Vüqar Əhməd: “O qadına indi də zəng edirəm...”

Vüqar Əhməd: “O qadına indi də zəng edirəm...”
20 may 2014
# 08:00

“Açıq söhbət”in budəfəki qonağı Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, nasir, dramaturq, «Füzuli - 500», 2 dəfə «Zirvə», «М.Araz», «А.Şaiq», «Мin bir mahnı», «Məftunedici qələm», «Sənətinin fatehi», «Qızıl açar» və ilaxır mükafatların laureatı şair, professor Vüqar Əhməddir.

Onunla söhbətimiz küləkli-günəşli bir yaz gününə təsadüf etdi. Təxminən gül gülü çağırırdı, bülbül bülbülü...


- Salam, Vüqar müəllim, xoş gördük, necəsiz?


- Salam, xoş gününüz olsun. Şükür, yaxşıyam…


- Bir az açıq danışaq, düzünü deyin xahiş edirəm, haçandan şeir yazırsız?


- Səkkizinci sinifdə oxuyurdum, Pirşağı bağlarında tək idim, birdən başladım şeir yazmağa. Başladım, yazdım, yazdım, yazdım... bir bloknotum vardı, onu doldurdum. Sonra onu atdım getdi, gördüm çox zəif şeirlərdi. İlk professional şeirimi isə 1981-ci ildə yazmışam. Şüvəlanda Pioner Düşərgəsində işləyirdim. Gecə saat 3-4 radələri idi, bir müəllimə qız da qayıq kimi yelləncəklər olur e..., onda oturmuşdu. Bilmirəm heç necə oldu, deyəsən ona baxıb yazdım...


- Bukovski kimi müəllimənizə vurulmuşdunuz?


- Yox, qız müəllimə deyildi, praktikaya gəlmişdik, hamımız tələbəydik, müəllimlik eləyirdik, APİ-dən (indiki ADPU-nu nəzərdə tutur- Ş.G) getmişdik.


- Başa düşdüm. Elə o dediyiniz professional şeiri də orda yazdınız?


- Bəli, gecələri vəsf elədim, “Gecələr” şeirini yazdım – gecələr laldı, ümid xəyaldı, gecələr bir az, hərdəmxəyaldı! Brilliant Dadaşova da oxudu o mahnını, klip də çəkdi, məşhur mahnı oldu.


- Bəs nədən bilirsiniz ki, o şeirləriniz zəif idi, sonrakılar güclü?


- Bilirəm də! Sonra ali təhsil aldım, ədəbiyyatşünasam mən, yadıma düşür ki, o vaxtı qafiyə axtarırdım. Bir şair ki, qafiyə axtarır apar tulla!


- Nizami Xudiyevə də şeir həsr etmisiniz?


- (Bir az duruxur) Yox, harda həsr eləmişəm onu, yadımda deyil?


- Alim Nəbioğlunun “Vüqar Əhmədin söz dünyası” kitabında var o şeir. Belədir:

Efir sevir nizamı,
Sizi çox sevir hamı,
Ay Xudiyev Nizami,
Ay mənim müəllimim…


- Həə, yadıma düşdü. Bax, Şəhriyar, Az TV-nin sədri kimi yazılmayıb haa, mənə ədəbi dil tarixindən dərs deyib, müəllimim kimi yazmışam. 50 illik yubileyində yazmışam. Yeri gəlsə sədrim olub, vəzifəmi aşağı salıb, işdən çıxardıb məni. Amma, müəllimim kimi bu dəqiqənin özündə də görəndə qabağına gedib əl görüşürəm, yanında siqaret çəkmirəm.


- Niyə ki?


- Hörmət eləyirəm. Elmi rəhbərim vardı – Xeyrulla Məmmədov, ədəbiyyatşünas alim idi, bir dəfə onun yanında siqaret çəkmişəm, hələ də özümü bağışlaya bilmirəm.



- İlk mahnınız nə vaxt oxundu Vüqar müəllim?


- İlk mahnımı Nazim Qəmərlinski bəstələmişdi, Flora Kərimova üçün nəzərdə tutmuşdu, nəsə alınmadı. İlk mahnımın ayağı bəd oldu. Rəhmətlik İbrahim Göyçaylı Bədii Şuranın rəhbəriydi onda. O vaxtlar da gərək mahnının mətni keçəydi bu şuradan, sonra musiqi bəstələnib oxunaydı. Getdim İbrahim Göyçaylının yanına, dedim, İbrahim müəllim, Bəxtiyar Vahabzadənin bir dənə yaxşı şeiri var, qulaq asarsız? Dedi, buyur. Qulaq asdı, dedi “Əşşi Bəxtiyar böyük şairdi də!” Dedim, İbrahim müəllim, şeir mənimdi. Dedi, ver e, ver bura qol çəkim, məni yaman aldatdın! İlk mahnımı belə keçirtdim Bədii Şuradan. Bundan sonra başladım mahnı yaradıcılığına.


- Sonra kimlər oxudu mahnılarınızı?


- Hamı oxuyub: Azərin, Brilliant, Mətanət İsgəndərli, Alim Qasımov, Elmira Rəhimova, Nadir Qafarzadə, Ağaxan Abdullayev, Nüşabə Ələsgərli, Mələkxanım Əyyubova, Baloğlan Əşrəfov, İzzət Bağırov... Ola bilər, kiminsə adı yadımdan çıxsın, gərək inciməsinlər, hamısını sevirəm, hörmətim böyükdür.


Yeri gəlmişkən onu da deyim. Ki, Vüqar müəllim dəyərli müğənni, xalqımızın qeyrətli oğlu, vətənpərvər, milli adət-ənənəyə sadiq, mömin şəxsiyyət İzzət Bağırova da şeir həsr edib. Həmin şeirdən bir bəndi nəzərinizə çatdırmağı özümə borc bilirəm:

Sevdiciyim, görmə rəva İzzətə,
O layiqdir el-obada hörmətə,
Ömrü boyu rast olmayıb töhmətə,
Çin olacaq onun hər bir arzusu,
Onu sevir el-obanın hamısı.


- Sözlərinizə oxunan mahnılardan ən çox xoşunuza gələni hansıdır?

- (Düşünmədən cavab verir) Baloğlanın ifasında “Anam mənim” mahnısı. Cənubi Azərbaycanda 35 milyon adam o mahnını bilir. Türkmənistanda türkmənlər öz adlarına çıxıb o mahnını. Mənə dedilər, dedim eybi yoxdur, türklərə olar, təki mənfur düşmənlərimiz oğurlamasın.


- Yəni ermənilər?


- Hə, ermənilər. Mənim saytıma bir erməni oxucu girmişdi. Saytımı işlədənə dedim o ermənini çıxart ordan, allergiya oluram, səpişirəm. Heç əsərlərimi oxucu kimi oxumaqlarını da istəmirəm.


- İlqar Muradov da oxumayıb sizin mahnıları, Flora da?


- Hə, oxumayıblar. Florayla bir dəfə istədik alınsın, nəsə yenə alınmadı. Onunla dostuq, böyük sənətkardı, amma, yaradıcılığımız alınmır nədənsə...


- Sizə qonorar verirlər mahnılara görə?


- İlə 50 manat verirlər. O gün də zəng elədim, dedilər 25 manatdır, gəl götür. Mən də əsəbiləşdim, dedim, lazım deyil, atdım üstünə telefonu!


- Bəs ifaçılar özləri vermirlər?


- Yox, əvvəldən şənimə sığışdırmamışam, indi də utanaram. Elə bil bazarda xiyar-pomidor satıram, şeiri satmazlar məncə, ayıbdı...


- Amma Məhəmməd Hadi şeirlərini küçədə satırdı...


- Yox də, onun dövrü başqaydı. Məhəmməd Hadi böyük şairdir, allah ona rəhmət eləsin...


- Özünüzü şairlərdən kiminlə müqayisə edərdiniz, Vüqar müəllim?


- Özümü heç kimlə, elə özümlə!


- Siz həm də AMEA-da dissertasiya şurasının üzvüsünüz, ən çox kimlərdən müdafiə olunur?


- Ancaq 60-cılardan, onların qohum əqrəbasından...


- Anardan, Elçindən?


- Nə bilim əşşi, elə 60-cıların hamısından.


- Bəs Vaqif Səmədoğlundan?


- Yox e, sən də, Vaqif yada salan var?


- Vaqif Bayatlı necə?


- Elə onu da!


- Münasibətiniz var Vaqif Bayatlıyla?


- Vaqif Bayatlı orijinal şairdir


- Böyük şairdi, heyif ki, vəzifəsi yoxdu, əla yaltaqlanardım elə burdan...


- Hə, böyük şairdi...


- Gənclərlə aranız necədi? Qonaqlıq-filan verirsiz?


- (Çaşqın halda gülümsəyir) İndi bunların hamısını verəcəksən? Ayıbdı axı...


- Vüqar müəllim, sizin tərbiyəniz məni məhv elədi. Allah sizə ömür versin, kövrəldim lap...



- İlk dəfədir mənə belə suallar verirlər. Vermişəm verməyinə, amma çox yox. Amma nə vaxt desəniz, qulluğunuzda hazıram. Bu gün çəkilişim var, “Düz üzünə” verilişinə gedirəm. İradə İsaqın verilişi...


- O qız gül kimi aparıcıydı əvvəllər...


- (Acı-acı gülümsəyir) Yox, Şəhriyar bəy, İradə xanım yaxşı insandı. Zöhrə Abdullayeva haqqında danışacam verilişdə...


- İnsanlığını demirəm, son verilişləri mənasızdı sadəcə. Zöhrə xanım da “kuxna” müğənnisidi də...


- Yox, Şəhriyar bəy, Zöhrə yaxşı müğənnidir.


- Nə isə, allah məsud etsin... Şair, olar Cəlil Cavanşiri də özümlə gətirim qonaqlığa?


- (Böyük təəssüf hissi keçirdir) Vay-vay-vay, Cəlillə danışmırıq axı, necə olacaq?


- Sizi barışdıraram! Məncə o, sizi çox istəyir...


- Yox, problem yoxdur, mən kinsiz adamam. Mən də onu çox istəyirəm, çox istedadlı adamdı, həm də seyiddi axı. Cəlil ağadı, cəddinə qurban olum


- Mən də qurban olum, cəddi köməyimiz olsun inşallah! Gənclərdən kimləri oxuyursuz?


- Cəlil Cavanşir, Əsəd Qaraqaplan, Dilqəm Əhməd, Cavid Zeynallı, Kəramət Böyükçöl, Mirmehdi... Bir də həmişə gənclər deyəndə Salam Sarvan deyirəm, sonra düşünürəm ki, inciyər birdən. Məndən 4 yaş balacadı. Amma, mən həmişə onu gənc görürəm, gözəl şairdi. O günlərdə feysbukda bəhri-təvilini paylaşmışdım. Düzdü, o janrda Sabir möhürünü vurub, amma, Salam da öz sözün dedi.


- 33 ildir ədəbiyyatdasınız, bir qərinədir... Dilimizin bu kasad vaxtında, heç olmasa 3 ədəd söz vermisinizmi dilimizə? Puşkin ingilis dilinin babası sayılır, 150 min söz gətirib ingilis dilinə. Bəs siz?


- Məsələn, “buludlar hamilədir” ifadəsini ilk olaraq mən gətirmişəm...


- Axı bu söz deyil, söz birləşməsidir.


- Söz birləşməsi olsa da, mən gətirmişəm, heç bir ay keçmədi oğurladılar.


- Neçə kitabınız var?


- 30.


- Çox ciddi rəqəmdir, Vüqar müəllim. Hamısının adı yadınızdadır?


- Əlbəttə yadımdadır. Birincisi “Qurban” adlı kitabdır. Qurandan tərcümədir, Qurban bayramı ayinlərini izah etmişəm. İkinci... (başlayır saymağa, mən xahiş edirəm ki, belə etməsin)


- Neçə dəfə sevmisiniz?


- İki dəfə.


- İlk olaraq nə vaxt?


- Məktəb vaxtı. Sonra gördüm çox adam sevir onu, nəsə alınmadı


- Bəs sonra?


- Sonra da uşaqların anasını.


- Harda tanış olduz xanımınızla?


- (Bir az tərəddüd edir danışmağa) Qonaq getmişdim evlərinə, qardaşı dəvət eləmişdi. Orda gördüm. Yəqin düz eləməmişəm. Adam qonaq getdiyi evdə belə iş görməz. Amma, niyyətim pak olub, elçi göndərdim, verdilər... Yəqin ki düz eləməmişəm də, hə? Müsəlmançılıqla düz gəlmir (gülür).



- Nə bilim, mən müsəlman deyiləm, bilmirəm... Vüqar müəllim, bəs ilk sevgidən nə qaldı? Sizə nə verdi ilk sevgi? Deyirlər, ilk sevgi unudulmur. Mən ilk sevgimi xatırlayanda burnuma neft qoxusu gəlir. O vaxtlar məktəbi neftlə silirdilər. Bəs sizin burnunuza hansı qoxu gəlir?


- Bir neçə il əvvəl ailəmlə dənizə getmişdik, çimərliyə. Orda gördüm uzaqdan gəlir. Salamlaşdıq. Amma, yaxına getmədim, ayıbdır axı, açıq-saçıq paltarda-zadda. Yoldaşıma da yalandan dedim sinif yoldaşımdı (gülümsəyir). Hərdən zəngləşirik də. Müəllimlər İnstitutunda dərs deyəndə gəldi ki, qırmızı diplom almaq istəyirəm. Tapşırdım müəllimlərə. Bir riyaziyyat müəllimi vardı, heç kəsə 5 yazmırdı. “Anam mənim” mahnısına görə o qıza 5 yazdı.


Söhbətin bu yerində şairin bir sevgi şeirini nəzərinizə çatdırmağı özümə borc bildim:

Ya Məhəmməd Füzuli,
Leyli səndən gileyli,
Məcnunu nakam qoydun,
Sözünlə qüdrətinlə
Çoxun kölgədə qoydun...


- Sizcə Azərbaycanda ən əxlaqlı şair kimdi?


- (Bir neçə saniyə düşünür) Ramiz Rövşən!


- Vüqar müəllim, hər şairin təbii bir ağrısı olur. Hərə onu bir cür ovundurur. Kimi inzivaya çəkilir, kimi araq içir və s. Bəs siz ağrınızı nəylə ovundurusuz?


- Vallah indiyədək bu sualı mənə verən olmayıb. Mən heç vaxt şikayət eləməmişəm. İndi bilmirəm səmimi deyim, yoxsa deməyim?


- Xahiş edirəm səmimi deyin...


- Mən neçə illərdi astma-bronxitəm – çox ağır. Bir gün tutmayanda sevinirəm ki, ay allah, sənə çox şükür, nə gözəl gün oldu. Daha sonra, 4 dəfə əməliyyat keçirmişəm, biri ankoloji, yaxşı ki, xoş xassəliydi. Daha sonra maddi çətinliyim var. Professor adamam, 416 manat maaş alıram. Bunun qazpulusu var, işıqpulusu var, supulusu var... Nə bilim, hansını deyim?



- Allah şəfa versin.



- Çox sağ ol...

# 7759 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #