Uşaq koloniyasındakı İsa Məsih

Uşaq koloniyasındakı İsa Məsih
4 mart 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Elçin Musaoğlunun 1997-ci ildə çəkdiyi “Qum dənəsi” sənədli filmini təqdim edir.

“Qum dənəsi” müasir sənədli kinomuzun ən uğurlu filmlərindən biridir. Film uşaq koloniyasında cəzasını çəkən azyaşlıların taleyindən danışır.

Əhvalat bir yeniyetmənin həbsxanadan çıxması ilə başlayır.

Və fransız şairi Anri Mişonun “... Mən bir qum dənəsi götürdüm, bütün sahil üstümə uçdu...” sözləri epiqraf kimi verilir.

İlk kadrlarda dəniz kənarında fırlanan köhnə, sınıq karusel, dəmiryolunun nazik relsi ilə addımlayan uşaq görünür. Uşaq ciddi cəhdlə relsdən kənara çıxmamağa, müvazinətini qorumağa çalışır. Onun heç bir istinad nöqtəsi olmayan kövrək, köməksiz vəziyyətində hər an büdrəmək təhlükəsi ola bilər. Amma o, ümidini itirmir və nə olursa-olsun axıradək qarşısındakı yolu getməyə israrlıdır. Müvazinətini saxlamaq üçün əllərini yana açmış uşaq çarmıxa çəkilən İsa Məsihin obrazı ilə sanki eyniləşir.

Çoxmənalı kadrla rejissor müxtəlif səbəblər üzündən cəza çəkən azyaşlı məhkumların taleyinin ümumiləşdirərək maraqlı simvolik həll verir.

Sonrakı görüntülərdə heyvanxana, qəfəsdə gəzişən, vurnuxan, qəfəsə dırmaşan heyvanlar və həbsxanada, dəmir barmaqlıqlar arxasındakı insan arasında paralellər aparır. Və qapalı məkanda azadlığı əlindən almış istənilən canlı narahatdır, orqanik deyil, həyatla harmoniyasını itirir. Hətta o bağlı məkanın adı tərbiyə müəssisəsi olsa belə.

Müəllif təklif elədiyi bu cür xırda, amma vacib detallarla əhvalatın bədii hörgüsünü qurur, eyni zamanda nəql edəcəyi hadisəyə tamaşaçını hazırlaşdırır.

Filmdə insan duyğularına toxuna biləcək, həm emosional, həm sosial, həm məişət, həm mədəni qatı olan epizodlar var.

Belə epizodlardan birində kasıb daxmasında nənə beşikdəki körpəyə layla deyir. Çöldən pəncərə arxasında çəkilmiş kadr fərqli kadrlara keçdikcə qadının laylası zəifləyir, uzaqlaşır və artıq həbsxana həyətinə çatanda it-bata düşərək yoxa çıxır.

Pəncərə, darvaza arxasından, sərhəd məftillərinə bənzəyən nazik çılpaq budaqlar arxasından çəkilən təsvirlər bir an da olsun məkanın həbsxana olduğunu unutdurmur.

Həbsxana həyətində sıraya düzülmüş azyaşlı məhkumların üzündən cinayətkarlıq yox, məsumluq yağır. Zabit əlindəki sənədlərdən onların adlarını səsləndirdikcə bu, tamaşaçı üçün heç nə ifadə eləməyən statistik məlumata çevrilir. Soyuq təsvirdən sonra kamera ayrı-ayrılıqda onların üzünə fokuslanır. Məhkumların üzləri göründükcə az öncəki təsvir-seyrçini onlardan ayıran soyuqluq istiləşir, bizi filmin qəhrəmanlarına yaxın eləyir.

Adları çəkildikcə “mən, mən” səsləri eşidilir. Məninə, gözlərinə xüsusi vurğu eləməklə də onları sənəd, kağız parçasından insan, şəxsiyyət səviyyəsinə qaldırır, biz onların gözlərindən qəlblərini duyuruq.

Müəllif film boyu yeniyetmələrin günahlarını deyil, arzularını dilə gətirir.

Onlar yarıqaranlıq fonda ekrana gəlir, uşaqlıq, gələcək arzularını bölüşürlər.

“Prokuror olmaq istəyirəm. Ona görə ki, çox uşaqlar tutulur, uşaqların çoxunu azad eləmək istəyirəm”

“Taksi sürücüsü olmaq istəyirəm. Çünki bu peşə ilə çox insanla ünsiyyətdə olursan. Adamlarla ünsiyyət xoşuma gəlir”

“Mən uşaq vaxtı biznesmen olmaq istəmişəm. Kiməsə ağız açmayım”.

“Uşaqlıqdan həkim olmaq istəmişəm. Çünki uşaq vaxtı xəstəxanalara çox düşmüşəm. Həkimlərin işləməyi xoşuma gəlirdi”.

“Təyyarəçi olmaq istəmişəm. Xoşuma gəlir, əmim də təyyarəçi idi”.

“Voenni olmaq istəyirdim, çünki evdəkilər də voennidir”.

“Rəssam olmaq istəmişəm, atam rəssam idi. Çıxandan sonra davam etdirəcəm”.

“Uşaq vaxtı hərbi təyyarəçi olmaq istəmişəm. Ümidvaram ki, burdan çıxandan sonra arzumu yerinə yetirəcəm”.

Ekspressiv, iti montajla yemək yeyən uşaqların gözləri, əlləri, ağızları, dəmir qabda yeməyi əzməsi və s. detal planlar bütöv bir kompozisiya yaradır, bir növ filmdən ayrılaraq, Vertov üslubunda ayrıca, müstəqil əsərə çevrilir. Ümumiyyətlə, “Qum dənəsi” qüssəli poetik – realist filmdir. Və burda ittiham yoxdur, hər kadrda müəllifin qəhrəmanlarına mərhəməti, sevgisi duyulur.

Əhvalat boyu kadrarxası məhkumlardan birinin gündəliyindəki qeydlər səslənir. Ola bilsin, gündəlik şərtidir. Amma önəmlisi olan gündəliyini bizi uşaqlara daha da doğmalaşdırmasıdır.

Filmin ssenaristləri Elçin Musaoğlu, Rafiq Həşimov, operatoru Elxan Nəbiyevdir.

“Azərbaycantelefilm”də istehsal olunan film Oberhauzen, Estoniyanın Pyarnu, Moskvada Avro – Asiya, İstanbul 1001 film festivalında iştirak edib.

Filmə burdan baxa bilrəsiz.

# 3793 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər