Ermənilərin başına pul qoyduğu qadın

Ermənilərin başına pul qoyduğu qadın
7 yanvar 2013
# 08:30

Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax mahalının Aşağı Əskipara kəndində doğulub. 1962-ci ildə kənd orta məktəbini bitirib, elə həmin il Bakı Ticarət Texnikumuna daxil olub. 1965-ci ildə oranı bitirdikdən sonra 1970-ci ilə qədər Gəncə şəhər ticarət mərkəzində işləyib. Həmin il ali təhsil almaq üçün sənədlərini Bakıdakı Xalq Təsərrüfatı İnstitutuna verir və əmtəəşünaslıq fakültəsinə qəbul olunur. Buranı qiyabi yolla başa vurub doğma Qazaxa dönür. Sonralar, 1976-cı ildən 1991-ci ilədək Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant işləyib.

Teyyibə nənə (anası): “Həmzəçəmən yaylağında, dağlar havasında dünyaya gəldi. Elə adını da Hava qoydum. Arana gələndə gördüm saçları qaradı, adını Qaratel yazdırdım sənədə. Amma hamı Hava kimi tanıyırdı onu” (bu nüansı yadda saxlayın - K.M.).

Balaca qızcığaz doğma yurdunun dağ-dərəsindən çəmən çiçəklərindən yığa-yığa böyüdükcə arzuları da böyüyür. Yaşıdları arasında çalışqanlığı, əzmi, inadkarlığı ilə seçilir.

Mənşurə (bacısı): “Qaratel məndən böyük idi. Bir dəfə valideynlərimizlə yaylağa çıxmışdıq. Təzəcə yerləşmişdik ki, bir də gördük atlılar gəlir. Əllərindəki qamçıyla başladılar qarşılarına çıxanı vurmağa, döyməyə. Yaxşı yadımdadır, ferma müdirini başından elə vurmuşdular ki, alnından qan üzünə axırdı. Məlum oldu ki, bu, ermənilərdir, gəliblər bizi burdan qovmağa. Halbuki, bu yerlər bizim ata-baba yurdumuz idi. Bir də gördüm Qaratel yerdən bir daş götürüb bizə yaxınlaşan erməni atlısına atır. Anam bunu gördü, tez daşı onun əlindən aldı, bizi ordan uzaqlaşdırdı. Qaratel uşaqlıqdan haqsızlıqla barışmaz idi”.


Vaxtında, zamanında düşmənə atılmayan daş sonralar yenə özümüzə ünvanlanacaqdı.

Böyük qardaşı Məhəmməd bacılarının tərbiyəsinə, təhsilinə xüsusi fikir verir. Hətta orta məktəb illərində onların adi kitabları deyil, məhz tariximizə aid kitabları mütaliə etmələrini tövsiyə edərmiş. Həmişə qardaşıyla həmsöhbət, sirdaş olan Qaratelə həyatın ilk zərbəsi dəyir. Bir gün Məhəmməd sərxoş həmkəndlisinin təsadüfi bıçaq zərbəsindən dünyasını dəyişir.


Narın Seyidova (qardaşı arvadı): “Yoldaşım Məhəmməd rəhmətə getdi. Qaratel onun üç uşağını böyüdüb ərsəyə gətirdi, həyatını onlara həsr etdi, özünə tale qurmadı”.


Mənşurə (bacısı): “Böyük qardaşım Məhəmməd 1961-63-cü illərdə Belorusiyada hərbi xidmətdə idi. Biz uşaq idik. Əmim oğluna məktublar yazardı. Mən o məktubları sonralar görmüşdüm. Sonluğu belə bitirdi: Azərbaycanın azadlığı uğrunda mübarizəyə hazır olun! Əmim oğlu o məktubları bizdən gizlədirdi. Bildiyimə görə, onlar o vaxt hansısa gizli təşkilatın üzvü olublar. 1988-ci ildə milli azadlıq hərəkatı başlayanda o məktublar Qaratelin yadına düşdü”.

Həyat necə də qəribədir - demək istəmirəm. Zira hər şeydə bir məntiq, qanunauyğunluq hökm sürür. İllər ötür, o vaxt “sovet əsgəri” olan Məhəmmədin məktubda yazdığı azadlıq haqqında xəyalları gerçəkləşir. Bu mübarizədə onun bacısı Qaratellə yanaşı, öz oğlu Şahin də iştirak edəcək.


1988-ci ildə milli azadlıq hərəkatı başlayanda Qaratel Məhəmmədin məktubda yazdığı cümlələri xatırlayır: “Azərbaycanın azadlığı uğrunda mübarizəyə hazır olun!”.

Demək zaman yetişmişdi. Qaratel onun yetim qalmış üç övladını böyüdüb ərsəyə gətirmişdi. Və indi onun azad dövlətçilik haqqında olan arzularını gerçəkləşdirmək üçün çalışmalıydı. Qaratel həyatının qalan hissəsini bu amal üçün həsr etdi.


Teyyibə nənə (anası): “Bir dəfə Qaratel Qazaxa gələndə qırmızı, göy, yaşıl rəngdə parçalar gətirdi, onları bir-birinə tikdi, üstünə tabaşirlə ay-ulduz çəkdi. Dedi, ana, bu, Azərbaycanın üçrəngli bayrağıdır, biz də müstəqil dövlət olacağıq. Dedim, sən bu bayrağı harda qaldıracaqsan? Rus bizi qıracaq. Dedi, bu bayrağı meydanda mən özüm qaldıracağam”.


Novella Cəfəroğlu: “Kiçik-kiçik bayraqlar tikib hamıya paylayırdı. Qaratel azadlıq hərəkatında ən fəal xanımlardan idi. Çox vətənpərvər idi. 20 Yanvar faciəsindən sonra özünə yer tapa bilmirdi. Azad dövlətçilik ruhu bu qızın qanına, o cılız vücuduna elə hopmuşdu ku, bu yolda həyatını qurban verməyə hazır idi”.

Zeynəb Göyçəli (qohumu): “Bəlkə də o, 20 Yanvar gecəsi şəhid olacaqdı ... Salatın Əsgərovanın dəfnində ona “Nə qədər bəxtəvərdi, şəhid oldu”, deyirdi. Elə bil, şəhid olmaq ən müqəddəs arzusu idi. Dağüstü park adlanan yerdə şəhidləri dəfn etmək üçün qəbir qazılanda Qaratel də hamımızla bərabər yaxından iştirak etdi. Hətta qazılan yerdən çıxan sümükləri əlləriylə götürməkdən belə çəkinmir, diksinmirdi. Təbii ki, bu sümüklər əsrin əvvəlində ermənilər tərəfindən qətl edilmiş şəhidlərin qalıqları idi. O qərənfilləri qəbirlərə, küçələrə elə düzənlərin önündə gedən də Qaratel”.


Fəzail Əliyev (bölük komandiri): - 1990-cı ildə Bağanıs-Ayrımda baş verən faciəli hadisədən sonra ermənilər ətraf kəndlərlə yanaşı, bizim kəndimizi də müntəzəm olaraq atəşə tuturdular. Qarabağda gedən müharibə Qazaxda, bizim kəndlərimizdə də gedirdi. Aşağı Əskipara strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşirdi. Ermənilərin 2 rayonunu birləşdirən yol bizim Aşağı Əskiparadan keçirdi, Qara dənizə qədər də uzanırdı. Bu yolun maneəsiz işləməsi ermənilər üçün çox vacib idi. Ona görə yolun yaxınlığında yerləşən kəndləri təzyiq altında saxlayırdılar. Vəziyyətimiz günbəgün pisləşdiyindən biz kənd cavanlarından ibarət könüllü özünümüdafiə batalyonu yaratdıq. Hər gün aramsız top atəşinə tutulduğundan, əhalini - qadınları və uşaqları kənddən müvəqqəti çıxartmağa məcbur olduq. Kimi rayon mərkəzində yerləşdirildi, kimi də qohumlarıgilə pənah apardı”.

Kiçik qardaşı Hümbətlə axırıncı dəfə meydanda görüşürlər. Qaratel ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Qaratel qardaşına öz kəndlərinə getməyi məsləhət görür, axı Əskiparada da müharibə gedirdi. Bu onların son görüşü olur. Hümbət Qarabağ döyüşlərinə yollanır. O isə öz kəndlərinə gəlir. Kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. Böyük qardaşı Məhəmmədin oğlu Şahin də döyüşçülərin arasında idi. Bibisini buradan nə qədər uzaqlaşdırmaq istəsə də, bacarmamışdı. Əksinə, onun orada olması döyüşçülərin arasında ruh yüksəkliyini, döyüş əzmini artırırdı. Döyüşlərin birində Şahin də yaralanır.


Saleh Həsənov: “Qaratel bizə əsl ana-bacı oldu. Yeməyimizi bişirirdi, paltarımızı yuyurdu. Sonra avtomat atmağı da öyrəndi. Hətta yemək çatmayanda gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, əsgərlər ac qalmasın.

Taleh Həsənov: “Səngərdə bizimlə bərabər döyüşürdü. Heç nədən qorxmazdı. O yanımızda olanda elə bil biz də ürəklənirdik. Sanki müharibədə deyildik, bir döyüş filminə baxırdıq”.


Fəzail Əliyev: “Demək olar, hər gün atışma olurdu. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. Bizim əsgərlər 28 nəfər idi, bir də Qaratel. Silah-sursatımız - hərəyə bir avtomat və 2 ədəd də qumbaraatandan ibarət idi. Buna baxmayaraq igid, cəsur döyüşçülərimizin sayəsində bu hücumu dəf edə bildik, ermənilər geri çəkilməyə məcbur oldular”.


Teyyibə nənə: “Mən 35 km yolu yarı piyada, yarı maşınla Əskiparaya getdim, Qaratel məni görəndə ağladı, ana, niyə gəldin, ermənilər səni öldürər, dedi. Mən qocayam, sən cavansan, dedim, burdan çıx. Nə qədər elədim qayıtmadı. Dedi, mən çıxsam, ermənilər qardaşımın qəbrini dağıdacaq. Ölsəm də, bu kənddə öləcəyəm…”


Nəsib Nəsibov: “Şəhid olmuş qardaşımın qəbri üstünə getmişdim. Qəbiristanlığa yaxınlaşanda gördüm Qaratel qardaşı Məhəmmədin qəbri üstündə ağlayır. Deyir, qardaş, mən səni qoyub kənddən çıxmayacağam, burda şəhid olacağam. Dedim, bəs qorxmursan, tək gəlmisən bura, ermənilər hər yerdən atır. Dedi, qardaşımı yuxuda görmüşəm bu gecə, son dəfə ziyarətinə gəlmişəm”.


Narın Seyidova: “Axırıncı dəfə gəldi bizə, Qazaxda qalırdıq. Dedim, Qaratel, vəziyyət ağırdı, kəndə qayıtma, qız xeylağısan, ermənilər səni tutsa, biz neyləyərik. Dedi, narahat olmayın, işimi bilirəm, ermənilər məni diri tuta bilməzlər. Səhər evdən çıxanda tək səbir gətirdi. Dedi, bu səbir məni qəbirə aparacaq”.


Yaşar Qasımov (tağım komandiri): “İyunun 14-də səhər tezdən ermənilər rus qoşunlarının köməyi ilə növbəti güclü hücuma keçdilər. Qaratel bizim tağımda döyüşürdü. Ən təhlükəli olan Fələməz deyilən mövqeni mən üzərimə götürdüm. Hər tərəfdən top, tank atəşinə tutulduq. Bizim silah sursatımız tükənirdi və mən əmr etdim ki, başqa səngərdən qumbaraatan mərmisi gətirsinlər. Amma kimin gətirməsini deməmişdim. Biz mövqedən üzbəüz döyüşdəydik. Bir müddət keçdi, məlumat verdilər ki, silahları gətiriblər. Geri döndüm, gözlərimə inanmadım, bu çətin tapşırığı Qaratel yerinə yetirmişdi. Çox təhlükəli olduğuna baxmayaraq gedib başqa səngərdən silah-sursat gətirmişdi… Ancaq düşmənlə bizim qüvvəmiz qeyri-bərabər olduğundan, get-gedə zəifləyirdik və hər an vəziyyət pisləşə bilərdi. Buna görə mən Qaratelə səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etdim. Özümüz isə döyüşə-döyüşə geri çəkilməyə məcbur olduq.
Döyüşçülər pərən-pərən düşürlər, hərə bir tərəfdə döyüşü davam etdirir. Biz - Surxay, gənc əsgərlər Aleksey, Vəli və mən taxıllığın içində 3 gün mühasirədə qaldıq. Bu müddət ərzində onlardan yaralanan oldu. Sonra mən onları taxıllıqda gizlətdim və min bir əziyyətlə mühasirədən çıxıb, yaralıları xilas etmək üçün kömək gətirməyə getdim. Böyük əziyyətlə onları xilas edə bildik…
...Qaratel də geri çəkilmir, döyüşmək üçün mövqeyini dəyişir. Mərdanla birlikdə döyüşürlər.
Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur. Ermənilər onu əsir götürürlər”.


Vəli Namazov: “Məni yıxdılar yerə, bir erməni üstümdə oturdu, sonra qaldırıb kəndi göstərdi: “...bax, kəndiniz necə yanır”, - dedi. Gördüm kəndimiz od içindədir… Komandirləri ratsiya ilə danışırdı: “Bir qadın sağdı, deyəsən muzdlu əcnəbi qadındır. Onu diri tutun”. Bir xeyli atışmadan sonra uzaqdan Qaratelin bərkdən qışqırtısını eşitdim. Bununla da səslər tamam kəsildi. Bu, Qaratelin özünü öldürməzdən öncə son fəryadı idi. Sonra saçından tutub sürüyə-sürüyə mənim yanıma gətirdilər. Cəsədi qan içindəydi. Məndən soruşdular ki, bu qadını tanıyırsan, dedim kəndimizin qızıdı - Seyidova Hava”.


Yaşar Qasımov: “Qaratel həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Biz zarafat edirdik ki, dar ayaqda güllə var, bunu neyləyirsən? Deyirdi, birdən əllərim bağlı oldu, heç olmasa bu imkanım olsun. Aşağı Əskipara kəndinin sakini Vəli Namazov artıq neçə ildir ki, dünyasını dəyişib. Mən onu görməmişəm. Bu xatirələri onu görənlərdən eşitmişəm. Qaratel ətəyində saxladığı əl qumbaralarını artıq ona tərəf yaxınlaşmaqda olan ermənilərə atır, “dar gün üçün” gizlətdiyi zəhəri udur və güllə ilə özünü vurur”.


Şahin: “12 gündən sonra meyitləri dəyişdirə bildik. Ermənilər bizdən Qarateli soruşdular, dedik ki, elə adam tanımırıq. Biz Seyidova Havanın meyitini istəyirik. Əgər ermənilər bilsəydilər ki, onların axtardığı Qaratel bizə verdikləri Havadır, heç vaxt qaytarmazdılar. Ermənilər Qaratelin başına pul qoyublarmış. Onlarla ratsiya ilə danışırmış: “Ancaq mənim meyitimin üstündən keçib kəndi ala bilərsiniz”. Doğrudan da ermənilər kəndi Qaratel öləndən sonra götürə bildilər. Ermənilər Qaratellə bərabər həlak olmuş Alı Alıyev, Mərdan Əsgərov, Şəmistan Əmiraslanovun meyitlərini də əsir götürürlər”.


Zeynəb Göyçəli (qohumu): “1994-cü ildə televiziyaların birində mərhum prezidentimiz Heydər Əliyevin çıxışına baxmışdım. Milli qəhrəmanlar haqqında söhbət gedirdi. O dedi: “...Milli Qəhrəman adı kimə verilməlidir… Qazaxda bir Qaratel vardı, düşmən əlinə sağ keçməsin deyə, özünü öldürmüşdü. Bax, əsl Milli Qəhrəman adı o xanıma layiqdir”. Ancaq nədənsə bu günə qədər bu ad ona verilməyib.


Qaratel ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Fikrimcə, bu ona verilən layiqli qiymət olsa da, hələ kifayət deyil. Qaratelin bütün həyatı buna sübutdur ki, onu hələ də layiqincə qiymətləndirə bilməmişik.

İndi Aşağı Əskipara kəndinin keçmiş döyüşçüləri kimisi vətəndə, kimisi də kənarda atəşkəs dövrünü yaşayırlar. Onlarla görüşümdə müharibədən qalan şəkillərini istədim. Şəkillərin arasında köhnə məktubları gördüm. İlləri arxada qoymuş bu əzik, saralmış kağız parçaları gənc döyüşçünün sevdiyi qıza yazdığı məktubları idi. Bir neçə məktubun içindən bu cümlələr diqqətimi daha çox cəlb etdi.
“... düzdür, sizi bütün varlığımla sevirəm. Amma gülüm mənim, gərək bu torpağı da sevəsən. Çünki yeganə qardaşım bu torpaqda yatır (qardaşı İslam Nəsibov 1991-ci ildə Əskiparada şəhid olub). Elə siz də, mən də bu torpaqda boy atmışıq. Məni heç kəs məcbur etmir kənddə qal, ancaq və ancaq bunlar saxlayır. Elə həmin gün məni eşidib kəndi tərk etməyən uşaqları da… İndi yaman atırlar… Həyatımı verməyə hazıram. Mən ümid edirəm ki, yenə kəndimiz geri qayıdacaq. Biz isə alın açıq gəzəcəyik...”.

Kəmalə Musazadə, kinorejissor

# 3896 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #