Turgenev Tolstoya: “Siz at imişsiniz”

Turgenev Tolstoya: “Siz at imişsiniz”
4 iyul 2013
# 10:53

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı Azər Abdulladır. Azər Abdullanın ən sevdiyi əsər Lev Tolstoyun “İvan İliçin ölümü” povestidir.

- “İvan İliçin ölümü” povesti nəyə görə ən çox sevdiyiniz əsərdir, hansı məziyyətlərinə görə?

- Müsahibələrimin birində “İvan İliçin ölümü” hekayəsinə heyran olduğumu demişdim. Ancaq hekayədən söz düşmüşkən Heminqueyin “Qoca və dəniz”, Xolldor Laksnessin “Qızardılmış göyərçin qonaqlığı”, Patrik Zyuskindin “Kontrabas”, Yusif Səmədoğlunun “Bayatı-Şiraz”, İvan Buninin “Sanfransiskolu cənab”, Mirzə Cəlilin “Qurbanəli bəy” əsərləri çox bəyəndiyim hekayələrdəndir. Ancaq sıralama məsələsinə gəlsə, sözsüz, çəkinmədən Tolstoyun hekayəsini birinci sıraya qoyardım. Mənə görə adlarını çəkdiyim hekayələr bir müstəvi, ekvatora ən yaxın paralel üstündə yazılıbsa, “İvan İliçin ölümü” genişlik, ağırlıq, sanballılıq baxımından məhz ekvator üstündə yaradılmış sadə, mükəmməl, həm də son dərəcə qəliz əsərdir. Əgər bu hekayədən xəbərim olmasaydı, yəqin ki, “San Fransiskolu cənab”,-yeri gəlmişkən bu əsəri oxuyanda “İvan İliçin ölümü”nü xatırlayırsan – yaxud “Qoca və dəniz” hekayələri önündə donub qalacaqdım.

Milliyyətindən, dinindən, mənsəbindən asılı olmayaraq oxucu, – xüsusilə yaşlı, ölümün hənirtisini tez-tez duyanlar – hekayəni izlədikcə dönüb İvan İliç olur. Hekayədə insanın görünən və görünməyən duyğu və münasibətləri, tanış və doğmaların təbii və saxta, maskalı görkəmləri virtuozcasına qələmə alınıb. Bir vaxt müstəntiq İvan İliçin müttəhimlərə göstərdiyi saxta, yalançı, maskalı mimika, jestlər və davranışlar indi ölüm ayağında onun özünə göstərilir.

- Əsər İliçin ölümü ilə başlayır və İliçin ölümü ilə də sona çatır. Tolstoy bunu çox ustalıqla edir, bir dəfə başqalarının dili ilə İliçin ölümünü fakt kimi göstərir. Digər təsvirdə isə İliçin uşaqlıqda ölümü də daxil olmaqla həyatı danışılır. Bir ölüm iki dəfə təsvir edilir. İstərdim bu qəribə ədəbi texnika barədə danışasız.

- Hekayənin texniki quruluşundan, strukturundan öncə filosof yazıçının ölümə münasibəti barədə bir neçə söz demək istərdim. Tolstoyun həyat və yaradıcılığına azacıq bələd olanların yadına yazıçının ölümlə bağlı yazdığı bir neçə əsəri salmaq istərdim. Levin vur-tut iki yaşı olanda anası dünyadan köçür. Anasının cənazəsini, yas mərasimini həyəcanla izləyən iki yaşlı uşağun iyirmi üç yaşına çatanda ölüm mövzusu ilə bağlı “Dərd” adlı ilk yazısı çap olunur. Ananın cənazəsi vidalaşanda çığırtı, qışqırıq qopur. Tolstoy sonralar yazırdı ki, yüz il yaşasam da tükürpədici o çığırtılar yadımdan çıxmaz. İnsanın iki yaşını xatırlaması. Təəccübümü bildirəndə “İki yaş nədir ki, hardasa oxumuşdum ki, Tolstoy səkkiz aylığını xatırlayırmış”-, bunu mənə oğlum, yazıçı Alpay Azər dedi.

Ölümlə bağlı ilk yazısından yeddi il ötəndən sonra “Üç ölüm” adlı hekayə yazır. Bir il sonra Tolstoyun qardaşı Nikolay vərəmdən ölür. Onu da deyim ki, Tolstoy ana, ata, bacı-qardaş, sonralarsa öz oğlu, qızının ölümünü görmüş, sarsıntı keçirmiş insandır. Daha bir il ötür, “Xolstomer” – “Atların tarixi” əsərində “İki həyat, iki ölüm”dən, yəni, qocalıb gücdən düşmüş, tənhalaşmış, gərəksiz hala düşmüş atla (həm də onun yiyəsi ilə) cavan, güclü, yaraşıqlı atı (həm də onun yiyəsini) paralel təsvir edir. Sonra “Hərb və sülh” romanında qoca qraf Bezuxovun ölümü, sonra “balaca knyaginanın” ölümü gəlir. Yəhudi əsilli rus nasiri, publisist, kimyaçı, filosof Mark Aldanov “Tolstoyun qürub çağı” kitabında böyük yazıçının yaradıcılığındakı ölümlərin sayından, anlaşılmazlığından, onun fəlsəfəsindən geniş danışır. Fərid bəy, sizə “Hərb və sülh” romanından bir məqamı xatırlamaq istəyirəm. Knyaz Andreyin xanımı məsum uşaqsifətli knyaginyanın ölümü. Sonra buludlu dərin göylərin altında knyaz Andreyin can vermə səhnəsi. Napaleon Andreyin yanından ötəndə “Nə gözəl ölüm!” deyir. Andrey göylərin uzaqlığından, genişliyindən, sonsuzluğundan gözünü çəkib Napaleona baxanda onun – Napaleonun və həyatın möhtəşəmliyi ona mənasız, bomboş görünür, ölümün mənasız olduğu, adamların bunu anlamadığı barədə düşünürdü. Hekayənin texnikası və strukturu barədə onu deyə bilərəm ki, Tolstoy öz yazıçı gücünə və peşəkarlığına arxayın olduğundan hekayənin sonunu əvvəldə verməklə əsərə heç bir xələl gəlməyəcəyinə əmin imiş.

- Sizcə, Tolstoy niyə əksər qəhrəmanlarını daha çox şöhrətlə imtahana çəkir və çox vaxt da bu imtahan məğlubiyyətlə başa çatır?

- Şöhrət insana məxsus hissdi, duyğudu, Tolstoy yetərincə, gen-bol bu hissi, bu duyğunu yaşamışdı. İnsanı ucalığa dartan başqa amillərlə müqayisədə bəlkə birinci yerdə şöhrət hissi dayanır. Yenə “Hərb və sülh” romanında Andrey obrazı yada düşür. Austerlits savaşı öncəsi knyazın ağlından təxminən bu fikir keçir: “Aman Allahım, axı neyniyim ki, mən hər şeydən çox şöhrəti sevirəm? Ata, bacı, qadın, hamısı mənim üçün əzizdir, amma bunların hamısını bir dəqiqəlik şöhrətə qurban verərdim – insanların mənə olan sevgisinə, insanlar üzərindəki təntənəyə”. Belə demək suç deyilsə, qraf Andreyin üzündə qraf Tolstoyun kölgəsi görünür. Məğlubiyyət məsələsinə gəldikdə bu, müdrik filosof yazıçının sonuncu qənaətdir. Əgər həyat və hər şey bu dünya ilə – ölümlə bitirsə, deməli, hər şey məğlubiyyətdir.

- Əsərdə Gerasim-xidmətçi-obrazı var, İliçin ən çətin vaxtlarında ona kömək olur. Tolstoy bir neçə povestində sırf kəndli və ya yoxsul obrazlarını xilaskar kimi göstərir. Bu məsələyə münasibətiniz necədir?

- İvan Bunin “Çexov haqqında” məqaləsində Çexovun sadə, zəhmətkeş insanlara olan hörmət və sevgisindən yazırdı. Yüksək cəmiyyətdən olmasına baxmayaraq qraf Tolstoy da sadə, yoxsul, zəhmətkeş insanları çox sevirdi. Bəlkə Tolstoyun yoxsul insanlara hörmət və sevgisi həm də onlardakı təbiilik, sadəlik, saflıqdan irəli gəlirdi. Elə buna görəydi qraf sadə geyinərək kəndçilərə qoşulub onlarla birgə dəryazla ot çalır, yer şumlayır, sapoq-çəkmə tikir, odun doğrayır, özü özünə qulluq edirdi. Sadə xalq dilində danışır, yeri gələndə işçilərlə zarafatlaşır, kobud, sərt sözlər də işlədirdi. Maksim Qorki Tolstoyla ilk dəfə tanış olanda qrafın onunla “mujik” ləhcəsində danışmasını onun proletarlığına sataşması kimi güman elədiyindən inciyibmiş.

İvan İliç də onu əhatə edən doğmaların arasında ən etibarlı, ən saf qəlbli, vəfalı nökəri Gerasimin səmimiyyətinə inandığından ona ərk edə bilir. Hekayədə oxucu Gerasimi bir qulluqçu kimi İvan İliçin bezdirici inilti, sızıltılardan, son günlərsə dəhşətli çığırtı, qışqırıqlardan bezib-usanmadığını, ağasının ağrılarını duyan, dərdinə şərik olan, bir simsarı kimi ona ürəkdən acıyan, yanan sədaqətli insan kimi görür.

Qəribədir, sonda İvan İliç hissi ilə birgə ağrılarını da itirir, , amma sonra ağrıdığı yeri tapır, ağrıdığı yeri-ağrını tapan kimi ölümü axtarır. Sanki ağrısını tapmamış ölməyəcəyini düşünür. Ümumiyyətlə, Tolstoy ölümün dərki ilə həyatın mənasızlığını göstərirdi, öz həyatı barədə də “Etiraflar” əsərində də təxminən eyni şeyləri yazır. Sizcə, İliç Tolstoyun özü deyilmi?

- Sualın birinci “qəribədir” sözü azman sənətçinin xarakterindəki qəribəliyi yadıma saldı. Guya Tolstoy deyirmiş ki, Sofya Andreyevnaya və bütün qadınlara nifrət edirəm! Deyirmiş ölsəm, məni tabuta qoyub qapağını örtsələr, mən birdən ayılsam, qapağı qaldırıb qışqıraram: “Sofya Andreyevna, sənə nifrət edirəm!”

Bəlkə də ovqatının hansı halındasa yazıçı bunları deyib. Ancaq burası da var, Tolstoy evdən qaçır, ölüm ayağında övladları Tanya və Seryojaya göndərdiyi məktubunda “...Əlvida, ananıza təskinlik verin, ona ən səmimi duyğu və sevgimi bildirirəm” yazırdı. Bu da yazıçının başqa bir halıdır.

Bəs bu güclü, fövqəladə hissiyyatlı nəhəng müdrik qoca evindən niyə və hara qaçırdı? Lap ölümünü duyub öz ailəsindən, doğmalarından ayrılıb ölməyə gedən filtək. Doğmalarındanmı, yüksək cəmiyyətdənmi bezmişdi, öz tənhalığındanmı, ölümdənmi qaçırdı, yoxsa ölümünü qarşılamağamı gedirdi? Bu sualların onlarla yozumu ola bilər.

Fərid bəy, “Etiraflar” dedin, bu sözün də məni uzaqlara, çox uzaqlara apardı. Gəncliyimdə Jan-Jak Russonun “Etiraflar”ını oxumağa başladım. Hardasa qırx, qırx beş vərəq oxuyandan sonra yarımçıq saxlayıb öz etiraflarımı yazmaq eşqinə düşdüm. İyirmi yeddi vərəqəcən ilhamla, sevinə-sevinə yazdım. Birdən elə yerə gəlib dirəndim, qorxu məni bürüdü, sanki ağır bir kütlənin altında qaldım, tərpənə bilmirdim. Daha yaza bilmədim. Sonralar müxtəlif yaşlarımda yüksək rekord normanı qaldırmağa hazırlaşan ştanqçı kimi bir neçə yol həyəcan içində çaba göstərsəm də yaza bilmədim. Bəlkə də, şüur altındakı mentalitet deyilən əxlaq qabağımı kəsmişdi. Bir sözlə, bu məsələdə gücsüzlüyümü boynuma alıram.

Sualdan uzaqlaşdıq. Qayıdaq Tolstoyun İvan İliçə oxşaması məsələsinə. Görünür, “Deyilənlər gəldi başa!” fikri təsadüfən yaranmayıb. İvan İliçin ölümündən bir saat qabaq gimnaziyada oxuyan oğlu, huşunu itirmiş atasının əlini öpüb ağlayır. Oxşarlığa bir bax, evdən qaçmış Tolstoy Astopov dəmiryol stansiyasında ağır durumdadı, inildəyir, zarıldayır, atasını axtarıb tapan oğlu Sergey də onun əlindən öpür, Tolstoy inilti içində “O, əlimdən öpdü” deyir. Bu məqamda mərhum yazıçımız Rafiq Tağı və onun öz ölümünə yazdığı “Qatilə didaktika dərsləri” əsəri yada düşür.

Tolstoy, nəinki ölməkdə olan İvan İliç, o həm də “Xolstomer”dəki knyaz Serpuxovski, “Hərb və sülh” romanındakı knyaz Andrey, özünə qəsd etmək istəyən Levin, “Anna Karenina”dakı Anna idi. Hətta deyərdim o, ölən atlarda da vardı. “Xolstomer”i oxuyandan sonra Turgenyevin Tolstoya “Lev Nikolayeviç, indi mən tamamilə əmin oldum ki, Siz atsınız!” söyləməyi də təsadüf deyildi.

- Sonda bir məqamı da deyim ki, Tolstoy əksər əsərlərinin əvvəlində əsərin sonuna işarə edir. Haqqında danışdığımız əsərin əvvəlində İliçinin uşaqlığını təsvir edərkən belə yazır: “İvan İliç məktəbin sonuncu sinfində oxuyanda tikdirdiyi paltarın üstünə “respice finem” (son gününü unutma) yazılmış medalcıq taxmışdı”. Fikirlərinizə görə çox sağ olun, Azər müəllim.

# 5887 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #