70 yaşına 19 gün gecikən Fuad Poladov

70 yaşına 19 gün gecikən Fuad Poladov
24 may 2018
# 10:59

Kulis.az Ramilə Qurbanlının “Poladov necə bərkidi” yazısını təqdim edir.

Bu gün 70 yaşı tamam olur. Sözümü tutdum, sevimli insan…

“Sonuncu dəfə sizinlə müsahibəm 64 yaşınızda olub, sonra bir portret də yazmışam, amma məni qane eləmir, elə bilirəm hələ haqqınızda yazacaqlarım qalır, gəlin bir köklü, sanballı yazı haqqında düşünək sizinlə”, — dedim. Ötən ilin yayı idi, xəstəliyi aşkar olunmamışdı, sapsağlam adam təsiri bağışlayırdı. Xəfifcə gülümsəyib – “70 yaşımda yazarsan” — dedi, “sağ olsam da, olmasam da o yazını indidən sənə halal edirəm”. Çox az müddət sonra ağır xəstəlik aşkar olundu. İndi ara-sıra etdiyimiz söhbətləri xatırlayanda mənə elə gəlir ki, adam elə bil əvvəlcədən bilirmiş xəstələnəcəyini, tezliklə bu dünyanı tərk edəcəyini. Hər şey əvvəlcədən kodlaşdırılmış və o kodu öz əli ilə sahmana salmış kimi…

Uşaqlıq…

1948-ci il may ayının 24-də, gül bülbülü, bülbül gülü çağıran gözəl yaz çağında Bakıda köhnə “Sovetski”də Ağarəhim müəllimlə Hənifə müəllimənin ailəsində üçüncü oğlan uşağı dünyaya gəlir. Adını Fuad qoyurlar, mənası ərəbcədən tərcümədə ürək, qəlb, könül deməkdir. Heç nə təsadüfən deyil bu həyatda, nə olursa, necə olursa zərurətdir. Adlar da insanlara təsadüfdən verilmir, zərurət belə tələb edir.

Atası Ağarəhim müəllim Böyük Vətən Müharibəsi deyilən cəhənnəmdən sağ-salamat qayıtmışdı. Təhsil sahəsində əməyinə görə isə “Lenin ordeni kavaleri” Ağarəhim müəllim 161 nömrəli məktəbin direktoru idi, sonralar Yasamal rayonu maarif şöbəsində də işləyib. Hənifə müəllimə isə 173 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Ailədə dörd övlad böyüyürdü, üç oğlan, bir qız. Uşaqlar hər yay İsmayıllıya ana nənələrinin yanına istirahətə gedərdilər. Fuadın ən maraqlı uşaqlıq xatirələri də elə nənəsinin yanında keçirdiyi illərlə bağlıdır. Deyirdi uşaqlığımın ən parlaq səhifələri yay tətilində üç ay nənəmin yanına getməyim olub: “İsmayıllı rayonunda ana nənəmin yanında daha sərbəst, daha xoşbəxt idim. Hara istəyirsən gedirsən, nə istədin eləyirsən, nənə bir söz demir. Azacıq deyinə bilər, vəssalam. Haradasa 1-ci sinifdən 6-cı sinfə qədər hər yay nənəmin yanında, kənd həyatı məktəbi keçmişəm. At çapmaq, çayda üzmək, bütün çətinliklərə düşüb-çıxmışam orda. Uşaqlıq dövrüm daha çox kəndlə bağlıdır. Orada da axşamlar eyvanda pərdə çəkib tamaşalar göstərərdik uşaqlarla. Gündüzlər yenə çöl, meşə, camaat həyətinin məhsulunu bazara çıxarardı, mən də nənəmin həyətindən kartof yığıb qoşulardım onlara. Göyçaya kartof satmağa getmişəm.

Bir dəfə hətta çobanlıq eləmişəm, çoban xəstələnmişdi, dedilər ki, çoban sağalınca növbə ilə hər ailədən bir nəfər “nobata” getməlidir. Nənəmin də bir inəyi vardı. Adı indiyə kimi yadımdadır — “Sürməağız”… Bunlar hamısı çox yadda qalan şirin xatirələrdir”.

Deyəcəm ki, evin kiçiyi Fuad digər qardaş bacılarından fərqlənirdi – sözümü qəribliyə salmayın, mübağiləsiz belə idi. O biri qardaşlar bacılarını, həm də kiçikləri Sevdanı incidirdilər, amma Fuad onunla münasibətdə tamam başqa olardı. Düzdü, ona dırnaq boyası çəkməyə, qısa geyinməyə icazə verməzdi, amma ən çox əzizləyən də o olardı. İllər keçdikcə onlar böyüdükcə hər biri valideynlərinin məsləhəti ilə özlərinə peşə seçib istiqamət götürdülər. Böyük qardaş ixtisası üzrə Nəqliyyat nazirliyində işləyirdi, ortancıl ticarətçi oldu. Bacıları Sevda riyaziyyat müəlliməsidir, ata-anasının yolunu davam etdirir. İndi də Bakıda tanınmış, əməkdar müəllimədir.

Fuadın incəsənətə meylini görən atası qəti etiraz etdi buna. Etiraza baxmayaraq, Fuad dram dərnəyinə gedir, televiziyada uşaq verilişlərinə çıxırdı. Bir dəfə dərnəkdəki tamaşadan evə gec gəlir. Atası məsələnin ciddiliyini görüb onu tet-a-tet söhbətə dəvət edir, kəmərini də açıb ortalığa qoyur və ciddi söhbət edir ki, yəni işini bil, sən aktyor olmayacaqsan. Həmin söhbətdən bir neçə gün sonra Fuad evə çəkildiyi “İstintaq davam edir” filminin şəkilləri ilə gəlir. Səlim obrazına çəkilmişdi. O zaman gələcək aktyor 10-cu sinifdə oxuyurdu. Atası şəkilləri götürüb onun gözləri qarşısında cırır. Bəzən insan xarakteri onun ziddinə gedənə qarşı çıxmaqla yalnız istəyinə çatmağa çalışmır, həm də öz mənini sübut etmək istəyir.

Fuadın təhsil aldığı 132 nömrəli məktəb o vaxt İncəsənət institutu ilə üzbəüz idi. Diplom işi hazırlayan tələbə dostlarının tamaşalarında uşaq rollarını oynayırdı. Kinostudiyanın nəzdində yaradılmış kinoaktyorluq kurslarına da onların vasitəsilə gedib çıxmışdı. Ordan da onu görüb “İstintaq davam edir” filminə dəvət etmişdilər. İnstitutun rektoru da diplom tamaşalarında bu istedadlı gənci bəyənib instituta təhsil almağa gəlməyi təklif edib. Peşəkar səhnəyə isə taleyin diktəsi ilə kinodan gəlir. İncəsənət İnstitutunda Tofiq Kazımovun kursunda təhsil almağa başlayanda kinostudiyadakı kurslardan çıxıb, çünki müəllimi tezliklə onu Milli Dram Teatrına işə dəvət etdi. Sonralar da dəfələrlə çıxıb getməsinə və yenidən qayıtmasına rəğmən, onun üçün doğma olan və buna görə də ağrısını çəkdiyi teatrda ilk dəfə İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb və bununla da teatrın ştatına işə götürülüb. Artıq ciddi repertuarda məşğul olduğu üçün uzun müddət kinostudiyadan ayrılmalı olub. Atası Ağarəhim müəllim sonunda oğlunun səhnədəki uğurlarını görüb onun qərarı ilə hesablaşmalı olur. Həm də təkcə atası deyil, institut rəhbərliyi də ona doğru addım atıb belə bir istedadlı aktyorun doğulması üçün təhsilini başa vurmağa şərait yaradıb. Təkcə tamaşaçı deyil, atası da artıq faktı görürdü, Azərbaycan kinosuna və teatrına, ümumilikdə mədəniyyətinə yeni bir imzanın gəldiyini – Fuad Poladov imzasının. Müsahibələrimizdən birinin girişində belə yazmışdım — adının yanında istənilən söz, ifadə, təqdimat mənasızlaşacaq. Necə ki, o çıxan səhnədə nə dekor görünür, nə başqa səhnə tərtibatı. Səhnəyə çıxmağı ilə onu doldurur, mənalandırır. Özü və adı, bütün fəxri adların fövqündə duran Fuad Poladov.

Tələbə aktyor və doğma teatrdan getmək zərurəti

Hamının o vaxt 5 ilə bitirdiyi İncəsənət institutunu Fuad Poladov 7 ilə başa vurub. Dram və kino aktyorluğu fakültəsində təhsil aldığı vaxtlarda iki dəfə institutdan çıxıb gedib. Birində müəllimənin səsinin tonu xoşuna gəlməyib, sonralar həmin müəllimə onunla dostlaşıb. İkincisində də ona bənzər hadisə. Yəni hər birində xarakter rol oynayıb, hə bir də ləyaqət.

22 yaşından, 1969-cu ildən 42 yaşına, 1989-cu ilə qədər Milli Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. Teatrı o qədər sevərdi ki, həyatının bir hissəsi idi milli teatrın səhnəsi. Hardasa 35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası vardı, atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

Həmin illərdə Ferdinand — «Məkr və məhəbbət»(Fridrix Şiller), Fərhad — «Məhəbbət əfsanəsi» (Nazim Hikmət), Nizami — «Qılınc və qələm» (Məmməd Səid Ordubadi), Baron — «Həyatın dibində» (Maksim Qorki), Rauf — «Kərgədan buynuzu»(Maqsud İbrahimbəyov), Mirzə Səfi – «Mirzə Şəfi» (Nəbi Xəzri), Rəhman, Valeh, Savalan, Qədim, Mübarək, Həsənzadə, Səltənə — («Mahnı dağlarda qaldı»,»Məhv olunmuş gündəliklər»,»Qəribə oğlan», «Büllur sarayda»,»Boy çiçəyi» və «Şeyx Xiyabani» (İlyas Əfəndiyev), Hamlet, Benedikt-(«Heç nədən səs-küy»,»Hamlet» (Uilyam Şekspir), Şahbaz bəy — «Müsyö Jordan və dərviş Məstəli şah» (Mirzə Fətəli Axundzadə), Şöklü Məlik — «Torpağa sancılan qılınc» (Nəbi Xəzri), Çığatay — «Yağışdan sonra «(Bəxtiyar Vahabzadə), Avtandil — «Darıxma ana» (Nodar Dumbadze) və sair kimi əsərlərdə oynadığı rolların bir hissəsidir bunlar. Onun bu teatrda çalışdığı illər iki dövrə ayrılır. 1969-dan 1989-a qədər və 2015-17-ci illər.

Fuad Poladov niyə 1989-cu ildə çox sevdiyi teatrdan getdi?-soruşsanız yenə bir cavabı var-xarakter. Xarakterli insanlara bütün dövrlərdə çətin olub, amma bütün dövrlərdə də xarakterli, şəxsiyyətli, ləyaqətli insanlar sevilib, hörmət sahibi olub, onları sevməyənlər tərəfindən belə qəbul ediliblər. Tofiq Kazımovdan sonra teatrın yeni rəhbərliyi ilə yola getmədilər, hər ikisi böyük sənətkar olmasına rəğmən, sənət və teatr haqqında fikirləri üst-üstə düşmədi, birinin qəbul etdiyi forma və məzmunu digəri həzm edə bilmədi. Fuad Poladov onun rəhbərlik etdiyi teatrda onun sənət qaydaları ilə işləmək istəməyib getdi.

“Mənə elə gəlir ki, teatra marağın sönməsinin səbəbi Tofiq Kazımovun ölümündən sonra teatrda yiyəsizlik əmələ gəlməsi idi. Həmişə yeni gələn nə isə yenilik etmək istəyir. Bir də görürsən ki, özünün heç bir proqramı, planı yox imiş. Heç nə edə bilmədi, olanı da yıxıb dağıtdı. Köhnə tamaşaları repertuardan çıxartdı, işçiləri dəyişdi. “Yenilik, yenilik” dedi və ortada heç nə olmadı”.

Nifrətlə sevilmək

Teatrdan getmək sənətdən getmək deyil. Fuad Poladov milli teatrdan uzaq düşdüyü illərdə televiziya tamaşalarında, filmlərdə yadda qalan obrazlar yaradıb. Məsələn, elə mənim və müasirlərimin yaddaşında “Alov” tamaşasındakı Emin Bəxtiyarov, “Atayevlər ailəsində” Şahsuvarov kimi qalıb. Yaxşı yadımdadır, o tamaşalardan sonra Fuad Poladova elə bir nifrətim vardı ki, çətin ki, onu hansısa başqa rolda sevə bilərdim. Sonralar anladım ki, bu elə sənətkarlıqdır, nifrət qazanmalı obraza tamaşaçı nifrəti qazandırmaq. Özü bu tamaşalar haqqında deyirdi: “Məni indi də bəzən küçədə “Alov”, “Atayevlər ailəsi” tamaşalarından tanıyırlar. Baxmayaraq ki, mən o obrazların hər ikisində oynamaqdan imtina etmişdim. Mərhum Lütfi Məmmədbəyov çox israrla mənə o rolları oynadıb. Televiziyada onlardan sonra, Ramiz Həsənoğlu ilə “Fatehlərin divanı” maraqlı oldu, bir də Mehriban Ələkbərzadə ilə “Cəza” maraqlı işlərdən biri idi”.

Bu obrazlarla yanaşı, sonralar o qədər sevilən obrazlarını görüb sevdim ki… Elə “Təhminə və Zaur”dakı Zauru. Fuad Poladovun canlı teatr səhnəsində gördüyüm ilk obrazı idi. Həmin tamaşa teatrın repertuarında ikən Fuad Poladov Milli Dram Teatrını tərk etmişdi.

Milli Dram Teatrından getdiyi ildən həm də Rus Dram Teatrında çalışmağa başlayıb. Həm də uzun illər ərzində Erve Monten — «Tamaşaçılara baxmaq qadağandır» (J.Marsan), Daniel — «Tənha kişi üçün tələ» (R.Tom), Pavel Trunnikov — «Şəhərdə dəhşətli dərəcədə narahatlıq var» (İ. Pikovski), Lopaxin — «Albalı bağı» (A.P.Çexov),Yuli Sezar — «Kölgələrin oyunu» (Y. Edlis), Stefan — «Qara dəlik» (Q. Stefanovski), İblis — «İblis» (H.Cavid), Sankiti Oba — «Aramızdakı kabuslar» (K.Abe), Eddi Karbone — «Eddi Karbone» (Körpüdən görünən mənzərə) (A. Miller), Stefan — » Fransızsayağı ailə» (Ailənin həftəsonu) (J.Puare), Svetlovidov — «Ququşu mahnısı» (A.P. Çexov), Lord Avqust — «Avqust üzərinə düşən vəzifəni yerinə yetirir» (B.Şou), Floran — «Müqəddəs bədheybətlər» (J.Kokto), Eduard Polumb — «Dulların təsəlliçisi» (C.Marotta, B.Randon), Həkim Korniş — «Əlçatmaz qadın» (S.Moem), Napoleon 1 — «Napoleon 1» (F.Brukner), Kardinal Vulsi — «Şah oyunları». (Q.Qorin), Həkim Dorn — «Qağayı» (A.P.Çexov), Herman Lyuis — «Qarışıq hisslər» (R.Baer), Didr — «Pozğun» (E.E.Şmitt) (A.Brailovskinin tərcüməsi) kimi əsərlərdə dürlü-dürlü obrazlarla.

İllər sonra dostu Azər Paşa Nemət Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin olunur və Fuad Poladovu təkidlə teatra dəvət edir. Aktyor bir vaxtlar ona qucaq açmış, sədaqətli Rus Dram Teatrının ştatından çıxmadan Milli Dram Teatrının səhnəsində Şah Qacar — «Şah Qacar» (Əli Əmirli), Müsyo İbrahim -«Müsyo İbrahim və Quran çiçəyi» (Erik-Emmanuel Şmitt), Həsənzadə — “Sən həmişə mənimləsən”(İ. Əfəndiyev) tamaşalarında oynayır. Hər üç tamaşa teatrın repertuarında uğurla oynanılır. Şah Qacar obrazı həm pyesin məzmunu baxımından, həm də aktyor oyununa görə bu səhnədə indiyə qədər oynanılan Qacarlardan deyildi. Fuad Poladov bu tamaşanın məşqləri müddətində Fuad Poladovluqdan çıxıb bütünlüklə Şah Qacar olmuşdu. Ona qədər bu səhnədə oynadığı Həsənzadəni oynayan aktyor deyildi elə bil, tamam fərqli üç obrazla iki il ərzində doğma teatrına tamaşaçısını cəlb etmişdi. “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası ilə də bu teatrın səhnəsində son dəfə oynadı. Həmin gün bəlkə də bütün ziyalı təbəqə teatrda idi, Fuad Poladovun bu səhnədəki son obrazına baxmağa, “vida nəğməsi”ni dinləməyə gəlmişdilər. O, da tamaşadan sonra son dəfə çıxdığı o səhnənin salonuna, divarlarına, yuxarıdakı işıqlara elə bil vida baxışı ilə baxdı ki, onu sevənlər o baxışı yəqin heç zaman unutmayacaqlar. Bayaq dediyim fikir yenə özünü doğruldur – Fuad Poladov sevimli səhnə ilə yalnız ordan getdiyi üçün vidalaşmırdı, həm də əbədi vidalaşırdı. Yenə xarakter, ləyaqət onu bu addımı atmağa sövq etmişdi. Haqsızlığa uğrayan bir gənc aktyorun müdafiəsinə, haqqı müdafiəyə qalxdığı üçün 40 illik dostu, indi teatra rəhbərlik edən Azər Paşa Nemətovdan umub küsüb gedirdi… Deyirəm və hardasa dərinlikdən bir fikir bu düşüncələrimə qarışır – bəlkə, o, artıq xəstəliyini bilirdi və sadəcə bunu hamıdan gizlədərək qarşıda gözlənilən olaya doğru olacaqları özü kodlaşdırmaq istəyirdi. Bu bəlkənin həqiqət olub olmadığını artıq heç kim deyə bilməz. Belə şəxsiyyət idi Fuad Poladov, səhnədə olduğu qədər həyatda da öz taleyini özünə tabe edə bilən sənətkar. Bəlkə də, “bircə öldüyüm günü bilmirəm”- deyimi böyük şəxsiyyətlərə aid deyil. Sən demə, insan ölümü də özünə tabe edə bilərmiş, onu qarşılayıb istədiyi formaya sala bilər, istədiyi kimi ölə, dəfn oluna, yaddaşlara həkk oluna bilərmiş.

Tamaşanın səhərisi günü ona zəng elədim, Fuad müəllim, bəs o üç tamaşa bir yana, Şah Qacarı kim oynayacaq, yenə adətincə xəfif gülümsəyib – “Bu onların problemidir” – dedi. Üzdən baxanda hamı elə bilirdi ki, Fuad Poladov teatrdan getməyinə çox şaddır və qətiyyən bunu özünə dərd eləmir, amma elə deyildi. Sözünün ağası olan bu adam həm doğma teatrı bir daha, həm də yaxın dostunu itirmişdi, onun daxilində illərin məhəbbəti, etibarı, güvəni də getmişdi. Adam, sənətkar 70 yaşının dönəmində 17 yaşlı gənc kimi sarsılmışdı əslində.

Bir dəfə Rus Dram Teatrında oynadığı obrazların adlarını çəkdim, amma elə obrazların ki, özü də sənət karyerasında onların adını məmnunluqla çəkərdi, dedim ki, bütün dövrlər üçün Napoleon, Hamlet, Sezar, Bunin…. Siyahını artıra bilərsiniz?

— “Hə.. Timonla, İblislə… artıra bilərəm” — dedi.

Poladov kinoda bərkidi

2003-cü ildə rejissor Ələkbər Muradov “Güllələnmə təxirə salınır” filmini çəkirdi. Xan obrazını Fuad Poladova həvalə etmişdi. Çəkilişlərdən reportaj hazırlayırdım. Fuad Poladova sual verdim ki, siz belə bir obrazın prototipini görmüsünüz? Dedi mən Sovetskidə böyümüşəm. Orda belələri çox idi, “Sanka Zver” ləqəbli birini isə lap yaxşı xatırlayıram”.

Bir il sonra, 2004-cü ildə Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filminin kinostudiyadakı çəkilişlərindən reportaj hazırlayırdım. Qış ayları idi, kinostudiyanın pavilyonunda adamın ağzından buxar çıxırdı, o dərəcədə soyuq idi ki, dəri gödəkcədə kürəklərim buzlamışdı. Fuad Poladov əsas rollardan birini-Xəlil obrazını oynayırdı. Xəstələnmişdi, 40 dərəcə qızdırmada çəkilirdi, kadr çəkilib bitən kimi onun kürəyinə yun şal atıb qarşısına isti çay gətirirdilər. O əziyyətlə həmin gün axıra qədər çəkildi. Nəticədə çox maraqlı, baxımlı film və obraz alındı.

Çəkildiyi bütün filmlərin adını sadalamaq kimi cansıxıcılıq vermək istəmirəm, vikipediyada hamısı var. 1966-cı ildə ilk çəkildiyi “İstintaq davam edir” filmindən tutmuş, “Aktrisa”, “Ovsunçu”, “Təsadüfü görüş”, “Etimad telefonu”, “Arxada qalmış gələcək” və sair… sonuncu “Nazlı” filminə qədər yaratdığı obrazlar kino tariximizin maraqlı salnaməsidir. Rolları sonalamıram deyirdi, onsuz da kino az çəkilir ömürsə gedir… Son vaxtlar Türkiyədə, Rusiyada filmlərə çəkildi.

“Kinoda ondan çox az obrazın adını çəkə bilərəm. Onların çoxunu hesaba salmıram, birini rejissorun xatirinə oynamışam, başqa birini nəyinsə xatirinə. İndi eləmərəm e, o vaxt cavan olmuşam. Məsələn, elə “Ad günü”ndə Rasim Ocaqov birtəhər başımı tovladı, xahiş etdi ki, bunu ancaq sən edə bilərsən”.

— Eyni dövrlərdə çəkilmiş bir sıra filmlər oldu -“Arxada qalmış gələcək”, “Ovsunçu”, “Günaydın, mələyim”, “Güllələnmə təxirə salınır”, “Küçələrə su səpmişəm”. Bu filmlər çəkildiyi illərdə gənc rejissorların dəyirmi masası oldu və orda deyildi ki, nə qədər Fuad Poladov çəkiləcək və təkrar edəcək? Başqa aktyor yoxdur? Fikir o baxımdan deyilirdi ki, yəni əvvəlki rejissorlar, eyni aktyorlar, imkan versinlər biz də çəkək, yenilərini gətirək…

— Götürək o obrazları, bir-bir gözdən keçirək, hansı bir-birini təkrar edir, elə mən o dörd filmdəki rolları kinoda uğurlu hesab edirəm.

— “Arxada qalmış gələcək” filmini də?

— Düzdür, zəif filmdir, amma Qarabağ hadisələri ilə bağlı olduğu üçün mənə əzizdir. O mövzuda ilk rolumdur. Hesab etmirəm ki, bu rollar bir-birini təkrar edir. Ola bilsin ki, bir-birinin ardınca ekranlara çıxdığı üçündür…”

Bu söhbəti Fuad Poladovla 2011-ci ildə etmişdik. Sonralar da lap qısa, epizodik rollarda çəkildi, ağına-bozuna baxmadan, yalnız ona görə ki, mövzu Qarabağ idi.

Pedaqoji fəaliyyət və ailə

Bir müddət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyən Fuad Poladovu burdakı təhsil prosesi qane etməyib. Ya da ki, təhsil almağa gələn gənclər. Hər halda ona təklif gələndə son illər belə cavab vermişdi: “O vaxt orda dərs deyə bilərəm ki, qrupu özüm yığmış olam”. Dərs dediyi az müddətdə ailə quracağı xanımı – Gülüstanı tapdı. Eyni kafedrada işləyirdilər. Tezliklə ona evlənmək təklif etdi və ardınca şərtlərini də dedi, xanımı işləməyəcəkdi, yalnız ev xanımı olub onu hər gün gülərüzlə evdə qarşılayacaqdı. Razılaşıb evlənirlər. İki övladları dünyaya gəlir, əvvəlcə oğlan, ona atasının adını qoyur – Ağarəhim, sonra da qızı Fəridə. İndi Fəridə ailəlidir, Suad adlı bir oğlu da var.

Milli teatrdan gedəndən sonra Rus Dramasına yeni rejissor dəvət edib ona əsər təklif etmişdi ki, baş rolda da özü oynasın. Hə, belə edərdi, əsəri özünün istədiyi rejissora təklif edib baş rolu, həm də dublyorsuz oynayacağını deyirdi. “Şah Qacarı da elə oynamışdı. Onun xəstəliyindən sonra daha bir xalq artisti Ramiz Novruza həvalə olunan rolu oynaması üçün aktyor Fuad Poladova zəng edib halallıq istəmişdi. Təbii ki, Fuad Poladov halallıq vermişdi… amma nə bilək, bəlkə, bu da yaranın üstündən bir yara olmuşdu ona, yenə heç kim deməyib bunu, sadəcə mən hiss edirəm, hiss edirəm ki, yatağa düşən kimi həmkarımın mənim oynadığım rolu mən yoxmuşam kimi oynaması qəlbini qırar. Rus Dram Teatrında da dəvət etdiyi rejissor elə onun sağlığında tamaşa qoydu, amma başqa aktyorun ifasında. “O rejissor mənim təklifimlə və dəvətimlə teatra gəlmişdi …” Çiyin-çiyinə çalışdığımız, həm də səhnədə, incəsənətdə-duyğusal insanların əhatəsində bir-birimizə qarşı daha həssas, daha hissiyatlı ola bilmərikmi?!

Sonun başlanğıcı

Çox tez-tez zəng edərdim o ağır xəbəri özü dedi, dedi ki, səs tellərimdə soyuqdəymə deyil, daha pis xəstəlikdir. Bir neçə vaxt zəng edə bilmədim, elə bilirdim əziyyət verərəm, elə bilirdim nəyisə düzgün etmərəm, qıraram, bəlkə, istəməz o boyda sənətkarın zəif anlarını duyum. Zəif deyildi, səsindəki güc, inam, ümid mənə dəstək oldu, əksinə, anladım ki, daha tez-tez zəng edib onu çox sevdiyimi, sevdiyimizi deməli, hiss etdirməliyəm. Bayramlarda zəngləşir, iki gündən bir halını xəbər alırdım.

— Necəsiniz? Rus Dram Teatrına getmirəm, siz oynayanda gedəcəm ora. Kitabım çıxır siz sağalın sonra təqdimat edəcəm – deyirdim. İnşallah-deyirdi. Bəzən də bir-iki gün gec olan zəngimdən sonra o, məni məzəmmət edirdi, dedim bəlkə, son baxdığın tamaşanın təsirindən səsin çıxmır-deyə. Həyatın dolaylarında arayıb məsləhət aldığım adam idi. Həyatda dim-dik gəzmək bacarığının sirlərini öyrənməyə çalışırdım ondan.

Zaman keçdikcə, səsinin zəiflədiyini hiss edirdim telefonda. Yanınıza gəlim-deyirdim. Özüm çağıraram səni, güzgüyə baxanda özümdən ürkməyəndə gələrsən-deyirdi. Mətbuatda xəbərlər yaxşı deyildi, amma özü ilə danışırdım, yaxşı idi əhval-ruhiyyəsi. 8 martda mənə ilk zəng edib təbrik edənlərdən olardı, son 8 martda zəngi gəlmədi, özüm mesaj yazdım-zənginizi çox gözlədim-dedim. Cavab mesajından anladım ki, Fuad müəllim artıq mesaj yazmaq iqtidarında belə deyil. Mesaj sadəcə münasib cavab idi, amma Fuad müəllimin cavabı deyildi… Ailədən kimsə onun əvəzindən yazmışdı – Bayramınız mübarək!

O xəbər, gözlənilən xəbər mayın 5-də yayıldı. Gözlənilən, amma sarsıdan xəbər- Fuad Poladovun bizi tərk etməsi xəbəri. Hər şeyi ən son detallarına qədər hazırlayıb qoyub getmişdi. Məzarının yeri, yas çadırının harda qurulması, evindən götürülməsi, nəyimiz varsa o imkanlar daxilində, 3 mərasimini belə harda verməyi planlayıb qoyub gözlərini əbədi yuman, amma gözlərimizdən heç vaxt çəkilməyəcək adam.

Bilirəm, mən onun sənətindən çox şəxsindən söhbət açdım. Çünki sənəti şəxsindən, şəxsi sənətindən böyük adamdan danışırdım – Fuad Poladovdan. Bütün kino, teatr, televiziya tamaşalarındakı obrazlarının səfində öndə onun möhtəşəm surəti canlanır, obrazları özündən sonra gəlir. Yorulmadan filmlərə çəkildi, teatr tamaşalarında oynadı, amma həyatda olduğu kimi göründü, göründüyü kimi oldu. Öz həyatını da, ölümünü də özü yaşadı, özünə tabe etdi. Heç kimə üzərində hökm etməyə izn vermədi. Ölüm belə ona hökm edə bilmədi.

1948-ci il may ayının 24-də, gül bülbülü, bülbül gülü çağıran gözəl yaz çağında Bakıda köhnə “Sovetski”də Ağarəhim müəllimlə Hənifə müəllimənin ailəsində üçüncü oğlan uşağı dünyaya gəlir. Adını Fuad qoyurlar, mənası ərəbcədən tərcümədə ürək, qəlb, könül deməkdir. Heç nə təsadüfən deyil bu həyatda, nə olursa, necə olursa zərurətdir. Adlar da insanlara təsadüfdən verilmir, zərurət belə tələb edir.

2018-ci ilin mayın 5-də, 70 yaşına 19 gün qalmış, gül bülbülü, bülbül gülü çağıran gözəl yaz çağında “Qurd qapısı” məzarlığında sevdiyi vətən torpağına qovuşdu. “Xatirəsi qəlblərdə əbədi yaşayacaq…” sözü heç kimə bu qədər yaraşmamışdı.

Ruhu qarşısında sayğı ilə Ramilə Qurbanlı

P.S. Sözümü tutmağım üçün sənətkarın mənə dəstək olan ailəsinə-xanımına, qızına, bacısına və oğluna təşəkkür edirəm.

Mənbə: ayna.az

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #