Kulis.Az yazarlar arasında keçirilən “Meyxana sənətdirmi?” sorğusunun cavablarını təqdim edir.
Aqşin Yenisey: “Meyxana çox böyük sənət olub, hətta müsəlman Şərqində elə dövrlər olub ki, meyxana sənətin olduğu yeganə yer, yeganə janr olub. İslam imperializmi adına fikir və söz deyilən bütün idraki prosesləri qılınclayanda meyxanalar azad sözün, azad şəxsiyyətin yeganə sığınacağı idi. Orta əsrlər Azərbaycan şairlərinin demək olar ki, hamısı meyxanaçı idi. Meyxana islama qarşı mübarizə aparan azad sözü, azad fikri təmsil edirdi. Meyxana islam dini ilə sözün döyüşü idi. Elə ki, müsəlmanlar özləri də meyxana deməyə başladılar onun bir janr olaraq ictimai-tarixi, yaradıcı dəyəri gündəlik lağlağı səviyyəsinə endi. İndi onda sənətə xas olan etikadan, estetikadan heç bir əsər-əlamət qalmayıb. Hər bir insanın bayağı düşüncələri, bayağı hissləri var, bunu inkar edənlər özləri büsbütün bayağı adamlardır. Bu gün meyxana məhz insanın içindəki o bayağılığı oyadır. Bu mənada o, insanı ciddi sənətdən, yaradıcı gərginlikdən uzaqlaşdırmaq üçün bir vasitədir. Şəxsən mən bayağı hisslərimdə dincəlirəm. Görünür, cəmiyyətə də belə bir yer lazımdır ki, onu meyxanada tapa bilir.”
İlqar Fəhmi: “Əlbəttə sənətdir. Sadəcə kütləvi sənətdir və əslində çox ağır bir işdir. Bizdə sovet dönəmində kütləvi sənətlərə həmişə yuxarıdan aşağı baxılıb. Amma, məncə, bu yanaşma düzgün deyil. Əsrlər boyu bütün dünyada sənətin iki başlanğıc nöqtəsi olub. Ali zadəgan sənəti və xalq sənəti. Bu, Qərbdə də belə olub, Şərqdə də. Təbii ki, bədii dəyərlər baxımından birinci ikincidən üstün olub. Amma ikincinin də məqsədi birincidən gələn ali fəlsəfi əxlaqi dəyərlərin içindən geniş kütlələrin dərk edə biləcəyi məqamları götürüb, bir qədər də sadələşdirib geniş xalqa çatdırmaq olub. Tutalım, xalq aşıqları adətən təkyə mürşidlərinin, sufi sənətkarların fikirlərini sadələşdirib xalqa çatdırıblar. Eyni sözü meyxana sahəsi barədə də demək olar. Meyxana ustalarının əksəriyyəti klassik poeziyaya yaxın adamlardı, özlərinin də yazılı ədəbiyyat nümunələri var. Amma əsas ideya klassikadan gələn fikirlərin xalq üçün anlaşılan bir dildə dinamik şəkildə ifadə olunmasıdır. Təbii ki, mən idealdan danışıram, bütün sahələrdə olduğu kimi bu sahədə də sənətin dərinliklərinə səthi yanaşan yüngül sənətkarlar var, bunu inkar eləmək olmaz. Amma mən əsl sənətkarlar, təkrarsız söz ustaları barədə danışıram. İndi belələri o qədər də çox deyil, amma var. Bir detalı da mütləq qeyd etməliyəm ki, meyxana sənətindəki bədahətən söz demək üslubu şifahi xalq ədəbiyyatı üçün unikal bir şeydir. Dünyada belə nümunələr çox azdır. Hər xalqda olmur. Bizdə isə bu üslubun iki istiqaməti inkişaf edib - aşıq deyişməsi və meyxana deyişməsi... Bu da bizim xalqın hətta ən kütləvi poetik sözə də böyük marağının göstəricisidir”.
Əsəd Cahangir: “Meyxana əlbəttə ki, sənətdir. Harda yaradıcılıq var, orda sənət var. Meyxana da yaradıcılığın bir növüdür. Folklora yaxın yaradıcılıqdır. Çünki şifahi sənət növüdür. Bədahətən yaradılır. Bu iki cəhətinə görə şifahi ədəbiyyatdır. Bir cəhətinə görə isə şifahi ədəbiyyatdan fərqlənir. Müəllifi olduğu üçün şifahi ədəbiyyatdan ayrılır. Belə desək, şifahi ədəbiyyatla yazılı ədəbiyyatın körpü rolunu oynayır. Bir neçə şifahi xalq ədəbiyyatı nümunəsi var, bir də var, Nəsiminin, Füzulinin divan ədəbiyyatı. Bunların folklor forması meyxanadır. Uzun illər boyu sovet hakimiyyəti meyxananı qadağan etmişdi. Buna baxmayaraq, meyxana gizli də olsa deyilirdi. Müstəqillikdən sonra isə artıq meyxana təzədən səhnələrə çıxdı, televiziya meyxanaçılara yer verdi. Hətta meyxana poeziyanı da üstələdi. Meyxana bu gün öz müəllifinə qazanc gətirə bilir. Toyda, şənlikdə oxuyurlar, pul qazanırlar. Ancaq şairlərin qazancı olmur, kitabını alan yoxdur. Meyxanaçılar coşqun təbə malikdir. Məsələn, Məşədibaba bir neçə saat dayanmadan meyxana deyirdi. Xüsusi energetikası var idi. Buna görə hesab edirəm ki bədahətən şeir demək sənəti kimi meyxananın analoqu yoxdur. Bilirsiniz ki, Aşıq Ələsgər bədahət qoşma, gəraylı deyirdi. Bugünkü aşıqlar şairlər kimi yazırlar. Amma meyxanaçılar bədahətən şeir deməyi yaşadan yeganə sənət nümayəndələridir. Bir məsələni də xüsusi qeyd etmək istərdim. Meyxanadakı realizm. Meyxanaçılar ətrafındakı sosial, siyasi, mənəvi hadisələri görüb ona şeir qoşur, bədahətən deyirlər. Ayın, ilin, hətta həftənin hadisələrini deyirlər şeirlə. İkinci cəhət tam satira olmasa da, meyxana olan yumor ovqatıdır. Bütün bu unikal keyfiyyətləri özündə birləşdiyi üçün meyxana hələ də yaşayan sənət növüdür”.
Cəlil Cavanşir: “Meyxana son vaxtlar nə qədər cılız və primitiv görünsə də, bu folklor janrı nə qədər bayağılaşsa da, meyxananın mütərəqqi xüsusiyyətləri var. Ən azından meyxana çevik təfəkkürün, hazırcavablığın, sərrast zəkanın nümunəsidir. Bu sahəyə az-çox bələd olduğum üçün, meyxananın o qədər də asan yaradıcılıq sahəsi olduğunu düşünmürəm. Bu sahə kifayət qədər ağıl və intellekt tələb edir. Mütaliədən, intellektdən uzaq meyxanaçı bayağı və mənasızdır. Təəssüf ki, bu gün mahiyyət etibarilə meyxana primitivliyə doğru gedən janrdır. Azərbaycan folklorşünaslıq elmində bu janr bədihə adlanır. Yəni meyxana bədahətən deyilən folklor nümunələrinə daxildir. Emosional, çoşğulu təqdim edilsə də, meyxanaya fars düşüncə tərzinin, xurafatdan doğan saxtakarlığın, məzhəbdən keçmə ağlaşmanın müdaxiləsi nəticəsində sürətlə bayağılıq nümunəsinə çevrilir, gözdən düşür. Daha doğrusu meyxananı gözdən salıb, ucuzlaşdırırlar. Meyxana azad söz demək imkanı yaradan janrdır. Təəssüf ki, indiki meyxanaçılar meyxananı dinin, xurafatın, məzhəbçiliyin alətinə çeviriblər. Meyxana rusların “çastuşkasına”, afrikalıların RAP-inə daha çox bənzəyir. RAP azad söz, azad şeir növüdür və ritmlə deyilərək böyük coşğu yaradır. Meyxana da ritimlə deyilən bir şeir formasıdır. Afrikalılar bu janrı, yəni öz “meyxana”larını inkişaf etdirdilər, dünyaya təqdim edəcək şəklə saldılar. Azərbaycan meyxanası isə ən yaxşı halda Rusiyada yaşayan, vətən həsrəti çəkən həmvətənlərimizin vətən yanğısına su səpməyə xidmət edir. RAP ona görə geniş yayılırdı ki, o qaradərililərin, underground kəsimin etiraz nəğmələri ola bilmişdi. Amma meyxana əyləncə vasitəsinə, qazanc mənbəyinə çevriləndən etiraz gücünü, xalqın sözü olmaq funksiyasını itirib. Son vaxtlar meyxana yaltaqlıq, ucuz reklam, yalançı dindarlıq, saxta vətənpərvərlik, gülməli sevgi təbliğ edir. Bu cür meyxana ikrah yaratsa da, meyxana haqqında birmənalı fikir demək olmaz. Sadəcə meyxana öz görməli olduğu işdən çox uzaqdır, hətta öz funksiyasını demək olar ki, unudub”.