Masallı Mamedin Masallıya son səfəri ARAŞDIRMA

Masallı Mamedin Masallıya son səfəri ARAŞDIRMA
16 aprel 2013
# 08:00

Kulis.Az Azər Nurun “Masallı Mamed" kitabından seçmələri təqdim edir.

Birinci hissə

5 il əvvəl aprelin 7-də bahar günlərinin birində tanımış “qa­­nuni oğru” “Sabirabadlı Hikmət” Moskvada – Leninqrad pros­­pektində odlu silahla öldürüldü. Baharın o sarsıdıcı, göz­­lənilməz “sürprizindən” sonra Rusiyada məskunlaşan kri­­mi­nal qrup­laşmalar daxilində anlaşılmaz vəziyyət yaran­dı. O öz ira­də­sindən və “böyük qardaş statusu”ndan ba­ca­rıq­la istifadə edib, anlaşılmaz durumu aradan qaldırdı. Bun­dan sonra Azər­bay­canın hüdudlarından kənarda böyük nüfuz sahibi kimi o, kriminal aləmdə Sa­birabadlı Hikmətin yoxluğunu hiss etdirməmək üçün var gücü ilə çalışdı... Görüləsi işləri çox idi.

Ölüm korpusunda ölüm

Bir vaxt mütaliə etdiyi dini kitabda Xaliqin öz məx­lu­quna buyurduğu ismarışı xatırladı: “Mən sizi yarat­dım. Sizə ağıl, istedad və gözəllik verdim. Bundan sonra bəxş etdiyim ömür payınızı insan kimi yaşayın! Mənim uca səltənətimi – ucsuz-bucaqsız kainatımı DÜZ əməllərinizlə şərəfləndirin. Bir-birinizə qarşı mehriban olun!”

...İki gün idi ki, həbsxanada bayram ab-havası vardı. Onun adına göndərilən maşın-maşın bayram sovqatı dus­taq­lara paylanırdı.

– Bəlkə ərzağa, siqaretə qənaət edək, qədeş!

– Bayram ərəfəsidir, qoyun dustaqlar gen-bol yeyib-içsinlər, bura nə gətirirlərsə hamısını paylayın!

... İki gün idi ki, dustaqlara konsert verirdilər. İki gün idi ki, gələn qonaqları qəbul edirdi. Yorulmuşdu. “Eybi yox, bay­ramı yola verib, sonra doyunca dincələrəm!” düşündü. Bu gün də konsert proqramı nəzərdə tutulmuşdu. Durub üzü­­nü qırxdı. Duş qəbul elədi... İnsan çiməndə ruhən din­cə­lir. Ruhu sevinc içindəydi.

...amma ürəyi sıxılırdı. “Bir az uzanım, dincimi alım, son­ra durub gedərəm!” Uzandı. Gözlərini yumub xəyala dal­dı. Az sonra gözlərini təzədən açmaq istədi. Kirpiklə­rin­dən elə bil daş sallanmışdı. Göz qapaqları HƏYAT səhnəsində pərdə kimi qapanmışdı.

Dünən qardaşlarına – Elşənə, Əjdərə: “Qohum-qardaşı yı­ğın, gedin Masallıya, bayramı anamla birgə keçirin!” – de­mişdi. Dünən elə yaxşıydı ki... Özünü sapsağlam hiss edir­di. Dos­tu Rafiq gəlmişdi... Deyib-güldülər. Heç ayrılmaq ist­ə­mirdi. Dünən dünəndə qalmışdı.

Bu gün... Dünya dünənki dünyaya bənzəmirdi. Bədbəxt­çilikdən yanında da heç bir dustaq yoxdur. Belə məqamda onu silkələyib yuxudan oyatmaq yenidən həyata qaytarmaq de­mək idi.

Xəyalı yenə Azərbaycan fəzasında quş kimi qanad açdı... Ma­vi dənizin üstündən keçib cənuba getdi. İsti təndir çörə­yi­nin ətri doldu burnuna...

Ata evində – aynabəndli eyvanda yuxuya getmişdi.

“Oyan, Mamed, oyan!”

Gözlərini açdı. Qardaşı idi.

“Nə olub, niyə rəngin qaçıb?”

“Qorxdum, elə bil nəfəsin gizlənmişdi”

“Hə, nə yaxşı ki, məni oyatdın, ürəyim bərk sıxılırdı...”

Onu burda – həbsxana hücrəsində yuxudan oyatmaq la­zım idi.

“Məni günün bu vədəsində dərin yuxuya getməyə qoymayın, qardaşlar!”

... Doğma qardaşlarını bir-bir xatırladı: Möhübbət, Əjdər, Elşən, Qoşqar...

Anası açıq qalmış həyət qapısından yola boylanırdı.

Əziz gündə oğullarının yolunu gözləyirdi. O, anasını çağırmaq istədi.

Səsi uzaq bir vadidən gəldi.

... Bura son görüş yeri – vida vadisi idi.

“Ayrılıq” nəğməsinin sonuncu akkordları o taylı-bu taylı Azər­baycana səs salmışdı:

“Hər bir dərddən olur, yaman ayrılıq...”.

...Ölümün al yaşıla bürünmüş AYRILIQ vadisində so­yuq nəfəsini duyan xəyal geri dönmək istədi. Burda – həbs­­xa­nada BÖYÜK QARDAŞ tituluna görə “azad” ya­şamaq hüqu­qu “qazansa” da, insan kimi AZAD ÖLMƏK hü­ququndan məhrum edildiyini bilirdi... “Lotu Bəxtiyar” da bu həbs­xanada – məşhur “Ölüm korpusu”nda gözlərini əbə­di yummuşdu... İndi də o əbədi AZADlığın astanasında idi.

“İlk dəfə 18 yaşında həbsxanaya düşən Məmməd Hüseynov 18 ya­şından 49 yaşınadək yetkinlik dövrünün 33 ilinin 20 ilə qədərini həbsxanalarda keçirdi.

Masallıda belə möhtəşəm dəfn və hüzr məclisinin keçirildiyi kimsənin xətrinə gəlmir. Hüzr məclisinə minlərlə insanın qatılmasını, ata yurdundan qəbiristanlığadək səpələnmiş qərən­fil­ləri, daim dolub-boşalan, sonu güclə görünən 800 nəfərlik yas çadırına baxanları bir sual düşündürürdü – bu şəxsə bu qədər ehtiram nədəndir? Əgər qorxudan idisə, o artıq həyatda yox idi. Kino ulduzu, məşhur idmançı da deyildi. Qardaşları heç bir xeyir-şər məclislərindən qalmasalar da, bu da minlərlə insanın bura toplaşmasına əsas vermirdi. Bəs bu ehtirama səbəb nə idi? Düzü, bu sualı birbaşa cavablandırmaq çox çətindir. Yaxın dostlarının bildirdiyinə görə, Masallılı Mamed təkcə Masallı camaatının yox, Azərbaycanda, eləcə də, Rusiyada yaşayan qafqazlıların ən ümidsiz vaxtlarında onların dayağı idi. Kimsə nahaqdan incidiləndə, kiminsə haqqı tapdalananda onun bircə kəlməsi ilə aylarla, illərlə çözülməyən məsələlər bir neçə dəqiqəyə həll edilirdi. Mamedin yaxşılıq etdiyi, dardan qurtardığı insanlar haqqında yüzlərlə nümunələr göstərmək olar. Həbsxanada təmir işlərindən, kommunal məsələlərin həllinədək onun xidmətləri olurdu.

Qəribə səslənsə də, Mamed hansı həbsxanaya düşürdüsə, oradakı dustaqlar daha çox sevinirdilər. Bilirdilər ki, Mamed olan yerdə onlar nahaqdan incidilə bilməz, o olan yerdə möhkəm qayda-qanun olar. Dostlarının bildirildiyinə görə, əgər həmin “zonda” ət qıtlığı olurdusa, onun bir sifarişi ilə həmin həbsxanaya bir neçə yüz kiloqram ət gələrdi. Yaxud bir də görürdün ki, həbsxanaya bir KAMAZ siqaret gəldi.

...Hələ bir neçə ay öncə onun xəstəlikləri barədə mətbuata xəbərlər sızırdı. Bəziləri bu xəbərlərin gələcəkdə ona qarşı baş verə biləcək təxribatlara baza hazırlamaq üçün olduğu qənaətində idilər. Amma hazırda onun xəstəlikdən ölməsi barədə mövcud versiyalarda özgə şübhəyə əsas verəcək heç bir əsas yoxdur. Düzdür, ölümündən bir gün əvvələ qədər onun halında pis bir şey müşahidə edilməsə də, yekdil rəy ondan ibarətdir ki, Masallılı Mamed beyninə qan sızmasından və ürək çatışmazlığından vəfat edib.

Bu hüzr məclisinə 7 gün insan axını kəsilmədi. Yas mərasimində Rusiyadan, Türkiyədən, İrandan, Ukraynadan, Gürcüstandan və sair yerlədən məşhur avtoritetlərin iştirak etdiyi bildirilir. Digər məlumata görə Moskvada azərbaycanlılara məxsus əksər restoranlarda “Masallılı Mamed”in 7 mərasimi düzənlənib. “Konkret Moskvanın cənubundakı DAK-ın Rusiya nümayən­də­liyinin sədri Mirəşrəf Fətiyevə məxsus ”Qız qalası" , habelə “Kura”, “Səmərqənd”, “Şəki” restoranlarında ehsan verildiyi dəqiqdir" deyə, mənbəmiz bildirir. Yeri gəlmişkən, mərhumun üçü günü Bakıdakı əksər cəzaçəkmə müəssisələrində ehsan mərasimləri keçirilib...”

Sonuncu səfər

O gecə Mamedin cənazəsini aparan “Kar­van” mənzil başına cataçatda idi... Gecə yarıdan ötsə də, elektrik dirəklərində yanan gur işıqlar küçələrə çıraqbanlıq paylamışdı... Bir az əvvəl həyətlərdə tonqallar yandırılır, səma­ya fişənglər atılırdı. Ağsaqqallar, ağbirçəklər ilin təhvil-təslim duasını oxumuşdular... Adətə görə ilin təhvil saatı evlərdə ailənin bütün üzvləri bir yerə yığışmışdı, evlərin bü­tün otaqlarında işıqlar bərq vururdu. Dünyagörmüş ulu­­la­r­ımızın fikrincə, qaranlığa şər-şeytan yığışmasın deyə, NOV­RUZ bayramı axşamı evdə-eşikdə bir otaq olsa belə, zül­mət­də qoymaq olmazdı...

Sabah – Azərbaycanın hər bir guşəsində olduğu kimi Ma­­sallıda da Novruz bayramı münasibətilə hamı bir-birinə “Bay­ramın mübarək!” deyəcəkdi. Hətta ağbirçəklər-ağsaq­qallar küsülüləri barışdıracaqdılar:

Gəbənin eni qarış,

Güllü-butalı naxış...

Bayram küsülü sevməz –

Qadan alım, gəl, barış!

Xalq arasında “Bayramın qara gəlsin!” qarğış duasıdır.

Mamedin ailəsini, doğmalarını indiyədək heç kim belə qarğımamışdı.

Əksinə, məhəllədə kiçiyə izzət, böyüyə hörmət edən Mamed kimi bir adamın anasına hamı alqış duaları edərdi:

– “Gedənin gəlsin, üzün gülsün!”

– “Oğlun darda qalmasın!

– “Oğul dağı görməyəsən!”

– “Allah balanın başından bir tük də əskik eləməsin “....

Mamedin doğma Masallıya hər dəfə gəlişi toy-bayram idi...

Amma bu dəfə...

Mamedlə ilk tanışlığım

4 oktyabr 1998-ci il. “Masallı” qəzetinin nəşri ilə bağlı rayondan Bakıya gəlmişdim, eşitdim ki, Qaradağda İlham Müseyib oğlunun toy məclisində Mamed də iştirak edəcək. Axşamüstü İlhamın tələbə yoldaşları Mə­za­him, Ramiz, Oqtayla birlikdə toya getdik. Məzahimlə Ra­miz Mamedi tanıyırdılar. Onun barəsində o qədər maraqlı söh­bətlər danışırdılar ki... Biz toya bir-iki saat geciksək də ha­mımız bir masa arxasında əyləşdik. Həddən ziyadə şux gö­rünən və həmişə şən əhval-ruhiyyədə olan Oqtay tez-tez “gö­rəsən, qədeş hansı masada əyləşib” deyə ora-bura boy­lanırdı. Hərdən də mənə söz atırdı: “Ə, redaksiya müdiri, (qəs­­dən redaktor demirdi, bəzən də məni “qəzet müdiri” ça­ğı­raraq cırnatmaq istəyirdi) sən də öz eloğlunu tanımır­san?” Mən çiyinlərimi çəkib, sakitcə: “Yox!” – dedim. Birdən tama­da Mamedin adını çəkdi, onun şəninə xoş sözlər deyib, üzü­nü musiqiçilərə tutdu: “Mamed qardaşımızın şərəfinə qəlb­ləri­mizi iftixar hissi ilə coşduran “Koroğlu uvertürası” səs­lən­sin!” Məzi (yəni Məzahim) mənim qulağıma pıçıldadı ki, bizim qədeşin iştirak etdiyi bütün toylarda – istər Ru­si­ya­da olsun, istər Azərbaycanda bu uvertüra himn kimi çalınır.

Düzü, ilk dəfə idi ki, uvertüra ifa olunan zaman toyda o cür səssizliyin şahidi olurdum. İnsafən, çalğıçılar da çox yax­şı ifa edirdilər. Hamını Üzeyir bəyin “Koroğlu” operası­nın uvertürasındakı əzmkarlıq, qəhrəmanlıq və fədakarlıq duy­ğuları ovsunlamışdı...

O, yəni Mamed bizdən bir xeyli uzaqda – bəyoğlana ya­xın masaların birində Yapon Adil deyilən bir şəxslə yanba­yan oturmuşdu. Bu qədər uzaqdan onun oturduğu masadakı adamlardan hansının Mamed olduğunu müəyyən eləmək çətin idi. Möhtəşəm uvertüra bitəndən sonra Oqtay ayağa durub dedi ki, gedib qədeşlə görüşəcəyəm... Getdi və kimin­ləsə görüşüb-öpüşüb qayıtdı. Mən bir də gördüm ki, Mə­za­himlə Ramizin ürəkləri gülməkdən qəşş eləyir. Sən demə, Oqtay Mamed zənn edib, qucaqlaşıb görüşdüyü tamam başqa adammış. Mən də onlara qoşulub bir xeyli güldüm. Özünə dəmbədəm “general müavini” deyib öyünən Oqtayla o vaxt “müvəqqəti işsiz” qalan tələbə yoldaşlarının zarafatı indi də yada düşəndə gülməkdən özümü güclə saxlayıram.

...O toyda mənə də söz verildi. Böyük Üzeyir bəyin tələ­bəsi – skripkada ifa etdiyi musiqiləri Azərbaycan Radio­sunun Qızıl Fondunda saxlanılan Mir Kazım Aslanlının – Sarəngin adını dilə gətirdim, onu Masallının və masallıların mənəvi zirvəsi adlandırdım. Cənub bölgəsinin bu dilbər guşəsinə Ana Təbiətin bəxş etdiyi Dəmbəlo dağı, Viləş çayı, şəfa ocağı İstisu tək misilsiz nemətlərə və Masallının simvolu kimi bu nemətlərin qədrini bilib, doğma el-obasının adını uca tutan oğullara ürəkdən alqış dedim. Fikrimi Sarəngin ölməz misraları ilə tamamladım:

Ax, Viləş, qəlbimdə qanlar tək, fəğanlar tək Viləş,

Ax, Viləş, gərdişi dövranda zamanlar tək Viləş!

Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,

Ruhuma layla çalan sənsən kamanlar tək, Viləş!..

...Mamedin ağayana iştirak elədiyi həmin toyda mikro­fona ikinci dəfə dəvət olundum. Sarəngin qəzəllərin­dən bir ne­çəsini söylədim.

Tamadanın “səlahiyyətlərini” demək olar ki, ələ alan mil­lət vəkili Əhəd Abiyev də (səhv etmirəmsə, İslam adlı ta­ma­daya da elə toyu aparmağı o, həvalə etmişdi) çıxışında Ma­medi Azərbaycanın qeyrətli, təəssübkeş oğlu adlandırdı. Bir-iki dəfə işlətdiyi “Mamed müəllim” ifadəsindən sonra Mə­­zahim sanki gələcəkdə mənim Mamedlə görüşəcəyimi du­­yurmuş kimi, qulağıma: “qanuni oğruya müəllim deyə mü­­raciət etmək düz deyil, sadəcə, Mamed, ya da Mamed qardaş demək olar...”

Əhəd Abıyev dedi ki, Moskvada müalicə olunanda bizim Muğan torpağının ziyalı oğlu Nurəddin Ədiloğlunun “Masallı” qəzetini oxuyub, şəfa ta­pır­dım (O vaxt Əhəd çox ağır yol qəzası keçirmişdi. Əslində 95-in parlament seçkilərində “Avrasiya” qəzetində dərc olu­nan “Masallıda seçkilərə güllələr qəhqəhə çəkdi” ya­zı­ma görə məndən incimişdi. Buna görə toyda onun bu diqqəti mənə bir az qəribə gəldi.). Muğan torpağının, Masal­lının ünvanına bir-iki xoş söz deyəndən sonra o, yenidən məni mik­rofona dəvət etdi. Ona yaxınlaşıb: “həmişə ayaq üstə” dedim. Mikrofonu mənə verəndə qulağıma dedi ki, beş-on dəqi­qə­dən sonra rayona çıxacaq. İlham çox yaxşı oğlandır. Gərək onun toyu axıracan şən keçsin”. Get­di.

Bir azdan masa yoldaşlarım siqaret çəkməyə çıxanda mən də onlarla foyeyə çıxdım. Bu məqamda bilmirəm, Mamed də getməyə hazırlaşırdı, yoxsa havasını dəyişməyə çıxmışdı. Onu üzük qaşı kimi əhatəyə almışdılar. Məzi ilə salamlaşandan sonra üzünü mənə tutub:

– Sağ ol, Azər müəllim, çox yaxşı sözlər dedin, – söylədi.

O vaxt mənin 40 yaşım vardı. İlk baxışdan Mamedə 28-30 yaş vermək olardı (Dünyasını dəyişəndə bildim ki, o, məndən 3 yaş cavandır.). Qəribə də olsa, Mamed mənim yaddaşımda ən çox o cavan, canlı və şahanə obrazıyla qalıb...

# 6483 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #