Murad Köhnəqaladan yeni proyekt: “Sadə insanlar”

Murad Köhnəqaladan yeni proyekt: “Sadə insanlar”
15 aprel 2013
# 11:27

Növbəti proyektimin adı “Sadə insanlar”dı. Məqsəd, gözdən-könüldən qıraqda sadə yaşam tərzi keçirən insanların həyatından örnəklər göstərməkdi. Sözsüz ki, bu yazılarımda “roskoş” yaşayan varlılara rast gəlinməyəcək.

Əslində, sadə həyatı kasıblar yox, zənginlər yaşayır. Uzaqdan sadə görünsə də, adətən, kasıbların həyatı daha mürəkkəb olur. Gündəlik qazanc dalınca qoşan insanın yaşam tərzi ilə hər cür təmin olunmuş insanın həyatı arasında böyük fərq var...

***

Yolum “Əhmədli” metrostansiyasından düşür. Burda xırdavat köşkünün böyrünə qısılaraq təzə çıxmış alçanın bir stəkanını manat yarıma satan küçə alverçisi ilə söhbətləşirəm. Bahar nübarı olsa da, düşünürəm ki, kişi bahaçılıq eləyir. Yaxınlaşıb soruşuram:

- Ay qardaş, bu niyə belə bahadı, olmaya, alçamız da xaricdən gəlir?

Alverçi dərhal əl-ayağa düşür:

- Sən nə danışırsan, bu tamam doğma, yerli alçadı, Ağdaşdan gətirirəm.

- Necə yəni, Ağdaşdan? Bakıda ağacların təzəcə çiçəklədiyi vaxt Ağdaşda alça yetişir?

Bu zaman qardaşımız, yalan-gerçək, aldı görək nə dedi:

- Əmoğlu, bu, tezyetişən sortdu, Ağdaşda bir bağban kişi var, xüsusi olaraq bunu yetişdirməklə məşğuldu.

Onun sözlərinə çox da inanmağım gəlmir. Yəni ola bilərmi, Ağdaşda bir kişi hansısa alça sortu yetişdirsin, onu da yollasın Bakıya, həm özü qazansın, həm alverçilər dolansın, həm də şəhərlilərin ağzı dada gəlsin? Bəlkə bu adam xaricdən gələn mala o qədər də üstünlük verməyən yerli əhalini aldatmaq üçün belə bir macəra uydurub? Nə bilim, bəlkə də düz deyir. “Əmoğlu” dediyinə görə mən də onunla “əmoğlulayıram”:

- Əmoğlu, bəs niyə belə baha verirsən?

- Vallah, bizim də üstümüzə baha oturur. Arada mənə qalan elə çörəkpulu olur. (Əyilib torbadan bir-iki alça götürür və təkidlə mənə uzadır.) Sən bir ye, dadına bax, balde-bal!

- Əmoğlu, alça hara, bal hara? Alça turş olmalıdı, axı?

- Turşdu daa, bu da turşdu, ancaq şirin turşdu! Bax daa, dadına bax!

Alverçilərin bu metodunu yaxşı bilirəm, “dadına bax” deyərək bircə meyvəsini sənə yedizdirərsə, mütləq utanıb ondan bir şey almalısan. Alçasatanla söhbəti davam eləmək üçün bir stəkan alça alıb dadına baxıram. Belə dəə, bir az su dadır, ancaq hər halda dadlıdı. Ətrafdakı müştərilərə eşitdirirəm:

- Hə, əmoğlu, çox dadlıdı, qiymətinə dəyərmiş.

Mənim tərifimdən həvəsə gələn bir-iki nəfər də alça alır. Fürsət düşmüşkən onu yenə danışdırıram:

- Əmoğlu, ailəlisənmi? Bağışla ee, yəni demək istəyirəm, ailəni belə xırda çax-çuxla necə dolandırırsan?

- Hə, ailəliyəm, ancaq həyat yoldaşım vəfat eləyib. Uşaqlar böyükdü deyə təzədən evlənmədim. Bir qızım var, iki oğlum. Qızımı hələ yoldaşımın sağlığında köçürmüşdük. Onlar da bir az Azərbaycanda yaşayandan sonra çıxıb Rusiyaya getdilər. Böyük oğlum əsgərlikdən gəlib, kasıbçılıqdı, evləndirə bilmirəm. Kiçik oğlumu da əsgərliyə çağırıblar, bu yaxınlarda getməlidi. Əmoğlu, mənim özüm Qarabağ döyüşləri vaxtı könüllülər dəstəsində vuruşmuşam. Komandirimiz çox qeyrətli kişi idi. Bizi həmişə cərgəyə düzüb təmizkarlığımızı yoxlayırdı. Həftədə bir dəfə çimməyəni cəzalandırırdı. Pinti döyüşçünü qəti sevməzdi. Kirli gəzənlərə: “Ayə, bir vedrə su qızdırıb kolun dalına keçə bilmirsənmi?” deyirdi.

Öz pulu ilə bizə sabun-dəsmal alıb gətirirdi. Ancaq, əmoğlu, indi vəziyyət belədi ki, heç müharibə üzü görməyənlər veteranpulu alır, mənim kimi vuruşanlar da küçədə alça satır.

- Bəs sənə veteran pulunnan-zaddan vermirlər?

- Nə veteran? Deyirlər, sən heç yerdə vuruşmamısan. Könüllü idik, dana, özümüzə sənəd-sünəd düzəltdirmirdik, təki torpaqlar əldən getməsin, deyirdik. Komandirimiz də “satqın” çıxandan sonra onun dəstəsində olduğumuzu danmışdıq ki, tutub içəri basmasınlar. Belə işlər, əmoğlu, heç vecinə də alma! Bəs sən haralısan?

- Mən Tovuzdanam.

- Hə, Tovuzda da bir Boz Qurd Etibar vardı, onu da tutmuşdular, bilmirəm buraxdılar, ya türmədə öldü?

- Çıxdı yox, ölmədi!

- Sən allah, nə yaxşı! Həmişə onun dəstəsinin döyüşləri haqda söhbətlər gəzirdi.

- Hə, o dağları elə Etibar qoruyurdu, dana.

- Mən özüm Ağdaşdanam, ancaq çox bölgələrdə vuruşmuşam, ayağımda qəlpə gəzdirirəm, başım da ki, o söz! Özün hiss eləyirsən, dəə!

(Onunla zarafat eləməyə girişirəm.)

- Həə, hiss eləyirəm, başdan “vayennisən”. Bizim kənddə bir Səy Kərəm var, eynən ona oxşayırsan.

- Ayə, de dəə, bunu! Sən öl, sən də bizim kənddə bir Şair İbiş var, kopyasısan, dana! Qoyun-quzu otarmağa gedəndə çomağ əvəzinə dəftər-qələm götürür.

(Onun bu bənzətməsinə xeyli gülürük.)

- Bəs burda haralarda qalırsan?

- Kiçik qardaşım Zabratda yaşayır, ailəlidi, evinin zirzəmisində yaşayıram.

- Zirzəmidə niyə?

- Düzdü, qardaşım da deyir, belə eləmə, ayağı qəlpəli adamsan, qalx yuxarı evdə yat. Baxıram ki, evində darısqallıqdı, deyirəm, qardaş, mənə belə rahatdı. Axşam gedən kimi başımı köhnə divana qoyub yatıram.

- Bəs əvvəllər nə işlə məşğul olmusan?

- Mənim nə işim olacaq? Elə çax-çuxla başımı qatmışam. Bir vaxtlar “Yaşıl bazar”da alver elədim, ancaq qazanc az idi, yerpulunu da çox alırdılar. Ordan çıxdım, indi düşmüşəm küçələrə.

- Sənə şirin-turşməzə bazar olsun, əmoğlu, mən getdim!

- Yaxşı yollar, əmoğlu!..

# 3715 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #