Səfəvilər dövlətinin yaranması ilə Yaxın və Orta Şərqin təkcə hərbi-siyasi deyil, həm də dini tarixində yeni dövr başlandı. Osmanlı dövləti özünün şərq sərhədlərində, Ağqoyunlular dövlətinin ərazisində daha böyük Səfəvilər imperiyasının yaranmasını narahatlıqla müşahidə edirdi. Bu narahatlığı şərtləndirən hərbi-strateji və iqtisadi səbəblərlə yanaşı, daxili siyasi amillər də mövcud idi. Belə ki, Osmanlı imperatorluğu ərazisində çoxsaylı tərəfdarlara malik olan qızılbaşlar hərəkatı meydana çıxdığı ilk vaxtlardan Osmanlıların daxili siyasi bütövlüyünü təhdid etməyə başlamışdı. Səfəvilər Anadolunun köçəri türk oymaqlarının nəzərində yeganə ümid yeri, Şah İsmayıl isə gəlişi çoxdan gözlənilən Mehdi Sahib-əz-Zaman sayılırdı.
Bununla belə, Osmanlı sultanı II Bayəzid (1481-1512) Səfəvilərə qarşı güc tətbiq etmək iqtidarında deyildi. Başı Venesiya ilə müharibəyə (1499-1502) qarışan II Bayəzid, O.Əfəndiyevin fikrincə, Şah İsmayılın şəxsində təhlükəli bir rəqibin meydana çıxdığını görsə də, məşhur qızılbaş şahına qarşı çıxmaqla Kiçik Asiyada yaşayan çoxsaylı şiə əhalisini öz əleyhinə qaldıracağından qorxurdu. Bu səbəbdən o, qızılbaşlar əleyhinə sərt siyasət yürütməyin tərəfdarı olan yaxın ətrafının və Trabzon valisi olan oğlu Şahzadə Sultan Səlimin mövqeyi ilə hesablaşmırdı.
İlk vaxtlar Ağqoyunlu şahzadələri Əlvənd Mirzə, Qasım bəy və Murad Mirzəni qızılbaşlar əleyhinə birləşməyə çağıran II Bayəzid sonradan Ağqoyunlu dövlətinin artıq mövcud olmamağı faktı ilə barışmalı oldu və Səfəvilərlə diplomatik münasibətlər qurmaq təşəbbüsü ilə çıxış etdi. 910 (1504-1505)-cu ilin qışında Sultan Bayəzid Məhəmməd Çavuş Balabanın başçılıq etdiyi elçi heyətini bəxşiş və ərməğanlarla Şah İsmayılın yanına göndərdi. İsfahanda yeni tikilmiş “Nəqşi-Cahan” sarayında təntənəli qəbul mərasimi düzənləyən 17 yaşlı İsmayıl bununla öz dövlətinin əzəmətini Osmanlı elçilərinə nümayiş etdirdi.
Məhəmməd Çavuş Balaban özü ilə II Bayəzidin iki məktubunu gətirmişdi. Məktubların birində Osmanlı sultanı Səfəvi şahını Ağqoyunlu Murad Mirzə üzərində qazandığı qələbə münasibətilə təbrik edir, digərində isə onu İslam dünyasında təfriqə salmamağa, sünniləri təqib etməməyə çağırır, dövlət idarəçiliyi ilə bağlı gənc İsmayıla bəzi tövsiyələr verirdi. Məktubunda İsmayıla “Əmir” kimi müraciət edən II Bayəzid ona “möhtərəm oğul”, “ali məqamlı övlad” deyə xitab edirdi. Osmanlı sultanının gənc Səfəvi şahına nəsihətlər verməsini təqdir edən O.Əfəndiyev Sultan Bayəzidin buna mənəvi haqqının çatdığını xüsusi vurğulayır: “Çünki bu sırada Sultan Bayəzid 57 yaşında olub, 23 ildir Osmanlı imperatorluğunu yönəltməkdə idi. 14 yaşında taxta çıxan Şah İsmayılın isə dövlət idarəsi haqqında, əlbəttə, heç bir təcrübəsi yox idi”.
Sultan II Bayəzid Səfəvilərlə ən azı müharibə etməmək siyasətinə hakimiyyətinin sonunadək sadiq qaldı. Məhəmməd Çavuş Balabanın missiyasından sonra iki dövlət arasında elçi mübadiləsi və məktublaşma prosesi başladı. Lakin bu dostluq zahiri xarakter daşıyır, Azərbaycan və İranda sünnilərin, Anadoluda qızılbaşların təqib edilməsi davam edirdi.
Bu iki türk dövləti arasında diplomatik münasibətlər qurulduqdan bir neçə il sonra Şərqi Anadoludakı Ağqoyunlu torpaqlarına göz dikən Maraş və Əlbistan hakimi Əlaüddövlə Zülqədəroğluna (1479-1515) qarşı yürüşə hazırlaşan Şah İsmayıl Sultan II Bayəzidə məktub göndərdi. O, yürüş üçün Ərzincan-Ərzurum yolunu seçdiyini, Əlaüddövlənin ölkəsinə basqın etmək üçün Osmanlı torpaqlarından keçmək məcburiyyətində qaldığını bildirdi və II Bayəzidə onun hakimiyyəti altında olan ərazilərə daxil olacağı konkret tarixi (12 rəbi-üs-sani 913 / 21 avqust 1507) göstərdi. Üstəlik, İsmayıl qızılbaş ordusuna Osmanlı təbəələrinə heç bir ziyan vurmamaq və qorxaraq ev-eşiyini tərk edənlərin geri qaytarılması barədə göstəriş verdiyini onun nəzərinə çatdırdı.
Şah İsmayılın bu yürüş zamanı Diyarbəkiri Səfəvilər dövlətinə birləşdirməsini O.Əfəndiyev çox önəmli hadisə kimi qiymətləndirir: “Babası Uzun Həsənin vətəni Diyarbəkirin Qızılbaş dövlətinin hakimiyyəti altına girməsi çox önəmli idi. Çünki İsmayıl özünü Ağqoyunlu dövlətinin qanuni varisi sayırdı”.
Şah İsmayıl Zülqədər bəyliyinə yürüş zamanı Osmanlı torpaqlarından keçərkən Sultan II Bayəzidə verdiyi sözə sadiq qalmış, qızılbaşların qorxusundan yurd-yuvasını tərk edənləri geri dönməyə çağırmış, yerli əhalinin satmaq istədiyi malların alınmasına göstəriş vermişdi. O, şəxsən aldığı malların pulunu ödəmiş, Osmanlı təbəələrindən aldığı əşyaların pulunu verməyən bir qızılbaşı dərhal edam etdirmişdi. Onun bu cür davranışı Səfəvi-Osmanlı münasibətlərində yeni gərginliyin yaranmasının qarşısını almış, Bayəzid onu qızılbaşlara qarşı hücuma təhrik edən yaxın ətrafının və oğlu Şahzadə Sultan Səlimin fikirlərini növbəti dəfə rədd etmişdi. Lakin həm Osmanlı sultanının, həm də Səfəvi şahının cəhdlərinə rəğmən, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru gedirdi.
914 (1508)-cü ildə Trabzon valisi Şahzadə Sultan Səlim Səfəvilərin vassalı olan Gürcüstana yürüş edərək, oranı qarət etdi. “Bədayə-ül-vəqayə” (“Heyrətamiz hadisələr”) əsərinin müəllifi Qoca Hüseynin yazdığına görə, bu dövrdə II Bayəzidin xəstəliyindən istifadə edən vəzirlər əhaliyə zülm etməyə başlamışdılar. Məhz bu səbəbdən “Anadolunun bəzi yerlərində, Rum və Qaraman səmtlərində olanlar bir-bir Əcəmə (Səfəvilərə - C.C.) məktublar göndərib” kömək istəyirdilər. Bunun qarşısını almaq istəyən Şahzadə Səlim qoşun toplayaraq Gürcüstana yürüş etdi. Onun bu hərəkəti Şah İsmayılın hiddətinə səbəb olsa da, Səfəvi şahı Osmanlı dövləti ilə hərbi münaqişəyə yol verməmək üçün Sultan Səlimdən “şikayət etmək və padşaha təminati-dostanəsini bildirmək məmuriyyətiylə” İstanbula elçi heyəti göndərdi. Qızılbaş elçilərini qəbul edən Sultan Bayəzid Səlimə “əmri-ali göndərib buyurdular ki, ancaq öz sancağını mühafizəyə məşğul olub ziyadəyə təcavüz etməsin”.
Ancaq Sultan Səlim atasının sözünü saya salmayaraq, bir müddət sonra Səfəvilərlə növbəti sərhəd münaqişəsinə girdi. Bu dəfə o, Ərzincan şəhərini hədəf seçdi. “Bədayə-ül-vəqayə” müəllifi yazır ki, Trabzon valisi Səlim 913 (1509)-cü ildə hücum edərək, Şah İsmayılın nəzarətində olan Ərzincanı tutdu. Lakin Sultan II Bayəzid oğluna şərq vilayətlərinə həmsərhəd ərazilərə hücumlara razılıq vermədiyini bildirərək, Səlimin Səfəvilər dövlətinə təcavüzlərinə müvəqqəti də olsa, ara verdi. Qoca Hüseyn qeyd edir ki, Səlim kimi təhlükəli bir rəqiblə üzləşdiyini görən Şah İsmayıl II Bayəzidə elçi göndərib “dil-ağız eylədi” və onunla sülh bağladı. O.Əfəndiyev bu xüsusda daha inandırıcı məlumat verərək yazır ki, Sultan Səlim Ərzincanı zəbt etdikdən sonra Sultan Bayəzid elçilərini dərhal Təbrizə göndərərək, savaş çıxmasına əngəl oldu. F.Kırzıoğlu isə qeyd edir ki, Sultan Səlim zəbt etdiyi Ərzincanı və başqa yerləri atasının göstərişi ilə qızılbaşlara geri qaytarmalı oldu.
Səfəvi-Osmanlı, daha dəqiqi, Sultan Səlim-Şah İsmayıl münasibətlərinin gərginləşməsində Anadoluda baş verən Şahqulu üsyanı böyük rol oynadı. Təkə vilayətindən başlayan üsyana Təkəlu tayfasından Şahqulu adlı bir şəxs rəhbərlik edirdi. Onun atası Həsən Xəlifə Şah İsmayılın atası Şeyx Heydərin müridlərindən olmuşdu. “Bədayə-ül-vəqayə” müəllifinin yazdığına görə, Şahqulu Sultan Bayəzidin xəstəliyi və şahzadələr arasında hakimiyyət uğrunda başlayan mübarizə nəticəsində Osmanlı dövlətində meydana gələn hərc-mərclikdən istifadə edərək üsyana başladı, özünə tərəfdar topladıqdan sonra “kəndusini qızılbaş şahına mənsub göstərib və namını Şahqulu qoyub xüruc eylədi”.
917-ci ilin Aşura günündə (19 aprel 1511-ci ildə) Şahzadə Sultan Qorqudun xəzinəsini ələ keçirməklə üsyana başlayan Şahqulu qısa müddət ərzində qazandığı zəfərlərlə tərəfdarlarının sayını artırdı. Hətta Sultan Bayəzidin xəstəliyindən istifadə edərək ölkədə rüşvətxorluğa rəvac verən vəzirlərin özbaşınalığından bezən minlərlə Osmanlı əsgəri də üsyançılara qoşuldu. Görünür, məhz bunun nəticəsi idi ki, Şahqulu əvvəlcə Anadolu bəylərbəyi Qaragöz Paşanın, daha sonra isə II Bayəzidin vəziri Əli Paşanın başçılıq etdiyi Osmanlı ordusunu ağır məğlubiyyətə uğratdı, onların özlərini isə öldürə bildi. Lakin 917-ci il rəbi-ül-axır ayında (2 iyul 1511-ci ildə) Gökçay adlı yerdə Əli Paşanın başsız qalmış ordusu ilə baş verən döyüşdə Şahqulunun özü də öldürüldü.
Şahqulunun ölümündən sonra başsız qalan üsyançıların bir qismi Azərbaycana üz tutdu. Həmin vaxt İraqda olan Şah İsmayıl bu xəbəri eşitdikdə, təcili olaraq Azərbaycana qayıtdı. Yol boyu qarət və soyğunçuluqla məşğul olan Şahqulu tərəfdarları qarşılaşdıqları böyük bir karvanı qarət etdilər, bu karvanla yola çıxan min nəfərə yaxın adamı qətlə yetirdilər. Qoca Hüseynin yazdığına görə, öldürülənlər arasında dövrünün böyük şeyxlərindən “Ənbiyanamə” əsərinin müəllifi İbrahim Şəbüstəri də vardı. Üsyançılar oğlu ilə Həccə gedən Şeyx İbrahim Şəbüstərini işgəncə ilə öldürmüşdülər. Bu hadisə Səfəvi şahının səbrini daşırdı.
Osmanlı mənbələrində verilən məlumata görə, Şah İsmayıl Təbrizə çatan üsyançılara qarşı hiylə işlədərək, onların şərəfinə ziyafət hazırladı. Onun məqsədi Şahqulu tərəfdarlarını arxayınlaşdırmaq və bir yerə toplaşmalarına imkan vermədən parçalamaq idi. Lakin qəfildən şah bu tədbirinə aldanan üsyançıların Şahqulu tərəfindən sərdar təyin olunan başçısını sorğu-suala tutdu, ondan “babam Sultan Bayəzid xanın saye-ye himayətində bunca zaman rifah içində olmuş ikən niyə itaətdən çıxıb xüruc etdin?”, “məmləkətini yaxıb-yıxmaq nə lazım idi?”, “bizimlə Sultan Bayəzid xan arasında babalıq və oğulluq riayəti məlumun idi?” deyə soruşdu. Daha sonra üsyançıları müsəlmanların karvanını soymaqda və icazəsiz qızılbaş tacı qoymaqda ittiham edən Şah İsmayıl, Osmanlı mənbələrinin verdiyi məlumata görə, onların sərdarlarını və vəzirlərini qaynar qazana atdırdı, bir hissəsini qətlə yetirdi, bəyəndiklərinə isə vəzifə verdi.
Yuxarıda qeyd etdik ki, “Bədayə-ül-vəqayə” müəllifi Şahqulunun özünü “qızılbaş şahına mənsub” göstərdiyini vurğulamış, dolayısı ilə onun niyyətini şübhə altına almışdır. Şah İsmayılın Şahqulu tərəfdarlarını “babam Sultan Bayəzid xana” qarşı üsyan qaldırmaqda ittiham etməsi və onları cəzalandırması haqda Türkiyə mənbələrində əksini tapan məlumatlar deməyə əsas verir ki, bu dövrdə II Bayəzid kimi, Səfəvi şahı da Osmanlılarla münasibətləri kəskinləşdirməkdə qətiyyən maraqlı deyildi. Hətta Trabzon valisi Sultan Səlimlə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclu arasında tez-tez baş verən sərhəd münaqişələri də iki böyük hökmdarı müharibəyə başlamağa təhrik edə bilmirdi. O.Əfəndiyev haqlı olaraq qeyd edir ki, bu iki türk dövlətlərinin münasibətləri ciddi siyasi və məzhəb fərqlərinə rəğmən, bu dönəmdə barış ortamında davam etmişdi.
Bununla belə, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə idi. Bunu Şahqulu üsyanından sonra Sultan II Bayəzidin Şah İsmayıla yazdığı məktub da sübut edirdi. “Öz təzə məzhəbini qəbul etdirmək üçün müsəlmanların qanını tökmə!” nəsihəti ilə başlayan məktub bu sözlərlə bitirdi: “Rum ölkələrini istila etməkdən ümidinizi kəsin və yaxşısı budur ki, İran, Turan və Hindistan tayfalarının hökmdarlarının vücudunu məhv etməyə ciddi-cəhd göstərib o yerlərdə qüdrətli bir səltənət yaradın və bundan elə rəftar etməyin ki, Allah yolunda cihad etməklə və Allah kəlamını yüksəklərə ucaltmaqla məşğul olan Osmanlıların qaziləri naçar olub intiqam qılıncını qınından çıxarmağa məcbur olsunlar, İrana üz tutsunlar və onu əvvəlkindən daha artıq viran etsinlər. Bizdən fəqət deməkdir, vəssalam!”. Fikrimizcə, bu məktub qızılbaş sərkərdəsi Nurəli Xəlifənin 20 minlik qoşunla Osmanlı ərazilərinə soxularaq əvvəlcə Qarahisar və Niksar qalalarını, daha sonra isə Toqatı tutmasından və Şahzadə Sultan Əhmədin vəziri Sinan Paşanın başçılıq etdiyi qoşunu məğlub etməsindən sonra göndərilmişdir (Qeyd edək ki, F.Kırzıoğlu səhvən Nurəli Xəlifənin Anadoluya Sultan Səlim taxta çıxdıqdan sonra göndərildiyini yazır). Məktubun üslubundan da görünür ki, Sultan Bayəzid Səfəvilərin onun başçılıq etdiyi dövlətin hansısa ərazisinə təcavüzündən narazı qalmışdı. Başqa sözlə, təcavüz baş verməsəydi, II Bayəzid Şah İsmayılı təcavüzdən əl çəkməyə çağırmazdı. Bu da onu düşünməyə əsas verir ki, Səfəvi şahı Sultan Bayəzidin hakimiyyətinin sonuna yaxın Osmanlı dövləti ilə olan əski barışçı siyasətini dəyişdirmiş, ancaq Osmanlı sultanı əvvəlki siyasətini qoruyub saxlamışdı.
918-ci il səfər ayının 7-də (24 aprel 1512-ci ildə) atası II Bayəzidi devirən Sultan Səlimin (1512-1520) taxt-taca yiyələnməsi ilə Osmanlı-Səfəvi münasibətlərində yeni mərhələ başladı. Sultan Səlim atasının Səfəvilərə qarşı siyasətini büsbütün dəyişdi və müharibə yolunu tutdu.
(Ardı var)
Cavid CABBAROĞLU
[email protected]
Xətainin Osmanlı sultanları ilə məktublaşmaları
1 oktyabr 2012
05:00
6008 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024