləyirəm. Qızı ömründə səhnə nədir ə, mikrofona yaxın düşməyə qoymaram. Səsi var, qoy gələcəkdə uşaqlarına şirin səslə layla çalsın.
- Səni ən çox düşündürən, narahat edən sosial-ictimai problemlər?
- Ə, bunu çox qəliz dedin. Mən onu-bunu bilmirəm, bazar od tutub yanır. Deyək ki, mən toya gedib uşaqlarımı saxlayıram. Nə qədər maaş alırsan? Yəqin səni görməz. Yaradan heç bir bəndəsini darda qoymasın. Bax elə götürək məni. Ayda 35 manat maaş alıram. Bu da elədi bir kilo ət. Sonra nə edim ə, barmağımı sorum? Maaşı da iki ildir alıram. Onaqədər maaş cədvəli deyirsiniz, nə deyirsiniz, ona qol çəkmişəm kimsə adıma yazıb, özü də alıb. Demişəm, əşi, toya zada gedirəm, bunun da evdə ehtiyacı var, qoy bu alsın. Nəyisə...
- Eşitdiyimə görə yaxşı ovçusan. Silahın varmı?
- Kefin istəyən bir qoşalüləm vardı. Həmişə də maşınımda olurdu. Bu yaxınlarda bizim milis işçiləri hərbçilərə çatdırırlar ki, Qədirin maşınında silah var. Axtarıb tapdılar. Mən hərbçilərdən incimirəm, amma özümüzünkülərin hərəkəti məni yandırır.
- Qədir, dörd ildir ki, Dağlıq Qarabağın məsələsi baş alıb gedir. Bu işə necə baxırsan?
- Mənim 55 yaşım var, erməninin yol kəsib adam öldürdüyün nə eşitmişəm, nə də görmüşəm. Ev tulası görmüsən, üstünə cumur, ayağını yerə bərk vurursan, qaçıb yiyəsinin ayaqlarına sığınır. Sahibi qısqırdanda bir də cumur. Bax erməni tuladır, yiyəsinə arxalanmasa cummaz.
- Niyə sən ən çox Füzulinin və Seyid Əzimin qəzəllərindən istifadə edirsən?
- Mənim səsimdəki yanğı ilə onların qəzəllərindəki yanğı, ahəng üst-üstə düşür. Ona görə. Birdə ki, sən elə bilmə ki, mən Füzulinin fəlsəfəsini başa düşmürəm. Özünü öymək olmasın, Füzulini duya-duya, yana-yana oxuduğum üçün dinləyicilərə də çatdırıram. Bilirsənmi Füzuli heç kəsə bənzəməyən, əvəzsiz sənətkardır. Bir ah sözü onun qəzəlində varsa, bir ah da mən əlavə edirəm, aləm alınır.
- Qədir, toylara gedirsənmi?
- Bəs nə ilə dolanıram? Beş nəfərin çörəyi mənim boğazımdan çıxır. Allah camaatımıza versin. Yaxşı hörmət edirlər. Xoşa gəlməyən hallar da olur. Onları da kefi yuxarılıqlarına bağışlayıram.
Bir toyda biri yaxınlaşdı ki, “Hellyoza” oxu. Dedim, oxumağına oxuyaram, amma it kimi hürmək yerində özün hür. Sənəti təhqir etmək olmaz, sənəti təhqir etmək mənsub olduğun xalqı təhqir etməkdir. Mən çox da elə toylara getmirəm. Bir toydan qazandığım pul azalanda başqa bir toya gedirəm. Neyləyim, bu da belə bir ömürdür, yaşamağa məcburam.
- Tez-tez yazırlar ki, Qədirin qədri bilinmir. Bu məsələyə necə baxırsan, layiqli qiymətini almısanmı?
- Nə edəcəklər maa, ə? Başımda qədir ağacı əkəcəklər? Bayaq dedim, yenə deyirəm, əsl xalq sənətkarının qiymətini xalq verməlidir. Hə, maşınsız qalmışdım, sağ olsun Polad Bülbüloğlun, çağırıb maşın verdi. Maşını götürəndə yaxşı hörmət etdilər. Toylarda da nazımla oynayırlar. Mən o eşitdiyim qədər də vallah gur adam döyüləm.
Qədir qəlyanını cibindən çıxardıb kibrit dənəsi ilə qurdalamağa başlayır. Külü yerə çırpıb yenidən qəlyanına tənbəki doldurur. Kibrit çəkib alışdırır. Bir qədər fikrə gedəndən sonra dillənir:
- Siyasət hamını yoldan çıxarıb. Ay qardaş, əkinçi əkinini becərmək əvəzinə görürsən ki, oturub çənə döyür. A zalım oğlu, sən axı neyləyirsən ki, tutalım Mitteranla Tetçer nə iş görürlər, hansı erməni ilə nə danışır. Siyasət ənlik-kirşanlı qadına bənzəyir. Başını ona nə qatırsan. Get bostanını becər, balalarını dolandır.
Qəlyanını bir də qurdalaya-qurdalaya qəfildən deyir:
- Balıq tutmağa gedirəm, istəyirsən səni də aparım. Gedək bir az havanı-zadı dəyiş dayna, ə, bu Ağdamın çayxanaları sizi bezdirmədi hələ? Adı balıq tutmaqdı. Vallah qarmağı atırsan suya, əllərini dayıyırsan çənənə, bala-bala başlayırsan düşünməyə... Hı, nə deyirsən, aparım səni?
Bəhanə gətirirəm:
- Qədir, sən allah, incimə işim var...
- Ə, niyə inciyirəm? Bizə baxanda elə fikirləşdim ki, bu çayxanalar sizi qıracaq. Nə isə...
- Qədir, səndən yazanlara münasibətin?
- Necə olacaq, səni tərifləsələr halın pis olmayacaq ki, sağ olsunlar. Məni kim yada salıbsa, allah hamısına yar olsun. Bir balaca Seyran Səxavətdən, bir az da Salmandan incimişəm. Özlərindən, mənim dilimdən bir-iki söz toqquşdurublar. Salman “Mədəniyyət” qəzetində yazıb ki, guya mən Türkiyəyə getmək istəyirəm, amma aparmırlar. İstəsəm bu dəqiqə gedərəm. Ancaq elə alverçilər getsə yaxşıdır. Gedib o Türkiyəni bir kökə salacaqlar ki, türklər yarandıqlarına peşman olacaqlar.
- Qədir, heç uşaqlıqda dalaşıb eləmisənmi?
- Ba, ə, mən adam zad döyüləm, dalaşmışam da, hələ desən qız da sevmişəm... Gəl belə danışaq. İndicə özün deyirdin ki, işim var. Sən dur öz işinin dalınca get, mən də öz işimin. Bu uşaqlıq vaxtımdan sənə inşallah, başqa vaxt danışaram. Bilirəm ki, başlasam gərək bu gecə burada qalaq. Razısan mənimlə?
- Razıyam, Qədir, amma son sözünü demədin...
- Ə, bura məhkəmə-zad döyül ha, maa son söz verirsən?
- Yox, allah eləməsin, ay Qədir. Yəni deyirəm ki...
- Zarafat eliyirəm. Son sözü inşallah efirdə deyəcəm, lap tezliklə. Oxumalı çox şey var ürəyimdə... Allah sağlıq eləsin...
(Ardı var)